Azərbaycan
övladları, Rusiya övladları
PYOTR BABAYEV KİM VƏ
HARALI OLUB?
İş günü sona çatırdı. Amma gözləmə
zalında hələ də çoxlu adam
var idi. Ev istəyən kim, maşın istəyən
kim, əri ilə yola getməyən, qonşudan şikayət
edən kim... Qəbula gələnlər bir yana,
qəbulda iştirak edən "raykom" işçilərinin
də üz-gözündən yorğunluq yağırdı.
Belə olanda deyirlər ki, adamın başı
şişib, qazana dönür. Hər yerdə
olduğu kimi, Şəkidə də birinci katibin qəbul
günü belə ağır keçirdi. Konkret desəm,
Şəki Rayon Partiya Komitəsinin birinci katibi işləyən
və qısa müddət ərzində Şəki
camaatının dərin hüsn-rəğbətini qazanan -
bu, heç də bütün birinci katiblərə qismət
olmurdu - Hadi müəllim (Hadi Rəcəbli)
yorğunluğunu hiss etdirməsə də, şübhəsiz
ki, səkkiz saat davamlı şəkildə bir yerdə
oturduğundan ürəyi sıxılırdı.
Qəbula gələnlər
isə elə bir yandan üyüdüb- tökürdülər.
Onun da belə bir xasiyyəti vardı ki,
heç kimi narazı salmaq istəmirdi. Adamlar isə bəzən
onun bu ürəyiyumşaqlığından sui-istifadə
edirdilər...
Yadımdadır, bu dəfə söhbət Pyotr Babayev
adlı bir inqilabçıdan gedirdi. Bu adamlar onunla olan qohumluq
əlaqələrindən, onun Vətənimiz və
xalqımız qarşısındakı xidmətlərindən
danışır, Şəkidə onun adının əbədiləşdirilməsini
arzulayırdılar.
Bu zaman "Bu hansı Babayevdir?" - deyə,
Hadi müəllim də istər-istəməz
öz-özünə sual verirdi. Sonra birdən
fikir-xəyaldan ayrıldı. Axtardığı
sualın cavabını tapan şagird kimi sevindi. Söhbət adı-sanı bütün Sovetlər
İttifaqını dolaşan mətin bir inqilabçıdan
gedirdi. Eyni zamanda təsadüfi deyildi ki, Hadi müəllim
Moskvada ali təhsil alarkən dəfələrlə
Pyotr Babayev adına qənnadı fabrikində təcrübə
keçmişdi.
Hadi müəllim yaxşı bilirdi ki, Rusiyanın bu nəhəng
qənnadı fabriki qədim tarixə malikdir. Əsası
1804-cü ildə qoyulmuş müəssisə 1880-cı ildə
Rusiyada və xaricdə "Abrikosov qardaşlığı
ittifaqı" kimi məşhurlaşmışdı. Dəfələrlə Ümumrusiya sərgilərinin
laureatı olmuş, 1899-cu ildə əlahəzrət imperator
sarayının təminatçısı adını
qazanmışdı. 1990-cı ildə
"qardaşlığın" dövriyyəsi 2,5 milyon rubl təşkil edirdi...
SOVET
VƏTƏNDAŞLARININ SEVİMLİ BRENDİ
Qeyd etmək yerinə düşər ki, 1922-ci ildə həmin
qənnadı fabrikinə də məhz P.Babayevin adı
verilmişdi.
O zaman bu müəssisə ölkənin ən böyük
karamel, iris və monpası istehsalçısı idi. Böyük Vətən müharibəsindən sonra
isə müəssisə şokoladlar, konfetlər və
yarımfabrikatlar istehsal edirdi.
Bunları da o zaman bizə söhbət əsanasında
Hadi müəllim demişdi. Amma biz jurnalistlər sonra onu da
öyrəndik ki, Babayev adına qənnadı fabriki
hazırda Rusiyanın ən böyük holdinqi olan "Birləşmiş
qənnadçılar" ailəsinə daxil idi.
Onun uğurları və nailiyyətləri nəinki
müəssisənin əməkdaşlarında, hətta,
P.Babayev barəsində eşidənlərdə belə dərin
qürur hissi doğururdu. "Nə bəxtəvərdirlər!"
Fabrikin məhsullarının yüksək
keyfiyyətini bir sıra sərgilərdə və müsabiqələrdə
qazandığı prizlər və təltiflər də bir
daha təsdiq edirdi.
1997-ci və 2000-ci illərdə isə bu təşkilat
Rusiyanın ən qabaqcıl müəssisəsi adını
almış, Cenevrədə keçirilən müsabiqədə
"Qızıl kubok" əldə etmişdi.
1998-ci ildə Holdinqin 18 adda məhsulu Rusiyanın 100
müəssisəsi arasında I yerə
çıxmış, 1999, 2000, 2001-ci illərdə dünya
sərgilərində qızıl medallarla təltif
edilmişdi və sair.
Sovet vətəndaşları
"Babaevski", "Osobıy", "Vanilniy",
"Pilot", "Vesna", "Romaşka" və digər
şokoladları yaxşı xatırlayırlar. Hər bayramlarda stolu məhz "Babevski" zavodunun
şokoladları bəzəyirdi.
HADİ
MÜƏLLİM YENƏ BİZİMLƏDİR
... Yenə də həmin günləri
xatırlayır, Hadi müəllimin yanına
qayıdırıq. Hadi müəllim
düşünürdü: "Deməli, bu Pyotr Babayev şəkili
imiş. Özü də onun anadan olmasının 100 ili tamam
olurmuş..."
Hadi
müəllim elə bu an birinci katib kimi
oradaca qərar qəbul edir: "Mətin inqilabçı,
xalq işi uğrunda alovlu mübariz Pyotr Babayev Rusiyada anadan
olsa da, azəri balasıdır, həmyerlimizdir, ümumən
isə iki xalqın oğludur. Rus qardaş və
bacıları ilə birlikdə həmvətənləri olan
şəkililər də onun yubileyini qeyd etməlidirlər.
Təbii ki, yubiley münasibəti ilə
müxtəlif tədbirlər keçiriləcək və
onun adı əbədiləşdiriləcək.
Əlbəttə,
bütün bunlar bir az sonra olacaq. Hələlik
isə yerli jurnalistlərə tapşırıq verib onu qəzetlər,
radio-televiziya və başqa mətbuat orqanları vasitəsi
ilə həmvətənlərinə tanıtmaq
lazımdır..."
Hadi müəllimi yaxından tanıyanlar, onun xasiyyətinə,
fəaliyyətinə bələd olanlar da yaxşı bilir
ki, bu günün işini sabaha qoyan deyil. Ona görə
dərhal köməkçisinə də tapşırır
ki, vətəndaşların qəbulu qurtaran kimi, rayonun mətbuat
işçilərini onun yanına dəvət etsinlər.
O zaman Şəkidə çıxan yerli qəzetlər də
məhz Hadi müəllimin tapşırığı ilə
Pyotr Babayev barədə silsilə yazılar dərc edir.
Onu da qeyd etmək lazımdır ki, sən demə, təkcə
P. Babayev deyil, bütün Babayevlər ailəsi fəxr etməli
insanlar imiş. Pyotrun atası Həkim Babayev çar üsul-idarəsinə
qarşı çıxdığına, mütərəqqi
fikirlərinə, fəhlə ixtişaşlarında fəallıqla
iştirak etdiyinə, inadkarlığına görə Şəkidən
Rusiyaya sürgün olunmuş və Moskvanın cənubunda,
Ryazan vilayətindəki Qasımov şəhərində
yaşamağa başlamışdı. Vətənindən
uzaq düşən, azdanışan, qəmgin, xarici dil bilməyən,
ünsiyyətdə çətin olan Həkim Babayev zavoda qara
fəhlə düzəlmişdi.
Tale onu Lyubov Qriqoryeva adlı bir
qızla tanış edir və onlar evlənirlər.
Tezliklə onların 8 övladı dünyaya gəlir.
Həkim çox istəyirdi ki, uşaqlarına azərbaycanlı
adı versin. Amma Rusiya İmperiyasının
dini qanunları və ənənələri buna imkan vermirdi.
Buna görə də uşaqlara rus adları verirdi.
Antonina, Pyotr, İlyas, Dmitri, İvan, Sonya, Georgi və Polina .
Antoninanın doğum
sənədi yazılanda Həkimin adını Akim
yazmışdılar. Sonra o biri
uşaqların doğum sənədləri də beləcə
rəsmiləşdirildi. Həkim kişi
ehtiyac içərisində yaşamağına baxmayaraq,
uşaqlarını oxutmaq qərarına gəlmişdi və
qızını yerli gimnaziyaya düzəltmişdi. Lakin təhsilini başa vurmaq uşağa nəsib
olmadı. Belə ki, gimnaziyanın direktoru 1898-ci ilin
yazında Həkimi yanına çağırtdırıb
polis məmurunun hüzurundaca elan etdi ki, Antonina Babayeva məxfi
ədəbiyyat saxladığına və atası kimi hakimiyyət
orqanlarının üzünə ağ
olduğuna görə gimnaziyadan
çıxarılmışdır.
Antonina o vaxtdan polis nəzarəti altında saxlanılsa
da, əqidəsindən dönmədi. Əksinə,
getdikcə artan inqilabi hərəkatda fəal iştirak etməyə
başladı. Antoninanın təsiri
altında qardaşları Pyotr, İlya, Dmitri, bacısı
Polina da gənc yaşlarından çarizmə qarşı fəal
mübarizəyə qoşuldular və ömürlərinin
sonunadək bu yoldan çəkinmədilər.
1903-cü ildə atalarının vəfatından sonra
ailənin bütün ağırlığı, zəhməti
və qayğıları Antonina ilə Pyotrun öhdəsinə
düşdü. Gündüzlər ağır, günəmuzd
işdə çalışan, gecələr isə onun-bunun
paltarını yuyan anaya kömək etmək lazım idi.
Antonina
Qasımov şəhər polisinin gözündən uzaq olmaq
üçün köçüb Moskvaya getdi və ali qadın kurslarına (ekstern qaydası ilə)
imtahan verərək təhsilini davam etdirməyə
başladı. Eyni zamanda, evlərdə dərs
verməklə həm özünü dolandırır, həm
də anasına da pul göndərirdi.
1905-ci ildə
isə Antonina Akimovna RSDF(B)P-nun üzvü
kimi fəal inqilabi iş aparmağa başladı. Tezliklə
onu RSDF (B)P-nın Dəmiryol Rayon Komitəsində
işə qəbul etdilər.
Çoxdan idi ki, polis inqilabın fəal təşkilatçılarını
axtarırdı. Jandarmalar Babayevanın izinə
düşdülər və 1906-cı ilin fevralında onu
tutub Butrsk həbsxanasına saldılar. Antonina
həbsxanada öz sevgilisi, bolşevik Boris Mixayloviç
Stavroviçlə kəbin kəsdirdi və bir müddət
kiçik Szran şəhərində sürgün həyatı
keçirməli oldu.
Antonina Babayeva Moskvaya bir də 1914-cü ildə
qayıtdı.
1917-ci ilin martında Xamovniki Rayon Partiya Komitəsinin
üzvü, bu rayon təşkilatının katibi kimi fəal
iş aparmağa başladı. Sovet hakimiyyəti
qələbə çaldıqdan sonra isə Antoninaya yüksək
etimad göstərərək Moskvadakı uşaq evlərini
qaydaya salmağı tapşırdılar.
Sonra o, Suşevsko- Marynisk Zəhmətkeş
Deputatları Soveti rəyasət heyətinin katibi oldu. 1921-ci ildə isə Antonina
Akimovnanı RP(B)P Mərkəzi Komitəsi
Təşkilat Şöbəsinin məsul əməkdaşı
təyin etdilər. Üç il
yarımdan sonra isə ÜRMİK-nə məsul işə
göndərildi. 1963-cü ildə isə o, vəfat
etdi.
PYOTR
BABAYEV ÖZ DÖVRÜNÜN CƏNGAVƏRİ İDİ
Pyotr Babayev 10 iyun 1883-cü ildə Ryazan
Quberniyasının Qasımov şəhərində anadan olub. Öləndə
cəmi 37 yaşı var idi. Lakin onun həyatı
parlaq, odlu-alovlu, qaynar həyat idi. Ehtiyac
içərisində yaşayıb, maddi sıxıntı
çəkərək ailəni saxlamaq üçün hələ
14 yaşı tamam olmamış məktəblə
vidalaşıb mexanizm zavodunda çilingər şagirdi
işləməyə başlamışdır. Pyotr zavodda inqilabi hərəkata qoşulur və
haqsızlıqla mübarizəyə başlayır.
Müstəqil
fikirli Pyotr Akimoviç cəsarətlə hər cür
haqsızlığa, ədalətsizliyə qarşı
çıxır, yoldaşlarının tərəfini
saxlayır, cərimə olunub işdən
çıxarılır yenidən iş axtarırdı.
Pyotr 18
yaşında müstəqil həyata qədəm qoyur və
iş axtarmaq məqsədi ilə Rusiyanın bir neçə
vilayət və şəhərini gəzib dolaşır. Harada işləsə çətin və məşəqqətli
bir həyatla üzləşir.
1903-cü ildə Həkim Babayev dünyasını dəyişir,
1 ildən sonra isə Pyotru əsgərliyə
çağırırlar. Yaxşı fiziki
hazırlığa görə o qvardiya polkuna təyin olunur.
Amma çağırış komissiyası onu
Baltik donanmasına motorçu göndərir.
1905-ci ildə Pyotr Sosial- Demokrat Fəhlə
Partiyasının sırasına keçir. O donanmada və onun
kontorlarında fəal təbliğat işi apararaq
insanları çarizmi devirməyə
çağırır. Onun belə aktiv
mübarizliyi çar mühafizəkarlarının
gözündən yayınmır.
Azadlıq və haqq işi uğrunda mübarizə
aparan cavan bir oğlanı uzun müddət nəmli və
dözülməz bir karserdə saxlayırlar. Burada keçən
günlər onun sağlamlığına ciddi zərbə
vurur. Pyotr vərəm xəstəliyinə
tutulur.
Nə rəislərinin ciddi xəbərdarlığı,
nə karserə salınmaq, nə də donanmada piyada
qoşunlarına keçirilmək onu qorxutmurdu.
Hakimiyyət orqanları onun dönməz xarakterini
görüb başlarından etmək üçün yeni
başlanmış rus-yapon müharibəsinə göndərirlər. Amma təbii
ki, çar cəlladları yanılırdılar. Babayev əlindəki silah ilə çox
böyük şücaətlə vuruşub Vətənini
yağılardan qoruyurdu. Amma bununla
yanaşı, Yaponiya ilə müharibədə məğlub
olan Çar hökumətinin çürük siyasətini də
açıb göstərirdi.
Müharibədən
sonra Babayev 2 il də əlavə hərbi
xidmət keçir. Təbii ki, bütün bu
vaxt ərzində o polis orqanlarının nəzarəti
altında olur. Amma həbslər və təzyiqlər
onun ruhunu sındıra bilmir. Əsgəri
qulluğundan sonra o anasını görmək arzusu ilə
doğma yerlərə- Qasımov şəhərinə
qayıdır. Burada o Natalya Petrovna ilə tanış
olur və onunla ailə qurur. 1912-ci ilin
dekabrında gənc ailə Moskvaya köçür və
orada Pyotr Sakolnikinin Tramvay parkının sexlərinin birində
çilingər kimi işə düzəlir.
Pyotr gənc ailəsi ilə işlədiyi yerin
yaxınlığında balaca bir taxta evdə kirayə
qalırdılar. Zəngin həyat təcrübəsi,
insanlarla ünsiyyətinə görə Pyotr tez bir zamanda
ictimaiyyətin sevimlisinə çevrilir. Demokratik
ruhlu nitqləri onu ictimaiyyət nümayəndələrinin
ön sırasına keçirir. Amma bu,
eyni zamanda, onun müəssisə rəhbərliyi ilə
münasibətinin gərginləşməsinə gətirib
çıxardır.
Pyotr yenə polis bölməsinə
çağrılır və onun üzərində nəzarət
təyin edilir.
1914-cü ildə yeni başlamış I Dünya
müharibəsi onu həbsdən xilas edir.
Sözündə, fikirlərində dönməz, məğlubedilməz
olan bu azərbaycanlı balasını gözlərindən
uzaq etmək üçün (ağır xəstəliyinə
baxmayaraq) sıravi əsgər kimi təzədən hərbi
xidmətə çağırırlar və çar
komandanlığı onu ön alman cəbhəsinə
göndərir. Bu məşəqqətli və çətin
günlərdə Babayev başa düşür ki, bu cəbhədə
olan mühit rus-yapon müharibəsindən heç nə ilə
seçilmir.
Həmin o xaos, həmin
o mənasızlıq, həmin o ziddiyyətlər. Əsgərlər və zabitlər arasında olan
qarşıdurma burada da davam edir. Həmin
o müharibədə olan karyerizm və intriqalar burada da
hökm sürür. Və ən əsası
isə sonsuz və məqsədsiz olaraq insan qanı
axıdılır.
Çar hökuməti məmurlarının
yalançı və qorxaqlığı fonunda adi əsgərlərin
igidliyi üzə çıxırdı və onlardan biri də
Pyotr Babayev idi.
Onun mübarizliyi qarşısında hökumət
özü geri çəkilməyə məcbur olurdu. Şücaətinə, igidliyinə,
qorxmazlığına, məğlubedilməzliyinə görə
Pyotr Rusiyanın ən yüksək mükafatı "Georgiev
xaçı" ordeni ilə təltif edilir. Amma bu təltif onun ordudakı fəaliyyətinin sonu
idi.
1916-cı ilin əvvəlində Babayev yüksək dərəcəli
mütəxəssis olduğuna görə cəbhədən
Peterburqdakı hərbi zavoda göndərilir. Burada da Pyotr
hadisələrin mərkəzində dayanır- mitinqlər, tətillər
keçirir, inqilabi fəaliyyətini davam etdirir.
O, Piter fəhlələri
ilə birlikdə Finlandiya vağzalında Leninlə
görüşür. Bolşeviklər partiyasının
Vıbork Rayon Komitəsinin üzvü, patron zavodundan Petroqraq
sovetinin deputatı, zavodun komissar köməkçisi olan Pyotr
Akimoviç Babayev Oktyabr silahlı üsyanın
hazırlanmasında fəal iştirak edərək, mitinqlərdə
menşeviklərin və eserlərin saxta nitqlərini ifşa
edirdi.
Patron zavodunun fəhlələri Qış sarayına
hücum iştirakçılarının cərgələrinə
birincilər sırasında qoşulmuşdular. Babayevin
kiçik qardaşları - Dmitri və İlya da onların
arasında idilər.
Amma ciyər xəstəliyi öz işini
görürdü. 1917-ci ilin yazında o yenə də
yatağa düşür. Amma sonra
yaxşı olan kimi yenidən zavoda işləməyə
qayıdır. Təbii ki, bu fədakarlıq iş
yoldaşları tərəfindən hörmətlə
qarşılanır və ona nüfuz qazandırırdı.
1917-ci il iyunun 10-da patron zavodunun partiya komitəsində
seçkilər keçirilərkən 2848 səsdən
2357-si ən nüfuzlu şəxs kimi Pyotra verilir. 514 səslə o öz rəqiblərini geridə
qoyaraq seçki siyahısında birinciliyi təmin edir. Bir neçə gün sonra Pyotr Babayev Petroqrad fəhlə
və əsgər deputatları sovetinə üzv seçilərək
Petroqrad sovetinin hərbi təşkilatına daxil olur.
1918-ci ilin fevralında Alman qoşunları Qərb cəbhəsini
yararaq əks hücuma keçəndə Pyotr cəbhədə
xidmət göstərirdi. Onun təcrübəsini
və hərbi ruhunu bilərək RSFSP-nın hərbi işlər
üzrə rəhbəri H.İ.Padolski özü onu
yanına çağırıb, yeni əsgərlər və
döyüşçülər hazırlamaq
üçün orduda rəhbər işə göndərir.
Amma ağır xəstəliyi rütubətli səngərlərdə
və kazarmalarda özünü yenidən qabarıq şəkildə
biruzə verir.
Rəhbərliyin göstərişinə görə onu
geri çağırıb patron zavodunda işləməyə
göndərirlər. Bu zavod və onun qiymətli
avadanlığı təcili olaraq Petroqraddan Moskvaya evakuasiya
edilməli idi.
Məlum olduğu kimi Moskva 1918-ci ilin martından Sovet
Rusiyasının paytaxtı elan edilmişdi. Moskvaya
köçdükdən sonra Babayev Sakolnik sexlərinə
qayıdır. O təşkilatçılıq qabiliyyətinə
və insanlar arasında olan böyük hörmətinə
görə əvvəlcə Sakolniki rayon partiya komitəsinin
katibi, sonra isə Sakolniki sovet departamentinə deputat
seçilir.
O illər
partiyanın Moskva komitəsi kömək məqsədi ilə
ölkənin bütün yerlərinə öz nümayəndələrini
göndərirdilər. Babayevi də Tambova
göndərirdilər. 1918-ci ilin avqust
-sentyabr aylarında o quberniya rayon icraiyyə komitəsinin və
partiyanın Quberniya Komitəsinin üzvü seçilir.
Sonra isə Tombov şəhər partiya təşkilatını
idarə edir.
Moskvaya dönəndən sonra Pyotr Babayev Sokolniki rayon
Partiya komitəsinin katibi seçilərək, səmərəli
və coşqun fəaliyyət göstərir. Kim onu
tanıyırdısa həmişə təəccüb edirdi
ki, bir nəfər bu qədər işin öhdəsindən
necə gələ bilər.
O qaynar və
ciddi, yaltaqlığı, özünü öyməyi sevməyən
biri idi. İnsanlara diqqətlə, ürəklə
yanaşardı. Ona ya əməli işi,
ya da məsləhəti ilə kömək edərdi. Moskvanın fəhlə kollektivləri zavod, fabrik
işçiləri ilə onun arasında çox isti və
dostcasına münasibət yaranmışdı. O tez-tez
keçmiş Abrikosov qənnadı fabrikində fəhlələrlə
görüşür, onların qarşısında
çıxışlar edir və kollektivin maraqlarını
Moskvanın rəhbər təşkilatlarında cəsarətlə
müdafiə edirdi.
P. Babayev Moskva şəhər partiya komitəsinə və
Moskva sovetinin icraiyyə komitəsinə üzv seçiləndən
sonra işi daha da artmışdı.
1919-cu ilin yayında Rusiya çörək və enerji
çatmırdı. Yoluxucu xəstəliklər və
aclıq baş alıb gedirdi. Belə
çətin bir vaxtda - iyulun 17-si Pyotr Babayev Sakolniki sovetinə
rəhbər seçilir. Bu vəzifədə
onun daxili imkanları- təşkilatçılığı,
peşəkarlığı, vətənpərvərliyi
özünü daha qabarıq şəkildə biruzə
verir. O çoxlu sayda insanlarla görüşür, bir
çox vacib məsələləri ən qısa müddətdə
bacarıqla həll edirdi. O gün ərzində dəmiryol
vağzallarında onlarla, yüzlərlə briqadanın
işini təşkil edir, yükdaşımaları qaydaya
salır, yetim uşaqların taleyi ilə məşğul
olurdu.
Nəhəng fiziki və əqli yorğunluq, zəif
qidalanması öz işini görürdü. Babayevin səhhəti
günü-gündən pisləşir və ciyər xəstəliyi
özünü ağır şəkildə biruzə verirdi.
Amma o, çalışırdı ki,
bütün bunları ətrafındakılara bildirməsin.
Ona məzuniyyət və istirahət təklif olunanda
o bunu qətiyyətlə rədd edirdi. Amma
yoldaşları partiya komitəsində özü olmadan onun məzuniyyəti
və müalicəsi ilə əlaqədar ciddi qərar qəbul
edirlər və o sanatoriyaya göndərilir. İki həftə keçməmiş o yenidən
işə qayıdır.
1920-ci ilin mart ayında Moskvanın Sokolniki sovetinə
yenidən seçkilər keçirilir və Babayev sədr
seçilir. Amma o iclas zalında deputat yoldaşları ilə
birgə otura bilmir. Çünki xəstəliyi
onu yatağa salmışdı. O zaman deputatlar ona
xüsusi məktub göndərərək yazırdılar:
"Çox təəssüf ki, siz bu gün bizim
yanımızda deyilsiniz. Lakin biz bilirik ki, siz
bizim hökumətin ən mərd, ən comərd
döyüşçüsüsünüz. Biz inanırıq ki, sizin mənəvi
gücünüz xəstəliyə qalib gələcək,
siz yenə də bizimlə olacaq, bizə rəhbərlik edəcəksiniz".
Lakin Babayev yatağından dura bilmirdi. Yoldaşı
Natalya onu tək qoymurdu. Balaca qızı
Valentina isə ona dayanmadan telefonla zəng edirdi. Minlərlə insan P.Babayevin səhhəti ilə
maraqlanırdı. 1920-ci il aprelin 25-də
P.Babayev dünyasını dəyişir.
O günlər
"Pravda" qəzeti yazırdı ki, o əsil vətənpərvər
kimi həlak oldu.
Tarix onun xidmətlərini heç zaman unutmayacaq. Pyort Babayev
çətin, eyni zamanda çox maraqlı bir həyat yolu
keçib, Moskvada, Peterburqda, Ryazanda, Tambovda və Rusiyanın
digər vilayətlərində rəhbər vəzifələrdə
çalışıb. Azərbaycanın bir sıra
oğulları Səməd bəy Mehmandarov, Əliağa
Şıxlinski, Hüseyn xan Naxçıvanski ilə birgə I
Dünya Müharibəsində vuruşub. Onun
adı əbədiləşdirilərək Moskvada əvvəlki
Sakolniki küçəsinə verilib.
Qəzetin yazdığı kimi illər, on illər
keçdi. Amma bizim həmyerlimiz P.Babayevin xatirəsi
insanların yaddaşından silinmədi. Adı
küçələrə, prospektlərə, meydanlara verildi
və əbədi olaraq tarixin yaddaşında qaldı. Çünki "O öz dövrünün cəngavəri"
idi.
Pyotr
Babayevin bacısı Polina Akimovnanın xatirələrində
deyilir: " Biz atamızı çox istəyirdik.
Həyatın çətinliklərini də
sevincini də onunla bölüşürdük. Böyük qardaşım və bacım deyirdi ki,
atamızın Vətən üçün burnunun ucu göynəyirmiş.
O daima doğma Şəki şəhərinə qayıtmaq
arzusunda imiş. Bu isə mümkün deyilmiş.
Lakin atam tab gətirib dayana bilməmiş, 1902-ci ildə Azərbaycana
gedərək bir neçə gün doğma Şəkidə
qalmışdır."
Polina Moskvaya 1914-cü ildə Pyotr səfərbərliyə
alınıb cəbhəyə göndərildikdən sonra
köçür. O da qardaş və bacıları kimi mətin
inqilabçı olmuş, çarizmi devirənlərin
sırasında addımlayır. O uzun müddət yetim
uşaqların tərbiyəsi ilə məşğul
olmuş, Xalq Maarif Komissarlığında təlimatçı
və Ümumrusiya Fövqəladə Komissiyasının
şöbələrindən birində partiya təşkilati
katibi kimi fəaliyyət göstərir.
Sonralar o SSRİ Xalq Komissarları Soveti İşlər
İdarəsinin katibi təyin edilir, müxtəlif nazirliklərdə
çalışır.
BABAYEVİN
ŞƏRƏFİNƏ ŞƏKİDƏ MAVİ ALOV
ŞÖLƏLƏNİR
1984-cü
ildə Şəki şəhər Partiya Komitəsinin P.
Babayevin anadan olmasının 100 illik yubileyini keçirmək
barədə qaldırdığı təşəbbüs Azərbaycan
KP MK tərəfindən bəyənilmiş, bu əlamətdar
hadisənin bütün respublikamızda qeyd olunması qərara
alınmışdı. Şəkinin ən böyük ipəkçilik
müəssisələrindən birinə - 3 saylı filiala və
üzümçülüklə məşğul olan iri təsərrüfatlardan
birinə alovlu vətənpərvərin adı verilmiş,
şəhərin yaraşıqlı küçələrindən
birində P.Babayevin adı yazılmış lövhə
vurulmuş, adına park
salınmış, abidə ucaldılmışdı.
Ən əsası isə Şəkidə P.Babayevin
anadan olmasının 100 illiyi ilə əlaqədar şənliklər
keçirilmiş, həmin gün bir sıra kəndlərdə
mavi qaz xəttinin açılışı olmuş, sosial
obyektlərin bünövrəsi qoyulmuşdu.
Şəki şəhər Partiya Komitəsinin birinci katibi Hadi Rəcəbli bu tədbirə Moskvadan da qonaqlar dəvət etmiş, Pyotr Babayevin qızı, Moskva şəhəri Sakolniki rayon İcraiyyə Komitəsinin məsul işçisi Valentina Petrovna Bagina bu tədbirlərdə iştirak etmişdi. Onun çıxışları şəkililərdə xoş təsir oyatmışdı.
Valentina xanım çıxışında demişdi ki, atamın xatirəsinin Azərbaycanda, qədim Şəki torpağında belə ehtiramla yad edilməsi məni hədsiz sevindirir:
"...Bu yer, bu yurd, onun əməksevər, qonaqpərvər, zəhmətkeş adamları mənim gözümdə ikiqat yüksəldi. Atamın adını və əməllərini yad edən, onun xatirəsini əbədiləşdirmək üçün işlər görən insanlara dərin təşəkkürümü bildirirəm.
Mən böyük qürur hissi ilə deyirəm ki, Pyotr Babayev, eləcə də Həkim Babayevin bütün övladları həm Azərbaycan, həm də rus xalqının övladlarıdır.
Sağ olsun əziz şəkililər, sağ olsun Hadi müəllim! Atamın xatirəsini yaşatmaq üçün gördüyünüz bu nəcib işi, təmənnasız yaxşılığı heç zaman unutmayacağıq".
Valentina xanım "Şəki" qəzetinə müsahibə verərkən demişdi ki, Şəkidə yaşayan qohumları ilə də görüşüb. Onun qohumları Şəfiqə, Ruqiyyə, Şöhrət, Dövlət, Mənsur və Çingiz Babayevlər şəhərin Əli Bayramov küçəsindəki 14 nömrəli evdə yaşayırlar.
O özünün Moskva ünvanını - Şumkina küçəsi, 25-16, mənzil 151-də qəzet vasitəsi ilə bütün şəkililərə bildirərək, demişdi ki, onun mənzilinin qapısı həmişə həmvətənlərinin üzünə açıqdır...
Akif SALAM
525-ci qəzet.-
2014.- 27 fevral.- S.4.