Saz-söz sənəti, aşıq
yaradıcılığı: tükənməz milli-mədəni
irs xəzinəmiz
"Yeddi oğul istərəm" filmində Gəray bəyin aşığa "Yanıq Kərəmi"ini sifariş
verməsi,
Cəlalın "Kələntər dayı, ürəyimi nişan al! Ağrıdır axı..." epizodunu, yəqin ki, xatırlayırsınız. Aşıq
ifasını kəsmək
istəsə də, Gəray bəy buna imkan vermir
və beləliklə,
Cəlal Kələntər
dayının hesabına
bu havanın sədası altında həyatı ilə vidalaşmalı olur... Təbii, bu film, bu əsər yaradıcı təxəyyülün
məhsuludur və inanmaq çətindir ki, ölüm sifarişi musiqi sifarişinə qarışsın...
Bu il martın
28-də isə Azərbaycanın
böyük yazıçısı
İsa Hüseynov vəsiyyətinə görə
"Ruhani" aşıq
havasının sədaları
altında torpağa tapşırıldı. "Ruhani"
yazıçının ssenarisi
əsasında çəkilmiş
"Tütək səsi"
filmində oğlunu həsrətlə gözləyən
İsfəndiyar əminin
ifasında daha çox sevildiyinə görə bu hava böyük yazıçı ilə xatırlanır... Ona görə
də yazıçının
dəfni nəinki mərasim iştirakçılarını,
həmçinin ekranlardan
seyr edən tamaşaçıları belə
kədərləndirdi.
Bu, bir-birindən fərqli
iki epizodu ona görə xatırlatdım ki, aşıqlarımız yalnız
qədim zamanlarda insanların istək və arzularının tərənnümçüsü olmayıblar. Göründüyü kimi onlar istər Sovet illərində, istərsə
də müstəqillik
dövründə hörmətlə
qarşılanıblar. Bir halda ki, Azərbaycan
aşıq sənəti
yüzilliklərdir sevilir
və şifahi şəkildə nəsildən-
nəsilə bu günümüzə kimi
ötürülür, deməli,
o ölümsüzlük qazanıb.
Məlum
olduğu kimi aşıqlarımız hazırda
nəinki ölkəmizdə,
eləcə də dünyanın məşhur
konsert salonlarında, mədəniyyət ocaqlarında
sazı sinələrinə
sıxıb dinləyicilərini
feyziyab etməkdədirlər.
2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun Dünya
Mədəni İrs siyahısına daxil edilməsi isə ona sanki dünya
vəsiqəsi qazandırdı.
Yanşaq,
Varsaq, Şeyx...
Aşıq sənəti, poeziyası qədimdirsə, deməli,
onun kökləri şifahi xalq ədəbiyyatına, xalq
yaradıcılıq nümunələrinə
gedib çıxır. Ona görə aşıq müxtəlif dönəmlərdə
Ozan, Yanşaq, Varsaq və s. adlarını daşıyıb.
"Aşıq" sözü isə bir titul kimi
təxminən XI-XII əsrlərdən
bəllidir. Tədqiqatçılar
"aşıq" sözünü
ərəb sözü
olan "eşq" (aşiq, sevən) və ya türk
sözü olan "işıq" (nur) sözü ilə əlaqələndirirlər. Hətta
"aşıq" sözünü
"şeyx" (Şərq
ruhani qardaşlıqlarının
rəhbəri) sözü
ilə də bərabərləşdirirlər. Lakin alimlər "aşıq"
və "aşiq"
sözləri arasında
olan oxşarlığa
daha çox diqqət yetirirlər.
Ustaddan ifaçıya...
Aşıq sənəti heç də sadə deyil. O, şeir yazır,
musiqi bəstələyir,
oxuyaraq sazda çalır, rəqs edir. Lakin bir
aşıqda musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementlərinin üzvi şəkildə birləşməsi
az təsadüf
olunur. Odur ki, sənətkarlıq xüsusiyyətlərinə görə
aşıqlar fərqli
qruplara bölünür:
"Ustad aşıqlar",
"İfaçı aşıqlar",
"Şair aşıqlar"...
Gəncəbasardan Təbrizə
Ola bilər ki, aşıqlar xarici səhnələrdə sazla
oxuya-oxuya, oynaya-oynaya çıxış edəndə
onların hansı məktəbin nümayəndələri
olması faktına əhəmiyyət verilməsin. Amma Azərbaycanda
bu çox mühümdür. Çünki aşıq sənətində
bölgələrə görə
ifa tərzi,
instrumental müşayiət tipi, dastan repertuarı, ifa vaxtı xoreoqrafik cizgilər nümayiş etdirən müəyyən musiqi ənənələri formalaşıb.
Bu və ya digər əlamətlər
üzrə Azərbaycan
aşıq sənətinin
çoxsaylı lokal ocaqları nisbətən iri Gəncəbasar və Borçalı (qərb), Şirvan (şərq), eləcə də bir sıra
İran Azərbaycanı
- Təbriz, Qaradağ,
Urmiya, Savə, Zəncan (cənub) aşıq məktəb və mühitlərində
birləşdirmək olar.
Ustadnamədən "Kitabi- Dədə
Qorqud"a
Heca aşıq
yaradıcılığında ən geniş yayılmış şeir
vəznidir. Milli poeziyamızın heca janrları olan bayatı (7 heca), qoşma (11 heca), müxəmməs (beş misra), ustadnamə, qıfılbəndlə
yanaşı, onun poetik formaları olan gəraylı (8 heca), divani (15 heca), təcnis (11 heca) aşıqların sevimli formalarıdır. Habelə
XVI-XIX əsrlərdə aşıq
poeziyası klassik yazılı poeziya ilə də sıx bağlı olub. Məsələn, divani, müxəmməs,
müsəddəs və
müləmmə janrları
klassik yazılı poeziyanın təsiri altında yaradılıb.
Aşıq yaradıcılığında
ən mürəkkəb
və ən bitkin janr dastan
hesab olunur. XVI-XX əsrlərdə Azərbaycan aşıqları
tərəfindən 150-dək qəhrəmanlıq, lirik,
ibrəti və digər mövzularda dastanlar yaradılıb.
"Koroğlu", "Əsli
və Kərəm",
"Abbas və Gülgəz", "Qurbani",
"Aşıq Qərib",
"Məsum və Diləfruz", "Əmrah",
"Tahir və Zöhrə" və s. dastanlar müasir dövrdə də aşıqlar tərəfindən
söylənilir. Azərbaycan
aşıq sənətinin
zirvəsi isə 1300 il yaşı
olan "Kitabi-Dədə
Qorqud" dastanı hesab olunur.
Üzeyir
Hacıbəyli - Azərbaycan
professional musiqisinin banisi
ilk dəfə aşıq
musiqisinin təkrarsız
xüsusiyyətlərindən böyük peşəkarlıq
və bacarıqla istifadə etməklə özünün şah əsəri olan "Koroğlu" operasını
yaradıb. Dahi bəstəkarın sənət əsəri artıq 70 ildən çoxdur ki, uğurlu səhnə həyatı yaşayır.
Dirili Qurbani, Xəstə Qasım...
Aşıqlar xalq arasında olduqlarına görə həmişə hörmət sahibi olublar. Odur ki, onlar həyatdan köçsələr belə unudulmurlar. Dirili Qurbani (XVI əsr), Sarı Aşıq, Abbas Tufarqanlı (XVII əsr), Xəstə Qasım, Abdal-Gülablı Valeh (XVIII əsr), Dilqəm, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı, Molla Cümə (XIX əsr) və b. yaradıcılıqları nəinki aşıqlar tərəfindən yaşadılır, həmçinin ədəbiyyat nümunələri kimi tədris olunur.
Aşıq Pəri, Aşıq Dilşad...
Aşıq deyəndə gözlərimiz önünə qalife şalvarlı, buxara papaqlı, beli kəmərli buğuburma kişilər canlanır. Amma aşıq qadınlar da var ki, onlar öz məharətləri və istedadları ilə kişi aşıqlardan heç də geridə qalmırlar. Aşıq Pəri (XIX əsr), Aşıq Həmayıl (XIX əsr), Aşıq Bəsti (XX əsr), Aşıq Dilşad (XX əsr) və b. klassik aşıq şairələrimizdən hesab olunurlar. Aşıq ənənələri qadınlar arasında elə müasir dövrdə də yaşadılır.
Repressiya qurbanı Aşıq Mirzə Bilal
Amansız repressiya Aşıq Mirzə Bilalın da həyatına son qoyub. 1872-ci ildə Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olan Mirzə Bilal təhsilini əvvəlcə həmyerlisi Molla Xasının, sonrasa Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində davam etdirib. Şamaxı ədəbi mühiti - "Beytüssəfa" və mesenat Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlayıb. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onu aşıq sənətinə gətirib. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşadıb və onlarla şagird yetişdirib. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmayıb, ona Xalq Cümhuriyyəti dövründə (1918-1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunub. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur. Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilib, həmin ilin noyabr ayının 26-da "xalq düşməni" adı altında güllələnib.
Saz kimi
Saz aşığın döyünən ürəyidir. Aşıq özünü məhz bu musiqi alətinin köməyi ilə ifadə edə bilir. Amma aşığı çox vaxt sazla yanaşı, balaban, nağara və bəzən qoşa nağara da müşayiət edir. Saz qoz və tut ağacından düzəldilir. Musiqi alətinin Azərbaycanda üç növü məlumdur: böyük saz (8-9 simli), cürə sazı və ya qoltuq saz (kiçik həcmli), tavar sazı (9 simli, nadirən 8 simli). Tavar sazı müasir dövrümüzdə sazın ən geniş yayılmış növü hesab olunur...
Keçdiyi tarixi
yol da, indiki
inkişafı da göstərir ki, yüzillərin sınağından
çıxmış saz-söz sənəti,
aşıq yaradıcılığı dünya
durduqca yaşayacaq, onun salnaməsinə yeni-yeni
parlaq səhifələr yazılacaq.
Ü.HEYDƏROVA
525-ci qəzet.-2014.-3 iyul.-S.4