Poeziya ünvanı, şair imzası - Təvəkkül Yanar

 

Azərbaycan poeziyasında özünəməxsus  yaradıcılıq yolu, imzası olan şairlərdən biri Təvəkkül Yanardır. Gənc yaşlarında ikən ədəbi prosesə fəal surətdə qoşulan bu istedadlı  qələm sahibi məhsuldar, orijinal yaradıcılığı  ilə tələbkar oxucuların diqqətini çəkib. Şeirləri ədəbi ictimaiyyət tərəfindən bəyənilib. Elə bu səbəbdən şair dəfələrlə Bakı şəhərində yaşayıb-işləməyə dəvət olunub. Lakin o, doğulduğu Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayıb-yaratmağa üstünlük verib, deyib ki, yazıb-yaratmaq üçün kəndlə şəhərin heç bir fərqi yoxdur:

Vulkan vulkandırsa,Püskürəcəkdir.

Bu məqsəd amalla da o, əyalətdə qalaraq gözəl poetik nümunələr qələmə alıb yaradıcılığı ilə tanınıb. Dövri mətbuatda müntəzəm çap olunan şair rayonda respublikada keçirilən tədbirlərdə, ədəbi görüşlərdə iştirak edib. Söz ustası eyni zamanda doğma Rəncbərlər  kənd  orta məktəbində pedaqoji fəaliyyət göstərib. Ömrünün sonunadək gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub.

Zəngin yaradıcılığa malik olan Təvəkkül Yanarın həmin illərdə "Yadigar", "Günlər məni gözləmir", "Axtar Qarabağda, gəz Qarabağda", "Xoşbəxtənmi, görəsən?", "Heydər poeması" "Sabir girdi yuxuma" adlı şeir kitabları işıq üzü görüb.

Şairin yaradıcılığı həmişə yüksək dəyərləndirilib. Mirzə İbrahimov, Nəriman Həsənzadə, İsi Məlikzadə, İbrahim Kəbirli kimi sənətkarlar Təvəkkül Yanar poeziyasını lazımınca qiymətləndiriblər.

Tanınmış söz ustasının Azərbaycan Yazıçılar Birliyi, Respublika "Bilik" cəmiyyəti xətti ilə bölgələrdə təşkil olunan şeir məclislərində, görüşlərdə çıxışları daim rəğbətlə qarşılanıb.

Y. Məmmədov adına Ağcabədi rayon mədəniyyət sarayında T.Yanarın 60 70 illik yubileyləri təntənə ilə qeyd edilib.

Azərbaycan televiziyasında şairin yaradıcılığına həsr olunmuş ədəbi veriliş hazırlanıb göstərilib. Onun sözlərinə mahnılar bəstələnib, xanəndələr tərəfindən şeirlərinə tez-tez müraciət olunub.

Oğlu İlqarın dediklərinə görə, şairin indiyədək çap edilməmiş xeyli sayda şeirləri qalıb. O, həmin şeirləri toplayaraq kitab şəklində nəşr etdirmək fikrindədir. Çox təəssüflər olsun ki, T.Yanarın bir çox şeirləri əsassız olaraq başqalarının adına çıxılır.

Şairin orijinal xüsusiyyətlərə malik olan şeirləri öz poetik siqləti, ifadə tərzi, mövzu aktuallığı ilə fərqlənir. Müxtəlif mövzularda qələmə alınmış bu poetik nümunələr oxucunun mənəvi ehtiyaclarını ödəməyə, ona xoş ovqat bəxş etməyə qadir olan bədii əsərlərdir.

Bu şeirlər hər kəsə vətənpərvərlik, torpağa bağlılıq, təmizlik, mənəvi saflıq duyğuları aşılayır, insanı həyatı sevməyə, fəal səmərəli yaşamağa ruhlandırır, aydın, sadə tərzdə qələmə alındığı üçün yadda qalır, sevilir:

 

Mən səni sevdim ki, sevdim ki, səni,

Sahibsiz bağıma güllər əkəsən.

Mən səni sevdim ki, sevəsən məni,

Sevmədim, ömrümə qılınc çəkəsən.

 

Şairin yaradıcılığında müstəqillik illərində xalqımızın başına gətirilən faciələr, torpaq itkisi, Qarabağ dərdi qabarıq əks olunub. Müəllif yüksək mənəvi keyfiyyətləri, həyat gözəlliklərini tərənnüm etdiyi kimi eybəcərliklərə, çatışmazlıqlara da biganə qalmayıb. O, mənəvi dəyərlərimizə, mentalitetimizə yabançı olan halları da tənqid atəşinə tutmağı ustalıqla bacarıb.

"Sabir girdi yuxuma" adlı kitabdakı şeirlər bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Həmin satirik şeirlərdə mənfiliklər cəsarətlə qamçılanır.  Şair bunu özünün əsl vətəndaşlıq borcu hesab edir:

 

Daha bəsdir yazdığın gözəllərin tacından,

İndi başqadır dövran, indi başqadır zaman.

Yazmaq vaxtı çatıbdır xalqın ehtiyacından,

Ürəklərə çəkilir çalançapaz dağ, bala,

Bu dolaşıq dünyaya başqa gözlə bax, bala!

 

Şair Təvəkkül Yanar 2008-ci ildə, ömrünün 71-ci baharında dünyasını dəyişib. Qədirbilən oxucular, şairin qələm dostları, övladları, həmyerliləri onu daim hörmətlə yad edir, xatirəsini əziz tuturlar. Ağcabədi Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi, şairin bir vaxtlar müəllim işlədiyi Rəncbərlər kənd orta məktəbinin pedaqoji kollektivinin təşəbbüsü və təşkilatçılığı ilə hər il Təvəkkül Yanarın anım mərasimi keçirilir.

 

525-ci qəzet.-2014.-3 iyul.-S.4.