Fədakar maarif və mədəniyyət xadimi Mirzə Şərif Mirzəyevin ömür və fəaliyyət yoluna bir nəzər

 

XIX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərən görkəmli Azərbaycan şərqşünası, maarifçi, publisist, jurnalist və ictimai xadimlərindən biri də Mirzə Şərif Mirzəyev olub. 1860-cı ildə Tiflis şəhərində doğulan M.Ş.Mirzəyev 10 yaşında mədrəsə təhsilini bitirdikdən sonra 1882-ci ildə Qori şəhərində yerləşən Zaqafqaziya müəllimlər seminariyasında oxuyub. 1906-1918-ci illərdə çar Rusiyasının çoxmilyonlu türk əhalisi içərisindən çıxan ilk və son senzor olub, Qafqaz senzura komitəsində şərq dilləri üzrə senzon vəzifəsində çalışan, Azərbaycan mətbuatı tarixinə dair "Materialı dlə istorii törkskoy peçati na Kavkaze" "Qafqazda türk mətbuatının tarixindən" (1926) adlı monumental əsərin müəllifidir.

1882-ci ildən, seminariyanı bitirdiyi vaxtdan təxminən 1937-ci ilədək, başqa cür desək, şəxsiyyətə pərəstiş dövrünün qurbanı olanadək, həyatının əlli ilindən çoxunu Tiflisdə yaşayıb-yaradan, Zaqafqaziyanın müxtəlif rusdilli mətbuatında məqalə və publisist yazıları ilə ardıcıl çıxış edən M.Ş.Mirzəyev ayrı-ayrı dövrlərdə Azərbaycan xalqının maariflənməsi, ədəbiyyatı və mədəniyyətinin tərəqqisi və təbliği yolunda böyük faydalı işlər görüb. Lakin müxtəlif ictimai-siyasi dövrlərdə yaşayan M.Ş.Mirzəyevin həyat və yaradıcılığı yolu müstəqim bir xətlə getməyib, mürəkkəb, tarixən ziddiyyətli, enişli-yoxuşlu olub, siyasi-ictimai görüşlərində müəyyən ziddiyyətli, məhdud cəhətlər müşahidə edilib. O, özünün bir çox mətbu və qeyri-mətbu, çapı senzura tərəfindən qadağan edilən yazılarında sinifli cəmiyyətdəki ictimai ziddiyyətləri pərdələmək, şüurları kütləşdirmək, kütlələri mənəvi əsarətdə saxlamağa çalışan liberal-burjua ziyalılarını və mürtəce din xadimlərini tənqid etmiş, çarizmin milli qırğın siyasətini pisləyərək, Zaqafqaziya xalqlarını-gürcülərlə azərbaycanlıları, azərbaycanlılarla erməniləri birliyə, dostluğa və qardaşlığa çağırmış, bəzən isə dövrün qabaqcıl ideyalarından geri qalmış, ictimai-siyasi həyatda baş verən hadisələrin əsl mahiyyətini başa düşməkdə çətinlik çəkmişdir. Bu da aydın məsələdir ki, bir tərəfdən dövrün mürəkkəb ictimai şəraiti, digər tərəfdən isə onun təmasda olduğu mühitdə, senzura komitəsindəki fəaliyyəti ilə bağlı olmuşdur.

İnqilabdan əvvəlki dövrdə ictimai mühit və şəraitlə bağlı eyni mətbuat orqanından, tribunadan qabaqcıl ziyalılarla bir sırada mürtəce, mühafizəkar görüşlü ziyalılar da istifadə etmiş, dövrün ən gərəkli, aktual, sosial və mədəni problemlərini işıqlandıran yazılarla yanaşı, mürtəce mahiyyətli yazılar da çap olunmuşdur. Odur ki, biz XIX əsrin sonlarında və XX əsrin əvvəllərində məramca bir-birinə zidd mətbuatlarda çıxış edən M.Ş.Mirzəyevin yaradıcılığına məhz həmin meyarla ictimai-siyasi hadisələr kontekstində yanaşıb qiymətləndirməliyik. Bu toxunduğumuz vacib, eyni zamanda incə bir məsəlidir.

1882-ci ildən M.Ş.Mirzəyev Tiflis şiə məktəbində (həmin məktəb 1847-ci ilin sonunda təsis edilmişdir) rus dili müəllimi işləmiş, 1888-ci ildə Qafqaz Hərbi Dairəsi qərərgahına Şərq dilləri tərcüməçisi vəzifəsinə keçirilmişdir. Uzun müddət burada çalışan M.Ş.Mirzəyev tez-tez İran və Türkiyə dövlətləri ilə aparılan diplomatik danışıqlarda mütərcim sifətilə iştirak etmiş, Avropaya səyahətə çıxan İran şahlarının, Buxara əmirinin və başqa ölkələrin dövlət xadimlərinin Qafqaz ərazisində müşayiətçisi və tərcüməçisi olmuşdur. 1906-cı ildə Tiflis mətbuat işləri komitəsində (1848-ci ildə təsis edilən həmin komitə 1906-cı ilə qədər Qafqaz Senzura Komitəsi adı ilə fəaliyyət göstərirdi) aparılan yenidənqurma işləri zamanı M.Ş.Mirzəyev təhsil aldığı seminariya məzunlarının böyük bir dəstəsinin ciddi təzyiqi, təkidi ilə oraya yerli və şərq dilləri üzrə kiçik senzor vəzifəsinə təyin edilmiş, 1908-ci ildə isə həmin dillər üzrə böyük senzor vəzifəsinə keçirilmişdi; o bu vəzifədə 1917-ci ilə qədər, komitə ləğv edilənədək çalışmışdır.

1930-cu ildə Əliheydər Qarayevin tapşırığı ilə rusca qələmə aldığı "Qafqazda türk mətbuatının tarixindən" adlı dəyərli xatirələrində etiraf etdiyi kimi, senzura ilə əvvəllər, heç bir əlaqəsi olmayan M.Ş.Mirzəyev mətbuat komitəsində işləmək haqqında təklifə yalnız ona görə razılıq vermişdi ki, daim sıxışdırılan, panislamist və panterkist damğası vurulan Azərbaycan mətbuatının nəşrinə azacıq da olsa, bu yolla qayğı göstərməyə imkan əldə etsin.

M.Ş.Mirzəyev ədəbi-publisistik yaradıcılığa və jurnalist fəaliyyətinə keçən əsrin 80-ci illərinin sonunda, şiə məktəbində müəllim işlədiyi dövrdə Tiflisdə sayca ikinci Azərbaycan mətbuatı olan "Kəşkül" jurnalında (183-1891) başlamışdı; lakin həmin jurnalın mətbuat qarşısında qoyulan tələblərə lazımınca cavab vermədiyini görüb, daha geniş imkanlara malik olan Tiflisin rusdilli qəzetlərində-əsasən "Kavkaz" və "Novoe obozrreniye"də Azərbaycan teatrına, milli ədəbiyyata, ictimai fikrə, Yaxın Şərq ölkələrinin mədəni və ictimai-siyasi həyatına dair sanballı məqalələrlə çıxış etmişdir. Azərbaycanlı jurnalist müxtəlif dövrlərdə hətta "Kavkaz" qəzetinin Yaxın Şərq ölkələri üzrə xüsusi müxbiri də olmuşdur. Beləliklə, M.Ş.Mirzəyev rusdilli mətbuat orqanlarında çıxan məqalələrində bir tərəfdən Azərbaycan xalqının həyatındakı qabaqcıl meylləri təbliğ edir, digər tərəfdən isə mütərəqqi rus və Avropa ədəbi-ictimai fikri ilə əlaqələrin daha intensiv xarakter almasına təkan verirdi.

XIX əsrin 80-90-cı illərində "Kavkaz" və "Novoye obozreniye" qəzetlərində çap olunan məqalələri M.Ş.Mirzəyevin bilik və maraq dairəsinin genişləndiyi, bir çox yazılarının elmi-tədqiqi xarakteri, faktik materialın zənginliyi, dilinin aydın oxunaqlı olması ilə diqqəti cəlb edir. 1886-cı ildə "Novoye obozreniye"də çap olunmuş A.S.Qriboyedovun öldürülməsi və Fətəli şahın imperator I Nikolaya üzrxahlıq məktubu" adlı məqaləsində M.Ş.Mirzəyev "Rövzətüs-Səfa" adlı əsərə və bir sıra başqa farsdilli ilkin mənbələrə arxalanaraq böyük rus sənətkarının qətlinin İran tarixşünaslığında necə işıqlandırıldığının geniş mənzərəsini yaratmışdır. Əgər məşhur şərqşünas alim A.P.Berjenin də eyni ildə və eyni mövzuda mərkəzi mətbuatda - "Russkaya starina" jurnalında geniş məqalə dərc etdiyini nəzərə alsaq, gənc azərbaycanlı müəllifin öz üzərinə necə məsuliyyətli bir vəzifə götürdüyü və nə kimi ciddi tədqiqat işi apardığı arxiv sənədləri və materialları ilə işləməyi bacaran, ictimai elmi fikir tarixində öyrənilməmiş, yaxud az öyrənilmiş sahələrinə diqqət yetirən bir mütəxəssis kimi yetişdiyi aydın olar.

1891-1901-ci illərdə "Novoye obozreniye" və "Kavkaz" qəzetlərində çap olunmuş "Uraz Berdixan", "Şərqdən xəbərlər", "Parçalar", "Şərq müdriklərinin fikirləri", "Müsəlman qadınları arasında maarifin inkişafına dair müsəlmanın mülahizələri", Qarabağ xanlığının son hakimi Mehdiqulu xanın nəvəsi, şairə Xurşudbanu Natəvanın ilk beşiyi,hərbi xadim və şair, "Vəfa" təxəllüsü ilə Azərbaycan və fars dillərində Hafiz və Xəyyamanə incə lirik şeirlər müəllifi Mehdiqulu xan Usmiyevin (1855-1900) vaxtsız vəfatı münasibətilə yazdığı "Knyaz Mehdiqulu xan Usmiyev", "İranda şiələr", "Sultan Əbdül Həmidin hakimiyyətinin 25 illiyi", "Şərq həyatı" və s. kimi elmi, ədəbi-publisistik məqalələrində M.Ş.Mirzəyev Şərq, xüsusən də Azərbaycan ədəbiyyatının, ictimai və siyasi fikrinin bilicisi kimi çıxış edir. Təsadüfi deyil ki, azərbaycanlı ziyalının geniş tədqiqatçılıq fəaliyyəti elmi ictimaiyyətin diqqətindən yayınmamış və o, 1901-ci ildə Tiflisdə təsis edilən Rusiya Şərqşünaslıq Cəmiyyəti Tiflis şöbəsinin katibi kimi məsul bir vəzifəyə seçilmişdi. Şöbə 1901-ci il 19 may tarixli iclasında özünün rus və Azərbaycan dillərində dövri nəşrini yaratmağı qərara almışdı ki, bu da müəyyən dərəcədə XX əsrin ilk Azərbaycan qəzeti, Tiflisə isə üçüncü milli mətbuat olan "Şərqi-Rus" qəzetinin (1903-1905) meydana çıxmasına təkan vermişdir.

M.Ş.Mirzəyevin 90-cı illərdə çapı Qafqaz Senzura Komitəsi tərəfindən qadağan edilmiş "İran inqilabçıları Londonda" və "Zaqafqaziya Şeyxül-islamının seçilməsi məsələsinə dair" məqalələri müəllifin vacib ictimai mətləblərə, mədəni-maarif məsələlərinə və milli özünü təsdiqə münasibətdə qabaqcıl mövqe tutduğunu göstərir. Həmin vaxtlar Gürcüstanda yaşayan azərbaycanlılar arasında ictimai fəallıqlarıyla seçilən ziyalılardan Eynalı bəy Sultanov (1863-1935), Mirzə Hüseyn Həsənzadə (1869-1948), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), Mirzə Rza Əlizadə (1875-1942), Mirzə Həbib Əlizadə (1879-1929), Hüseyn Minasazlı (1881-1932) və başqaları da, mətbuat səhifələrində çıxış edir, öz pedaqoji, didaktik mülahizələrini ifadələyirdilər.

1902-1904-cü illərdə "Kavkaz" qəzetində çap olunmuş "Kazak briqadaları İranda", "Şərq mətbuatı rus-yapon müharibəsi haqqında", "İran işləri", "Müsəlman Şərqində ingilis siyasəti", "Panislamist qəzetləri rus müsəlmanları haqqında" və s. məqalələr M.Ş.Mirzəyevin Yaxın Şərq tarixi, ictima-siyasi fikri, Rusiya-Şərq münasibətləri ilə ciddi maraqlandığını göstərir. Bu məqalələri səciyyələndirən başqa  bir cəhət onların Şərqə, qədim Şərq mədəniyyətinə və regionun müasir böhranlı vəziyyətinə dərin bələdliklə qələmə alınmasıdır.

Birinci rus inqilabı ərəfəsində, 1904-cü ilin ortalarında yenə də "Kavkaz" qəzetində çap olunmuş "Sevindirici hal" məqaləsində M.Ş.Mirzəyev azərbaycanlı qadınların ictimai həyatda iştirakına, onların mədəni-maarif işlərinə cəlb edilməsinə xüsusi əhəmiyyət verir və bu mənada o, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, E.Sultanov qəzetində çap etdirdiyi bir sıra məqalələri onun cəsarətli həqiqətpərəst, bir vətənpərvər-vətəndaş, azadlıq uğrunda çarpışanlarla həmrəy olduğunu göstərir. "Ömər Faiq Əfəndinin adı ətrafında" adlı məqalədə, M.Ş.Mirzəyev 1918-1919-cu illər ərzində Gürcüstan menşevik hökuməti tərəfindən haqsız olaraq dəfələrlə həbs edilən "Molla Nəsrəddin" jurnalının banilərindən biri Ö.F.Nemanzadəni cəsarətlə müdafiəyə qalxır, onun Azərbaycan milli mətbuatı, ictimai fikri tarixində mühüm rol oynayan mütərəqqi və qorxmaz bir şəxs olduğunu sübuta yetirir. Yalnız M.Ş.Mirzəyev kimi ziyalıların və qabaqcıl ictimaiyyətin ciddi etirazı və təkidi ilə Ö.F.Nemanzadə tezliklə Metex qalasından azad edilmişdir.

1920-ci ildə yuxarıda adı çəkilən qəzetdə çap olunmuş "Gürcü - müsəlman münasibətləri" məqaləsində isə M.Ş.Mirzəyev gürcü və Azərbaycan xalqları arasındakı tarixi dostluqdan bəhs edir, əsrlər boyu mehriban qonşuluq şəraitində yaşayan həmin xalqların müasir dövrdəki ümumi problemlərinə öz publisistik münasibətini bildirir və onları bu təlatümlü-tufanlı günlərdə birliyə, qardaşlığa çağırır.

S.Qorodetskinin "Zakavkaskoye slovo" qəzetində çıxan pis niyyətli, qərəzli qeydlərə cavab olaraq M.Ş.Mirzəyevin "Qarabağ" məqaləsi aktuallıq kəsb edir. M.Ş.Mirzəyev Qarabağın tarixini yad edir. Pənah xanın hakimiyyəti və Şuşa şəhərinin nə vaxt və kim tərəfindən salınması haqqında bir sıra tutarlı dəlillər gətirərək yazır ki, "Vaqif, Zakir, Asi, Növrəs, Fatma xanım, Vəfa (Mehdiqulu xan Usmiyev) və Qarabağın bir sıra başqa şairlərinin əsərləri türk-Azərbaycan ədəbiyyatının gələcək tarixi üçün qiymətli material, bir xəzinədir. Müsəlman dünyasına bütöv bir dəstə, çoxcəhətli istedada malik mədəniyyət xadimləri verən Qarabağ, eyni zamanda, bütün Zaqafqaziyanın estetik musiqi mərkəzidir". Məqalə xalqlar dostluğuna və qarşılıqlı anlaşmaya çağıran aşağıdakı sözlərlə bitir: "Qoy Qarabağ ermənilərinin və türklərinin dinc yaşamalarını istəyən namuslu adamlar bir-birlərinə səmimi şəkildə əl uzadıb öz keçmiş münasibətlərini bərpa etsinlər, muzdla tutulmuş mürtəce jurnalistlərə gəldikdə isə qoy onlar bilmədikləri və yaxşı baş çıxarmadıqları qonşuluq münasibətlərinə nahaqdan pəl qatmasınlar".

M.Ş.Mirzəyev mətbuat komitəsində işlədiyi illərdə anadilli mətbuat və ədəbiyyatın qayğı və problemləri ilə daha yaxından tanış olmuş, Tiflis ədəbi-ictimai mühitində fəal iştirak edən ziyalılardan birinə çevrilmişdir. Təsadüfi deyildir ki, İ.Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" povestinin sorağı ilə bütün Qafqazı gəzib dolaşan Salman Mümtaz Tiflis ziyalıları içərisində ilk növbədə Mirzə Şərifə müraciət etmişdir.

1886-cı ildən fəaliyyətə başlayan Tiflis Azərbaycan teatrının tamaşaçıları haqqında rusdilli mətbuatda məqalə və resenziyalarla çıxış edən M.Ş.Mirzəyev milli səhnə sənətinin professional qrupunun yaranması və inkişafına çalışan ilk ziyalılardan olmuşdur. Senzura komitəsindəki fəaliyyəti onu Azərbaycan dramaturgiyası və teatrı ilə daha da yaxınlaşdırırdı.

M.Ş.Mirzəyev yazırdı ki, bədbəxt türk mətbuatı üzərində aparılan əməliyyat və təhqirlərə eyni dərəcədə həyasızlıqla həm əvvəllər, köhnə senzura nizamnaməsinin qüvvədə olduğu dövrdə, həm də mətbuat haqqındakı qanunlardan süni çətinlikləri təcili aradan qaldırmağı nəzərdə tutan 1904-cü il 12 dekabr tarixli çap fərmanından sonra da yol verilirdi.

Təsadüfi deyildir ki, senzura haqqındakı yeni qərardan sonra da Azərbaycan mətbuatı sıxıntı və təqiblərdən yaxa qurtara bilmədi. Senzura aparatı milli azlıq təşkil edən xalqların mətbuatını və ədəbiyyatını boğmaq üçün heç bir amansız tədbirdən çəkinmirdi. Bütün bunlar deməyə haqq verir ki, M.Ş.Mirzəyevin jurnalistlik və senzorluq fəaliyyətinin obyektiv öyrənilməsinə ciddi ehtiyac duyulur.

Bütün şüurlu həyatını doğma xalqına həsr etmiş təəssübkeş, vətənpərvər maarifçi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin tərəqqisi və təbliği yolunda böyük xidmətlər göstərmiş 1937-ci ildə repressiyanın qurbanı olmuş M.Ş.Mirzəyev ilə xalqımızın fəxr etməyə haqqı var.

 

Almaz YURDSEVƏR

525-ci qəzet.-4 iyul.-S.4.