Səsləri əbədiləşdirmək
istedadi
Uzun illər ərzində oxucusu olduğumuz Mustafa Çəmənlinin sənətlə bağlı ədəbi nümunələrinin ilk baxışda janrını, bütünlükdə isə onların estetik tutumunun böyük ədəbiyyata, əhatəliliyi birmənalı
olan jurnalistikaya və
yaxud təhlil və tədqiqə yönəlik musiqişünaslığa aid olduğunu müəyyənləşdirmək bir qədər çətindir desək, yəqin ki, yanılmarıq. Belə ki, həcmindən asılı olmayaraq,
onların hər birində özünəməxsus dramaturji xəttə
köklənmiş yazıçı müdrikliyini, jurnalist
“diriliyi”ni və musiqişünas-tədqiqatçı
nəfəsini duymaq mümkündür. Qənaətimizcə,
məhz yaradıcılığına xas olan bu
çoxşaxəli tutum onu başqa musiqi tədqiqatçılarından
fərqləndirir...
Mustafa Çəmənli
yaradıcılığının fərdiliyi bir tərəfdən
maraq dairəsinin genişliyidirsə, digər tərəfdən
onun hadisələrə münasibətində
zamansızlığa nail olmasıdır. Fikrimizcə, bunu şərtləndirən
başlıca səbəb müxtəlif mövzulu
yazılarında araşdırdığı sahəyə yüksək
bələdçiliyini nümayiş etdirməsi, bədii
üslubunda – yazı manerasında müdrikliklə
emosionallığı qoşalaşdırmağa nail
olmasıdır. Elə onun əlinizə alıb
oxuyacağınız “Sənət
hekayələri” kitabında
toplanmış bədii-publisistik yazılarda da
vurğuladığımız məziyyətlərə
şahidlik etmək mümkündür.
Əslində,
müəllifin əsas yaradıcılıq kredosunu və həyat
amalını özündə hifz edən “Sənət hekayələri”
onun sənət dünyasına bədii münasibətinin
çoxillik mənzərəsinin məcmusudur. Başqa
sözlə desək,
bu dəfə də oxucuları Azərbaycan mədəniyyətinin,
onun muğam sənəti kimi bənzərsiz ruhi
qaynağına Mustafa Çəmənli təqdimatında
çox maraqlı, şaşırdıcı faktlarla dolu bir
səyahət gözləyir. Belə ki müəllif bizi gah
arzuların qanadlarında barəsində əfsanələr
dolaşan keçmiş
muğam korifeylərinin ecazkar sənət möcüzələrinə
qiyabi səyahətə dəvət edir, gah da bizi sonsuz xəyallar
dünyasından bu günümüzə qaytarır, bizi həyatda
bizimlə qoşa addımlayan müasirlərimizin
yaratdıqları səs və ifa möcüzələrinə şahidliyimizə görə
qürur hissi keçirməyə haqqımız olduğuna
inandırır. Əgər müəllifin bu
tanışlığa başlanğıc kimi qəbul olunan zəngin
tutumlu “Yaddaş” bədii-publisistik yazısını dəyərləndirməli
olsaq, onda oxucular bundan sonra oxuyacaqları digər tarixi-musiqili
hekayətlərdə də onları necə bir gözlənilməz
və ovsunlayıcı faktlarla dolu anlar gözlədiyini təxmin
edə bilərlər.
Doğrudan
da, qeyri-adi poetikliyi ilə seçilən “Yaddaş”da
doğma Qarabağa – Çəmənliyə yollanan müəllifin
yolboyu üz tutduğu bir neçə kənddən
aldığı mənəvi-ruhi təəssüratda toplanan
“qatı açılmamış” tarixi-elmi informasiyalar əhatəli
bir romanın məzmun yükünü təmin edə biləcək gücdədir. Bununla da o,
duyulası sənətkarlıqla saldığı “yaddaş
körpü”sü ilə bizi Azərbaycan
musiqi sənəti tarixinin qızıl səhifələrini bəzəyəcək
neçə-neçə sənətkar taleyi ilə, o
cümlədən haqqında az yazılan Qarabağ
aşıqlıq məktəbinin görkəmli simaları ilə
tanış edir.
Yazının
oxunaqlığını təmin edən məziyyətlərdən
birinin müəllifin
ifadə-söz palitrası zənginliyinin hekayətdən-hekayətə artdığını
vurğulasaq, yanılmarıq. Təkcə elə
“Yaddaş”da işlətdiyi, çoxlarına arxaik
görünə biləcək “nağıl ovqatlı” söz
və ifadələri müasir leksikonumuza layiqli töhfə də
saymaq olar. Yəqin ki, bu səbəbdən Mustafa
Çəmənlinin dil “doğmalığı”nı,
üslub və ifadə
özünəməxsusluğunu özündə hifz edən
bu və digər sənət hekayələri birnəfəsə
oxunur, oxucu ruhunu ona rahatlıq bəxş edə biləcək
mənəvi informasiya ilə qidalandırır...
Qəribə və çox sevindirici haldır ki, müəllifin
kitaba daxil etdiyi digər yazılar da faktlarının və məzmun
tutumunun zənginliyinə görə “Yaddaş”dan heç də
geri qalmır.
Bu mənada onun “Ürəyimdə qalan sözlər”ində Üzeyir
bəy Hacıbəylinin həyatı barəsində
müasirləri tərəfindən dilə gətirilənlər
sənətkarın dahiliyini özündə yaşadan
ömür yolunu zənginləşdirən çox
maraqlı faktlardır, desək, yanılmarıq.
Mustafa Çəmənlinin “İlk Azərbaycan rəqs
ansamblı” yazısını isə heyrətləndirici məzmun
və çoxsaylı tarixi fakt tutumuna görə,
mübaliğəsiz, çox ciddi tədqiqat işinin elmi
referatı – yığcam ifadəsi də hesab etmək olar. Yazısının əvvəlində
haqqında söz açacağı mövzunu bir tələbəyə
“Allahın lütfü” kimi qəbul edən müəllifin sonrakı həyat və
yaradıcılıq yolu göstərdi ki, həmişə
olduğu kimi, yaradanın bu seçimi heç də təsadüfi
olmayıb. Yaxşı haldır ki, o vaxtdan bəri müəllif bu lütfün
görüntüsü olan “bəxt quşu”nun çiynindən
perik düşməsinə imkan verməyib.
Hadisələrin
inkişafını respublikamızda ilk professional rəqs
ansamblının yaradıcısı Əşrəf Səfərov
üzərində quran Mustafa Çəmənli
özünün çox əhatəli bu yazısında
onlarla adları bu gün yalnız
iti yaddaşlardan “boylanan” sənətkarların səs-söz
mirasından söz açmaqla, özünün
xeyirxahlığa bələnmiş “Layiqli olanları yada
salmalı və xatırlamalı” həyat kredosuna sadiq
qaldığını bir daha təsdiqləmişdir. Yeri gəlmişkən deyək ki, onun yazılarında
əsas qəhrəmanı əhatələyən digər
yaradıcı insanlara yer ayırması uzaq-yaxın illərin
mədəni hadisələrini bütün əlvanlığı
ilə ifadə etməyə imkan verir. Odur ki, bu vaxta qədər iyirmi səkkiz
kitabının işıq üzü görməsinə və
onların əksəriyyətində musiqi mədəniyyətimizin
çoxəsrlik tarixini yeni-yeni faktlarla zənginləşdirməyə
nail olan Mustafa Çəmənlinin
bu sahədəki fəaliyyətinin əlaqədar
dövlət qurumları tərəfindən layiqincə dəyərləndiriləcəyinə
inanmaq istərdik. Düşünürük ki, bu kitab
ümumi tərtibinə görə ənənəvi
dissertasiya standartlarına uyğun gəlməsə də, məna-məzmun
tutumuna görə
elmi dərəcəyə layiq
görülmüş çoxsaylı “tədqiqatları”
xeyli üstələyir...
Mustafa
Çəmənlinin bədii üslubuna poetikanın hakim kəsilməsinə
rəğmən onun musiqi ilə bağlı müxtəlif həcmli yazılarının
birnəfəsə, özü də
çox maraqla oxunduğunu vurğulamaqla, bu
yaradıcılıq nümunələrinin hamısına
musiqi ruhunun – oxucunu duyğulandıran ovqatyaradıcı
ritmin hopduğunu xüsusi qeyd
etmək istərdik. Bu mənada onun Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblına uzun müddət rəhbərlik
etmiş Qılman Salahovun ömür yoluna saldığı
“bədii işıq”dakı (“Keşməkeşli bir
ömür”) uğurlar üzərindən yüksələn
dramatiklik, Seyid Şuşinskinin “Çahargah”
muğamının şöbələrində hifz olunan ruh
daşıyıcılığına verdiyi izahatdakı (“Xalq musiqisində
müharibə ovqatı”) məntiq, “Muğamlarımızda
“Bayat” gizlinləri”ndəki bənzərsiz ruhi dəyərlərimizin
adlarında səslənən məşhur sözə məşhur
xanəndə Cabbar Qaryağdıoğlunun dili ilə gətirdiyi
aydınlıqdakı gözlənilməzlik,
qanlı-qadalı İkinci Cahan müharibəsi illərinin
musiqi mənzərəsinin təzadlı hadisələrini
göz önündə canlandıran
“O illərin nəğmələri”ndəki ensiklopedik bilgilər və milli teatr ənənələrinin
coğrafi genişliyini təsdiqləyən “Aşqabad Azərbaycan
Teatrı”nda təəssübkeşlik hissləri fərqli
bir bədii-tarixi kontekstdə
oxucuya təqdim olunduğundan çox təsirlidir.
Düşünürük
ki, oxucular müəllifin “Bir məktubun ovqatı”nda görkəmli
şairəmiz Mirvarid Dilbazinin xanəndə Əbülfət
Əliyev haqqında söylədiklərini, “Yadigar səslər”də
barəsində əfsanələr dolaşan xanəndə-milyonçu
Seyid Mirbabayevin “Ay bəri bax”da göstərdiyi özünəməxsus
ifa tərzinin tarixçəsini, adı musiqisevərlərə
çox az tanış olan Bikə Səmədzadənin
unudulmuş ömür yoluna salınan müəllif “işığı”nı, mahir rəqqas
kimi tanınan Əlibaba Abdullayevin xanəndəlik qabiliyyəti
barəsində qeydlərini də eyni maraqla oxuyacaqlar. Belə ki Mustafa Çəmənli
qələmi həmişəki kimi bu musiqili esselərin də
oxucusunu ovsunlamaq, onu duyğulandırmaq gücündədir...
Onun “Cəfər
Cabbarlı və musiqi”, “Ömrün sarı simi”, “Onun musiqi
ömrü”, “Sarəng ürəyinin səsi”, “Bir şair-bəstəkarın
taleyi”, “İşıqlı şəxsiyyət”, “Həkim-bəstəkar”,
“Üç tale, üç bəstəkar” və “Bu
işıqlı dünyada...” hekayələri Cəfər
Cabbarlı, Əhməd Bakıxanov, Səməd Vurğun, Mir
Kazım Aslanlı, İsgəndər Novruzlu, Süleyman
Ələsgərov, Hacıbaba Həsənov, Xosrov Fərəcov,
Zöhrab Abdullayev, Qafar Namazəliyev və Firidun
Şuşinski kimi yaradıcı insanların ömür
yolunda yer almış təsirli
faktları əhatə etdiyindən olduqca maraqlıdır.
Mustafa
Çəmənlinin bu yeni kitabına daxil edilmiş “Səs
qərib olmur”, “Borc” və “Şur dərsi” hekayələrində
bədiilik nə qədər qabarıq olsa da, onlar da məzmun
və fakt tutumuna görə
tarixi-mənəvi əhəmiyyət daşıyır. Müəllifin “Nəğməli
xatirələr”, “Oxu, gözəl...”, “Son görüş”, “Mənsuriyyə
harayı”, “Rast”da yaşayan ömür” və “Azad bir quşdum...”
yazılarında isə oxucuya adları muğam tariximizi bəzəyən
Yavər Kələntərli, Xan Şuşinski, Şövkət
Ələkbərova, Əbülfət Əliyev, Yaqub Məmmədov,
Şahmalı Kürdoğlu və Səxavət Məmmədovun
yaradıcılığını bəzəyən və çoxlarına məlum
olmayan məqamlar təqdim olunduğundan, onların məzmun
tutumu çox yeni və təravətli qəbul olunur...
Mustafa
Çəmənlinin, obrazlı desək, musiqi tariximizə yeni və
özünəməxsus baxışının məcmusu olan
bu kitabda yuxarıda adları çəkilənlərdən
başqa onlarla görkəmli sənət adamının
yaradıcılığına da münasibət bildirilib. Amma bu zənginliyi şərtləndirən
başlıca səbəb çoxluğun əldə
olunmasından öncə, milli musiqimizin inkişafına
töhfələr vermiş insanların xatirələrinə
ehtiramın ifadəsi, dəyərli
yaradıcılarını unutmağa haqqımızın
olmadığını hamımıza bir daha
xatırlatmaqdır. Bu sırada Hüseynqulu Sarabski,
Əhməd bəy Ağdamski, Əli Zülalov, Cahan
Talışinskaya, İsmayıl Eloğlu, Sona
Mustafayeva-Bağırova, Şirzad Hüseynov, Səməd Səmədov,
Hacıbala Hüseynov, Gülxar Həsənova, Adil Gəray,
Sara Qədimova, Kamil Əhmədov, Simuzər Hətəmova,
Gülağa Məmmədov, Habil Əliyev, Əlibaba Məmmədov,
Elman Bədəlov, Mürşüd Məmmədov, Ramiz
Hacıyev, Xaləddin Xəlilov, Arif Babayev, Süleyman
Abdullayev, Qədir Rüstəmov, Canəli Əkbərov, Ramiz
Quliyev, Ağaxan Abdullayev, Mənsum İbrahimov və Nəzakət
Teymurovaya həsr olunmuş esse və oçerklərin
adını çəkmək olar.
Sizi “Sənət hekayələri” ilə baş-başa
qoymazdan əvvəl demək istəyirik ki, hər bir kitab
yalnız oxunanda öz başlıca funksiyasını yerinə
yetirmiş olur. Mustafa Çəmənlinin bu vaxta qədər
işıq üzü görmüş kitablarının
taleyi də məhz bu cür olub. Yuxarıda qeyd etdiyimiz
məziyyətlərinə rəğmən “Sənət hekayələri”ni də belə
bir sonluğun gözlədiyinə əminik.
İnanırıq ki,
hələ bundan sonra da onun səsləri qəriblikdən
çıxarmağı bacaran
“musiqili” qələmi bizi yeni-yeni sənət
yanğılı yaradıcılarla tanış etməkdə
davam edəcəkdir. Belə ki milli musiqi məkanımızda
Mustafa Çəmənlinin qəhrəmanına çevrilməyə
layiq olan sənət adamlarımız hələ kifayət qədərdir...
Ziyadxan Əliyev,
Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi
525-ci qəzet.-2014.-5 iyul.-S.30.