“Macarıstan cəmiyyətində Azərbaycana
artan marağı izləmək çox xoşdur”
Azərbaycanın
Macarıstandakı fövqəladə və səlahiyyətli
səfiri Vilayət Quliyevin müsahibəsi
– Cənab səfir, ilk öncə
ölkələrimiz arasındakı münasibətlərdən söz açmağınızı istərdim. Bu gün Azərbaycan-Macarıstan
əlaqələri hansı vəziyyətdədir?
– İstənilən ölkə ilə olduğu kimi, Azərbaycan-Macarıstan
münasibətlərinə də bir neçə aspektdən
yanaşmaq lazımdır. Bura siyasi, iqtisadi, mədəni,
elmi aspektlər, habelə dövlət və hökumət rəhbərləri
arasındakı şəxsi münasibətlər daxildir.
Siyasi müstəvidə ölkələrimizin
hər hansı problemi yoxdur. Eyni sözləri
dövlət və hökumət
başçılarının, parlament rəhbərlərinin
şəxsi əlaqələri barəsində də söyləmək
mümkündür. Humanitar sahədəki
qarşılıqlı münasibətlərimiz yüksək
səviyyədədir. Hər il
Macarıstanda Azərbaycan mədəniyyətinin təbliğinə
xidmət edən onlarla tədbir keçirilir. Səfirliyin
mövcud olduğu on ilə yaxın müddət ərzində
Budapeştdə ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı 50-yə yaxın kitab çap olunub.
Hər il təşkil etdiyimiz “Azərbaycan-Macarıstan:
mədəniyyətlərin dialoqu” beynəlxalq konfransı iki
ölkənin elm xadimləri arasında əməkdaşlığa
böyük təkan verib.
Bütün bunlar nəticə etibarı ilə son illər
ölkəmizin Macarıstanda daha yaxşı
tanınmasına təsirsiz ötüşməyib. Ötən ilin
iyunundan Bakı ilə Budapeşti birləşdirən hava
yolunun açılması da qarşılıqlı əməkdaşlıq
sahəsində uğurlu addımlarından biri
sayılmalıdır. İl ərzində
20 minə yaxın Macarıstan və Azərbaycan vətəndaşı
bu aviaxəttin xidmətindən istifadə ediblər. Bu, sadə insanların timsalında iki ölkə
xalqlarının bir-birini daha yaxşı tanımasına təkan
verib. Nəticədə,
Macarıstandakı Azərbaycan dostlarının sayı daha
da artıb.
İndi hər iki tərəfi maraqlandıran
başlıca məsələ iqtisadi əlaqələri daha
da canlandırmaq, ticarət dövriyyəsini
artırmaqdır. Əlbəttə, bu istiqamətdə də
müəyyən irəliləyişlər var. Həmin
müsbət dinamika 2012-ci ildən etibarən daha sürətlə
artmaqdadır. Lakin eyni zamanda iqtisadi əməkdaşlıq
sahəsində iki ölkənin mövcud potensialından hələ
də tam səmərəli şəkildə istifadə
edildiyini söyləmək çətindir. 2010-cu ildən hakimiyyətdə olan Viktor Orban
hökumətinin prioritet istiqamətlərdən biri kimi
müəyyənləşdirdiyi “Şərqə
açılım” siyasətində Azərbaycan açar
ölkələrdən bir sayılır. Bu
isə imkanların nə qədər geniş olduğunu
göstərir. 2012-ci ildə Budapeştdə, 2014-cü
ildə isə Bakıda Azərbaycan və Macarıstan iş
adamlarının iştirakı ilə keçirilən
biznes-forumlar qarşılıqlı marağın miqyası
haqqında təsəvvür yaradır. Bunu
müvafiq şəkildə hər iki ölkə səfirliklərinin
verdiyi vizaların miqdarının bir neçə dəfə
artması da sübut edir. Ümidvaram ki,
mövcud olan qarşılıqlı inam və etimad mühiti
yaxın illərdə iqtisadi əlaqələrin əhəmiyyətli
artımına öz təsirini göstərəcəkdir.
Etiraf edim ki, bir səfir kimi Macarıstan cəmiyyətində
Azərbaycana artan marağı, xüsusən də sadə
macarlar arasında ölkəmizin iqtisadiyyat, mədəniyyət,
idman sahəsindəki uğurlarına heyranlığı izləmək
mənim üçün çox xoşdur. Hətta mənə
elə gəlir ki, son illərdə Macarıstanda daha geniş
vətəndaşlıq hüququ qazanan türk-hun
düşüncəsinə də ölkəmizin əhəmiyyətli
təsiri mövcuddur.
– Macarıstanda Azərbaycan diasporu varmı? Varsa onun fəaliyyəti
hansı səviyyədədir? Ümumiyyətlə,
Macarıstanda azərbaycanlılar necə tanınırlar?
Onların yaşayış səviyyəsi necədir?
– Səfirliyin
konsulluq uçotunda cəmisi 36 nəfər həmvətənimiz
dayanıb. Onların da təxminən
yarısı ölkəyə təhsil almaq üçün
gələn tələbələrimizdir. Artıq
bu rəqəmə əsaslanıb qoyulan suala cavab tapmaq
mümkündür.
Amma
diaspor tək say deyil. Bəlkə daha çox
sanbaldır. Bəzən bir nəfər həm
müsbət, həm də mənfi mənada bütöv
xalqı minlərlə adamdan daha bacarıqla təmsil etməyi
bacarır. Bu baxımdan məndən əvvəlki
səfirimiz Həsən Həsənovun
danışdığı əhvalatı xatırlayıram.
Deməli, Həsən müəllim erməni
diasporunun fəallığı ilə seçilən macar əyalət
şəhərlərindən birinə gedir. Merlə görüş zamanı buradakı erməni
əhalinin sayı ilə maraqlanır. Mer
cavab verir ki, “həm azdır, həm də çox”. Həsən müəllim soruşur ki, indi bunu necə
başa düşək? Mer də deyir ki, burada cəmisi
bir nəfər erməni yaşayır, amma yüz nəfərin
əvəzinə iş görür. Yəni
diaspor belə özəlliklərdən məhrum deyil.
Təəssüf ki, həmvətənlərimizin bir
qisminə xas olan Rusiyada ruslaşma, İranda farslaşma mərəzi
Macarıstandakı soydaşlarımızdan da yan keçməyib. İngilis dilli Vikipediyada
macar parlamentinə hakim FİDES partiyasından 2006 və
2010-cu illərdə millət vəkili seçilmiş, etnik
kökləri etibarı ilə azərbaycanlı olduğu
göstərilən Qabor Qubadovun adına rast gəldim. Sadəcə maraq
xatirinə onunla görüşmək istədim. Amma parlament üzvü olan macar tanışım məni
bu fikirdən daşındırdı. “O,
özünü azərbaycanlı saymır. Bu mövzuda
danışmağı da xoşlamır” – dedi. Beləliklə,
görüş baş tutmadı.
Macarıstandakı azsaylı azərbaycanlılar
arasında Səfirliklə yaxından əlaqə saxlayan, tədbirlərimizə
qatılan hörmətə layiq insanlar var. Amma təəssüf
ki, ictimai fəallıqları azdır. Macar cəmiyyəti
ilə əlaqələri zəifdir. Əslində
bu bütünlükdə Azərbaycan diasporuna xas olan
qüsurdur.
Macarıstanda
soydaşlarımızın necə tanınmalarına gəldikdə
isə deməliyəm ki, 2004-cü ilin fevralında Ramil Səfərovun
Budapeştdə törətdiyi məlum qətl hadisəsindən
sonra erməni təbliğatı var gücü ilə təkcə
azərbaycanlı zabiti deyil, ümumən xalqımızı
gözdən salmağa, ondan barbar, vəhşi, qaniçən
obrazı yaratmağa çalışmış, sonda bəd
niyyətinə müəyyən dərəcədə nail
olmuşdu. Qəzet və jurnal səhifələrində,
internet resurslarında ölkəmiz və xalqımız
haqqında saya-hesaba gəlməyən şər-böhtan
xarakterli materiallar yayılmışdı. Və təbii ki, belə antitəbliğat
insanların müəyyən qisminin Azərbaycan və azərbaycanlılar
haqqında təsəvvürlərinin formalaşmasına təsirsiz
ötüşməmişdi. Səfirliyimiz on illik fəaliyyəti
dövründə macar ziyalıları, macar cəmiyyətinin
sağlam qüvvələri ilə əlbir iş şəraitində
bu zərərli mifi aradan qaldırmağa nail olmuşdur.
– Ermənilərin
fəal olduğu Macarıstan kimi bir ölkədə Azərbaycan
həqiqətlərini
siyasi-ictimai arenaya çıxarmaq çətinlik
törətmir ki?
– Əlbəttə, törədir. Macarıstan
konstitusiyası ölkədəki etnik qruplardan yalnız
13-nü rəsmən milli azlıq kimi tanıyır. Onların arasında ermənilər də var. Ermənilər
bu torpaqlara Osmanlı türkləri ilə birlikdə gəlib
və sonralar da onlara arxadan zərbə vurublar. Hər yerdə olduğu kimi Macarıstanda da erməni
azlığı öz milli xüsusiyyətlərini qoruyub
saxlamaq şərti ilə yerli cəmiyyətə inteqrasiya
olmağı, hətta bir sıra hallarda ictimai fikrə təsir
göstərməyi bacarıb. Məsələn,
hakim FİDES partiyasının nüfuzlu üzvlərindən
biri erməni əsillidir. Macarıstan
Parlamentinin Xarici əlaqələr komitəsinin sədri ana tərəfdən
Bakı ermənisidir. Və bunu gizlətmir.
Hətta qürur duyur. Tanışlıq
görüşümüz zamanı Mihal Balla adlı həmin
deputat Dağlıq Qarabağın ondan ötəri də həssas
məsələ olduğunu dilə gətirdi. İndi təsəvvür
edin: biz hər hansı təşəbbüslə
çıxış edəndə qarşımızda ilk
növbədə macar cəmiyyətində, macar siyasi həyatında
yeri, nüfuzu, əlaqələri olan belə adamları
görürük. Onlar hər vasitə ilə əngəl
törətməyə, maneə yaratmağa
çalışırlar. Deyək ki, qəzetdə
Dağlıq Qarabağ münaqişəsi, yaxud Azərbaycandakı
erməni işğalı haqqında yazı
çıxartdırmaq istəyirsən. Yenə
də təşəbbüs dalana dirənir. Məlum olur ki, redaktorun erməni dostu, yaxud
tanışı həmin yazının çapını məqbul
saymayıb. Bir sözlə, erməni
diasporu böyük gücdür və bu gücə
qarşı mübarizəni hələ uzun illər davam
etdirməliyik.
Konkret olaraq Macarıstanın nümunəsinə gəldikdə
isə hazırda şikayətçi olmağa o qədər
də əsasımız yoxdur. 2012-ci ilin
sentyabrında R.Səfərovun Azərbaycana
ekstradisiyasından sonra Ermənistanın Macarıstanla
diplomatik münasibətləri kəsməsi həm
işğalçı ölkənin həqiqi simasını
üzə çıxarıb, həm də işlərimizi
müəyyən dərəcədə
asanlaşdırıb.
–
Qarabağ problemi haqqında fikirlərinizi soruşmaq istərdim.
20 ildən artıqdır ki, torpaqlarımız
işğal altındadır. Hələ də hər il “İnşallah, növbəti ili Qarabağda
qarşılayacağıq” deməklə kifayətlənirik.
– Açığını
desəm, Dağlıq Qarabağ münaqişəsinin
yaxın zamanda və bizim istədiyimiz şəkildə ədalətli
həllini tapması məsələsində o qədər də
nikbin deyiləm. Əvvəla, indiyə qədər
bu tipli münaqişələrdən heç bir sona qədər
çözülməyib. O biri tərəfdən,
çağdaş dünyada mövcud olan münasibətlər fonunda
Qarabağ düyünün açılması yalnız Azərbaycandan
asılı deyil. Nazir işlədiyim dövrdə
xarici nümayəndə heyətləri ilə
görüşlər zamanı dəfələrlə təkrarlanan
bir epizodu xatırlayıram. Cənubi Qafqaz turunda ölkəmizə
İrəvan səfərindən sonra gələn qonaqlardan bəziləri Azərbaycan-Ermənistan
münaqişəsi haqqında söhbət zamanı fürsət
tapıb “Heç bir resursu olmayan belə bir ölkəyə
müharibəni necə uduzmağınız bizim
üçün sirr qaldı” – deyirdilər.
Bizim üçün isə təbii ki, burada heç
bir sirr yoxdur.
Ermənistanın arxasında hansı qüvvənin
dayandığı hər kəsə bəllidir. Amma torpaqlarımızın taleyi ilə bağlı
heç vaxt ruhdan düşmək, ümidsizliyə
qapılmaq da olmaz. Tarix təkcə bu
gündən ibarət deyil. Güclü
olmaq və gələcək son, qətiyyətli
döyüşə hazırlaşmaq lazımdır. Ermənilər bir dəfə tarixin həlledici
anında bizi qabaqladılar, vəziyyətdən
yararlanmağı bacardılar. Belə
halın nisbətən kiçik miqyasda bir də təkrarlanacağı
istisna deyil. Biz həmin günə
hazır olmalıyıq.
– Macarıstan Parlamentində Azərbaycan gerçəkliyi
və Xocalı soyqırımı ilə bağlı işlər
aparılırmı?
– Bu fəaliyyətimizin
əsas istiqamətlərindən biridir. Budapeştdəki
Azərbaycan səfirliyi bəlkə də xaricdəki yeganə
diplomatik nümayəndəlikdir ki, Xocalı
soyqırımının 20 illiyi münasibəti ilə 2012-ci
ilin fevralında beynəlxalq konfrans keçirmişdir.
Brüsseldəki Beynəlxalq Səviyyədə
Soyqırımı və Kütləvi Qırğının
Qarşısının Alınması Fondu ilə birlikdə
təşkil olunan “Təcrübədə soyqırımı
və kütləvi qırğının
qarşısının alınması. Qərbi
Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın
rolu” həmin konfransın işində 10-a yaxın xarici
ölkə və beynəlxalq təşkilatın, o cümlədən
Yuqoslaviya üzrə beynəlxalq hərbi tribunalın təmsilçiləri
iştirak etmişdi. Macarıstan
parlamentində həm Dağlıq Qarabağ münaqişəsi,
həm də Xocalı soyqırımı haqqında bəyanat
qəbul olunmasına çalışmışıq. Hətta bu məqsədlə parlament sədri Laslo
Köverlə də görüşmüşəm. Amma
hər iki təşəbbüs yuxarıda qeyd etdiyim səbəblər
üzündən Xarici əlaqələr komissiyası səviyyəsindən
o yana getməyib. Məncə,
ilkin mərhələdə bu da pis nəticə deyil. Çünki ən azı məsələ ictimailəşib,
komissiya səviyyəsində müzakirə predmeti olub, mətbuata
çıxıb.
– Necə
düşünürsünüz, Azərbaycanı xaricdə
daha yaxşı tanıtmaq üçün hansı işlər
görülməlidir?
– Məncə,
bu işin mayası, kökü Azərbaycanın özündən
başlanmalıdır. Bu sualınıza cavab kimi ilk
diplomatlarımızdan biri, 1918-1919-cu illərdə Paris
Sülh konfransında Azərbaycan nümayəndə heyyətinin
başçısı Əlimərdan bəy
Topçubaçovun Nazirlər
Şurasının sədri Nəsib bəy Yusifbəyliyə 6-10 noyabr 1919-cu il tarixli məktubundan
aşağıdakı sətirləri gətirmək istərdim: “Paytaxt və rəhbər xadimlər
– bax Azərbaycana bütün varlığı ilə xidmət
etməyin nümunəsini onlar göstərməlidirlər. Ümumi borc xalqı səfərbər etmək və
onu müstəqil mövcudluq ideyası ətrafında birləşdirməkdir.
Çünki biz artıq şüurlarda geriyə
dönüş üçün yer olmadığına və
ola bilməyəcəyinə əminik. Qarşımızda yalnız bir yol var – bu da Azərbaycanın
müstəqilliyinə aparan yoldur. Bu yolu təhlükəsiz
şəkildə keçmək üçün ilk növbədə
ölkənin daxili təhlükəsizliyini sahmana salmaq və
möhkəmləndirmək zəruridir. Ölkənin
özündə, onun inzibati qurumlarında və məhkəmələrində
qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət
etmək zəruridir. Ümumi mənafelərə
qayğı və sevgi hissi ilə yanaşmaq zəruridir.
Dövlət maraqlarını qorumaq yolunda
xalqın mütəşəkkilliyi və birliyi zəruridir.
Azərbaycan yalnız öz həyatını bu şəkildə
nizamlayacağı təqdirdə dövlət ola
bilər. Həm də elə dövlət ola
bilər ki, artıq heş kəsin onu tanımağına
möhtac olmaz. Çünki daxilən
güclü, sabit Azərbaycan artıq
öz-özlüyündə real və inkaredilməz bir fakt
kimi tanınmış olacaqdır”. Necə deyərlər,
əlavə şərhə ehtiyac yoxdur...
– Dövlət
başçısı Azərbaycan diplomatik nümayəndəliklərinin
təmsilçiləri qarşısındakı
çıxışlarının birində diaspor təşkilatları
ilə səfirliklər arasında olan problemlərə
toxunmuşdu. Belə problemlər Macarıstanda
da yaşanırmı?
– Əvvəldə də dediyim kimi, say və sanbal
baxımından Macarıstanda Azərbaycan diasporu demək olar
ki, yox dərəcəsindədir. Amma buna baxmayaraq formal
olaraq iki diaspor qurumu mövcuddur. Doğrudur,
“Azərbaycan-macar dostluq cəmiyyəti” və
“Qardaşlıq” adlanan həmin təşkilatlarda əsasən
təsisçilərin özlərindən və onların
bir – iki yaxınlarından başqa kimsə yoxdur. İstənilən halda, biz hər iki təşkilatla,
daha doğrusu, təmsilçi şəxslərlə
mümkün qədər sıx əlaqə saxlamağa
çalışırıq. Onları səfirlik
xətti ilə keçirilən bütün tədbirlərə
dəvət edirik. Özlərinin hər
hansı təşəbbüsü olsa, dəstək veririk.
Bu baxımdan Azərbaycan səfirliyi ilə
Macarıstandakı Azərbaycan diasporu arasında heç bir
problem yoxdur. İnanıram ki, adını
çəkdiyim qurumların rəhbərləri də eyni
fikirdədirlər.
– Azərbaycandan
kənarda yaşamağın nə kimi problemləri var? Uyğunlaşa bilirsinizmi? Macar
dilini öyrənə bilmisinizmi?
–
Artıq on birinci ildir ki, Azərbaycandan kənarda
yaşayıram. Hansısa ciddi problemlə
üzləşdiyimi deyə bilmərəm. Texniki tərəqqi dünyanın
hüdudlarını o qədər daraldıb ki, indi məsafə
hissinin özü aradan qalxmağa başlayıb. İnternet vasitəsi ilə vətəndə
baş verən hadisə və proseslərdən anında xəbər
tutmaq mümkündür. Yaxınlarının,
doğmalarının üzünü görmək istəyirsənsə,
skayp əl altındadır. Elektron məktublaşma,
Facebook, WhatsApp da öz qaydasında. Bəzən
adamlar darıxmaqdan şikayətlənirlər. Doğrusu, bu hiss mənə həmişə yad
olub. Əvvəla, darıxmağa vaxt
yoxdur. İkincisi də, XVII yüzilliyin məşhur
holland filosofu Barux Spinozanın sözləri ilə desəm,
“Ruhən zəngin olan insanlar heç vaxt darıxmırlar”.
Ruhu formada saxlamaq, zənginləşdirmək
üçün nə qədər vasitələr
mövcuddur! O qədər oxumalı kitablar, baxmalı filmlər,
səyahət etməli yerlər, təmas qurmalı insanlar var
ki...
Macarıstanda daim bir Şərq ruhu, daha dəqiq desəm,
türk ruhu dolaşır. Bura Avropanın mərkəzi
olsa da, klassik anlamda Qərb deyil. Mentalitet,
münasibətlər fərqlidir. Deyərdim
ki, daha səmimi, daha istidir. Ona görə
də mühitə, insanlara uyğunlaşmaqda hər hansı
ciddi çətinlik yoxdur.
Macar dilinə gəldikdə isə öyrənə bilməmişəm. Əslində
qarşıma belə məqsəd də qoymamışam.
Üstəlik son dərəcə çətin
dildir. Bundan əvvəl səfir kimi
çalışdığım Polşada polyak dilini ruscaya
yaxınlıq səbəbindən çox tez mənimsəmişdim.
Çalışdığın ölkənin,
arasında yaşadığın xalqın dilini bilməyin
necə böyük üstünlük olduğuna Varşavada
keçirdiyim illərdə əyani təcrübədə dəfələrlə
inanmışdım. Amma təəssüf
ki, tarixi keçmişinə, mədəniyyətinə,
insanlarına daha böyük maraq duyduğum macarların
dilini öyrənmək imkanlarım xaricindədir. Yalnız zəruri söz və ifadələri bilirəm.
Bu yolla da, türklər demişkən, bir təhər
idarə edirik.
–
Artıq bir neçə ildir ki, Macarıstandasınız. Müqayisə üçün kifayət qədər
vaxtınız olub. Xalqlarımız
arasında nə kimi fərqliliklər var?
– Məncə,
macarlarla azərbaycanlılar arasındakı fərqlərdən
daha çox oxşarlıqlardan, bənzərliklərdən danışmaq
mümkündür. Macarlar mental cəhətdən
bizə daha yaxın olan Avropa xalqıdır. Bu da onların soy-köklərinin, etnogenezlərinin
türk dünyası ilə bağlılığından irəli
gəlir. Amma eyni zamanda Avropada yaşadıqları on-on beş əsrlik zaman da macar milli mentalitetinə
öz möhürünü vurmuşdur. Təbii ki, bizimlə,
bütünlükdə cənub xalqları ilə müqayisədə
onlar daha az emosionaldırlar. Sakit və bir az da astagəldirlər. Amma dəyişikliklərə
çox həssasdırlar. İctimai cəhətdən
fəaldırlar. Mədəniyyətə
maraq yüksək səviyyədədir. Həm
də bu yuxarıdan tapşırıqla təşkil olunan
maraq deyil. Macar, necə deyərlər,
boğazından kəsib teatra, operaya getməyə, kitab
almağa əsla tərəddüd etməz. Budapeştin ən möhtəşəm
binalarında yerləşən kitab mağazalarını
görəndə sözün yaxşı mənasında həsəd
aparıram. Burada dünya mədəniyyətinin
bütün nailiyyətlərini əks etdirən çap məhsullarına
rast gəlmək mümkündür. Opera,
yaxud operetta teatrına düşmək üçün həftələrlə
əvvəldən bilet sifariş vermək lazımdır.
Nəhayət, macarlar son dərəcə vətənpərvərdirlər.
Bəlkə də elə bu hiss onlara qədim dövlərdə
bir tərəfdən german, o biri tərəfdən isə
slavyan tayfalarının arasında olmalarına baxmayaraq öz
milli dəyərlərini qoruyub-yaşatmağa imkan
vermişdir. Sovet imperiyasına ilk sarsıdıcı zərbə
olan 1956-cı il macar üsyanının
burada başlaması da macar xalqının sarsılmaz
azadlıq ruhundan, milli dəyərlərinə hörmətindən
xəbər verir.
– Siz bir
neçə il xarici işlər naziri vəzifəsində
çalışmısınız. Hazırda səfir
kimi fəaliyyət göstərirsiniz. Keçmiş
işçilərin sizə olan münasibətini bilmək maraqlı
olardı.
– Şübhəsiz, Azərbaycanda vəzifə kultu
böyükdür və yəqin ki, hələ uzun illər
boyu da belə davam edəcək. Sualınız
yadıma bir hadisəni saldı. Nazir işlədiyim
dövrdə daha əvvəldən tanıdığım və
yaşca məndən böyük olan səfirlərimizdən
biri hər vasitə ilə özünü mənə
çox yaxın adam kimi göstərməyə
çalışır və tez-tez “Bizim əsl dostluğumuz
siz nazir olmayanda
başlayacaq” – deyirdi. Amma nazir vəzifəsindən
çıxarılanda mənə ilk arxa çevirən həmin
adam oldu. Əslində, burada
Azərbaycan reallığı baxımından qeyri-adi bir
şey yoxdur. Əksi baş versəydi, bəlkə
də daha təəccüblü görünərdi.
Düşünürəm ki, belə məsələlərə
ümumiyyətlə bir az filosofcasına
yanaşmaq lazımdır. Ola bilsin ki, bu qənaətim
təvazökarlıqdan uzaq səslənəcək. Şəxsən mənə elə ki, əgər cəmiyyətdə
müəyyən nüfuz və hörmətim varsa, bunu mənə
vəzifə qazandırmayıb. Digər tərəfdən,
vəzifədə olduğum dövrdə də
bacardığım qədər insanlara yaxşılıq etməyə
çalışmışam. Ona görə
də XİN-ə rəhbərliyim dövründə birlikdə
çalışdığım əməkdaşların
münasibətindən narazı deyiləm. Əgər böyük vəzifənin itirilməsi
ilə bağlı müəyyən saymazyanalıq halları
olubsa da (kimə qarşı olmayıb?) bunu həmin
adamların daxili mədəniyyəti, mərifət və mənəviyyatı
ilə bağlayıram və belə hallardan heç vaxt
özümə problem düzəltmirəm. Məncə, hər bir insanın qiymətini
hamıdan yaxşı özü bilir.
–
Hazırda hansı səfirlərlə daha çox əlaqələriniz
var?
– Mən
özümü ünsiyyət üçün o qədər
də açıq adam saymıram. Yəni elə insanlar var ki, gün ərzində
50-60 yerə telefon açır, hal-əhval tutur, hər məsələ
ilə maraqlanırlar. Bu mənada əlaqə
dairəm məhduddur. Səfir həmkarlarımdan hər
hansı biri ilə
əlaqə əksər hallarda işlə, ortaya
çıxan və hər iki tərəfin müdaxiləsini,
yaxud məsləhətini tələb edən problemlərlə
bağlı olur. Deyə bilərəm ki, ən
çox ünsiyyət saxladığım həmkarım
Polşadakı səfirimiz Həsən Həsənovdur.
Bu, təkcə ölkələrimizi “dəyişməyimizlə”
bağlı deyil. Həsən müəllim
son dərəcə maraqlı və müdrik adamdır.
Olduqca gözəl həmsöhbətdir. Üstəlik də, bilik və təcrübə
dairəsi genişdir. Bizi yalnız
diplomatik fəaliyyət bağlamır. Həm
də bir sıra elmi-ədəbi layihələrin gerçəkləşdirilməsində
əməkdaşlıq edirik. Hazırda
üzərində işlədiyimiz belə layihələrdən
biri XX əsr Azərbaycan ictimai-siyasi fikrinin korifeyi Əlimərdan
bəy Topçubaşovun əsərlərinin 4 cildlik külliyyatını
çapa hazırlamağımızdır.
– Siz həm
də tanınmış filoloq – alimsiniz. Son
dövrlərdə Azərbaycan ədəbiyyatının
öyrənilməsi və təbliği sahəsində
hansı işlər görürsünüz?
–
Gördüyüm işlər göz qabağındadır. Özünü tərif kimi çıxmasın, əsas
işimlə bağlı ədəbiyyat və mətbuat
tariximizin öyrənilməsi sahəsində
apardığım araşdırmaların miqyasına görə
Bakıda universitetlərdə və elmi-tədqiqat
institutlarında çalışan həmkarlarımdan geri
qalmamağa çalışıram. Səfir
kimi Polşada və Macarıstanda
çalışdığım dövrdə “Azərbaycan”
jurnalında, “525-ci qəzet”də və təəssüf ki,
indi fəaliyyətini dayandıran “Zerkalo” qəzetində
yüzə qədər araşdırmam çap olunub. Onların əksəriyyəti Azərbaycanın ədəbiyyat
və mədəniyyət tarixinin, milli mətbuatın indiyə
qədər diqqətdən kənarda qalan şəxsiyyət
və problemlərindən bəhs edir. Ötən il Varşavada “Polyaklar Azərbaycan Demokratik
Respublikasında” kitabım polyak dilində nəşr olunub. Bu yaxınlarda “Rusiya şərqşünaslığında
Azərbaycan məktəbi” monoqrafiyam ingilis dilində
çıxacaq. Bakı nəşriyyatlarına
da bir neçə kitab təqdim etmişəm. Təbii ki, əsas işim dövlət
qulluğudur. Amma fikrimcə, elmi fəaliyyət
də bu işin tərkib hissəsi, ayrılmaz komponenti
sayıla bilər.
–
Macarıstanda ömürlük həbs cəzası çəkən
Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra
Macarıstanla Ermənistan arasında bir sıra problemlər
yaşandı. Həmin problemlər ölkələrimizin
qarşılıqlı münasibətlərinə hər
hansı şəkildə təsir göstərdimi?
– Ermənistanın müasir Macarıstanın siyasi, iqtisadi, mədəni həyatında elə bir rolu, yaxud əhəmiyyəti yoxdur ki, onunla münasibətlərin pozulması digər ölkələrlə əlaqələrə də hər hansı təsir göstərsin. Doğrudur, ekstradisiyadan sonra Budapeştdə mitinq oldu, sosial şəbəkədə “Üzr istəyirik, Ermənistan” hərəkatı başladıldı, qəzetlərdə və elektron mediada Azərbaycan əleyhinə bir sıra yazılar yazıldı. Xristian həmrəyliyi mövqeyindən çıxış edən kiçik bir kəsim müsəlman Azərbaycana görə xristian Ermənistanla münasibətlərin korlanmasının nə dərəcədə məqsədəuyğun olması barəsində polemika açmağa çalışdı. Lakin Macarıstandakı erməni icmasının bütün səylərinə baxmayaraq bu prosesə antiazərbaycan xarakteri vermək mümkün olmadı. Çünki aksiyaya qoşulanların böyük əksəriyyəti Viktor Orban hökumətinin siyasətindən narazı olanlar idi. Onlar sadəcə situasiyadan yararlanaraq hökumətə üzləşdikləri sosial-iqtisadi problemlərlə bağlı narazılıq və etirazlarını bildirirdilər. Əksinə, deyərdim ki, ekstradisiya güclü, vətəndaşını qiymətləndirən, hər bir vəziyyətdə onun yardımına çalışan dövlət kimi Azərbaycanın nüfuzunu daha da artırdı.
– Macarıstanda diplomatik nümayəndəliklərin və şəxslərin qorunması, onların təhlükəsizliklərinin təmin edilməsi hansı səviyyədədir?
– Qorunma baxımından Macarıstandakı diplomatik nümayəndəlikləri üç qrupa bölmək olar: macar dövləti tərəfindən qorunanlar, öz ölkələrinin mühafizə xidməti tərəfindən qorunanlar və ümumiyyətlə qorunmayanlar. Məsələn, ABŞ, İsrail, Türkiyə səfirliklərini macar polisi qoruyur. Rusiya, yaxud Britaniya kimi ölkələrin səfirlikləri öz təhlükəsizlik xidmətləri mühafizə edir. Bizi isə hələlik heç kim qorumur. Doğrudur, Ramil Səfərovun ekstradisiyası zamanı həm Səfirlik binası, həm də səfirin iqamətgahı təxminən altı ay ərzində macar polisi tərəfindən gün ərzində mühafizə olunurdu. Lakin bu sadəcə mümkün hədə və risklər qarşısında müvəqqəti xarakterli tədbir idi. Həm Macarıstandakı, həm də dünyanın digər ölkələrindəki hədə və risklər aradan qalxmadığı üçün, şübhəsiz, yaxın gələcəkdə mühafizə məsələsinin dövlət səviyyəsində həllinə ehtiyac var.
– Hazırda Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər gözlənilirmi?
– Səfərlər nəzərdə tutulub. Bu
istiqamətdə iş gedir. Ancaq hadisələri qabaqlamaq istəməzdim.
Necə deyərlər, yaşayarıq, görərik.
İradə
CƏLİL
525-ci qəzet.-2014.-5 iyul.-S.14-15.