“Hicab məsələsi
islamın təməl prinsipləri, ilkin
şərtləri sırasında yer
almır”
Millət vəkili
Gövhər Baxşəliyevanın "525"-ə
müsahibəsi
– Gövhər xanım, son illərin ən çox müzakirə edilən, dəfələrlə gündəmə gətirilən mövzularından biri də hicab, çadra məsələsidir. Müəyyən qisim ali və orta-ixtisas
məktəblərində, dövlət idarə və müəssisələrində
hicab geyinməyin mümkünlüyünə
tərəfdar çıxsalar
da, müəyyən qisim “din bunun yolverilməz olduğunu söyləyir. Siz bu haqda nə deyərdiniz?
– Hicab mövzusu tarixən mübahisəli,
müəyyən dövrlərdə
isə hətta, qalmaqallı məsələ
olub. Hazırda islam ölkələrində,
ruhanilər, ilahiyyatçılar
və fikir adamları arasında bu məsələyə radikal baxışlarla yanaşı, liberal yanaşmalar
da mövcuddur. Ən əvvəl onu demək lazımdır ki, qadınların örtünməsi faktına
islamdan çox-çox
öncə müxtəlif
dinlərdə və ölkələrdə rast
gəlinir, yəni bu, islamın gətirdiyi və onun inhisarında olan bir məsələ
deyil. Məşhur
tarixçi və filosof Uilyam Dürant “Sivilizasiya tarixi” adlı çoxcildlik kitabında yəhudilikdə hicabın
tətbiq olunduğunu
və “Talmud”da bunun qanun şəklinə
salındığını göstərərək, yazır
ki, əgər hər hansı bir yəhudi qadın bu qanunu
pozmaq fikrinə düşsəydi, məsələn,
başına bir şey örtmədən camaatın arasına çıxsaydı, kişilərlə
söhbət edib ucadan danışsaydı və onun səsini
qonşular eşitsəydi,
onda o qadını başlıq vermədən
boşayardılar. “Tövrat”da, daha konkret desək, “Yaradılış kitabında”
İbrahim peyğəmbərin
zamanında hicaba riayət olunduğuna dair aydın işarələr var. Dürant
həmçinin qədim
İranda Dariyuşun zamanından etibarən xüsusən varlı təbəqədən olan
qadınlar arasında
ciddi hicab qaydalarının hökm sürdüyünü göstərir.
Qeyd etmək lazımdır ki, İran ərazisində
qadının geyiminə
və münasibətlərinə
qoyulan məhdudiyyətlər
Sasanilər dönəmində
daha da sərtləşib
və daha geniş sosial təbəqələri əhatə
edib. Tarixi qaynaqlar islamdan
öncə Hindistanda və Bizansda da hicabın müxtəlif formalarının
mövcud olduğunu göstərməkdədir. Beləliklə, qadınların bədənini, başını
və üzünü
örtməsi bəşər
cəmiyyətinin inkişafının
müəyyən mərhələsində
meydana gələn mədəni-ictimai hadisədir
və onun tətbiqi din amili ilə bağlı olmaya da bilər.
Tədqiqatçılar bu problemi çeşidli yönlərdən
açıqlayaraq, hicabın
tətbiqini müxtəlif
səbəblərlə izah
ediblər. Həmin
səbəblər bu şəkildə qruplaşdırılır:
Guşənişinlik və
tərkidünyalığa meyl (fəlsəfi səbəb); Təhlükəsizlik
və sosial ədalətin olmaması
(ictimai səbəb); Kişinin ailədə hökmranlığı və
qadını öz mənafeləri üçün
istismar etməsi (iqtisadi səbəb); Kişinin qısqanclıq
hissi və eqoizmi (əxlaqi səbəb); Qadın orqanizmində hər ay təkrarlanan fizioloji prosesin onun yaradılışca
kişi ilə müqayisədə nöqsanlı
olması barədə
təsəvvürlər və
həmin proses dövründə onunla ünsiyyətdən çəkinilməsi
(psixoloji səbəb)
Müsəlman müəllifləri
islami hicabın qeyd olunan səbəblərin
heç biri ilə əlaqədar olmadığını, tam fərqli
və əlahiddə xarakter daşıdığını,
ilahi hikmətin təzahürü kimi meydana çıxdığını
sübut etməyə
çalışsalar da,
onun əvvəlki mədəniyyətlərin (xüsusən
İran və Bizansın) təsirinə
məruz qaldığını
etiraf edirlər.
Təsadüfi deyil ki, bir çox müəlliflər hicri tarixin birinci əsrində hicaba o qədər də önəm verilmədiyini,
qadın və kişilərin bir-birilə
görüşdüyünü, küçədə birgə
getdiyini, məsciddə
birlikdə namaz qıldığını yazıb,
yalnız xəlifə
II Vəlidin dövründə
hicabın qanun şəklində tətbiq
olunduğunu vurğulayıblar.
Ümumiyyətlə, islamın yayıldığı
geniş regionda hicaba baxış müxtəlif olub, yerli adət-ənənələrin
təsiri ilə onun çeşidli formaları meydana gəlib. Başqa tipli faktlar da olub:
islamı 10-cu əsrdə
qəbul etmiş Volqaboyu tatarlarda hicaba bütövlükdə
riayət olunmayıb.
Hicabın tətbiqi Yaxın və Orta Şərqdə, Mərkəzi Asiyada daha sərt şəkildə həyata
keçirilib və burada təzyiq, məcburiyyət və zorakılıq faktoru az rol oynamayıb.
Ötən əsrin 20-ci illəri Orta Şərqdə qadın azadlığı
və bu kontekstdə hicabsızlıq
uğrunda mübarizənin
ən qızğın
çağları olub. Türkiyədə
Mustafa Kamal Atatürk,
Əfqanıstanda Əmanulla
xan, İranda Rza şah bu
mübarizənin önündə
gedirdilər. Maraqlıdır ki, həm Əmanulla
xan, həm də Rza şah
bu işə öz ailə üzvlərindən başlamaqla,
cəmiyyətə bir
növ nümunə göstəriblər. Digər düşündürücü
məqam ondan ibarətdir ki, həmin dövrdə sovet Azərbaycanında da qadınların çadradan xilas olması uğrunda analoji mübarizə gedirdi – bu, onu
göstərir ki, həmin mübarizə siyasi sistemlərdən və dövlət quruluşlarından asılı
deyildi, obyektiv tarixi inkişafın özünün məntiqi
ilə diktə olunurdu.
1928-ci ildə İran
parlamenti hicabın qadağan edilməsi barədə qanun qəbul etdi. Bu, İran
qadınlarının ictimai
həyata sürətli
inteqrasiyasına təkan
verdi. Sonralar, ötən
əsrin 40-cı illərində
Məhəmmədrza Pəhləvi
din xadimlərinin təzyiqi
ilə həmin qanunu ləğv etdi. Bir neçə onillik
ərzində ölkədə
hicabı qadağan, yaxud məcburi edən hüquqi baza olmadı. Məsələ bir də 1979-cu il
inqilabından sonra gündəmə gəldi.
Radikal dini dairələr hicabın məcburi şəkildə tətbiq
olunmasına dair çağırışlar səsləndirməyə
başladılar. Həmin dövrdə
(1979-cu ilin martında)
rəsmi “Ettelaat” qəzetində ayətullah
Mahmud Taleqani ilə hicabla bağlı geniş müsahibə dərc olundu. “Hicab məsələsində
məcburiyyət yoxdur”
başlığı ilə
manşetə çıxarılan
həmin müsahibə
dövlət idarələrində
hicabın məcburi tətbiqinə dair hökmə etiraz idi. Lakin mütərəqqi düşüncəli ruhanilərin
səsi tezliklə boğuldu və radikal dairələrin mövqeyi üstün gəldi. Bu gün
məhz həmin radikal dairələr Azərbaycanda guya hicab probleminin mövcudluğu barədə
hay-küy qoparırlar.
Qəribə burasıdır
ki, hicab az qala islami kimliyin təməli, müsəlmanlığın
ən mühüm göstəricisi kimi qələmə verilir, onun “əldən getməsi” imanın, namus və qeyrətin
süqutu kimi təqdim olunur.
–Sizcə, doğrudanmı belədir? Bəs müqəddəs kitabımız “Qurani-Kərim”
bu barədə nə deyir?
– Qeyd etmək lazımdır ki, “hicab” sözü Quranda bugünkü mənasında deyil, müxtəlif kontekstlərdə
əsasən “pərdə”
mənasında işlənir.
Yalnız, bir yerdə
– “Əhzab” surəsinin
53-cü ayəsində bu
söz qadınlarla, daha dəqiq desək, peyğəmbərin
zövcələri ilə
əlaqədar işlənib.
(“Peyğəmbərin zövcələrindən bir
şey istədiyiniz zaman pərdə arxasından istəyin”).
İslami ədəbiyyatda “hicab ayəsi” dedikdə məhz bu ayə nəzərdə
tutulur.
“Hicab” sözünün indiki, yəni qadın örtüyü mənası ilə bağlı isə Quranda iki ayə var. Bunlar “Nur” surəsinin 31-ci və “Əhzab” surəsinin 59-cu ayələridir. Daha öncə nazil olmuş birinci ayədə deyilir: “Mömin qadınlara de: Gözlərini naməhrəmə baxmaqdan çevirsinlər, ayıb yerlərini örtülü saxlasınlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarına çəksinlər... Öz ayaqlarını yerə elə vurmasınlar ki, gizlətdikləri zinətlər bəlli olsun...”. Burada baş örtüyü mənasında “xumar” (daha doğrusu, onun cəm şəkli “xumur”) işlədilib. Həmin örpəyin konkret şəraitlə və ərəb mühiti ilə bağlı olduğunu “Kəşşaf”a istinadən Mütəhhəri də qeyd edir...“Əhzab” surəsinin 59-cu ayəsi daha konkret sosial şəraitlə və ictimai amillərlə bağlıdır. Həmin ayədə deyilir: “Ey peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin arvadlarına de ki, örpəklərini gözlərinə yaxınlaşdırsınlar. Bu onların tanınmaları və əziyyətə məruz qalmamalı üçün daha münasibdir”.Yəni, demək istəyirəm ki, bütün bunlar məsələnin konkret tarixi şərait və sosial strukturla sıx bağlı olduğunu aydın göstərməkdədir. Əlbəttə, mən heç də hicabın islamda vacib olmadığı təsəvvürü yaratmaq fikrində deyiləm. Bura qədər dediklərimlə sadəcə, iki məsələni qabartmaq istəyirəm. Birincisi, hicab məsələsi nə qədər vacib sayılsa da, islamın təməl prinsipləri və ilkin şərtləri sırasında yer almır. İkincisi, Quran və hədislərdə azyaşlı qızların hicaba riayət etməsi, örtünməsi kimi göstəriş yoxdur. Əksinə, bir çox hədislərdə, əski osmanlıca da işlənən ifadə ilə desək, qızların “çarşaba girməsi” üçün yetkinlik yaşına çatmasının vacibliyi vurğulanır.
– Bəs onda bəzi qrupların hicabın orta məktəblərə girməsi üzərində təkid etməsi nə dərəcədə düzgündür?
– Əlbəttə, düzgün deyil və ümumiyyətlə, bu yöndə cavabını gözləyən çoxsaylı suallar ortadadır. Məsələn, həddi-buluğa çatmamış bir qızın ailə üzvlərinin, qohumlarının tapşırığı, təzyiqi əsasında örtünməsi dinin tələblərinə uyğundurmu? Axı o uşaq dinin mahiyyətini, Quranın hikmətini nə zaman anlayıb dərk etdi ki, indi də hicaba riayət etsin?
İstənilən halda hicab məsələsinə tarixi-ictimai
şərait nəzərə alınmaqla
yanaşılmalıdır. Köhnə çağlarda – qadınların əsasən
evdə oturduğu, uzağı həyətyanı
sahəsində çalışdığı vaxtlarda bu məsələ
nisbətən rahat həllini tapır, sosial-psixoloji konfliktlərə meydan
açmırdı. İndi isə
qadınlar total şəkildə ictimai həyata cəlb olunub.
Azərbaycanda ictimai həyat dünyəvi
prinsiplərlə tənzimlənir. Kimin xoşuna gəlib-gəlməməsindən
asılı olmayaraq, hicabla
mübarizə qadın azadlığının,
bütövlükdə modernləşmənin tərkib hissəsi
kimi, çağdaş
şərtlərlə ayaqlaşmaq istəyinin
təzahürü kimi baş
tutub. Bu, tarixdir, tarixin
gedişatıdır. Tarixin təkərini
isə geri qaytarmaq mümkün deyil.
K.HƏMZƏOĞLU
525-ci qəzet.-2014.-5 iyul.-S.8.