Ümummilli Liderin nəzərində
İlyas Əfəndiyev yaradıcılığı
Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə vətənə və xalqa titanik xidmətləri ilə yanaşı Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, elminə, təhsilinə, eləcə də görkəmli sənət adamlarına, yazıçı və şairlərə, elm xadimlərinə böyük qayğı və diqqət göstərmişdir. Ulu Öndərin mədəniyyət, ədəbiyyat, elm və sənət, mənəvi dəyərlərimiz, görkəmli sənətkarların yaradıcılığı haqqında söylədiyi dərin mündəricəli fikir və mülahizələri öz konseptuallığı ilə seçilir və bu gün də öz aktuallığını saxlayır. Görkəmli sənətkarlara, elm və mədəniyyət xadimlərinə qayğı və diqqətlə yanaşması hər zaman Ümummilli Liderin dövlətçilik fəaliyyətinin əsas xüsusiyyətlərindən biri olmuşdur. Respublikamızın tanınmış sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı sayəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşlər. Ümummilli Liderin ədəbiyyat konsepsiyası onun ümumdövlət siyasətinin əsas inkişaf istiqamətlərindən biri olmuşdur. Ədəbiyyatın cəmiyyət həyatında oynadığı müstəsna rolu yüksək qiymətləndirən Ulu Öndər yazırdı: "Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür". Ulu Öndər qeyd edirdi ki, mədəniyyətin, milli sərvətlərin, demək olar, əsas mühafizəçisi olan yazıçının yüksək vətəndaşlıq, vəzifəsi xalqın tarixini onun müasir mədəniyyətinə xidmət göstərməyə cəlb etməkdir. Ayrı-ayrı yazıçılarla bağlı fikir və mülahizələrində Ümummilli Lider ədəbiyyatşünaslıq və ədəbiyyat tariximizlə bağlı aktual məsələlərə toxunmuşdur. Mütəfəkkir dövlət xadimi ədəbiyyatın ədəbi-estetik zövqün və mənəviyyatın formalaşmasındakı rolundan bəhs edərək yazmışdır: "...Şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam. Bəlkə də bu əsərlərin bəzilərini ondan sonra oxumamışam, ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni, onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam". Qeyd olunduğu kimi dünya şöhrətli siyasətçi ölkəyə rəhbərlik etdiyi dövrlərdə müasiri olan sənətkarlarla görüşür, onları müstəqil dövlətimizin orden və medalları ilə təltif edir, yubileyləri münasibəti ilə keçirdiyi tədbirlərdə onların ədəbiyyat tarixindəki mövqeyini və xidmətlərini bir ədəbiyyatşünas, ədəbiyyat tarixçisi peşəkarlığı ilə dəyərləndirirdi. Böyük dövlət xadimi sənətkarın şəxsiyyətini onun əməli ilə ölçür və ədəbi - tarixi dəyər verirdi: "Yazıçı öz qələmini xalqın xidmətinə vermişsə, belə bir şəraitdə onun ən mühüm vəzifəsi məhz ictimai inkişafın müqəddəratını müəyyən edən prosesləri və hadisələri ilk növbədə ifadə etməkdir". Ulu Öndər Azərbaycan ədəbiyyatına bir fəlsəfi məxəz kimi yanaşaraq yazırdı: "Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir". Mütəfəkkir filosofun fikrincə "Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir". Bu fikir həm də tarixi mövzunun zəruriliyini, ədəbiyyatda bədii inikasını təcəssüm etdirmək idi. Onun fikrincə tarixi mövzuda əsər yazmaq olduqca mürəkkəbdir, çətindir. Heydər Əliyev sənətin və sənətkarın qədrini bilən nadir şəxsiyyət idi. Mütəfəkkir filosof teatr sənətinə xüsusi önəm verərdi. Tamaşaların premyeralarına gələr, sonda səhnə arxasına keçərək dramaturqla, rejissorla və aktyorlarla bu sahənin peşəkar mütəxəssisi kimi söhbət edər, fikir və mülahizələrini bildirərdi. Xalq yazıçısı Elçin Ulu Öndərə həsr etdiyi məqaləsində yazmışdır: "Dəfələrlə bunun şahidi olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıqdan sonra, səhnə arxasında yaradıcı kollektivlə görüş keçirib və heç bir mübaliğəyə yol vermədən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi tamaşanın təhlilini verib. Orasının da şahidiyəm ki, həmin görüşlərdən sonra yaradıcı kollektivin həvəsi birə-on artırdı. Əsl sənət adamına, sənət kollektivinə nə lazımdır? İlk növbədə xalqın onun sənətinə qiymət verməsi, onu başa düşməsi. Xalqa rəhbərlik edən adam da qiymət verməyi bacarırsa, bu-əlbəttə, çox təqdir ediləsi cəhətdir". Ümummilli Lider görkəmli elm və sənət adamlarının, tarixi şəxsiyyətlərin, şair və yazıçıların yubileylərinin keçirilməsinə xüsusi önəm verirdi: "Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Bu, lazımdır, özü də mütləq lazımdır. Digər tərəfdən isə, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha yüksəlməsinə kömək edir".
Azərbaycan ədəbiyyatının klassiki, milli nəsrimizin, dramaturgiyamızın, lirik - psixoloji üslubun, teatr sənətimizin, ədəbi - ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyev yaradıcılıq axtarışlarının ardıcıllığı, həyati mövqeyinin fəallığı və ideya baxışının aydınlığı ilə seçilən sənətkardır. Onun müasir Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edən dramaturgiyası qabaqcıl sənət ənənələri əsasında boy ata-ata mənalı yol keçmiş, ideya-estetik vüsəti tapmış, dərin müasirlik keyfiyyəti qazanmış və "İlyas Əfəndiyev teatrı"nı yaratmışdır. Aktual problemlər qaldırmaq cəsarəti, hadisələrə ayıq sənətkar münasibəti, fəal prinsipiallıq və vətəndaşlıq mövqeyi, habelə digər ideya-bədii məziyyətlər təkcə dramaturgiyasını deyil, bütövlükdə yaradıcılığını səciyyələndirən amillərdəndir. Çoxşaxəli bədii yaradıcılığı ilə ümumxalq məhəbbəti qazanan ustad sənətkar dünya miqyaslı bir yazıçı, dramaturq kimi şöhrətlənmişdir.
Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, müşahidə dairəsinin genişliyindən irəli gələn, milli özünəməxsusluğa, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq, dərin psixoloji təhlil, ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir. Həyatın müsbət və mənfi cəhətlərini incə təfərrüatları ilə görməyi bacaran, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlmişdir.
Altmış illik yaradıcılığı dövründə İlyas Əfəndiyev altı roman - "Söyüdlü arx" (1958), "Körpüsalanlar" (1960), "Dağlar arxasında üç dost" (1963), "Sarıköynəklə Valehin nağılı" (1976), "Geriyə baxma, qoca" (1980), "Üçatılan" (1981), beş povest - "Kənddən məktublar" (1939), "Aydınlıq gecələr" (1941), "Torpğın sahibi" (1952), "Qaçaq Süleymanın ölümü" (1993), "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" (1996), qırx yeddi hekayə, oçerklər, xatirələr və esselər yazıb. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatrın inkişafına güclü təsir göstərib. 50 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan qüdrətli sənətkarın dram əsərləri teatr tariximizdə yeni rejissor və aktyor nəslini formalaşdırdı.
(Ardı var)
Vəfa
XANOĞLAN
525-ci qəzet.- 2014.- 11 iyul.- S.4.