Ümummilli Liderin nəzərində
İlyas Əfəndiyev yaradıcılığı
Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də
dramaturgiyasının müstəsna rolundan fərəh hissi ilə söz açırlar. İlyas Əfəndiyev
yaradıcılığının estetik özülündə
milliliklə bəşəriliyin vəhdəti durur. Xalq
yazıçısı bədii
yaradıcılığında özünü novator və
orijinal bir sənətkar kimi tanıtdı. Bədii yaradıcılıqda yenilikçi və
orijinal olmaq isə əslində mədəniyyətin
avanqardına çevrilib onu irəli aparmaq deməkdir. XX əsr Azərbaycan teatr tarixində “İlyas
Əfəndiyev teatrı” ifadəsi, anlayışı və
praktiki təzahürü danılmaz kulturoloji faktdır.
İlyas Əfəndiyevin tarixi dramlarında əsas
aparıcı xətt qəhrəmanlıq motivləridir.
Onun keçən əsrin 70-90-cı illərində qələmə
aldığı “Mahnı dağlarda qaldı” (1971),
“Xurşidbanu Natəvan” (1981), “Şeyx Xiyabani” (1986), “Sevgililərin
cəhənnəmdə vüsalı” (1989), “Tənha iydə
ağacı” (1991), “Dəlilər və ağıllılar”
(1992), “Hökmdar və qızı” (1994) tarixi dramları tarixə
yeni təfəkkürlə yanaşması, yeni münasibəti,
xalqımızın azadlığı və müstəqilliyi
uğrunda apardığı
mübarizə ilə bağlıdır. İlyas
Əfəndiyev tarixə müraciət edəndə
yasadığı dövr haqqında fəlsəfi mühakimələr
aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi
dünyasını araşdırmaq, cəmiyyət və fərd,
insan və zaman arasında münasibətləri
aydınlaşdırmaq üçün keçmişə
doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi
mənzərəsini tarixi müstəvidə verməyə
çalışır.
Ümummilli Lider Heydər Əliyev Xalq
yazıçısı İlyas Əfəndiyevin ədəbiyyat
tarixindəki mövqeyini və xidmətlərini daima yüksək
dəyərləndirmiş, bəzi dram əsərlərinin
tamaşalarında iştirak etmiş və yubileyi münasibətilə
təbrik etmişdir. Ümummilli Liderin 24 may 1994-cü il
tarixli fərmanı ilə Xalq yazıçısı Azərbaycan
dramaturgiyasının və nəsrinin inkişafında
böyük xidmətlərinə görə “Şöhrət”
ordeni ilə təltif edildi. Azərbaycanın mədəniyyət
xadimlərinə mükafatlar təqdim edərkən Ulu
Öndər ustad sənətkarımızın
yaradıcılığına yüksək qiymət
vermişdir: “Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi İlyas Əfəndiyev Azərbaycan xalq
yazıçısı fəxri adına
layiq görülmüşdür. İlyas
Əfəndiyev təxminən əlli ildir ki, Azərbaycan ədəbiyyatında
fəaliyyət göstərir, bütün istedadlı
yaradıcılığı ilə ona bağlıdır.
Bir çox romanların və pyeslərin müəllifi
olan İlyas Əfəndiyev respublikada yazıçı və
dramaturq kimi xalq tərəfindən tanınmış, bəyənilmiş
və sevilmişdir. İlyas Əfəndiyevin
yaradıcılığı çoxcəhətlidir. Onun romanları, povestləri, hekayələri, pyesləri
müasir həyatımızı gözəl tərənnüm
edir. İlyas Əfəndiyevin əsərləri
həm səlis gözəl bədii dilinə, həm dərin
məzmununa görə, həm də yüksək sənətkarlığına
görə fərqlənir, oxucuya böyük estetik təsir
bağışlayır. Onun kitablarında
həm körpüsalanların çətin işi, həm
neftçilərin qəhrəmanlıq əməyi, həm
müasir kəndin həyatı, həm də Azərbaycan
ziyalıları arasında mənəvi – psixoloji proseslər
inandırıcı şəkildə və dərindən əks
etdirilmişdir. Öz
yaradıcılığında yazıçı cəmiyyətimizin
mənəvi təşəkkülünü və
inkişafını diqqətlə izləyir, onun mənasını
açıb göstərir, bugünkü həyatımız
üçün də, gələcək həyat
üçün də nümunə olan adamların parlaq
obrazlarını yaradır. O, öz sənətkarlığı
ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində
fəal iştirak edir”.
İlyas Əfəndiyevin 1971-ci ildə qələmə
aldığı “Mahnı dağlarda qaldı” dramında 1917
– 1920-ci illərdə baş verən hadisələr,
xüsusilə Azərbaycan xalqının bəy – xan
zülmünə qarşı azadlıq uğrunda
apardığı mübarizəsi təsvir edilmişdir. Əsərin bir yerində
yeni qurulmuş hökumətin nümayəndəsi Nicatla
Bayram bəy arasındakı dialoqda Bayram bəy deyir:
“Müsavat hökumətinin əsas qayəsi insanlar
arasında qardaşlıq, bərabərlik yaratmaq idi... Əgər, biz cəmiyyəti siniflərə
bölsəydik, insanları bir – birilərinə düşmən
eləyərdik”. Sovet dönəmində
müsavat dövrü haqqında əhatəli söhbət
açmaq yazıçıdan böyük cəsarət tələb
edirdi.Bu fikir özünün ictimai – idraki əhəmiyyətinə
görə xüsusi seçilir. Xalq
yazıçısı “Mahnı dağlarda qaldı” pyesinə
görə Azərbaycan Dövlət mükafatına layiq
görüldü. İlk tamaşası 12 fevral 1971-ci
ildə oynanılan bu əsər on bir il
fasiləsiz repertuarda olmuşdur.
Əməkdar
elm xadimi, professor Timuçin Əfəndiyev Ümummilli Liderə
həsr etdiyi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”
adlı monoqrafiyasında qeyd edir ki, “Teatr xadimlərinə
münasibətdə Heydər Əliyevin çox xarakterik,
ancaq onun özünəməxsus olan bir xüsusiyyəti də
var idi. Rejissorların, aktyorların yubileylərində
onların evlərinə telefon açar, sənətkarları
şəxsən özü təbrik edər, hal-əhval tutar
və nəyə ehtiyacları olduğunu öyrənərdi”.
Professor onun
xalq yazıçısı İlyas Əfəndiyevə
göstərdiyi böyük diqqəti xatırlayaraq yazır:
“Mən onun İlyas Əfəndiyevə göstərdiyi
böyük diqqətinin şahidi kimi onu deyə bilərəm
ki, Heydər Əliyev
qayğısı sayəsində insanlar şəfa
tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada
yatarkən Heydər Əliyevin ona baş çəkməsi,
qayğı göstərməsi bu günə qədər bizim
xatirimizdədir və biz həmişə Ulu Öndərimizi
şükranlıqla xatırlayırıq. Bu
qayğı təkcə İlyas Əfəndiyevlə
bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə
İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət
Əmirova, Hökümə Bülluriyə, Yusif Səmədoğluna
göstərdiyi qayğı xalqımızın
yaddaşındadır”. Müəllif İlyas Əfəndiyevlə
bağlı başqa bir faktı nümunə gətirərək
yazır: “...Dramaturqun “Mahnı dağlarda qaldı”
tamaşasının Dövlət Mükafatı alması şəxsən
Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Dövlət
Mükafatı üzrə komissiya üzvləri o vaxt
tamaşaya baxa bilməyiblərmiş. Dövlət
Komissiyasının yekun iclasından sonra ona təqdim olunan
siyahıda “Mahnı dağlarda qaldı” tamaşasının adını görməyən
Ulu Öndərimiz soruşur: “Niyə bu əsərin adı
siyahıda yoxdur? Mən bu əsərə
baxmışam və bəyənmişəm- deyir, – o vaxt
komissiya üzvlərinin bir çoxu da teatrda idi”.
Qüdrətli
söz ustadının 80 illik yubileyi münasibətilə Ulu
Öndər öz təbrikində İlyas Əfəndiyevi sənət
zirvəsinə ucalmış fədakar sənətkar
adlandıraraq yazmışdır: “Dünya mədəniyyətinə
ölməz dühalar bəxş etmiş qədim Odlar
diyarında xalqın məhəbbətini qazanmaq, sənət
zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir.
Siz fədakar əməyiniz sayəsində bu şərəfə
nail olmuşsunuz. Oxucuların sevə-sevə
mütaliə etdiyi nəsr əsərləriniz, milli
teatrımızın səhnəsində tamaşaya qoyulan
pyesləriniz bunu parlaq şəkildə sübut edir. Sizin yaratdığınız obrazlar
xalqımızın övladlarına mənəvi saflıq və
vətənpərvərlik aşılanması işinə
xidmət etmişdir. Əminəm ki,
müstəqil Azərbaycanımızın hələ
neçə-neçə nəsli bu zəngin mənbədən
faydalanacaqdır”.
İlyas Əfəndiyevin tarixi dramları
özünün bədii – fəlsəfi fikir dərinliyi ilə
sənətkarın yaradıcılığında xüsusi
yer tutur. Yüksək ideya – bədii səviyyəsinə,
tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli
səhnə təcəssümünə görə dramaturqun
“Xurşidbanu Natəvan” əsəri həm oxucuların, həm
də tamaşaçıların dərin marağına səbəb
oldu. Natəvan dramda təkcə bir
şairə kimi göstərilməyib, o, həm də
şairlikdən çox Qarabağ bölgəsinin
hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində,
xalqın mədəni tərəqqisində, bütün məsələlərdə
o güclü görünür, müsahiblərini üstələyir.
Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər
üzərində qurulmuşdur: “Əgər bu dünyada
xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız
insanın öz vətəninə, öz mənliyinə,
öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə
inanıram. İnsanın gözəl hisslərinin,
gözəl fikirlərinin pərvazı üçün,
insan ləyaqətinin yüksəlişi üçün həqiqi
vicdan azadlığı lazımdır”. Bu
sözlər dramın leytmotividir. Şairə,
ictimai xadim Natəvan üçün Azərbaycanın
birliyi, azadlığı, xalqın mədəniyyəti, dili,
milli müstəqilliyi onun əsas amalıdır. Natəvanın
nəzərində ikili Azərbaycan yoxdur,
bütöv Azərbaycan var. Əsərin sonunda Natəvan
öz sinfinə qarşı çıxır və mənsub
olduğu sinifdən etibar görməyərək ondan üz
döndərir: “Mən xan qızı Xurşidbanu inanmıram
öz sinfimin alicənablığına! İnanmıram
onların Vətən namusuna! Eşidirsinizmi, inanmıram! Mən bu gün, bu dəqiqədən etibarən
onlara yadam” – deyərək yalnız əməkçi xalqa
hüsn – rəğbət bəsləyərək onların
hüquqlarını müdafiə edir. Ümummilli Lider
Heydər Əliyev “Xurşidbanu Natəvan” pyesinin uğurlu
tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa
bildirərək demişdir: “Natəvanı gözəl Azərbaycan
qadını kimi bizə təqdim elədiniz, bununla
yanaşı gözəl xan qızının timsalında
siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri
ilə bizim Şərq qadınlarının obrazını
yarada bildiniz. Mən buna görə sizə
sağ ol deyirəm. Mən son monoloqunuza görə
sağ ol deyirəm”. Natəvan daxili bir inamla deyirdi: “Gedin kəndlilərə
deyin ki, onlar daha mənə vergi verməyəcəklər.
Daha xan qızı Xurşidbanunun kəndi, torpağı
yoxdur! Deyin ki, mən Xurşidbanu Natəvan bu əzablı
yolları onlarla birlikdə gedəcəyəm! Onu da deyin ki,
bu uçurumlu yolların sonunda bizi öz milli birliyini,
azadlığını tapmış azad Azərbaycan gözləyir!”
80-ci ildə Natəvanın dili ilə mütəfəkkir
sənətkar müstəqilliyimizə və istiqlaliyyətimizə
gedən yola işarə edirdi. İlyas
Əfəndiyevin tarixi dramlarının tamaşası ilə
ilgili dərin məzmunlu çıxışlarında Heydər
Əliyev həm də teatr, rejissor və aktyor sənəti
haqqında bir nəzəriyyəçi – teatrşünas kimi
maraqlı təhlillər edir və elmi mülahizələr
söyləyirdi.
(Ardı var)
525-ci qəzet.-2014.-12 iyul.-S.25.