“...Xalq birləşəndə
güclü olur, yazıçı təklənəndə”
Müsahibimiz
yazıçı Seyran Səxavətdir
–
Seyran müəllim, nə zaman ki, “yeri ayrı-göyü bir
olan” söz adamları ilə bir arada oluram, sizin heç unuda
bilmədiyim bir deyiminiz düşür yadıma: “Biz
sözün belindən gəlmişik...” Məncə, söz
doğmalığının bundan da o yana
gözəl ifadəsi yoxdur...
– Vaxtilə,
mən elə bu “Ədəbiyyat qəzeti”ndə işləyəndə
praktikant qızlar gəlmişdi. Üçü
birdən. Gördüm
sıxılırlar. Dedim, bala, heç
sıxılıb-eləməyin, biz qohumuq. Biri
soruşdu ki, nətəəri qohumuq? Dedim,
biz atamızın belindən gəlməzdən əvvəl
sözün belindən gəlmişik. Ta qədimdən. Atamız olmamışdan babamız var idi,
babamızdan əvvəl ulu babamız. Onda
da söz var idi, sözün işığı
varıydı və bizi o işıq birləşdirir. Özün də bilirsən, qalaktikanın öz
marşrutları var, ancaq gör necə nizamlanıb ki,
heç bir qəza olmur. Ta bizim Bakı yolları kimi
deyil ki, hər gün nə qədər bədbəxt hadisə
baş verir. Amma kainatda bu harmoniya pozulmazdı,
nizamlanıb. Burada hər şey Allahın
iradəsiylə hərəkətdədi, istəsən də,
istəməsən də bu nizamı poza bilməzsən.
Əsl, ilahi söz də harmoniyadır. Yaranışın bir parçasıdı. İlkdən, əzəldən gəlir və bu
ilkinliyi, ruhbirliyi ilə insanlar arasında qohumluq əlaqəsi
yaradır. Yaradıcı insanların, söz
adamlarının stili fərqli, özünəməxsus ola bilər, ancaq ümumi yaşamları,
genetik kodları bir mənbədən, yəni sözün
belindən gəlir.
– “Dar köynək” povestinizdə çox maraqlı
detallar var; yazmısınız ki, “qadın ağrı çəkir. Dünyanın
beş-altı qarımışı bu ağrının
başına yığışıb. Qadın
ağrısını doğmasa ölə bilər. O,
ağrıya dözdükcə əriyir, bətnindəki
körpə onun ağrısını təpikləyir...” “Elə bil həm də yazmağa hazırlaşan,
indicə sinəsində, yaddaşında olanları
kağıza köçürəcək bir söz
adamının ağrısıdı – elə bil
yazıçı da ağrı çəkir. O povesti
oxuya-oxuya ağrı çəkən qadını mən
gözəl bir şair, yazıçı qismində təsəvvür
edirdim. Elə bil qadından çox
yazıçı ağrısını yazmısınız.
–
Əslində qadın özü ən böyük
yaradıcıdı; həm fiziki, həm mənəvi
baxımdan... Səninlə şərikəm ki,
mən o ağrı çəkən qadının
simasında əslində dünyanın ən gözəl
şairinin, yazıçısının obrazını vermək
istəmişəm. Bu prosesdə zor
işlətmək olmaz. Mövzu qələm
adamına vəhy kimi gəlir. Öz təbii
ağrısı, nəşəsilə bir arada. Fikirləşib nəsə yazanda o mövzu bəri
başdan zədələnir. Yaradıcılıq
işi daha çox ürək məsələsidi. Gərək
ürək dolu ola, o mövzunun
ağrısını çəkə. Sonra o çəkdiyi
ağrını dünyaya gətirə – bax povestdə təsvir
olunan qadın kimi...
– Seyran
müəllim, bu dünya hər kəsə öz
baxış bucağı altından görünür, necə
deyərlər, hər kəsin öz baxış tərəfi
var. Şəxsən mənim üçün maraqlıdı
ki, siz baxan tərəfdən dünya necə
görünür?
– Bunu bir
neçə cümlə ilə açıb, cavablandıra
bilsəydim, heç əziyyət çəkib bir belə əsər
yazmazdım. O yerdən mən durub dünyaya baxıram – orda məndən
başqa heç kəs yoxdu o yer birnəfərlikdir! Mən
baxan tərəfdən hərə öz yerindədi; quş
civiltisilə, uşaq ağlamasıyla, sular
axışıyla, yollar-cığırlar əriş-arğac
gedişilə, ağac yaşılıyla... Bəzən
insan baxır, ancaq bu nizamı, yaranmışı
görmür. O el arasında bir söz var e, deyirlər
filankəs baxar kordu. Xalqın baxışı
müdrikdi. Gör necə gözəl ifadə
edib; baxar kor. Deyirlər ki, filankəs
dünyagörmüş adamdı... Yəni
dünyanın hər üzünə bələddi. Mən baxan səmtdən nəzər yetirəndə
görürəm ki, dünya adamları sıxır – gündəlik
qayğıları, problemləri ilə. Amma heç fərqinə
də varmır ki, insanı sıxdıqca dünyanın
özü də insanda, insan qəlbində gözə
görünmədən, hiss olunmadan sıxılır. Bu, qəribə bir harmoniyadı və bu harmoniyaya
müdaxilə etsən mənə elə gəlir
dünyanın nizamı zədələnər.
– Bu
yaxınlarda dünya ədəbiyyatının bir çox
görkəmli simaları haqqında maraqlı bir yazı
oxudum; söhbət ondan gedirdi ki, o yazıçılar
yaradıcılıqlarının ən parlaq, şöhrətli
bir məqamında hansısa səbəblər üzündən
heç gözlənilmədən yazmağın
daşını atıblar. Bu, çox
izaholunmaz bir prosesdi. Səhv etmirəmsə ötən əsrin
yetmişinci illərində bir ara belə
bir mərhələ sizin də ədəbi taleyinizdə
yaşandı. Bir müddət ədəbi mühitdən qeyb
oldunuz, səsiniz-sorağınız gəlmədi...
– Sərvaz,
əzizim, mənim sözə münasibətim həmişə
belə olub ki, o yerdə yaza bilmədiyini hiss etdin, gərək
yazmayasan. O yazıçılar ki, zəif əsər
yazıblar, deməli, onlar yaza bilmədikləri zaman qələmə
əl uzadıblar. O ki qaldı mənim bir müddət ədəbi
mühitdə görünməməyimə, doğrudan da həmin
vaxtlar birdən-birə mən hiss etdim ki, yaza bilmirəm. Səsi
səhnələr titrədən, məşhur bir müğənninin
səsi qəflətən tutulur ha, bax beləcə... Bilirsənmi, texniki təcrübəyə
arxalanıb nəsə yazmaq olar e, amma o şeyi ki, ürəyin
istəyir belə yazasan, baxıb görürsən
alınmır, bax, onda gərək özünü zorlamayasan.
Mən də baxıb gördüm nəsə
alınmır, sakitcə çəkildim bir tərəfə.
Hətta o zaman görkəmli şairimiz Məmməd
Araz da dərin nigarançılıqla bir məqalə
yazmışdı ki, bəs bu Seyran Səxavət hardadı,
niyə ədəbiyyatdan qaçaq düşüb? Harda olmağımı bircə mən özüm
bilirdim. Bilirdim ki, bu susmağımla əslində
ədəbiyyata xidmət edir, ədəbiyyat
ekalogiyasını korlamıram. Hə, məsələ
belə oldu, 1974-cü ildə tərcüməçi kimi
İrana getdim. O zaman hansı bir möcüzəli
qüvvə isə məni yenidən sözə çəkdi.
Bir də gördüm “Hamı elə bilirdi
ki...” adlı hekayəm “Ədəbiyyat və incəsənət”
qəzetində çap olunub. O hekayə unudulmaz
Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş
nömrədə işıq üzü
görmüşdü. Böyük bəstəkarın yubiley
nömrəsindən mənə də pay
düşmüşdü. Açığı,
çox sevinirdim. Hələ on altı yaşım
olanda Füzuli rayon qəzetində ilk şeirim çap ediləndə
necə sevinmişdimsə, bax elə... O hekayəni yazanda mənim
artıq iyirmi səkkiz yaşım var idi. Və məhz həmin
vaxt qəti şəkildə özün üçün yəqinləşdirdim
ki, hər şey yenidən başlayır... Özü də
şükür Allaha ki, başlayır... Belə
oldu məsələ. O hekayəni yazana qədər
ara-sıra eşidirdim, deyirdilər niyə səsin gəlmir?
Mən də çox vaxt zarafata salırdım.
Deyirdim, vallah səsim gəlir, amma ola
bilsin xalqın qulağı ağır eşidir.
– Mənim
üçün maraqlıdı ki, əgər
tanıdığım və sevdiyim yazıçı olan
Seyran Səxavət ikinci dəfə dünyaya gələ bilsəydi
həyatını necə qurardı və hansı sənəti
seçərdi?
– Bu
qeyri-mümkün bir şeydi. Bilirsən niyə?
İnsan bir də yenidən dünyaya gəlsə
əvvəl necə yaşayıbsa, yenə də elə
yaşayacaq. Səbəb də ondan ibarətdir ki, əlli
il qabaq necə dünyaya gəlmisənsə
o şəkildə gəlirsən, çünki sənin kodun
var, sən özbaşına döyülsən.
– Seyran
müəllim, sizcə Allahdan sonra ən güclü olan
kimdir?
– Aha!.. Mənim aləmimdə Allahdan sonra ən
güclü olan sözdü... Sözün
gücüylə hər şeyi etmək olar. Bircə Allahın elədiklərindən başqa.
Sərvaz, canım sənə desin, bunu yaz və yadda saxla ki,
xalq birləşəndə, yazıçı təklənəndə
güclü olur.
– Sizcə,
bu gücün mənbəyi hardan gəlir?
– İlkinlikdən! Mühitdən! Doğulduğun ilk məskənin sənə bəxş etdiyi paklıqdan. Şəxsən mən yaşayış məskəni kimi kəndi həmişə şəhərdən üstün tutmuşam. Bəşəriyyətin ilk yaşayış maketi kənddir. Gözümü açıb ictimai qınağı kəndimizdə çox açıq, aktiv görmüşəm. Bu ictimai qınaq bir növ təmizlik mənbəyidir. İctimai qınaq rayon mərkəzində bir az azdı. Şəhər yerində isə rayondakından daha azdı. Və təəssüf ki, bu proses azala-azala gedir. Hər şeydə qəribə bir xof var. Bu qəribə xofun ucbatından həyətlərimiz, evlərimiz hasar-qalaya salınır, hər yerdə çəpərləmə, hasarlama yarışı gedir. Bu gərəksiz hasarlara, dəmir qapılara sərf olunan pulu tanka, pulemyota, topa, mərmiyə versək, işğal altında olan torpaqlarımızın azad edilməsi işinə sərf etmiş olsaq gör nə qədər qazanarıq... Ancaq lazım olanı etmirik. İçimizdəki xofu dəf edə bilmirik, özümüz özümüzə güvənmirik. Bunun kökündə milli şüur, milli təhsil dayanır. Hər hansı bilgiyə sahib olmaq savadlı olmaq deyil. Savadlı olmaq üçün hər şeydən əvvəl gərək milli şüura sahiblənəsən. İnsan milli şüura sahib olduqca daha çox bəşəriləşir. Daha çox insaniləşir. Əgər sən həqiqətən də insansansa, qoy səni görsünlər. Bayaq ki, o kənd təmizliyindən danışırdıq, o təmizlik bilirsən hardan gəlir – orda hər şey göz önündədi, şəffafdı... Hərdən mənə elə gəlir ki, Allah dünyanı bizim kəndimizin üstündən idarə edir. Mən buna əminəm və əmin olmasaydım heç bu ürəklə, inamla yazıb-yarada da bilməzdim.
– Sizə elə gəlmirmi ki, musiqimizin, illah da muğanlarımızın da ruhu elə Allahın dünyanı idarə etdiyi o əziz, pak məkandan gəlir?
– Hə,
bunu lap yaxşı dedin. Gör fikrim haralaracan getdi, e... Bizim
doğma Yuxarı Yığlıvənd kəndində olan
evimizdə “Rodina” adlı bir radio vardı – təqribən
maşın akkumlyatoru boyda. Elə ki, Ağabala
Abdullayev “Zabul Segah” oxuyurdu – bütün kənd əhli gəlib
yığışırdı o radionun başına. Az qala hər həftə, hər gün el-oba
şənliklərində oxuyan Ağabala Abdullayevi həyatda,
canlı olaraq görmək bir ayrı şeydi, onu sehrli bir məkandan
dinləmək bir ayrı şey. O radio Ağabala
dayını elə bil əfsanələşdirirdi. Onun “Zabul-Segah”ı bir möcüzə idi. O
radionun özü heyrətamiz bir nağıl idi. İndi insanlar möcüzəyə, nağıla
inanmırlar, heyrətlənmirlər, təəccüblənmirlər.
Bu, ölümə bərabər bir həyat tərzidi.
Bu heyrətdən uzaq düşüncə milli
şüurumuz öləziyir. Milli
şüur öləzidikcə muğamımızdan – deməli,
paklıq məkanımızdan uzaq düşürük.
Səs sözdən milyon il qabaqdı. Hətta dünyanın quşunun,
dovşanının, qayasının, daşının,
çayının, bulağının səsi sözdən
qabaqdı. Söz səsin yanında
dünənin uşağıdı. Bu barədə
olan fikirlərimi böyük xanəndəmiz Süleyman
Abdullayevə həsr etdiyim “Bəhanə” romanımda
yazmışam. Əslində, o romanda
Xarrat Quludan İlkin Əhmədova qədər muğam sənətimizi
yaşadan hər kəs var – Süleyman Abdullayevin həyatını
bir vasitə kimi götürmüşəm. Bunun o yanı – bu yanı yoxdu ey, muğam Qurandan da
qabaqdadı. Mənim qəti qənaətimdi
ki, Quran muğamımızın tərcüməsidi. Muğam kosmik bir ərazidi. Avazı, səsi
sözə çeviriblər. Hərdən
deyirlər ki, filankəs muğamı yaxşı bilir. Muğamı bilmək hünər deiyl, muğam daha
çox duyğu obyektidi. Onu bilməkdən
çox, duyarlar. Bilməklə duymaq
arasında çox böyük fərq var. Muğamı bilgi
obyekti hesab etmək yanlış bir fikirdi.
– Səhv
etmirəmsə özünüzün də gözəl səsiniz
var...
– Var da
sözdü... Rəhmətlik Qədir Rüstəmov
ilk dəfə ki, “Sona bülbüllər”i elə
şövqlə, ilahi bir səslənişlə oxumuşdu,
sənin canın üçün, üstündən heç
bir ay keçməmiş eyni, təkrar incəliklərlə,
olduğu kimi oxuyurdum o mahnını. Əgər mən
Sabir Rüstəmxanlıya, Ramiz Rövşənə,
Əşrəf Veysəlliyə qoşulmasaydım indi xalq
artisti idim... Necə deyərlər, əlim də pulla
oynayırdı...
– “Pul” demişkən, sizcə bu pul anlayışı nə
olan şeydi?
– Əlimizdə-ovcumuzda olan Azərbaycan tarixini oxumuşam, bir qəmi fikrə gəlmişəm ki, tərəzi çıxana qədər heç kəs bir-birini aldatmayıb. Aldandığını hiss etmirsənsə deməli adam deyilsən. Ordan da keçid eləyirsən pul məsələsinə. Bu gün demək olar ki, pul dünyanı idarə edir. Amma qəti şəkildə əminəm ki, dünyanı pul xilas edə bilməyəcək. Bilirsənmi, silahlı adam həmişə təhlükəlidi. O silah mütləq açılacaq, kiməsə dəyəcək, fəlakət törədəcək. Pul da silah kimidi. Pul müdrik adam əlində onun bütün ətrafınındı, nəslinindi, qohum-əqrəbanındı. Nadan adam əlində isə pul kütləvi qırğın silahıdı. Nüvə başlığıdı. İndi bizdə bir söz dəbə minib; deyirlər çirkli pul... Çirkli pul yox ey, haram pul... O haram pul nüvə kimidi və göz görə-görə cəmiyyəti öz cənginə alır, insanların dostluq duyğusunu aşılayır.
– Necə bilirsiniz, adamların dostluğu hansı ehtiyacdan başlayır?
– Hə, bu bir az dərin məsələdi. Bir dostum vardı, elə bil bir-birimizi iyləyib tapmışdıq – Zeynal Zeynalov... Hərdən mənə deyərdi: “Ay uşaq, sən bilərsən ey insanların ən böyük kəşfi nədi? Amma bax, deməyəsən ki, atomdu, hidrogendi, bombadı, filandı”. Sualı necə verirdisə, cavabını da özü açıqlayırdı: “Biləsən, insanların ən böyük kəşfi dostluqdu; bir ata-anadan dünyaya gəlməyən insanların bir-birinə isinişməyi, ünsiyyət qurmasıdı. Fizikanı necə oxuyubsan? Dost olan insanlar fizika sahəsində məşhur olan birləşmiş qablar kimi olmalıdı, ekiz insanların həyat tərzini yaşamalıdır. Bunları deyirəm, qoy həmişəlik yadda qalsın. Dünyada mükəmməl adam yoxdu. Mükəmməllik yalnız Allaha məxsusdur. İnsanların isə daim mükəmməlləşməyə ehtiyacı var; tutaq ki, məndə nəsə çatmırsa məndə olmayan şeyi mən Sərvazdan alıram, ondan götürürəm. Sərvaz da özündə olmayanı məndən, bir özgəsindən alır. Beləliklə, insan bir-birinə hopur, ömrü boyu bu dostluğun bağıyla bir-birinə sarınır, bir-birindən barınır. Bunlar elə gözəl şeylərdi ki! Bunlar elə adamı yaşadan şeylərdir. Ədəbiyyatın, yazıçının vəzifəsi insanlar arasında olan bu dostluq hisslərini daha da möhkəmləndirmək, onun sahəsini genişləndirməkdir.
– Yeri gəlmişkən, sevdiyiniz yazıçılar və onlardan ən doğması haqqında danışmağınızı istərdim.
– (Gülümsünür). Mən də bu gənc ədiblər kimi çox oxumuşam. Ancaq alman yazıçısı Ziqfrid Lensin adını ayrıca çəkmək istərdim. Onu Nobel mükafatçısı olan yazıçıların doxsan faizinə dəyişmərəm. “Gözəgörünməz qonşu” adlı bir hekayəsi var... Allah-Allah!.. Necə də möhtəşəm və unudulmazdı. Deməli, hekayədə ucqar bir kənd təsvir edilir. Bu kənddən gün ərzində təkcə bir dəfə sərnişin qatarı keçir. Təxminən beş-altı yaşlı bir uşaq hər gün o sərnişin qatarının yolunu gözləyir, o qatarın pəncərəsindən baxan insanlara səmimi-qəlbdən əl edir. Ancaq heç bir qarşılıqlı münasibət görmür, əl etdiyi insanların onu cavabsız qoyması uşağı sarsıdır, haldan-hala salır. Həssas bir insan olan atası uşağın bu durumunu görüb ona kömək etmək istəyir. Günün birində heç kəsə bildirmədən gedir qatarın gəldiyi o şəhərə. İstəyir ki, səhər həmin qatara bilet alıb gələ və kəndlərini keçəndə uzaqdan-uzağa balaca oğluna əl edib onu sevindirə. Həssas ata həmin şəhərdə eyni oteldə qaldığı bir nəfərə bu barədə danışır. İşığı yandırmadığı üçün heç o adamın üzünü də görmür. İkinci gün bilet alıb sərnişin qatarıyla doğma kəndindən adlayanda uzaqdan-uzağa oğluna əl edir. Və növbəti stansiyadan geri qayıdıb evinə gəlir. Oğlu sevinmiş, şad halda ona sarınır ki, ata, bəs dünəndən mənə əl etməyə başlayıblar... Ata birdən-birə dərk edir ki, ondan əvvəl oğlunu salamlayan məhz dünən söhbətləşdiyi otel yoldaşı olub. O tanımadığı otaq yoldaşı oğlunun əl etməsi qarşılığında ona təbəssüm göstəribmiş... Yazıçı demək istəyir ki, insana, onun ən adi istəklərinə biganə qalmayın. Ən adi bir münasibətlə insana nə boyda böyük bir dünya bağışladığınızın fərqində ola bilin. Bilirsənmi, mən Kamyunu, Folkneri, Edqar Ponu və başqalarını da çox oxumuşam, çox sevirəm. Ancaq o kiçik hekayənin müəllifi olan Ziqfrid Lensi mən lap özüm hesab edirəm. Eyni zamanda Nodar Dumbadzeni... Düşünürəm ki, mən də onun mənsub olduğu millətdən olsaydım elə o cür yazardım. Ya elə əksinə, o, mənim millətimdən olsaydı elə mənim kimi yazardı. Bilirsənmi, yaş, oxu vərdişi, dünyagörüşü oxucunu böyüdür, ona bir əsəri müxtəlif baxış bucaqlarından görmək imkanı verir. Məsələn, mən Drayzerin “Dahi”sini ayrı-ayrı illərdə müxtəlif baxış bucağından oxumuşam, hər dəfə bir özgə hisslə, təəssüratla ayrılmışam, yeni bir şey tapmışam.
Bunları deyirəm, bir italyan rəssam haqqında olan film düşür yadıma. Bu adam hər gün öz rəsmini – avtoportretini çəkir. Və hər gün öz portretinə yeni əlavələrini edir. Ona görə ki, hər günün öz izi, öz cizgisi var.
– Uşaqlıq dövrünüzdən yönü bəri elə bir əlahiddə xatirəniz varmı ömrünüz boyu sizi təqib edib, yaddaşınızı bir an da olsun belə tərk etməyib?
– Bu xatirələr kifayət qədər var. Hərəsi öz məqamında yenidən boy göstərir. Ancaq bir xatirəm də var ki, bax o, əsl sən deyən təqibçilərimdən olub. “Qaçhaqaç” romanımda yazmışam. Fikrimi belə ümumiləşdirmişəm ki, mən dünyaya gələndə artıq dörd yaşım vardı. Qonşumuzun Dəcəl adlı oğlu bir dəfə gəlib mənə dedi ölü ölüb, basdırırlar, gedək baxaq. O zamanlar da adam ölümü nadir hadisə sayılırdı. Xülasə, qonşuluqda yaşlı bir kişi dünyasını dəyişmişdi. Dəfn edirdilər. Dəcəllə bərabər mən də getdim. Yaşlı kişilərin arasından birtəhər dürtülüb ölünü necə dəfn etdiklərinə tamaşa etdim. Və mənə elə gəldi ki, o qəmli səhnəyə göz yetirə-yetirə mən məhz həmin an doğuldum, ölümü dərk etdim. Gəldim evə. Bərk qorxmuşdum. Axşam anama dedim ki, qorxuram, qoy sənnən yatım. Sonra başladım anama sual verməyə ki, mən də öləcəmmi? Dörd-beş yaşlı bir uşağın ölümdən bu qədər qorxmasının özündə nə isə bir şey vardı. Elə bil beynimin hansısa yatmış bir layı, qatı açılmışdı. Həyat, insan, dünyanın gəlim-gedimi haqqında birdən düşünməyə başlamışdım. Elə bil bir gündə yüz ilin ömrünü yaşamışdım. O dünyasını dəyişən kişinin ruhuna, onun dəfn epizoduna çox minnətdaram. O epizod bütün ömrüm boyu mənim düşüncələrimi izlədi. O vaxta qədər bizim evlə üzbəüz qobunun o biri tərəfində olan qəbiristanlığa heç fikir verməmişdim. Ondan sonra gördüm bu qəbiristanlıq nə yaxın imiş... O düşüncələr bəlkə də mənim yazıçı taleyimin ilkin təbəddülatları, notları idi... Təxminən üçüncü sinifdə oxuyanda Moskva, Qızıl meydan haqqında şeirlər yazmağa başlamışdım. Arada sevgidən, eşqdən yazdığım da olurdu. İlk şeirim “Qızıl Araz” qəzetində işıq üzü görmüşdü. İndinin özündə də yadımdadı:
Sual verdi sevgilim
Bir gün üz tutub mənə:
– Nədir
arzun həyatda,
Cavan oğlan, desənə?
Dedim həyatda
yalnız
İki arzum var, ay qız.
Biri sənət
dağının
Zirvəsinə ucalmaq.
Biri də
ki, səninlə
Ömür sürüb qocalmaq.
Orta məktəbdə oxuduğum illər idi. İlk qələm
təcrübələrimi məktəb direktoru Savalan müəllimə
oxuyurdum. Deyirdi ki, hələ bədii cəhətcə
zəifdi, sən niyə öz kəndimizdən, doğma
insanlardan yazmırsan? Sonra bu şeirləri
poçtla Yazıçılar İttifaqına göndərdim.
Çox iri, böyük bir konvertdə cavab
yazmışdılar ki, bədii cəhətdən zəifdir.
O məktubu yazan şair də elə bil haradasa Savalan müəllimin
qohumu idi. Eyni cavabı yazmışdı. Amma bir yaxşı cəhət var idi ki, zərf
çox böyük idi. Və bu zərfin
bu boyda böyük olması onu görənlərdə mənə
qarşı qibtə qarışıq bir maraq oyadırdı.
Zərfin içi məni, çölü
görənləri yandırırdı. Hə,
onu da deyim ki, həmin illərdə başlamışdım
sifarişlə şeirlər yazmağa. Əlamətdar
günlər münasibətilə məndən şeir istəyirdilər.
Rayon təhsil
şöbəsinin müdiri kəndə
maşın göndərir, məni direktorla bərabər
rayon mərkəzinə apartdırır, tədbirlərdə
söz verirdi. Bir dəfə də o zaman Azərbaycan
Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov
rayonumuza gəlmişdi. Görüşdə
ona həsr etdiyim şeri oxudum. Durub məni
boyu bərabəri qaldırdı, üzümdən
ötdü. Telefon nömrəsini yazdı ki,
atana de, Bakıya yolu düşəndə mütləq səni
yanıma gətirsin... Olub belə şeylər.
Bütün bunlar sənət yolumun
üstünə çıxan ilk qayğıkeşliklər
idi. Məni vüqarlı, güclü
böyüdürdü, inam verirdi. İndi durub desəm
ki, o qayğıların mənim sonrakı taleyimdə
müsbət yöndə heç bir əhəmiyyəti
olmayıb, onda yalan danışmış olaram...
– Seyran Səxavətin yalana münasibəti necədi?
– Bayaq
puldan danışdıq, dedim ki, pul nadan əlində nüvə
başlığı, kütləvi qırğın silahıdı,
alçaqlığın belindən gələn əkiztayıdı
ha, bax, yalan da elə bir şeydir. Yalan
yaltaqlığın lirikasıdı. Dostoyevski
dünyanı gözəllik xilas edəcək deyirdi. Mənsə deyirəm ki, dünyanı yalan məhv
edəcək.
–
Özünütəbliğlə məşğul olursunuzmu?
–
Düşünürəm ki, özümü təbliğ edəcəyim
vaxtı yaradıcılığa sərf etsəm daha
yaxşıdı. Hərdən dostlarım
soruşur ki, yeni kitabında nədən yazıbsan?
Deyirəm, nə insafsız adamsan... Deyir: “Niyə?” Cavab verirəm ki, mən yazıq həm əsər
yazmalı, həm onu nəşr etdirməli, həm də onun
məzmununu sənə danışmalıyam?
– Tənqidə
münasibətiniz necədi?
–
Vicdanlı, obyektiv tənqidin əsiriyəm. Ancaq sovet
vaxtında muzdlu tənqidçilər var idi, indi isə
günəmuzd tənqidçilər var...
– Adətən,
yazıçı və şairlər həmişə ilk sətri
yazmağın ağırlığından şikayətlənirlər.
Bu proses sizdə necə gedir?
–
Bütün səmimiyyətimlə deyirəm ki, mənim
üçün dünyada yazı masasından zəhmli
heç nə yoxdu. Gərək yazı
masasının önünə əsnəyə-əsnəyə
getməyəsən. Bu prinsipə həmişə
əməl etmişəm. Ən çətini
ilk cümləni, ilk misranı yazmaqdı. Onu gərək sən özün yazasan. Ondan sonra sözün özü çəkib
aparmalıdır. Sona qədər. “Daş evlər”də iki cümlə – birinci və
sonuncu cümlələr mənimdi, yerdə qalanları
söz özü səni çəkib gətirib. Mən heç vaxt yazdıqlarımın üzərində
düzəlmiş, redaktə-filan etmirəm. Olsa-olsa bir-iki vergül, söz düzəlişi edə
bilərəm. Vəssalam. Bu, mənim yazı tərzimdir.
–
Yazıçı kimi mühitin təsirini necə hiss
edirsiniz?
– Deyim ki,
çox vaxt heç o mühitin, mənə təsir edən
adamların özləri bilmir ki, mənə hansı müsbət
enerjini verirlər. İsmayıl oğlu Bəylərin,
Zeynalın, Adil Hacıyevin, Poçtalyon Qadirin müsbət
enerjisi mənim üçün həmişə əziz olub.
O insanların münasibəti ruhumdan elektrik enerjisi kimi
keçib həmişə. Məni silkələyib,
oyadıb...
– Danılmaz bir həqiqətdir ki,
şair və yazıçılar dilimizi qoruyurlar. Ancaq o da bir gerçəklikdi ki, bu gün söz
adamlarının çoxu sözə naxələf
çıxır, dilimizi korlamaq işinə daha çox “xidmət”
edirlər. Bir yaradıcı kimi bu məsələlərə
mövqe bildirməyinizi istərdim.
– Bu məsələlərlə
bağlı mənim təqribən otuz minə qədər
faktlara söykənən qeydlərim, əslində
iradlarım var. Təbii ki, onların hamısını burada
bir-bir söyləmək, necə deyərlər,
açıb-ağartmaq imkan xaricindədi. Bu sahədə
birincilik televiziya kanalları üzərinə
düşür. İndi az qala Azərbaycan
dili əvəzinə televiziya dili işlətmək məcburiyyətindəyik.
O günü baxıram, cəbhə bölgəsindən
veriliş verirlər, bir qadın ovcunda evinə atılan
güllələri tutub belə deyir: “Dərden alem” – bu
gözəldi, təbiidi. Amma sonra da əlavə edir:
“Görürsən də, güllələrə məruz
qalerıx”. Deməli, xalq da başlayıb Azərbaycan
dilində yox, televiziyasının dilində
danışmağa. Əgər dilin
yaradıcısı, qoruyucusu və cilalayıcısı olan
xalq da başlayıb televiziya dilində danışırsa,
artıq bu fəlakətdir.
Dilimizə də artıq güvə
düşüb. Xalq “gülləyə məruz
qalmışıq” deməz, “göydən başımıza
güllə, mərmi yağdırırlar” deyər. Bu barədə konkret təkliflərim var; Bizdə
Milli Teleradio Şurası fəaliyyət göstərir.
Yaxşı olar ki, o qurumla bərabər bir
növbətçi qrupu yaradılsın. O qrup
televerilişləri bir həftə izləsin, müşahidə
edilən nöqsanlar bir yerdə müzakirə olunsun. Mən özüm elə bir qrupla bir yerdə
növbətçilik etməyə hazıram. Bu layihəni “Ədəbiyyat qəzeti” gerçəkləşdirə
bilər. Həm səviyyəsi, həm də
təcrübəsi buna imkan verir. Konkret deyirəm, bunu “Ədəbiyyat
qəzeti” eləyə bilər və etməlidi də!
– Ədəbiyyatın bir əsas işi də nəfsinə,
umacağına qalib gəlməyə cəhd edən
insanın yanında olmaqdı. Necə bilirsiniz, bu istiqamətdə
“qalib gələcəkmi cahanda kamal?”.
– Deyim ki,
təmənna insanın əxlaqına güclü zərər
vuran bir şeydi. Dünyada təmənnasız
da bir şey qalmadığına ancaq təəssüf etmək
olar. Bu, ədəbi cəhdimizin
uğursuzluğa düçar olduğu bir sahədi. Yəni,
ədəbiyyat bu qüsuru aradan qaldırmağa tam
yardımçı ola bilməyib. Eləcə də nəfsin tərbiyə prosesinə.
Nəfs qədər də
dağıdıcı heç nə yoxdur. Həm təmənna, həm də nəfs
quduzluğa aparıb çıxarır. Təəssüf
edirəm ki, bu deyilənlər indi çox vaxt yaradıcı
insanların özlərinin daxilində tüğyan edir.
Özü ilə mübarizə apara bilməyən
söz adamı özgəsinə necə dərs verə bilər?
– Seyran
müəllim, yaxın günlərdə Azərbaycan
yazıçılarının növbəti qurultayı
keçirildi. Həm iştirak, həm də
maraqlı çıxış etdiniz. O qurultay daha
çox nə ilə yadınızda qaldı!
–
Qurultayda edilən çıxışların səksən-doxsan
faizi yaxşı mənada bir-biriylə səsləşirdi. Yəni, ötən dövr ərzində Azərbaycan
ədəbiyyatı xeyli inkişaf edib, uğurlar var.
Yazıçılar Birliyinin rəhbərliyi istedadlı
insanların yanında olub, qayğı göstərib. Hörmətli Anar müəllimin fəaliyyəti ilə
bağlı xoş fikirlərimi də qurultaydakı çıxışımda
bəyan etdim. Ancaq o qurultayda mənim
yadımda daha çox Sabir Rüstəmxanlının proqram
xarakterli, çox məsuliyyətli və ağıllı
çıxışı oldu. Bir də
Prezident Aparatının məsul işçisi Fatma xanım
Abdullazadənin. Adam gərək olanı
deyə. Fatma xanımın xüsusilə uşaq ədəbiyyatımızın
problemləri, televerilişlərin səviyyəsi haqqında
söylədikləri mənim ürəyimdən xəbər
verdi. Görünür
insanın insanı tanıması, onun fikir və
düşüncəsinə bələd olması
üçün həm də şərait, təmas lazım
imiş. Həqiqətən də mən o
çıxışlardan çox razı qaldım.
–
İstedadlı adam sizin üçün
kimdir?
–
İstedadlı adam nefti olan ölkələr
kimi həmişə başıbəlalıdırlar.
– Bəs
ziyalı haqqında nə deyərdiniz?
– Qısaca olaraq deyə bilərəm ki, ziyalını həmişə güzgüyə bənzədiblər. Bir evdə güzgü sınanda ailəyə bədbəxtlik gətirir. Ziyalı sınanda isə cəmiyyətə! Kaş ziyalılarımız heç vaxt sınmasın...
– Siz “Ədəbiyyat qəzeti”ndə çalışdığınız vaxt həm də bax elə bu otaqda əyləşibsiniz...
– Bu otağı heç unutduğum da olmayıb. Düzdü, üç yüz on üç rəqəmi bir az nəhs rəqəmdi. Ancaq bu rəqəmlər müxtəlif anlamlarda mənə çox doğmadı. Oğlumun mənə bağışladığı telefonun nömrəsi 313-13-28-dir. Yetmiş illiyim münasibətilə seçilmiş əsərlərimin on üç cildini nəşrə hazırlayıram. Bax, elə indicə baxıb görürəm ki, saat on üçdü. Müsahibə üçün zəng edib mənə bildirəndə dedin ki, sizə otuz üç sual hazırlamışam... Bütün bunlar elə-belə şeylər deyil. Mən burada işləyəndə kollektivi çox doğma, əziz görmüşəm. Yusif Əzimzadə və Nəriman Həsənzadənin dövründə bizimlə Nəzakət, Pakizə, Əntiqə işləyirdi. Bir ailənin üzvü kimiydik. İnsan bəzən öz ailəsinin, doğmalarının yanında belə darıxır. Ancaq burda darıxdığımız gün heç olmadı. Rəhmətlik Sabir Əhmədov çox ciddi adam idi. Vidadi Məmmədov saqqızımı oğurlayırdı, mən də Sabir müəllimi yeməyə dəvət edirdim. Üzünü bozardırdı ki, ə, siz nətəhər adamsınız? Elə ki, iş qurtardı, görürdüm Sabir müəllim özünəməxsus təbəssümlə üzünü mənə tutub deyir: “Ə, bəri bax görüm, günorta mənə nə demək istəyirdin?” Tez də əlavə edirdi: “Bax, adama yüz qram araq, bir bakal pivə, bir az da sosiska, artıq olmaz”. Çətini də o yüz qrama qədər idi. Sonra Sabir müəllim də dönüb olurdu pilə kimi... Sərvaz, yadıma düşmüşkən, Elmira xanım işə gəlibmi? İstəyirəm görüşəm...
– Fotoqrafımız Yaquba demişəm, indilikdə şəklimizi çəksin, Elmira xanımsa sabah işdə olacaq.
– Oldu, sabaha qədər...
Söhbətləşdi: Sərvaz
HÜSEYNOĞLU
525-ci qzəet.-2014.-12 iyul.-S.22-23.