“İnsan amili – həyat və zaman”

 

Rafiq Əliyev

 

Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Murtuzayev Sadıq Nəbi oğlunun “İnsan amili – həyat və zaman” adlı kitabı işıq üzü görüb. Sözügedən kitab Azərbaycanın tanınmış ziyalısının, illərlə rəhbər vəzifələrdə çalışmış istedadlı və bacarıqlı dövlət məmurunun, ən uzunömürlü raykom katibinin keçdiyi keşməkeşli ömür yolundan bəhs edir. Müəllif həyatı boyu təmasda olduğu istər vəzifəli şəxslərin, istərsə də sadə əmək adamlarının timsalında insan amilinin müxtəlifliyinin sirlərini açmağa çalışır. O, insan məfhumunun mahiyyəti haqqında ən dərin və ətraflı təsəvvürləri oxucunun diqqətinə çatdırmağa cəhd edir. Burada bəşəri münasibətlər – dostluq, sevgi, səmimiyyət, qarşılıqlı hörmət kimi dəyərli duyğular barədə geniş söhbət açılır. Müəllif müxtəlif yüksək vəzifəli şəxslərin həyat təcrübəsində etdiyi müşahidələr əsasında sədaqətli və ədalətli rəhbərdən tələb olunan xüsusiyyətləri dəyərləndirərək sadalayır.

Sadıq Murtuzayevin “İnsan amili – həyat və zaman” kitabının redaktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Yəhya oğlu Əliyevdir. Onun kitabla bağlı yazdığı rəyi olduğu kimi, dərc edirik:

Dəyişən və təəssüf ki, heç də həmişə cəmiyyətin xeyrinə olmayan yeniliklərlə zənginləşən müasir dünyamızda son dövrlərin ən ciddi mənəvi fəsadlarından biri unutqanlıq, tarixi keçmişə etinasızlıq halları və cəmiyyətin aparıcı qüvvəsi olan gənclər arasında ağsaqqal nəsihətinə cavab olaraq “ehtiyacım yoxdur, mən hər şeyi bilirəm” deyənlərin sayının getdikcə artması ilə bağlıdır. Yüzilliklər ərzində mənimsədiyimiz yüksək mənəvi-etik dəyərlərimiz, ailə və dostluqla bağlı anlayışlarımız getdikcə müasir dövrün ziddiyyətli axarına və mahiyyətinə uyğun bayağılaşır, öz məzmununu dəyişir, bəzən də açıq-aşkar deformasiyaya uğrayır. Çətin uyğunlaşdığımız bazar iqtisadiyyatı deyilən yaşam tərzinə keçid dövründə həyatımıza daha çox şəxsi maraqlara cavab verən fərdiyyətçilik, xudbinlik kimi milli ruhumuza zidd anlayışlar hakim kəsilir.

Bunun əsas səbəblərindən biri, hesab edirəm ki, keçmişimizin, o cümlədən yaxın keçmişimiz olan sovetlər dönəminin müsbət və mənfi tərəflərininin gənc nəsilə doğru-düzgün izah edilməməsi, formalaşmış milli-mənəvi dəyərlər sisteminin getdikcə daha çox hücumlara məruz qalması və neqativləşməsi ilə bağlıdır. Yaxın keçmişi yalnız neqativlik prizmasından təqdim etmək yeni dəyərlərin üzə çıxmasına mane olur, bizi Avropanın üzdəniraq mədəni standartlarına əl uzatmağa və onları etalon kimi qəbul etməyə sövq edir. Guya biz hər şeyi sıfırdan başlayır və avropalaşmağa can atırıq.

Daxili mahiyyətinə çox da varmayan gənc nəslin xeyli hissəsi “avropalaşmaq” adı altında “xaric”dən bizə təqdim olunan, Avropanın özündə belə ikrah doğura biləcək dəyərləri mənimsəyir və təəssüf ki, bunları həm şəxsi həyatında, həm də sosial şəbəkədə geniş təbliğ edir. Araşdırmalar göstərir ki, bu neqativ proses yüksələn xətt üzrə davam etməkdədir. Bunun qarşısını almaq üçün atılan addımlar bəzən çox zəif olduğundan, təklif və təqdim olunan ideoloji baza isə günümüzlə təzad təşkil edən yarımçıq dəlillər və faktlar üzərində qurulduğundan cəmiyyət tərəfindən az qəbul olunur. Başlanan iş sona çatdırılmır, bütövlük, tamlıq yaranmır, vəhdət pozulur. Bu isə hər bir vətəndaş üçün mənəvi tələbatın ödənməsində ciddi problemlər yaradır.

Mədəniyyət, tərbiyə sistemi ilə məşğul olmaq tez gəlir gətirən sahə olmadığı üçün az qala bazara çevrilmiş cəmiyyətdə insanlıq amili anlayışı getdikcə unudulur. Belə ümumi, xoşagəlməz fonda, zənnimcə, ən çox gənclərə yönəlmiş həyat fəlsəfəsi rolunu oynaya biləcək bir kitabın yazılıb cəmiyyətə təqdim edilməsi olduqca təqdirəlayiq haldır.

Əlbəttə, kamil insan anlayışı əsrlər boyu bəşəriyyətin və hətta bizi Yaradanın da nəzərində vacib məsələ kimi, necə deyərlər, həmişə gündəmdə olub və bu gün də qalmaqdadır. Yaradanın insanı kamilləşdirmək üçün etdiyi cəhdlər, göndərdiyi müqəddəs kitablar, peyğəmbərlər, onların yaşam tərzi bir nümunə rolunu oynamaq məqsədi daşımışdır. Bu xeyirxah missiya birbaşa insan amili ilə bağlı olduğundan yalnız və yalnız bəşər övladının vasitəçiliyi ilə reallaşa bilər. Odur ki, təcrübəli müəllif bu amilləri çox incəliklə, “zor” işlətmədən oxuculara səbr, məhəbbət, insana yüksək qiymət kürsüsündən xoş niyyətlə təqdim edir.

Əminəm ki, keçdiyi zəngin həyat təcrübəsi baxımından müəllif başqalarına nümunə olmaq haqqına tam sahibdir. O, həyatın sınaqlarından qalib çıxan, özünün də daşıyıcısı olduğu milli-mənəvi dəyərləri və etik anlayışları özünəməxsus tərzdə təqdim edir.

Ömrünün doqquzuncu onilliyini yaşayan, sağlam, səmərəli, işgüzar, yaradıcı insan, müdrik ağsaqqal, tanınmış ictimai və dövlət xadimi, elmin ayrı-ayrı sahələrinin, xüsusilə də ədəbiyyat və fəlsəfənin mahir bələdçisi həyatda düşdüyü hər bir çətinlikdən Tanrının ondan əsirgəmədiyi dərin zəka, möhkəm iradə və böyük səbrlə münasib çıxış yolu tapan insandır. Doğma Azərbaycanımızın hansı bölgəsində və hansı vəzifədə çalışmasından asılı olmayaraq, o, məcazi mənada desək, özü ilə ən yüksək mənəvi dəyərlər “səbət”ini daşımaqdan yorulmamışdır. Cəmiyyət mürəkkəb bir bəşər toplumu olduğunu nəzərə alsaq, onun daxilində cərəyan edən münasibətlərdə insan fenomeninin nə qədər vacib olduğunu anlamaq mümkündür. Bu amilin aparıcı və həlledici rolunu dəyərləndirən S. Murtuzayev qələmə aldığı və oxucuya daha asan başa düşülən dildə – xalqın dilində çatdırmaq qabiliyyəti kitabın hər sətrindən bəlli olur. Şübhəsiz ki, insan amilinin yüksək qiymətə layiq olduğunu yalnız bu amili dərk edib təcrübədən keçirmiş fərd izah etməyə qadirdir. Odur ki, sözügedən kitabı qələmə alan müəllif bu meyara tam uyğun gəlir desəm, zənnimcə, yanılmaram.

Təqdim olunan kitab müəllifin həyat yolunu, bu yolda görüb-götürdüklərini, paylaşdıqlarını əks etdirir. Bu böyük şərəfə nail olmaq üçün müəllif ilk növbədə nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri özündən uzaqlaşdırıb, el-oba, cəmiyyət tərəfindən bəyənilmiş keyfiyyətləri mənimsəmək yolunu məsləhət görür. Kitabda xeyirxahlıq, sədaqət, mübarizlik, zəhmətsevərlik, vətənpərvərlik, səxavətlilik, qayğıkeşlik kimi nəcib xüsusiyyətlər qabarıq şəkildə tərənnüm olunur. O, vətənpərvər insan, təcrübəli rəhbər, ən əsası isə keşməkeşli həyat yolu keçmiş müdrik ağsaqqal kimi gənclərə öz nəsihətlərini verir.

Müəllif doğulduğu kəndi, işlədiyi müxtəlif rayonları qarış-qarış gəzərək, keçdiyi çətin, amma şərəfli ömür yolunu ayrı-ayrı başlıqlar altında təqdim etməklə son nəticədə oxucunun diqqətini yenə də əxlaqi-mənəvi dəyərlərə yönəldir. Xalqımızın simasında yüzilliklər boyu yaşamış bu dəyərlər bizi bir çox məqamlarda başqa millətlərdən fərqləndirən əsas cəhətdir. Böyüyə hörmət, ata-anaya sevgi, kiçiklərə qayğı kimi xüsusiyyətlətin aşılanması Sadıq Murtuzayevin qələmə aldığı bu zəngin məzmunlu kitabın əsas qayəsidir.

O, dönə-dönə insanın fitrətən mehriban, qayğıkeş, səmimi olması fikrini vurğulayır, daxildən gələn səsi dinləyib onun göstərişlərinə əməl edən bəşər övladının qəlbinin günbəgün işıqlanmasını önə çəkir.

Bir sözlə, ən çətin məqamlarda çıxış yolu tapmağı bacaran, xalqını, millətini, Vətən torpağının hər qarışını müstəsna olaraq qiymətləndirmək, heç kəsin “burnunun belə qanaması”na razı olmayan vətəndaş, rəhbər, müdrik ağsaqqal Sadıq Murtuzayev özünün sahib olduğu əksər mənəvi dəyərləri bu kitab vasitəsilə insanlara, xüsusilə gənclərə aşılayır. Sadıq müəllim bütün ömrünü haqqın müdafiəsinə həsr etmiş ziyalıdır, nur sahibidir. Bunu hamı bilir və layiqincə qiymətləndirir. O, hər zaman haqsızın yox, haqlının yanındadır. Naqisliyi deyil, xeyirxahlığı seçir. Xəyanətkarları tənqid edib, xalqın gözündə ləyaqətli insanları yüksəltməyə çalışır. Zənnimcə, qələmə alınan bu kitab məhz zəruri hesab edilən mənəvi dəyərlər toplusu kimi qiymətləndirilməlidir. Arzu edərdik ki, bu kitab müasir dövrün “Qabusnamə”sinə çevrilsin, müstəqil həyata yenicə qədəm qoyan gənclərə layiqli bələdçilik etsin. Çünki kitabda yer alan və müəllifin keşməkeşli ömür yolununun süzgəcindən keçmiş ibrətamiz kəlamlar dillər əzbəri olacaq qədər dəyərlidir!

Sadıq Murtuzayev bu kitabda yalnız özünün sınaqdan keçirib inandığı, əməl etdiyi insani dəyərlər sisteminin bir çox fraqmentlərini bizə təqdim edir. Yazıçılıq məharəti, sadə, yalnız işə yarayan, qeyri-məcburi qəbul edilən bədii-obrazlı formada təqdimat yalnız təcrübəli və təfəkkür tərzi yüksək inkişaf yolu keçmiş Sadıq Murtuzayevə də nəsib olub. O, məzmun və formanı, bildiklərini digərlərinə çatdırmaq üsullarını məharətlə işlədərək kitabda bir bütövlük, tamlıq, əhatəlik yaratmağa nail olmuşdur. Bu müəllifin ən böyük uğurlarından yalnız biridir. Kitabın məziyyətlərini sadalamağa lüzum görmürəm, güman edirəm ki, bunu oxucu özü müəyyənləşdirməli, ağlının süzgəcindən keçirib qiymətləndirməlidir.

Kitab oxunaqlı, axarlı, oxucunu öz ardınca aparan bir dildə yazıldığına görə onu mütaliə etmək insanı yormur. Oxuduqca həvəslənir, həvəsləndikcə oxuyursan. Buna nail olmaq nadir qabiliyyət və ondan istifadə etmək məharəti tələb edir. Bəşər övladının dostu olan Sadıq Murtuzayevdə bu məharət özünü əməldə – belə bir kitabın yazılması ilə açıq-aydın şəkildə büruzə vermişdir.

Odur ki, mən çox həvəs və müəllifə xüsusi hörmət, məhəbbətlə təqdim olunan bu kitabı oxuyub, anlamağı cavanlardan tutmuş ahıl yaşlılara qədər cəmiyyətimizin bütün üzvlərinə məsləhət görürəm. İnanıram ki, hər bir oxucu orada axtardığını tapa biləcək. Müdriklik xəzinəsinə daxil olan kimsənin oradan hədiyyəsiz çıxmayacağına əminəm. Çünki formalaşmış, cilalanmış müdriklik bir şəxsin var-dövləti deyil, bəşər övladına verilən töhfədir. Müdriklik universal ümumbəşəri xarakter daşıyır. Odur ki, o, nəsildən-nəsillərə ötürülür və Vətən hüdudları çərçivəsindən kənarda da öz təsirini saxlayır.

Bəşəriyyətin inkişaf tarixi təsdiq edir ki, müdriklik kisəsi heç vaxt kasadlaşmır. Onun ən vacib xüsusiyyəti də, məncə, elə bundadır. Müəllif Sadıq Murtuzayev bu kisənin daşıyıcılarından birisidir, o, fərdilik çərçivəsindən çıxaraq ictimailəşmiş bir ziyalı, dost, müəllimdir, öyrədəndir. Yəqin ki, onun dünyaya gəlmə missiyası da bununla sıx bağlıdır.

 

525-ci qəzet.-2014.-12 iyul.-S.11.