Tələsib təndirə düşərsən
hələ, səbr elə, o səbir
boydadı dünya
Qanım, qançəkərim
(Kamil Vəli Nərimanoğluya)
Hardasa dərində, hardasa üzdə,
O mənim kimliyim, adım, ünvanım,
Batırıb qanıma barmaqlarımı
Yazdım
qayaların, daşların
üstə,
Qanım
tariximdir,
Tarixim-qanım.
Oldu ki,qanımı udub yaşadım.
Oldu ki,dişimdə tutub yaşadım!
Yal-yal, yamac-yamac çiçəkdi,
güldü,
Buruq bənövşədir
qanımın dadı.
Dönüb Araz olub iki yüz ildi,
Sinəmin üstüylə axmağındadir,
Hələ ki,əzəli-axırı
yoxdur,
Dolmayan çalası-çuxuru yoxdur...
Artıq,
dan yeri də qana boyandı,
Bu nədir,göydən də yoxsa qan
çıxır?
Bəlkə Xocalıda tökülən
qandı
Fışqırıb dağılıb
göyün üzünə,
Günəş də hər səhər o qandan çıxır?!...
Odur, o! Ortada oynayır hələ,
Qan yerdə qalmaz ki!
Bu nida haxdır.
Bir ucdan qalanır-qaynayır hələ,
Bir gün yetişəcək
o vədəm axı,
Başıma çox gəlib,
bələdəm axı,
Qəfil
gözlərimi qan tutacaqdır!...
Dönüb kipriyimdə qan
işıq olur,
Bələdçim gözümdür qaralı-ağlı.
Baxma tükənməzdi,
dünyanı gəzdi,
Hərdən mənim qanım
bir qaşıq olur,
O da bir himə
bənd,bir himə bağlı.
Yatar quzu kimi,oyanar
qurdtək,
Bir əldə qıfıldır,bir əldə açar.
Qanım
qan gördüsə qana gedəcək,
Filankəs deyil ki, qan görən kimi
qayıdıb qaça.
Onun da sədası oğuza düşə.
Zərb-məsəl olub ağıza düşə...
Nələrə şahiddir tarixin
taxı!
O ki,qan üstündə
başdan-ayağa.
Gördülər başqa cür
olmayacaqdır,
Bəzənib-düzənib yol üstə durub,
boynunu burub,
girəvə gəzdilər
Qanıma qan qatıb qarışdırmağa.
Demə
nə anladı,nə qandı qanım,
Nə yazıq,arabir aldandı qanım...
Gərək hər qançəkər
qan üstə əsə,
Ey vah! Neçələri burda xam artıq.
Qanım
çəkməyəni meylim
çəkdisə,
Mən getdim güdaza,
mən yoxam artıq!
Necə
ki,yox olub
o tayda qaldım,
Dərbənddə, Krımda... Altayda
qaldım...
Dolaşdım dünyanı əlimdə
əsa,
Götür,qançəkərim,xəritəmi çək.
Təki
yer üzünün harasındasa
Qançəkərim olsun.
Qanım
çəkəcək!...
...Havası tərsinə,suyu tərsinə,
Yanan Qarabağda
torpaqdı hələ.
Gecə
silkələndi güllə
səsinə,
Sərhəddə yenə də qan axdı, yenə.
Sən buna məhkumsan hələ də qanım,
Hələ bir ayağı
tələdə qanım...
Gedək görək...
(“Heç nə mən o mənəm, nə sən o sən...” Bir məktubdan)
Demək,
mən o mən deyiləm,
elədirsə ver əlini
gedək o məni
axtaraq.
Ola bilər
ya bir bənddə-bərədəyəm,
ya bir dağda-dərədəyəm,
gedək o bağı-bərəni,
dağı-dərəni axtaraq.
Demək,
sən də sən deyilsən,
sən də itmisən hardasa,
yəqin xəbərin
olmayıb,
sən də qoşulmusan mənə,
çıxıb getmisən
hardasa.
Gedək
bizi axtarmağa,
özümüzü axtarmağa,
hava çox da qaralmamış,
işıqgözü axtarmağa.
Bu itkiyə hesabını
bilən varsa dözməyəcək,
Özümüzü biz gəzməsək,
özgə bizi gəzməyəcək,
Həm də külək kəsməyəcək...
Hər
diqtəsi bir sim üstə
bu anın,
zamanın indi,
Çalış itmə,
itsən çətin
tapılasan,
Tapılan tapanın indi...
Mən heç,başım qalmaqalda,
unutmuşam gəldiyimi,getdiyimi,
heç özümü
anladım ki,
anlayım da itdiyimi!
Ola bilsin nəsə olub,
ya elə-belə itmişəm,
sürü geri qayıdanda
qalmışam dala,itmişəm,
Ya bir ölət quzu kimi
ilişib kola, itmişəm.
Bəs sənə
nə olub, atam?
İynə deyil,
düymə deyil
əldən düşüb
itə adam...
Yoxsa olan haxdı bizə?
Yoxsa sabah yoxdu
bizə,
dünən bizi oğurlayıb?
Ha çoxdu yolunu azan,
bəlkə elə bir yolundan
dönən bizi oğurlayıb?
ayımızı-günümüzü oğurlayıb?!
Dəyişir hər şeyin
dadı,
üzdə belə,
bizdə belə,
sizdə belə,
Yoxsa elə o dad özü
saldı bizi ağzıbirə,
qapımızı qıfılladı?...
Çox
mətləbi görməsəydik,
bilməsəydik, nə vardı ki,
Bilirik,necə bilməyək?!
Bir az ondan
qorxuram ki,
azan çoxdur, tünlük ola,
ya sən səni,ya mən məni
tanıyıb seçə
bilməyək...
Gedək,qardaş,gedək gəzək,
Gəzən tapar,
Bəlkə tale baxdı bizə,
Gizli deyil, baxtabaxtdı,
Ümid qalıb baxtımıza.
Tapa bilsək özümüzü,
Bu gün bizim,
Sabah bizim,
Qorxma,ölüm yoxdur bizə...
Arım
arı olsa...
(“Nə qalmısan o əyalətdə e, elə
bildünyanı görmürsən
heç...” Bir dost tənəsi)
Bölgünü biz böldük,
Biz verdik adı,
Olur,ölçüsünü səhv
salır adam.
Axı nə olsun ki,hara haradı,
Hər yerdə eyni ay çıraq yandırır,
Hər yeri bir günəş
işıqlandırır,
Lap bir ayrı dünya
olsa da belə,
Burda da o torpaq,o
su, o külək,
Hər yerdəkitək,
Bura da Allahın altıdır,atam.
Bəzən söz özü
də bir yükdür axı,
Daşıya biləsən gərək
onu da.
Bu dünya nə boyda böyükdür axı
“Ora”ya,”bura”ya bölək
onu da.
Bir də hər boxçanın qismət düyünü,
Arada aralıq
qalır ki bəyəm?
Hə desin,yox desin,
Az,ya çox desin,
Ağacın harada əkildiyini
Ağacdan soruşan olur ki bəyəm?!...
Dəyməz qəpiyə də
ha atıl-ha düş,
Buludu gətirən
götürə gərək.
Sən hələ
Fərqində deyilsən hələ,
Arım
arı olsa,atalar
demiş
Balını Bağdaddan gətirə
bilər...
Nə var ki,axarın
çəminə dursa,
Yox yerdən
əlini üzməyə
dəyməz.
Kimdir uşaq,
hə?
Gəl əyri oturaq, düz danışaq,hə,
Əgər ev buzovu öküz olmursa
Günahı buzovda gəzməyə
dəyməz...
Di qaldır qapağı gücün çatırsa,
Açsan açılacaq bilirsən
necə?
Mərkəzdə qazancın çayxanadırsa,
Ondan əyalətdə nə qədər desən,
Qalıb hamısı da ağzıgünəcə.
Qarışıb boy-boya, axın-axına,
Hər vaxtı-vədəsi özgə
bir aləm,
Hərdən düz gətirmir
işim elə ki,
Birdən
havalanır başım
elə ki,
Ustufca enirəm Kür qırağına,
Dil bilən,hal qanan
ağaclar ilə,
Qırqovullar ilə,turaclar ilə
Vətən həsrətimi bölüşdürürəm...
.
Nə göydən gendəsən,nə yerdən uzaq,
Hər cür təkəbbürdən,dedi-qodudan,
Məkrdən uzaq
Eh,mənim onsuz da əl qızdırası,
Yaxın
durası
Odum-közüm yox,
Mərkəz,ya əyalət,-
Umu-küsüm yox.
Gümanım bir cüt göz,bax ki,
baxasan,
Qoşul
Dəli Kürə,
ax ki, axasan...
Bu yarpaq ümidin təlaşı haqdı,
Dirənib durmuşam budaq
gücünə,
Yurdu olmayanın özü də yoxdu,
İzi də elə,
Üzü də elə,
Nə üzlə çıxsın
ki adam
içinə?!...
Çox
oldu,çox yerə çəkdim-çəkildim,
Axır ki bağladı bu kilid məni.
Bəlgəni götürdün,axdım,töküldüm,
Di gəl bacarırsan səbəb tap gətir,
Bir həb tap gətir,
Gəl kirit məni.
Bilmirsən
Bilmirsən xeyirsən, ya şərsən hələ,
Çox
belə şiş üstə bişərsən
hələ,
Tələsib təndirə düşərsən
hələ,
Səbr elə, o səbir boydadı dünya.
Ovçudu, ovlaqdı, ovdu,
bərədi,
Bax ki baxacaqsan,
Nə mənzərədi!...
Səndən irəlidə dağdı,
dərədi,
Geridə bir ləpir boydadı dünya.
Gələnin, gedənin hərəmiz
biri,
Dəlisi,
dolusu, həlimi, kürü...
Kiməsə olandan on dəfə
iri,
Mənə bax bu sətir
boydadı dünya.
Çəkin bu, yükün
bu, yoluna təksən,
Sürüşər ayağın əlini çəksən,
Şair
yaxşı deyib: ələnəcəksən,
Hardasa bir xəlbir boydadı dünya.
Yaranmışam, yaşamışam, köçmüşəm,
Aramışam, axtarmışam, seçmişəm,
Eninə-boyuna qamış ölçmüşəm,
Uzağı bir qəbir boydadı dünya...
Xasay Mehdizadə
Bərdə
525-ci qəzet.-2014.-19 iyul.-S.30.