“Həm Adəm, həm İncəyurdsan...”

 

Şeirimizin ədəbi və (əbədi!) gənclik rəmzi Müşfiqin diliylə desək, “şeirdən, şairdən dövlətli ölkəmizdə” sənətkarlarımız tarixən də az olmayıb, bu gün də çoxdur. Bu günlərdə 60-ı aşırıb, 100-ə bir az da yaxınlaşan Rəfail İncəyurd isə mənim üçün özəl statusa malikdir. Çünki onun sadəcə şairlik yox, həm də adamlıq istedadı var və sözümə elə burdan başlamaq istəyirəm. Adam da, ağac da, daş da, quş da, külək də... öz-özlüyündə şeirdir, Adəmin yazdığı yox, Allahın yaratdığı şeir. Amma hər şeyin adını yalnız Adəm bildiyi kimi, şeiri də yalnız adam yaza bilir və şeir yazmaq üçün öncə adam olmalısan...

 

Yaddaşım məni təxminən on il öncəyə, Bayıla, isti bir yay gününə  aparır... Rəfail, mən və üzünü ilk dəfə gördüyüm bir nəfər masa arxasında oturmuşduq. Və o adam söhbət əsnasında bir yerdə oturub çörək kəsməyə yaraşmayan elə ifadələr işlətdi, elə hərəkətlər elədi ki, mat qalsam da, lənət şeytana deyib eşitməzlikdən gəldim. Elə bildim ki, Rəfail söhbəti tutmadı. Üstündən bir neçə dəqiqə keçdi, şair danışdı. Və başa düşdüm ki, o nəinki sözü tutub, hətta artıq ona cavab da verir. Amma necə? Şairə yaraşan həssaslıqla, arifə yaraşan işarəylə, ziyalıya yaraşan təmkinlə, qazaxlıya yaraşan ağayanalıqla (istənilən qazaxlı anadangəlmə kübarlıq instinktinə malik olur), insana yaraşan nəzakətlə... Şairin qiymətini ürəyimdəcə verdim. Və indi nə yazsam da, bilirəm ki, bu, on il öncə, həmin o isti yay günü, dəniz kənarında, Bayılda, ürəkdən verdiyim qiymətə çatmayacaq. Biz ən gözəl qiymətlərimizi ürəkdə veririk və neyləsən də, dil ürəyə çatmır ki, çatmır...

 

Sonra arada-bərədə – o, hərdən Yazarlar Birliyinə gələndə, yolda-rizdə rastlaşanda, xeyirdə-şərdə qarşılaşanda Rəfaillə söhbətlərimiz olur və hər dəfə o ilk təəssüratımı bir daha təsdiq edirdi  – həssaslığı, ziyalı mədəniyyəti, nəzakəti, səbri, təmkiniylə. Siz Allah, məni qınamayın, aşıq gördüyünü çağırar, neçə illərdən bəri oturub-durduğum qələm əhli içində şairin bu tipini çox az görmüşəm. Mən isə nəinki şair, ümumən insanı, özəlliklə də, ziyalını belə təsəvvür edirəm. Kəsəsi, zahiri görkəmindən akademikə o qədər bənzəməsə də, Rəfail bir insanlıq akademiyasıdır və gənc yazarlar (elə bəzi yaşıdları da!) ondan çox şey götürə bilərlər.

 

Aleksandr Blok deyirdi ki, şairlər iki qism olur: sözü özünə bənzəyən və bənzəməyənlər. Elə bilirsiniz ki, indi “Rəfail özü sözünə, sözü özünə bənzəyən şairdir” kimi trafaret bir söz işlədəcəm? Yox, mən onun bunlardan hansı kateqoriyaya daxil olmasında israrlı deyiləm. Çünki bunu demək üçün, Rəfailin özünü də, sözünü də daha yaxşı tanımalıyam. Sadəcə, onun özündən danışdım, indi də sözündən danışmaq istəyirəm, ona görə keçidi bu sitatla eləmək istədim.

 

 

lll

 

Rəfail, şeirimizn ədəbi (və əbədi!)  müdriklik rəmzi Səməd Vurğunun təbiriylə desək, “şairlər oylağı” Qazaxda – İncədərəsində doğulub.  Və bu məkan koordinatı onun sadəcə bir vətəndaş kimi sənədi yox, həm də bir şair kimi sənətinə öz ömürlük möhürünü vurub. Mehdixan Vəkilovun təbiriylə  desək, şair harda doğular? Əlbəttə ki, Qazaxda. Əgər müsaiddirsə, rəhmətliyin sözünə iki əlavə etmək istərdim. Sufi ruhlu və türkçü amallı şair harda doğular? Əlbəttə ki, Qazaxda. Baxın, Akif Səməd, Məmməd İlqar, Barat Vüsal, Məmməd Dəmirçioğlu, Vəli Xramçaylı, İbrahim İlyaslı, nəhayət, Qazax sufizmini sadəcə yaradıcılığı yox, həm də birbaşa yaşam tərziylə təsdiqləyən Məhəmməd Astanbəyli...

 

Bir sözlə, orta çağ sufi düşüncəsini çağdaş zamana proyeksiya edən adını çəkdiyim və çəkmədiyim bütöv bir şairlər pleyadası, şəxsən tanıdığım və tanımadığım ruh qardaşlarım. Əgər desəm ki, Rəfail Qazax şairlər pleyadasının Ronsarıdır, Barat Vüsalın rəsmi səlahiyyətlərinə müdaxilə edə bilərəm.  Bu üzdən elə deməyəcəm. Bir də ki Ronsar olmaq çoxmu vacibdir? Elə Rəfail olmaq da yetərlidir.

 

 

Qazax amili Rəfailin şeirlərinin həm forma, həm də məzmun sınırlarını müəyyənləşdirir: sərbəstə baxanda hecaya üstünlük vermək – bu, onun şeirlərinin  forma göstəricisidir; vəhdəti-vücud düşüncəsi, aramsız haqq axtarışları, Tanrı

eşqinə qovuşmaq çabası, bir sözlə, sufizm – bu isə məzmun göstəricisidir.

 

Haqqın dərgahına yol keçir hər gün,

Dərkin dərgahından keçən bulaqlar.

Cənnətin bağına su verir axı,

Eşqin dərgahından çıxan bulaqlar.

 

“Bu dünya eşqdir, qalan oyuncaq” deyirdi dahi Nizami, “eşq imiş hər hər nə varsa, aləmdə” söyləyirdi onun şagirdi Füzuli. Sadəcə, haqq aşıqları yox, həm də haqq aşiqləri idi Yunus Əmrə, Qaracaoğlan, Dadaloğlu, Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Dədə Ələsgər... Rəfail İncəyurdun sufiyanə eşq düşüncəsi poetik fikrimizin bu iki sütunu – divan ədəbiyyatı və əlbəttə ki, daha çox aşıq şeiri üstündə köklənib. Bunu qoyub ona getmək kimi çıxsa da, deyim ki, aşıq şeiri özü də divan ədəbiyyatının xəlqi, demokratik formasıdır. Birinin qəhrəmanı aşıq, digərininki aşiqdir və hər ikisinin ana mövzusu eşqdir.

 

Rəfailin ilahi eşq anlayışı onun bədii dünyagörüşünün konturlarını cızan ana yasasıdır. Hər şey bir şeydən gəlir və sonucda ona da qayıdır. Yəqin bu üzdən, şairin fikrincə, sözün gerçək anlamında şeir Allahın diqtəsiylə yazılan imladır. Şair isə (söhbət qrafomandan yox, ilham sahibindən gedir!) Allahla insan, dünyanın bu üzüylə anrı üzü arasında ötürücü, mediatordur. Rəfail demişkən, şair “könül tarlasındakı sözləri ilahi bir eşqlə becərib, bu eşqlə də biçir”. Mən indiyə qədər hələ heç bir şairin şeirə bu qədər yüksək dəyər verdiyini görməmişəm:

 

Şairlik alnıma yazılan yazı,

Çölümə ad verir içim şeirlə.

Gəldim ki, dünyanın qıl körpüsündən

Ömrün o tayına keçim şeirlə.

 

Burda axı qeyri-adi nə var ki, bu sözlərə belə özəl dəyər verirsən deyə düşündünüz? Bəli, çaparaq oxuda bu elə belə də görünə bilər, amma məsələnin kökünə varsaq... İnsanı Sirat körpüsündən ancaq Allah kəlamı – müqəddəs Qurani-Kərimin “Fatihə” surəsinin ayələri keçirə bilər. Şairin fikrincə isə ürəkdən gələn şeir də vəhy kimidir və buna görə onun yaradıcı qüdrəti var. Düzdür, şeir yoxdan var eləmir, heç vardan yox da eləmir, amma eliksir kimi bir şeyi başqasına çevirə bilir və bu anlamda şair Allahın köməkçisidir:

 

Görürsən bir gözəl qiyafəsində

İldırım haraylı cəngavərləri

ya çiçək eləyir, ya lal eləyir.

Bir də görürsən ki, durduğu yerdə

Zərif könülləri işğal eləyir

Bənövşə ətirli zərif şeirlər.

 

Və bura qədərkilər Rəfailin poeziya bayrağının yaşıl rəngidir...

 

lll

 

Amma Rəfail orta yüzillərin yox, XXI əsrin adamıdır və onun Allaha yanaşmasında çağdaş insana məxsus ərkyana qınaqlar, “asilik” məqamları da az deyil:

 

Payızda çiçək arayan,

Bilmir gül açmır quruyan?

Yerin nəyini qoruyan

Göyün var, Rəhm yiyəsi?

 

Şair molla deyil, poeziya da din və yəqin ki, Yaradan öz  ərköyün övladları olan şairləri bağışlayar. Çünki Allah şairlərin konkret ovqat adamları, böyük uşaqlar olduğunu yaxşı bilir. Axı, O, hər şeyi biləndir.  O bilir ki, Rəfail milyondan artıq qaçqını-köçkünü olan, minlərlə şəhid verən, torpaqlarını itirən bir xalqın şairi, haqq səsi eşidilməyən bir ölkənin vətəndaşı, qarışıq bir zamanın övladıdır.

 

Rəfailin vəhdəti-vücud anlayışının təkcə vertikal yox, horizontal yönü də, təkcə ordinat yox, absis oxu da, təkcə  fərdi-metafiziki yox, sosioloji qatı da var. Yəni onun şeirlərində bu anlayış Allahla insan arasında dialoq çərçivəsindən (vertikal!) çıxıb, insanlar arasındakı münasibətlər çevrəsinə də (horizontal!) keçir. Və İncədərəsinin sifiyanə şairi bu məqamda altı yüz il öncə Hələbdə dərisi soyulan hürufi şairinin səsinə səs verir. “Biz ki, məndən üstün oldu, bil odur, həyat suyu çeşməsinin rəvanı” deyirdi Nəsimi. Rəfail isə deyir:

 

Məndən ötüb biz deyənlər sağ olsun,

Düz düşünüb düz deyənlər sağ olsun.

Eldən ötrü söz deyənlər sağ olsun,

Eldən ötrü ölənlərə inandım.

 

Ruhumuzun vətəni Tanrı, cismimizin vətəni torpaqdır. Ruhumuzla Allahdan, cismimizlə torpaqdan gəlirik. Və ən böyük faciə bu kökləri unutmaqdır. Əgər Qarabağı, Göyçəni, Vedini düşmən əlində qoymuşuqsa, təkcə bu dünyanımızı yox, həm də axirətimizi, təkcə insanı yox, həm də Allahı unutmuşuq:

 

Gədə yiyələnər gədə yurduna,

Hardadı yurd oğlu, gedə yurduna.

Ayağın dəymirsə dədə yurduna

Ölün də heç nədi, dirin də heç nə.

 

Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, xüsusən də Azərbaycan türkçü poeziyasının yenilikçisi Elxan Zal Qaraxanlı kimi, türkçülük Rəfailin də şeirlərinin təməl prinsiplərindən biridir:

Həm Adəm, həm İncəyurdsan,

Ruhdan ruha yoldu insan.

İçimdə susan Boz Qurdsan,

Ula çıx, oğul, ula çıx. 

 

Və bu, Rəfailin poeziya bayrağının göy rəngidir...

 

lll

 

Rəfailin poeziya bayrağının qırmızı rəngi də var – sərbəst şeirlər. Və bu barədə danışmazdan öncə kiçik bir haşiyə çıxmağa ehtiyac duyuram. Qazax ədəbi mühitindən  çıxmış şairin sərbəst şeir yazması o qədər də sadə məsələ deyil. Hecadan dönmək qazaxlının nəzərində az qala Vətənə xəyanət kimi bir şeydir. Hecanın ölçülərini sındırdın, ya da sazın simlərini qırdın (Allah, sən saxla!), qazaxlı şair üçün bunların fərqi yoxdur. Bunu müasir Qazax şeirinin Adəmi Səməd Vurğundan üzü bəri nəinki şairlər, hətta nasirlər belə bacarmayıb (istəməyib!). S.Vurğun Moskvada oxuduğu müddətdə Mayakovskinin təsiriylə bir müddət sərbəst şeirlər yazsa da, Azərbaycana dönəndən sonra yenidən və ömürlük olaraq hecaya qayıtmışdı. İsa Muğannanın şah əsərlərindən biri elə beləcə də adlanır – “Saz”! “Yeddi oğul istərəm” filmində Cəlalın güllələnməsindən sonra aşıq sazını qayalara çırpıb sındırmalıydı. Ssenari müəllifi Yusif Səmədoğlu isə çox düşünüb-daşınandan sonra saza qıymamış və montajda bu səhnəni kəsib götürmüşdü.

 

Amma dediyim kimi, Rəfailin kitabında sərbəst şeirlər də var   istər estetik keyfiyyət, istərsə də məzmun baxımından bunlar heca şeirlərinə uduzmur. Fikrim bir az dartışmalı, bir az sxematik görünsə də, belə deyə bilərəm – heca şeirlərində Rəfail daha çox Qazağı, sərbəst şeirlərində isə daha çox özünü işarələyir. Onun heca şeirlərini bəlkə də adını yuxarıda çəkdiyim və çəkmədiyim istənilən qazaxlı şair yaza bilərdi, sərbəst şeirlərini isə yalnız özü yaza bilər. Musiqi diliylə desək, heca şeirlərində o daha çox oranjimançı, sərbəst şeirlərində isə daha çox bəstəkardır.

 

“Bənzətmələr” poemasında, Füzuli demişkən, elmli şeir yazan Rəfail iki antiqütbü – riyaziyyat və poeziyanı bir-birinə vurur, nöqtə, düz xətt anlayışlarını poetik müstəviyə gətirir, Evklidin müstəvi həndəsəsindən vurub,  Lobaçevskinin fəza həndəsəsindən çıxır, nəhayət, eynən Kant kimi burdan o yana transsendent, dərkolunmaz  bir aləmin başlanması qərarına gəlir. Ən maraqlısı isə odur ki, alman dahisinin “transsendent” kimi qəliz fəlsəfi terminini şair nəinki Azərbaycan dili (o yanlıq), hətta  Qazax ləhcəsinə də (anrılıq) transfer edə bilir:

 

Dörd ölçülü fəzadı bu,

O yanlıqdı, anrılıqdı.

Bəndənin bəndə işi var,

Sonsuzluqlar Tanrılıqdı.

 

Maraqlı bir eksperiment xarakteri daşıyan bu poema (Rəfail özü bunu poema yox, sadəcə şeir hesab edir) sadəcə elmi terminlərin bədiiləşdirilməsi olmayıb, sonsuz idrak pillələrini keçən insan və ümumən bəşərin kədərli taleyi, faciəli sonucundan danışır. Ağıl, idrak insanın səadəti olduğu qədər də, onun faciəsinin mənbəyidir. Poemanın oxucuda doğurduğu son qənaət və ovqat budur.

 

Şair getdikcə genişlənən çevrələr (ev, kənd, rayon, Azərbaycan, dünya, fəza, axirət) modelində qurduğu bu poemanı tələbə dostu İlham Pirməmmədova ithaf edib. Və əgər mənə ithaf etsəydi, bundan xeyli məmnunluq duyardım. Çünki riyaziyyatçı olmasam, riyaziyyatı heç vaxt sevməsəm də, bu düşüncə tipi mənə də çox doğmadır və “Namaz” adlı poemamda buna bənzər şeylər yazmışam. Bu poemanı oxuyandan sonra Rəfailə özəl hörmətimin daha bir səbəbini kəşf etdim – sən demə, biz anoloji düşünürmüşük.

 

Şair “Bənzətmələr”i sərbəstdə yazmayıb və bunun gizli daxili səbəbi var – poema elmə söykənib və elm sərt qanunlara tabedir. Poema sonucda Tanrıya gedib çıxır və Ona qarşı sərbəstlik küfrdür. Tale isə Tanrı deyil və ona üsyan eləmək olar. Bəlkə, bu üzdən Rəfail “Tale” şeirini sərbəstdə, özünün dediyi kimi, “hecasız, qafiyəsiz, vəznsiz, filansız” yazır.  Amma diqqət etsək, bu şeirin “qafiyəsi” onun forması yox, məzmunundadır, yəni qafiyə anlayışı burda sözün konkret yox, geniş mənasında, terminoloji yox, fəlsəfi yönündə anlaşılmalıdır. Şairə görə,   “atlar,  itlər, pişiklər, çiçəklər, böcəklər, cümlə canlılar və adamlar” hamısı eyni dərəcədə xoşbəxtlər və bədbəxtlərə, harınlar və məzlumlara bölünürlər. Onların hamısının cəmiyyəti üçün səbəbi taleyə gedib çıxan və bu üzdən nəinki çözülməsi, hətta anlaşılması belə mümkünsüz, absurd bir ədalətsizlik xasdır. Yəni zahiri fərqlərə baxmayaraq, tale planında çiçəyindən, böcəyindən tutmuş insanına qədər hər şey və hamı  həmqafiyədir. Çünki hamısı bir Ustanın əlindən çıxıb. Və şeir, əslində, tale ilə yanaşı bu Ustaya da qarşı etiraz ruhundadır. Sadəcə, şeirin “qafiyələri” alt qatda olduğu kimi, Ustaya üsyan da gizli plandadır – birbaşa səslənmir, amma duyulur.

 

Şeirin üç qatı var: birincisi, müəllif ölçüləri qırıb sərbəst şeirə keçən şairdir; ikincisi, müəllif sözün daxili-fəlsəfi qatında qafiyə-vəzn ölçülərini gözləyən qazaxlı şairdir; üçüncüsü, müəllif varlığa ölçü verən Qüvvəyə qarşı çıxmaqla, həm də  sözün fəlsəfi mənasında vəzn-qafiyə sistemini inkar edən üsyançıdır. Bu üçüncüsü şüuraltı gedən prosesdir, yoxsa şair bilərəkdən fikrilərini sətiraltı qatda deyir? Bu barədə qəti söz deməyə iddialı deyiləm. İstənilən halda, bütün şeir boyu taleyin ədalətsizliyinə qarşı misralar altından boy verən etiraz final akkordunda özünü sığortalamaq xarakteri, konspirativ ton alır:

 

O var ki...

Bu var ki...

Çox şey var

heç nə yoxdu,

Yəni,

ömür çox qısa

hamısı da eyni.

...Mən qandığım bu qədər.

Görəsən, o biri canlılar,

yəni,

digər adamlar

   qeyri-adamlar nə qanırlar

qanmağın nə mənası var, görəsən?

 

lll

 

Görəsən, 60 il öncə İncədərəsinin ucqar bir kəndində dünyaya göz açan Rəfailə valideynləri niyə dahi İntibah rəssamının adını veriblər? Desəm ki, illər sonrası bu körpənin şeirdə natrümort, mənzərə, portret janrlarının maraqlı örnəklərini yaradacağını duyublar, yalan olar. Amma şairin bu janrlardakı uğuru yalan deyil.

 

Rəfailin “Leysan nağılı” və “Bakıda qış” şeirləri mənzərə janrındadır. Birincisi uşaqlıq və kəndə, ikincisi ahıllıq və şəhərə epik illüstrasiyalardır. Birincinin heca, ikincinin sərbəstdə yazılması da təsadüfi deyil – kənd xatirələri və keçmiş şüuraltı olaraq hecanı, şəhər və indi isə sərbəsti doğurur. Daha bir təsadüfi olmayan məqam – ömrün baharıyla bağlı birinci şeir leysandan, ömrün qışından bəhs edən ikinci şeir isə qardan söz açır.

 

Şeirlərin forma-məzmun fərqi onların dil fərqini də doğurub.  “Zinriyə dönmək, çırası sönmək, bir parça səvi, fidən olum, cılvax, carranmaq” və s. kimi leksik, fonetik dialektizmlərlə zəngin birinci şeir Qazax dilində qoşulub. Başqa dilə çevirmək üçün onu əvvəlcə Azərbaycan dilinə “tərcümə etmək” lazım gələrdi. Canlı xalq leksikonu dilin kəndi, dilin uşaqlığı, dilin gəncliyi, dilin baharı, dilin leysanıdır. Kəndə, bahara, leysana, uşaqlıq xatirələrinə qoşulan şeirə bu leksikonun sistemli nüfuzu təbiidir.

 

Hər cür dialektizm, şivə elementlərindən uzaq ikinci şeir isə Azərbaycan ədəbi dilində yazılıb. Ədəbi dil dilin şəhəri, dilin ahıllığı, dilin qışıdır. Və şəhərdən, qışdan, ahıllıq düşüncələrindən söz açan şeirin bu dildə yazılması da məntiqidir.  Şair qarlı bir qış günü televizoru, kompyuteri bir kənara qoyub, qızının deyinməsinə önəm verməyib, qəfildən sazda “Dübeyti” çalır, xalasıoğluna baş çəkmək üçün maşını işə salır və bu, yad şəhərdən doğma kəndə, ahıllıqdan gəncliyə, qışdan bahara, qardan leysana, bir sözlə, özünə qayıdış cəhdinin ifadəsi kimi mənalanır. Burda doğma qız yad urbanistik mühiti, xalaoğlu isə doğma kəndi, əlçatmaz uşaqlığı təmsil edir. Dədə Qorqud saz çalmaqla ölümdən qaçdığı kimi, şair də “Dübeyti” çalmaqla ömrün qışından xilas olmaq istəyir.  Lakin ağıl deyir ki, bu mümkünsüzdür. Onda bircə yol qalır – füzuliyanə, xəyyamnamə bir rindanəliklə  “uşağı arax dalınca göndərmək”, yəni şüuru dumanlandırmaq, faciənin mənbəyi olan ağlın özündən xilas olmaq, baltanı dibindən vurmaq, tikanı kökündən çıxarmaq. Beləcə, özünə qayıdış şərti anlamda olsa da “baş tutur” və maraqlıdır ki, bu, həm də hecaya qayıdışla müşayiət olunur. Bütün şeiri sərbəstdə yazan şair özünə qarşı yumorla, həyata, taleyə, zamana qarşı incə bir ironiya ilə şərtlənən final ştrixini hecada vurur:

 

...Tapdım kağızını “Qışda” şeirinin,

Cırdım, parçaladım tozu çıxınca.

Bir yağlı söz deyib Bakı qışına

Uşağı yolladım arax dalınca.

 

Rəfalin görkəmli türkoloq alim və ictimai xadim, millət vəkili Nizami Cəfərova həsr etdiyi “Ömür” şeiri isə çağdaş poeziyamızda portret janrının maraqlı nümunələrindəndir.  Portret sözü burda müəyyən qədər şərtidir. Çünki şair insanın zahiri görkəmindən daha çox daxili-mənəvi portretini, özü də bütöv bir ömür boyunca təsvir edir.

 

Şeirdə üç Nizami var. Birincisi  atası Qulunun, anası Savadın, müəllimlərinin böyük ümidlər bəslədiyi, “tay-tuşları çarliston şalvar, neylon köynək geyib könül ovuna çıxanda kitabların üstünə döşənən”, tələbə vaxtı öz çıxışları ilə “ən ünlü alimlərin gözünü qamaşdıran”, özü bəzən ehtiyac içində ola-ola “qonorarını yetim-yesirlərə paylayan”, təntənəli toplantılarda, teleekranlarda, Milli Məclisin iclaslarında hamının tərif umduğu xoşbəxt Nizamidir. Bu, Kyerkeqorun dediyi estetik adamdır.

 

İkincisi bütün ömrü boyu “erkən atasızlıq ağrıları yaşayan, eləmək istədiyini eləyə bilməyib köks ötürən”, titullu nəhəngləri sətiraltı ironiya hədəfinə çevirən kədərli Nizamidir. Bu, Kyerkeqorun dediyi etik adamdır.

 

Üçüncüsünün isə “olduğu ilə olacağının arasına bir kərən dığırlanıb”. Və bu kərən bütün rəsmi titullarına baxmayaraq, onun “könül azadlığı”ndan, bir insan kimi daxili sərbəstliyindən doğur. Tale insana özəl təyinat verir, toplum bu təyinatın gerçəkləşməsini tələb edir, “dünyanı dərk və fənanı görk edən” insan isə öz ömrünü yaşamaq istəyir.  Bircə həqiqət var – sən varsan və öz ömrünü yaşayırsan! Bu, Kyerkeqorun dediyi eksiztensial adamdır.

 

İncədərəsinin Kyerkeqoru yığcam bir şeirdə hər üç Nizamini poetik registrasiyadan keçirib məsələni belə yekunlaşdırır:

 

Orda haqq olan olacağın

səni gözləyir, Nizami müəllim.

Hələ oxuyacağın

sənə oxunacaq

son şərqilər durur.

Mənimsə bu şərqimin

son sözü budur:

“Ömür”.

 

Bəlkə də Danimarka filosofunun məşhur tiradasının (estetik, etik, ekzistensial) bu şeirə tətbiqi ilə, sovet alimlərinin diliylə desək, “sxematizmə yuvarlanıram”, amma bir şeyə əminəm – haqqında yazılan çoxsaylı yazıların heç birində Nizami Cəfərovun ömür portretinin konturları belə hərtərəfli, belə obyektiv cızılmayıb.

 

lll

 

Rəfail bir çox şeirlərində ənənəvi müsbət-mənfi düşüncə sərhədlərini aşır, Nitşenin təbiriylə desək, xeyirin və şərin o üzünə keçir. Çünki əgər hər şeyi Allah yaradıbsa, təkcə xeyir yox, şər də Allahdandır və onda mahiyyətcə şər deyilən şey yoxdur. O, sadəcə, bir görüntüdür. Vadiyi-vəhdət düşüncəsinə varanlar üçün bütün  uzaqları yaxın eləyən Lailahəilləllah həqiqəti var və ora yol “içimizdən” keçir:

 

Asılıb son suçumuzdan,

Dönüb köntöy köçümüzdən,

Keçib, keçib içimizdən

Deyək: Lailəilləllah!

 

Bəlkə “Lailahəilləlah” həqiqətinə dərin inamdandır, bəlkə də sadəcə çarəsizlikdəndir, bunu dəqiq deyə bilmərəm, məzmunca  ən hüznlü şeirlərindən birində (“Təbəssüm”) şair sosial ədalətsizliyə, taleyin hər cür ayrı-seçkiliyinə stoik mətanəti ilə dözməyi – gülümsəməyi təklif edir:

 

Yüz minlik maşının yüz min,

bir milyonluq villanın bir milyon

dərdi var,-

nəyinə lazım?!

Bahar isə hamının və sənindi.

Baharın üzünə gülən günəş kimi,

Günəşin üzünə gülən çiçək kimi,

Çiçəyin üzünə gülən kəpənək kimi,

Kəpənəyin üzünə gülən uşaq kimi,

Daş kimi,

Quş kimi

 sən də sevin və gülümsə.

 

Konkret həyat detalları ilə zəngin, zərif ironiyaya köklənmiş “Təbəssüm” Nitsşenin düşüncə metoduyla desək, kədərin və sevincin o üzündə yazılan şeirdir. Şeirdən alınan təəssürat ikilidir – onu oxuyub həm təbəssüm edir, həm də kədərlənirsən. Bu ikiləşmə şeirin forması, xüsusən intonasiyasında da özünü qabarıq büruzə verir. Nəqəratın əmr formasında (“Gülümsə!”) olmasına baxmayaraq, şeir hər cür tribun pozasından uzaq bir monoloq, hər cür prokuror sanksiyası, hakim ədasından uzaq, sakit, həlim bir müraciətdir. Məncə, burda Rəfail heç bir şeirində olmadığı qədər özünə bənzəyir və “Təbəssüm” təkcə öz müəllifinin yaradıcılığı yox, ümumən çağdaş şeirimizin uğurlu örnəklərindən biridir. Əgər çağdaş Azərbaycan şeiri antologiyası tərtib etsəydim, ora Rəfaildən yəqin ki, məhz “Təbəssüm”ü daxil edərdim.  

 

Rəfailin şeirlərindən biri “Qara qutu” adlanır.

 

Xofum –

balaca dünyanın hər yerində

yep-yekə pusu.

...Ürəyim –

qəzalı torpağımın

və cümlə viranələrin

qara qutusu.

...Canımda açılmaq qorxusu...

 

Xristianlıqda insan öz qəlbinin mübhəm sirlərini keşişə danışır, İslamda isə o, ürəyini ancaq Allaha aça bilər. Fikir verdinizsə, mən bu yazımda mollalıq eləmədim, amma keşiş olmaq arzum da yoxdur. Əvvəla, şair özü də qara qutusunun açılmasından ehtiyatlandığı üçün. İkincisi, bu, sadəcə, mümkünsüz olduğu üçün. Şeiri, şairi və ümumən insanı nəinki başqası, hətta o özü də axıradək başa düşməyə və yorumlamağa qadir deyil. Bu status yalnız Allaha məxsusdur. Odur ki, yazımda Rəfail İncəyurdun üçrəngli poetik dünyasının sirlərini bütün çalarlarıyla açmaq iddiasından uzaq oldum. Sadəcə, onun estetik-fəlsəfi düşüncə konturlarını cızmağa çalışdım. Möhtətəm oxucu, məni bu işdə başarılı saysan, bundan məmnunluq duyaram.

 

Rəfail İncəyurdu isə anadan olmasının 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm.

 

Qoy ömrün boyu vəsf etdiyin Tanrı arzularının yuvasını uçurmasın, dostum!

 

Dərin sayqılarla Əsəd Cahangir

 

Bakı.14.07.2014

525-ci qəzet.-2014.-19 iyul.-S.28-29.