Füzuli poeziyasına məhəbbətlə
Dünyaya “təfəkkür qədəmi qoyduqda aləm sədəfində insandan qiymətli bir gövhər görməyən və insan
gövhərində isə sözdən şərəfli cövhər tapmayan”
dahi
şairimiz Füzulinin yaradıcılığı həmişə tədqiqatçıların diqqətini cəlb edib və
edəcəkdir. Füzuli poeziyasının hər beytində, hər bir misrasında yeni nəfəs, yeni fikir və
yeni duyğu olduğu kimi, onlar haqqında yazılan hər bir tədqiqat əsərində də bir yenilik, orijinallıq,
fərqli bir baxış bucağı olmalıdır, – qənaətindəyik.
Filologiya üzrə fəlsəfə
doktoru Zəkulla Bayramlının “Füzuli
və çağdaş
ədəbi-nəzəri fikir”
adlı monoqrafiyası
bu baxımdan diqqəti çəkir. Monoqrafiyada anadilli
ədəbiyyatımızın ən yüksək zirvəsi olan Füzuli poeziyası özünəməxsus şəkildə
– intibah, romantizm və sufizm işığında araşdırılmışdır.
Müəllifin özünün də qeyd etdiyi
kimi, bu baxımdan yanaşdıqda
Füzuli sevgisi yeni dəyər, yeni anlam qazanır,
Füzuli poeziyası daha dolğun, daha zəngin bir poeziya örnəyi
kimi ortaya çıxır. Üç bölmədən
ibarət olan elmi-tədqiqat əsərinin
hər bir bölməsində Füzuli
yaradıcılığı adı çəkilən
problem-konsepsiyalar işığında
təhlil olunur, şairin dünya ədəbiyyatındakı yeri
və mövqeyi müxtəlif rakurslardan işıqlandırılır.
Monoqrafiyanın birinci fəslində Füzuli poeziyasının
intibah özəllikləri,
şairin ayrı-ayrı
əsərlərində özünü
göstərən intibah
motiv və obrazları incələməklə
Füzuli estetikasının
ana xəttini təşkil edən humanizm təsbit edilir. Onun enessans ədəbiyyatının
əsas şəkillərindən
sayılan dialoq-danışıq
üslubunun, eləcə
də din-ağıl qarşıdurması və
Tanrı-insan ikiliyinin
Füzuli yaradıcılığında
üzə çıxma
məqamları göstərilməklə
ümumən şairin
intibah dünyagörüşünə
işıq çilənir.
Bu bölmədə ümumən
orta əsrlər Azərbaycan intibah ədəbiyyatına keçmiş
Sovetlər dönəmində
qısqanc və qərəzli yanaşmalar
da nəzərdən keçirilir, bu məsələdə xüsusi
canfəşanlıq göstərən
Ş.Nutsubidze və Q.Z.Apresyan kimi üzdəniraq alimlərin
“elmi yalanları” faktlarla alt-üst edilir. “Orta əsrlər qaranlığında”
yaşayıb-yaratmış Nizami və Füzuli kimi dahi Azərbaycan şairlərinin bütün
Qafqaz, Yaxın və Orta Şərq
ədəbiyyatına istiqamət
verməsi, hətta Avropa ədəbiyyatına
müəyyən təsiri
elmi dəlillərlə
sübuta yetirilir.
Tədqiqatın ikinci bölməsi bütünlüklə Füzuli
romantizminin təhlilinə
həsr olunub. Müəllif burada klassik ədəbiyyatımızda hələ
də mübahisəli
və aktual olan bədii metod axtarışları və Füzulinin yaradıcılıq metodu
məsələsini yeni
baxışlar prizmasından
araşdırır, maraqlı
nəticələrə gəlir.
Bununla da Azərbaycan romantizminin köklərini
XX yüzilliyin başlanğıcında
axtarmaq təşəbbüslərini
alt-üst edir. Tədqiqatçı alim Avropa romantik ədəbiyyatında olduğu
kimi, Füzulinin romantik poeziyasının da iki başlıca
rükn: romantik sevgi konsepsiyası və romantik dünya kədəri üzərində dayandığını
şairin əsərlərindən
gətirdiyi konkret misallarla göstərib əsaslandırmağa çalışır.
Ölməz sənətkarın ölməz eşqinin təsvir və tərənnüm üsulları,
təqdim və təsəvvür yolları
açılıb göstərilməklə
ümumilikdə orta əsrlər poeziyasında
romantik sevgi konsepsiyasının fəlsəfi
şərhi verilir.
Hər yeri və hər şeyi qapsayan sonsuz və tükənməz sevgi və bu sevgidən
doğan “dünyəvi
kədər” həmin
sevginin ən uyğun və fədakar təmsilçisi
Məcnunun idealları
və yaşantıları
ilə tutuşdurularaq
təhlil olunur.
“Şərqin ən
həssas və ən səmimi şairinin” (Gibb) lirikasında
tərənnüm edilən
ülvi mənəvi sevgi və incə
duyğuları çox
diqqətlə incələyən
tədqiqatçı ölməz
sənətkarımızın yaradıcılığında romantik metodla realist cizgilərin nə qədər sıx və çulğaşmış
şəkildə bağlı
olduğunu göstərir. Bəli, Füzuli
heç zaman ayaqları yerdən üzülməyən, eyni
zamanda göylər-fələklərlə
bağlı, başqa
bir şairin sözləriylə desək,
“yerlə çarpışan,
göylə əlləşən”
(M.Müşfiq) ideal bir
şair-insandır. Z.Bayramlı məhz
bu istiqamətlərdən
çıxış edərək
Füzuli yaradıcılığında
“elmli şeir” (S.Əliyev) konsepsiyasını
də təhlilə cəlb edir.
Əsərin uğurlu cəhətlərindən biri də odur ki, müəllif hər bölmədə özünə qədər bu sahədə uyğun araşdırma aparmış tədqiqatçıların fikirlərinə hörmətlə yanaşır, yeri gəldikcə onların haqlı mülahizə və ideyalarına müraciət edir, müqayisə-qarşılaşdırmalar aparır və sonda öz elmi qənaətlərini ortaya qoyur.
Kitabın üçüncü fəsli bütünlüklə “Füzulinin sufizmi” probleminə həsr olunub. Yeri gəlmişkən, əsər keçən əsrin 90-cı illərində yazıldığı üçün bu sahədə ilk təşəbbüslərdən biri kimi qiymətli və cəsarətli fikirlərlə zəngindir. Müəllifin kitaba 1995-ci ildə yazdığı “Ön söz”də deyildiyi kimi, “əsər hər cür siyasi-ideoloji tabular torunun çözələndiyi, ədəbiyyatı və mənəviyyatı siyasətə qulluqdan azad etmək hərəkatının başlandığı vaxtlarda yazılmışdır. Elə buna görə də əsərdə gündəlik həyatımızda cücərməyə başlayan aşkarlıq və plüralizm prinsipləri, eləcə də Füzuli poeziyasının iç ruhu əsas götürülmüş, bəzi nəzəri doqmalar yenidən saf-çürük edilmişdir”. Məlumdur ki, Sovetlər dövründə ümumən klassik Şərq ədəbiyyatında, eləcə də Füzuli yaradıcılığında İslam fəlsəfəsinin və sufi-irfani dünyagörüşünün təsir dərəcəsi həmişə mənfi planda anılmış, bir qayda olaraq, bu motiv “böyük şairin ədəbi-mənəvi ziddiyyətləri”, “dövrünün yetirməsi olan mürtəce nəzəriyyələrdən yaxa qurtara bilməməsi” kimi yozulmuşdu. Monoqrafiya müəllifi isə fərqli yolla getmiş, heç bir siyasi-ideoloji təlimə əsaslanmadan, şairin əsərlərini olduğu kimi araşdırmağı qarşısına məqsəd qoyub. Özünün də dediyi kimi, “bütün “izm”lərdən yuxarıda dayanan Füzulini Füzuli kimi öyrənməyə çalışmışdır”.
Z.Bayramlı Füzuli yaradıcılığında sufi-irfani görüşlərin təsir və izlərini də diqqətlə incələyir. Bir çox alimlərin toxunduğu “Tanrı sevgisinin meyi”ndən Z.Bayramlı da danışır. Ancaq o, hər kəsi və hər şeyi unutduran bu sevginin meyini oxucuya fərqli piyalədə təqdim edə bilir. Ümumiyyətlə, əsərdə Füzulinin sevgi fəlsəfəsi, tükənməz eşq və kədər dünyası yeni və orijinal baxışlarla təhlilə cəlb edilir. Bir daha bildirmək istəyirik ki, bütün bunlar bu gün yox, məhz yazıldığı dövr üçün çox cəsarətli fikirlər olmaqla “Füzuli və sufizm” məsələsində irəliyə doğru bir addım kimi qiymətləndirilməlidir.
Əminik ki, Füzuli poeziyasını sevən və onu dərk etməyə çalışan hər bir oxucu bu kitabı oxuduqdan sonra Füzuli əsərlərinə bir də nəzər salmağa çalışacaq, nəyisə tutuşdurmaq, dəqiqləşdirmək istəyəcək. Bəlkə də nə vaxtsa aça bilmədiyi, sonadək dərk etmədiyi məqamların burada işıqlandığını görüb Füzulini başdan-başa yenidən oxuyacaq. Elə bunun üçün də yazıb-yaratmağa dəyər.
Yeganə
HÜSEYNOVA
GDPU-nin baş müəllimi
525-ci qəzet.-2014.-19 iyul.-S.23.