İsfəndiyar Vahabzadə: “Ömrün hesabat çağındayam”

 

Müsahibimiz Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri İsfəndiyar Vahabzadədir. Bu yaxınlarda 60 yaşını tamamlayacaq cənab səfirin Bakıda olduğunu biləndə onunla görüşüb söhbətləşmək qərarına gəldik. Yubilyar səfirlə söhbətimizin məğzini ən müxtəlif mövzular – uşaqlıq, gənclik xatirələri, karyera yolunda atdığı addımlar, keçdiyi ömür yolu, zövqü, mütaliəsi, cəmiyyət, ədəbiyyat haqqında düşüncələri, yaşadığı xarici ölkələrə aid  yaşantıları, atası – Xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı anıları, eləcə də ömrün bu məqamındakı arzuları, istəkləri təşkil edir.

Uşaqlığım Hüsü Hacıyev küçəsində –Yazıçılar Binasında keçib.

Uşaqlıqda heç bir xüsusi cəhəti, qeyri-adi istedadı ilə fərqlənməyən uşaq olmuşam. Ətrafımdakılar hamısı yazıçı övladları olub. Təəssüf ki, onların doxsan faizi bu gün aramızda yoxdu, bəziləri çox cavan ikən dünyadan gediblər. Hüseyn Arifin 21 yaşında rəhmətə gedən oğlu Ariflə dost olmuşuq. Ənvər Əlibəylinin, Ənvər Yusifoğlunun, Qasım Qasımzadənin, Əhməd Cəmilin oğulları ilə bir həyətdə böyümüşük... Bugünə qədər bir yerdə olduğum ən yaxın dostum Əliağa Kürçaylının oğlu Ülfət Kürçaylıdır. Məktəbdə zəif oxumuşam. Amma uşaqlıqdan diplomatiyaya həvəsim vardı. Atam həkim olmağımı çox istəyirdi. Onun özü əvvəlcə 2 il Tibb İnstitutunda oxumuşdu, sonra istəməyib çıxmışdı. Onun istəyinə rəğmən, tibb sahəsinə getmədim. 1971-ci ildə orta məktəbi qurtarıb Şərqşünaslıq fakültəsinin İran filologiyası ixtisasına qəbul olundum. Fars dilinə uşaqlıqdan marağım vardı, həm də o dövrlər Şərqşünaslıq fakültəsində oxumaq prestijli  sayılırdı. Hələ məktəbdə ikən xarici dil kimi ərəb dilli keçdiyimizdən əski əlifbanı öyrənmişdim. Ona görə də universitetdə mənə çox çətin olmadı. Orta məktəbdə zəif oxusam da, universitetdə çalışqan tələbə olmuşam. 1976-cı ildən – universiteti qurtarandan bugünə qədər xarici ölkələrdəyəm. 22 yaşım olanda İrana getdim. İran inqilabının 1-ci günündən ta şahın ölkədən qaçmasına qədər orada oldum. Sovet mütəxəssisi kimi İranın hərbi zavodlarında tərcüməçi işləmişəm. İslam İnqilabından sonra oradan, demək olar ki, qovulduq. Sonra Kommunist partiyasına üzv oldum, elmi iş müdafiə elədim, elmlər namizədi adı aldım, dərhal da məni Əfqanıstana hərbi tərcüməçi kimi göndərdilər. Orada nələr olduğunu da demək istəmirəm, hamı bilir ki, Əfqanıstanda necə müharibə gedirdi. 1983-86-cı illərdə Əfqanıstanda qaldım.

Əfqanıstanda müharibədən sonra artıq Sovet İttifaqı çökmək ərəfəsində idi.

Oradan gələndən sonra Ali Partiya Məktəbində oxuya-oxuya doktorluq müdafiə elədim. 33 yaşım vardı onda... Sonra az müddət şəhər partiya komitəsində işlədim, məni ovaxtkı 26 Bakı Komissarı, indiki Səbael rayon icraiyyə komitəsinə sədr təyin etdilər. Türkiyədə Diplomatik Akademiyada təhsil aldıqdan sonra  Ulu Öndərimiz Heydər Əliyev məni mədəniyyət nazirinin müavini təyin etdi. 3 il burada çalışdım. Sonra müstəqil dövlətimizin səfiri kimi Pakistana göndərildim. Və beləcə mənim peşəkar diplomat karyerama start verildi. Daha sonra İsveçrədə səfir, Azərbaycanın BMT Nümayəndəliyinin Avropa bölməsinin səlahiyyətli nümayəndəsi  oldum. Bir il də Diasporla İş üzrə Dövlət Komitəsində çalışdıqdan sonra Moldovada səfir işlədim. Hazırda isə, artıq 4 ildir ki, Belarusda səfir kimi Azərbaycanı təmsil edirəm. Belarus sakit və inkişaf etməkdə olan ölkədir, əhalisi dincdir, bizə  münasibətləri çox istidir, oradakı 18 min azərbaycanlıya mehriban yanaşmaları da bunu göstərir. Bunun da kökündə cənab Prezidentin apardığı siyasət dayanır. Azərbaycanla Belarus arasında bütün sahələrdə – siyasi, ictimai, iqtisadi, mədəni əlaqələr dinamik inkişaf edir. Dövlət başçıları arasında səmimi və isti münasibətlər buna zəmin yaradır.  Belarus Azərbaycanla dost olan ölkələrdəndir. Mən səfir etimadnaməsini Belarus prezidenti cənab Lukaşenkoya təqdim edəndə onun ilk sözü bu oldu: “Mənim qardaşımın əhvalı necədir? Qardaşıma məndən salam deyin”. Qərib ölkədə  mənim prezidentimə Qardaş deyiləndə elə ilk sözdən başa düşdüm ki, dost və qardaş ölkədəyəm. Belarusda Azərbaycan həqiqətlərini ölkə ictimaiyyətinə çatdırmaq üçün mətbuatla sıx əlaqələr qurdum. Hazırda vaxt qıtlığı səbəbindən alınmasa da, yeni səfir təyin olunduğum vaxtlarda orada universitetdə həm də sovet ədəbiyyatından dərs deyirdim. Belarusun Yazıçılar və Jurnalistlər  ittifaqlarının üzvüyəm.  Orada hər ay, bəzən də ayda iki dəfə mətbuata çıxıram, ölkələrimiz arasındakı münasibətlərin perspektivlərindən danışıram, Belarus cəmiyyətində Azərbaycanla bağlı doğru fikir formalaşdırmaq üçün əlimdən gələni əsirgəmirəm.

Dünyanın ən sanballı, fəndgir diplomatları şairlər, yazıçılar olub.

Türkiyənin xarici işlər naziri Mehmet Fuat Köprülü böyük ədəbiyyatçı, decadent-sentimental şair idi. Onun maraqlı bir fikri var: “Şairlər, yazıçılar uşaq kimi saf, təmiz olurlar. Onları aldatmaq çox asandı, ancaq milli məsələdə onları aldatmaq qeyri-mümkündü, bu baxımdan həmin adamlar qazdan da ayıq olurlar”. Həqiqətən də Makiavellidən tutmuş, müasir dövrdə Çörçillə qədər tanınmış diplomatların böyük əksəriyyəti yazıçı və şair olublar. Servantes, Rəşad Nuri Güntəkin, Stendal böyük yazıçı olmaqla bərabər, həm də görkəmli diplomat idilər. Heç kim bilmir ki, Puşkin Xarici İşlər Nazirliyində çalışıb. Bu gün də Rusiyanın Xarici İşlər Nazirliyində yüzdən artıq diplomat Yazıçılar Birliyinin üzvüdür. Bu həm milli məsələ ilə əlaqədar belədir, həm də yazıçının, şairin məsələlərə, problemlərə yanaşma tərzi başqadır. Onların tərtib etdiyi, yazdığı diplomatik məktubların təsiri ayrı olur, inandırma qabiliyyətinə görə seçilir.

Azərbaycan peşəkar diplomatiyasının əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1993-cü ildə qoyulub.

Ondan əvvəlkinin diplomatiyamı, yaxud qeyri-diplomatiyamı olduğunu təsəvvür edə bilmirəm. Müstəqilliyin ilk dönəmində hakimiyyyətə gələn naşı “siyasətçilər” hansı siyasəti aparırdılar?     Bir tərəfdən deyirdilər Rusiya bizə düşməndi, bir tərəfdən də İran. Dünyadan təcridolunma siyasəti yürüdürdülər. Ulu öndərimiz xalqın təkidli tələbi, böyük istəyi ilə hakimiyyətə gələndən sonra tamam başqa siyasət aparıldı, Azərbaycan dünyaya açıldı, qonşu ölkələrlə münasibətlər normallaşdırıldı. Bu gün mübaliğəsiz demək olar ki, Prezident İlham Əliyevin apardığı siyasəti bütün dünya qəbul edir. Azərbaycanla artıq nəinki regionda, dünyada hesablaşırlar. Ölkəmiz gündən-günə inkişaf edir. Hər dəfə Azərbaycana gələndə bu inkişafın lap yaxından şahidi oluram.

Bu inkişaf bütün diplomatlarımızı ruhlandırır, sözsüz ki, Xarici İşlər Nazirliyi sistemində çalışan hər kəsə böyük ruh yüksəkliyi, hər birimizin fəaliyyətinə əlavə mənəvi stimul verir. Yaponiya Xarici İşlər Nazirliyinin qarşısında “May xomo syuqu” yazılmış lövhə asılıb. Yəni, Xarici İşlər Nazirliyi ailədən də müqəddəsdir. Çünki Xarici İşlər Nazirliyi yeganə qurumdur ki, qan tökmədən, döyüşmədən öz xalqını qorumaqla məşğuldur. Diplomatların da ali missiyası siyasət vasitəsilə öz xalqının, millətinin maraqlarını müdafiə etməkdən ibarətdir.

Diplomatiya həm çətin, həm də şərəfli peşədir.

Amma çətinliklərə və ən başlıcası Vətən həsrətinə baxmayaraq, bu  sahədə fəaliyyət göstərmək ürəyimcədir, millətimizin, dövlətimizin və prezidentimizin etimadını doğrultmağa çalışıram, bununla qürur duyuram.

Məlum olduğu kimi, cənab Prezidentin rəhbərliyi ilə bir ildən bir Azərbaycanın xarici ölkələrdəki səfirlərinin müşavirəsi keçirilir. Bugünlərdə baş tutan növbəti-beşinci müşavirədə də cənab Prezident bir daha səfirləri təlimatlandırdı, yol göstərdi, tövsiyələrini verdi. Bugünkü Azərbaycan diplomatlarının bəxti onda gətirib ki, bizim prezidentimiz ixtisasca diplomatdır. Onun apardığı siyasəti biz xarici ölkələrdə davam etdiririk. Prezidentin göstərişi ilə xarici ölkələrdə səfirliklərimizə hər cür şərait yaradılır. Bu yaxınlarda Azərbaycanın Belarusdakı səfirliyi də yeni binaya köçürüləcək.

Taleyimə ölkəmdən uzaqlarda Vətənimi təmsil etmək yazılıb.

Və mən buna qətiyyən peşman deyiləm. İcra etdiyim vəzifə ilə yanaşı, yaşadığım, işlədiyim hər ölkə yaddaşımda maraqlı xatirələrlə dərin izlər buraxıb. Olduğum hər ölkənin öz gözəlliyi, hər biri ilə bağlı parlaq xatirələrim var. İranda bizim hərbi zavodun açılışında təxminən 15 dəqiqə İran şahı Məhəmməd Rza Pəhləvinin nitqini tərcümə eləmişdim. O vaxt 25 yaşım vardı. Onda ömrümdə birinci dəfə idi ki, hansısa dövlət başçısı ilə görüşdə olurdum. Şah xudahafizləşəndə sinəmdə adımı və soyadımı göstərən karta işarə ilə (adım da, soyadım da fars kökənli olduğu üçün) soruşdu ki, rus dilini harda öyrənmisən? Elə bilmişdi, farsam.

Əfqanıstan beynimdə daha çox qorxu ilə assosiasiya olunur. Amma qorxu hissinin özündə də bir maraq var. Özünüqoruma instinkti qorxu nəticəsində son həddə çatır. Məsələn, Əfqanıstanda dünən oturub söhbət etdiyin, çörək kəsdiyin adamı səhər sağ görmürdün. Bu, çox kədərli idi. Pakistanı 60-64 dərəcə istiliklə xatırlayıram. Hindistanla müharibə vəziyyətində olduqlarına görə elektrik kəsilirdi, bəzən kondisioneri qoşub avtomobildə gecələməli olurduq. İsveçrə isə yüksək inkişaf etmiş Avropa ölkəsidir. Fransa ilə o qədər yaxındır ki, avtobusla tez-tez oraya gedə bilirdik.

Moldovada 6 il səfir olmuşam. Orayla bağlı xatirələrim daha çoxdur. Moldovada işləyəndə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə eyni gündə Qaqauz Muxtar Respublikasının fəxri vətəndaşı adına layiq görülmüşəm. Orada Azərbaycan Tədris Mərkəzi açmışdım. Həmin tədris mərkəzində həftədə iki dəfə Azərbaycan dilində mühazirələr oxuyurdum, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdırırdım. Moldovada mənə fəxri akademik adı da verilmişdi. 6 ay işdən sonra kilsədə mühazirə oxudum. İslam dini, müsəlman alimi haqqında orada formalaşmış mənfi rəyin düzgün olmadığını mühazirələrimdə anlatmağa, yanlış təsəvvürləri dəyişməyə çalışdım. Bütün bunlara –dinlərarası münasibətlərin nizamlanmasına çalışdığıma görə  Moldovanın dini rəhbəri tərəfindən mənə Vladimir ordeni təqdim olunub. Bundan başqa Moldova televiziyasında Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı filmlərin nümayişinə nail olmuşdum, mətbuatda bu problemlə bağlı tez-tez çıxış edirdim. Bu fəaliyyətimdən qəzəblənən Moldovadakı erməni diasporu mənə dalbadal təhdid dolu məktublar göndərirdi.

Dünyanın harasında olsam da, ürəyim, nəbzim Azərbaycanla bir vurur. Xaricdə olanda həmişə radioda Bakıya qulaq asıram, Azərbaycanın televiziya kanallarını izləyirəm. Belarusun iqlimi soyuqdur,  televiziyada deyiləndə ki, Bakıda gün çıxıb, o istini orada hiss edirəm. “Bakıda yağış, qar yağır” deyiləndə mənə də soyuq olur oralarda...

Diplomatiya qədər ədəbiyyat da həyatımda vacib rol oynayıb.

Bəxtiyar Vahabzadənin oğlu olmaq bir tərəfdən avantajlı görünsə də, həm də çiyinlərimə böyük məsuliyyət yükü qoyub. Mən atama həmişə müqəddəs şəxs, büt kimi baxmışam. İndiyə qədər də özümə bağışlaya bilmirəm ki, yubileylərində, kitablarının təqdimatında, əsərlərinin premyerasında onun yanında ola bilməmişəm. Sadəcə telefonla əlaqə saxlayırdıq və onu təbrik edirdim. Qəfil zəngləri olardı. Birdən səhər saat 6-da, 7-də atamdan zəng gəlirdi. Xarici ölkələrdə saat fərqi var axı. Mən qəfil zənglərdən təlaşlanırdım. Atam səhərə kimi işləyirdi, səhər, tutalım, səsimi eşitmək istəyirdi,  durub zəng eləyirdi. Dəstəyi yerə qoyandan sonra fikirləşirdim, bəlkə xəstələnib, mənə demir? Elə bil öskürdü axı? Təzədən özüm yığırdım, ki, ay ata, nə olub? Bax, bu nisgil həmişə ürəyimdədi... Atamı cismən itirəndən sonra onunla bir yerdə olmaq şanslarını dəyərləndirmədiyimə görə hərdən özümü qınayıram. Məndə o  qədər məktubları qalır ki... Atam övladları içində ən çox mənə diqqət yetirirdi. Səbəb həm də onun Böyük Vətən Müharibəsindən qayıtmayan böyük qardaşı İsfəndiyarın adını daşımağım idi. Atam ürəyiyumşaq olduğu qədər də bəzən sərt idi. Səbaeldə icraiyyə komitəsinin sədri vəzifəsində çalışanda (33 yaşım vardı) bir səhvimə görə atam gəldi, katibəni də kənara itələyib kabinetə girdi və mənə möhkəm bir sillə vurdu. Çox ciddi və dindar adam idi. Mən isə əksinə, dindar deyiləm, buna görə o məndən narazı idi. Həmişə deyirdi ki, oğlum, mən həyatda olmayanda kim arxamca nə danışsa, yaradıcılığım barəsində səviyyəsiz söhbətlər eləsə, cavab vermə, adımı qoru, ancaq özündən aşağı səviyyəli insanlarla mübahisəyə girişmə, izahat vermə...

Diplomatiya tariximiz haqqında kitab üzərində çalışıram.

Altı cilddə nəzərdə tutulan və Azərbaycanın son dövrlərdə qazandığı uğurları özündə əks etdirən həmin əsəri 2015-ci ilədək tamamlamağı planlaşdırıram. İndiyədək “Süleyman Rüstəm və Cənubi Azərbaycan mövzusu”, “Millətimin imzası”, “Mühacirət tarixindən yarpaqlar”, “Sanma taleyindən küskündür şeirim” kimi 6 kitabın, mindən artıq elmi-publisistik məqalənin müəllifiyəm, tərcümələr etmişəm. Yeni kitabımın adını “Altıncı mərtəbə” qoymuşam. Bu adı seçməyim həm də Xalq yazıçısı Anarın məşhur “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinə olan sevgimdən qaynaqlanıb.

Azərbaycan ədəbiyyatında kumirim Anardır...

Yaşı əllini haqlayan, amma hələ də özünə gənc deyən bəzi “yazıçı” və “şair”lərin yazdığını, özüm professor ola-ola, heç mən başa düşmürəm. Bunlar naturalizmlə realizmi bir-birinə qarışdırıblar. Bəzən elə biabırçı, əxlaqdankənar yazırlar ki, onların ümumiyyətlə, ədəbiyyatdan xəbərdar olmalarına şübhə ilə yanaşıram. Özlərinə hələ də gənc demələri isə, yəqin ki, indiyə qədər imzalarını təsdiqlətməyi bacarmamaları ilə bağlıdır. Bəzi gənclər şikayətlənirlər ki, hökumət bizə şərait yaratmır. Mənim yadıma gəlir ki, atamın artıq tanınmış şair olan vaxtlarında da biz ikiotaqlı, dar bir mənzildə yaşayırdıq, bu, xeyli müddət belə davam etdi. Hökumətdən imtiyaz, şərait umanlara üz tutub demək istəyirəm ki, dünyanın  heç bir ölkəsində Azərbaycanda olduğu qədər ədəbiyyata, mətbuata dövlət qayğısı göstərilmir. Bu yaxınlarda 80 illik yubileyi qeyd edilən Yazıçılar Birliyinin dövlət tərəfindən maliyyələşdirilməsi də bunun sübutudur. Yaxud da keçən il Prezidentin jurnalistlərə ev verməsini xatırlayaq. Dünyanın heç bir ölkəsində belə təcrübə yoxdur. Bəzi “yazarlar” – özləri istedadları olmadıqlarına görə, zəhmət çəkmək istəmədikləri üçün – böyük şəxsiyyətləri, özlərindən əvvəl yaşamış şair və yazıçıları təhqir, böhtan və hədyana məruz qoyurlar. Adları heç bir dəftərə düşməyən və düşməyəcək belələri anlamalıdırlar ki, yalnız istedad və zəhmətin vəhdəti ilə irəli getmək, uğur qazanmaq olar, böhtan və təhqirlə uzağa getmək olmaz. İdman maykası geyinib, ya da kepkasını tərsinə qoyub efirə çıxmaq yenilik deyil, yeniliyi əsərlərində, yazılarında etmək lazımdır. Postmodernizmi yalandan əldə bayraq eləməklə milləti aldatmaq olmaz.

Mütaliəni və klassik musiqi dinləməyi sevirəm.

Daha çox klassik irsdir zövqümcə olan. Dünya ədəbiyyatında, Şekspirdən başlamış İrvin Şouya, Con Apdayka qədər, bir çoxlarını oxuyuram.

Yeni yazılanları da izləyirəm. Sovet ədəbiyyatını da dərindən mütaliə eləmişəm və bir çoxunu indi də bəyənirəm. Daha çox klassik musiqiyə qulaq asıram. Qara Qarayev, Fikrət Əmirov sevimli bəstəkarlarımdır. Eləcə də Bethoveni, Şopeni, Motsartı sevirəm. Şövkət Ələkbərovanın ifasının vurğunuyam.

Ağır iş günündən sonra bu musiqilər  yorğunluğu çıxarır, əsəb gərginliyini azaldır.

Avqustun 4-də 60 yaşım tamam olur.

Atamın doğum tarixi isə avqustun 16-dadır. Aramızda 12 gün fərq var. Atam həmişə deyərdi ki, sən məndən 12 gün böyüksən. Mən də cavab verirdim ki, mən sənin böyük qardaşınam axı, İsfəndiyaram... Atamın vəfatından sonra yubiley keçirmirəm. Bu, pessimistlik deyil. Sadəcə, yaş artdıqca insan müdrikləşir. Bəlkə müdrikləşmək  yaşa dolduqca arzu və iddiaların  azalması ilə də bağlıdır. Ömrün hesabat çağındayam artıq... Düşünürəm ki, daha çox nailiyyətlər əldə edə bilərdim. Doğrudur, öhdəmə düşən müəyyən işləri görmüşəm, missiyamın ağırlığını, məsuliyyətini həmişə dərk eləmişəm və bunu ləyaqətlə yerinə yetirməyə çalışmışam.  Bəlkə də, atam demiş, bircə onda razıyam ki, özümdən narazıyam...

İşimə çox bağlı insanam. Bəzən hətta məzuniyyətə də çıxmıram. Mənə elə gəlir ki, işdən bir az uzaqlaşan kimi hər şey bir-birinə qarışacaq. Hazırda məzuniyyətdəyəm, amma gün ərzində bir neçə dəfə səfirliklə əlaqə saxlayıram, oradakı vəziyyəti öyrənirəm, mənə tez-tez zəng vururlar, məktublar, sənədlər barəsində məlumat verirlər. Vətəndə olmaq çox gözəl bir hissdir, ancaq burada olanda da bəzən Belarusdan ötrü darıxıram. İndi də yarı canım orada qalıb. İş, həvalə olunan vəzifə, göstərilən etimad mənim üçün çox önəmlidir. Bundan sonra da illərlə usanmadan, yorulmadan, əvvəlki şövqlə, tükənməz məsuliyyət hissi ilə dövlətimin siyasətini, Prezidentin iradəsini həyata keçirməyə və üzərimə düşən missiyanı, millətimizi təmsil etmək, xalqımızın  haqq səsini dünyaya çatdırmaq kimi müqəddəs vəzifəni şərəflə icra etməyə  hazıram.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.-2014.-19 iyul.-S.14.