Ramazanda Qədr gecələri
Rauf CƏBRAYILOV
İlahiyyatçı
Ramazan ayı hicri təqvimə daxil olan on iki ay içərisində
müqəddəs ay hesab edilməklə “ayların
sultanı” adı ilə tanınır. Bu ay Allah tərəfindən
seçilmiş ilahi təlimlər ayı olması,
bütün səmavi kitabların bu ayda nazil olması, qədr
gecəsi kimi xüsusi mərhəmət və
bağışlanılma gecəsinin bu ayı daha da fəzilətli
etməsi, İslam dininin ən böyük bayramının bu
ayla bağlılığı və digər bu kimi xüsusi
özəllikləri olan üstün bir aydır. Ramazan ayı İslam dinində Allah tərəfindən
seçilmiş bir nümunə ayı kimi də qərar
verilmişdir. Bu ilahi qərar insanlara bir ay
boyunca qüsursuz yaşam tərzini öyrədir. Ramazan ayı bütünlüklə bir ibadət
ayıdır. Onu başqa aylardan fərqləndirən
ən mühüm cəhət də budur. Bu ay həm də bir mərhəmət,
bağışlanılma ayıdır. Bu
ayda oruc tutmaq İslam dininin vacib şərtlərindən
biridir. Bu ilahi hökm sonuncu səmavi din
olan İslam dinində tam bir təlim formasındadır.
İndiyə qədər bizə məlum olan
heç bir təlim insan psixikasına, onun
dünyagörüşünə, yaşayış tərzinə
orucluq qədər güclü təsir göstərə bilməmişdir.
Orucluq şərtlərinə əməl edən
hər bir müsəlman bu ayda ilahi mərhəmətdən daha
çox faydalanma imkanlarına sahibdir.
Bu ayda
Allah tərəfindən elə bir gecə nəzərdə
tutulub ki, bu gecədə, yəni Qədr gecəsində səmimi
qəlbdən Allaha üz tutub, oyaq qalıb, ibadət və
tövbə edərək əvvəlki günahlara bir daha
dönməmək şərtilə əfv diləyən hər
bir müsəlman günahlarının
bağışlanılmasına nail ola bilər. Qədr gecəsi
haqqında Qurani-Kərimin ayrıca bir surəsi var. Orada Allah
buyurur:
(1)“Həqiqətən Biz onu (Quranı) Qədr
gecəsi nazil etdik!”(2) “(Ya Peyğəmbər) Sən nə
bilirsən ki, Qədr gecəsi nədir?!”(3) “Qədr gecəsi
min aydan daha xeyirlidir!”(4).“O gecə mələklər
və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən
dolayı yerə enərlər.”(5).“O gecə
dan yeri sökülənə kimi salamatlıqdır!”. (Əl-Qədr surəsi).
Qədr gecəsi elə bir möcüzəli gecədir
ki, Allah bu gecənin yaratdığı gecələr içərisində
daha üstün, fəzilətli, hətta min aydan daha xeyirli
olduğunu bildirir.Bu müddət isə təxminən 83 ilə
bərabərdir. Az insan tapılır ki, indiki
dövrdə səksən il yaşasın. Deməli,
bu gecənin xeyir və bərəkəti o qədər böyükdür
ki, bir insanın bütün ömrü boyu əldə edə
biləcəyi xeyir, bərəkət və rəhmətdən
daha artığı həmin gecədə
toplanmışdır. Quran da bu gecədə
nazil olmuşdur. Belə bir sual oluna bilər
ki, necə olur ki, Qurani-Kərim həm 23 ilə gəlir, həm
də bir gecədə nazil olur? Bildiyimiz
kimi Qurandan başqa bütün səmavi kitablar bir dəfəyə,
kitab şəklində və ya daş lövhələrdə
endirilmişdir. Yeganə kitab Qurandır ki, bəlkə
də sonuncu kitab olduğu üçün,zaman
və tarixi şərait nəzərə alınaraq, ictimai
münasibətləri tədricən tənzimləmək və
insanları bu həyat tərzinə yavaş-yavaş
alışdıraraq ayə-ayə endirilmişdir. Qədr gecəsində
isə bir dəfəyə Məhəmməd Peyğəmbərə(s.v.s)
oxunmuşdur. Bəzi hədislərdən də
məlum olur ki, nəinki Quran, bütün səmavi kitablar bu
gecədə nazil olmuşdur.
Dediyimiz kimi bu gecə xüsusi mərhəmət və
rəhmət gecəsidir ki, Allah tərəfindən bir
lütf olaraq yer üzünə və insanlara bəxş
olunmuşdur.
Məhəmməd Peyğəmbərin(s.v.s)
bildirdiyi kimi bu gecə şeytanın tam zəncirləndiyi gecədir.
Bu gecədə Yer üzünə heç bir bəla
gəlməz. Mələklər hər
ibadət və dua edən insanın dualarının qəbul
olunması üçün Allaha yalvarıb amin deyərlər.
İslam dininə görə bu gecədən
üstün bir gecə yoxdur. Bu gecənin
dəqiq vaxtı bilinmir. Bəzi hədislərdə Məhəmməd
Peyğəmbər (s.v.s) bu gecənin Ramazan ayının son
on gününün tək gecələrinə
düşdüyünü bildirir.Belə hədislərin
birində deyilir: “İbn Abbas rəvayət edir ki, Peyğəmbər
(s.v.s) demişdir: “Qədr gecəsini Ramazanın son on gecəsinin
tək gecələrində, ayın axırına doqquz, yaxud
yeddi, yaxud da beş (gecə) qalmış
axtarın.”(Səhih əl-Buxari,2021-ci hədis)
Ramazan
ayının ibadət zirvəsi hesab olunan bu gecə ilahi nurun
Yer və insanlar üzərinə daha çox işıq
saçaraq yayıldığı, mərhəmət
qapılarının tam açılaraq Allahın,
“günahlarını bağışlatmaq istəyən qul
yoxdurmu onu əfv edim?” dediyi müqəddəs bir gecə
olmaqla yanaşı, həm də bir imtahan gecəsidir. Bu gecənin fəziləti və “bərəkət
ağırlığı” o qədər böyükdür
ki, hər müsəlman onun üçün
yaradılmış bu gözəl imkandan yararlanmalı, ya da ən
azından həmin gecəyə hörmətsizlik göstərməməlidir.
O gecə hətta bəzi halal işlərin görülməsi,
məsələn, cinsi əlaqə, fiqh alimləri tərəfindən
məqbul sayılmamışdır. Öz-özlüyündə
onsuz da günah olan əməllərin, məsələn,
spirtli içki içmək, zina etmək, donuz əti yemək,
böhtan demək, qeybət etmək, qumar oynamaq,
söyüş söymək, dava salmaq və s. əməllərin
bu gecədə edilməsinin cəzası bir neçə dəfə
artıq olmaqla Allahın qəzəbinə səbəb olar. Çünki insan üçün ilin bu gecəsinin
mərhəmət, rəhmət, bərəkət, nur və
şəfaət gecəsi kimi qərar verilməsi və
insanların bu gecəyə necə münasibət bəsləmələrinin
xüsusi izlənilməsi üçün hətta mələklər
Yer üzünə enib şahidlik edərlər. Mütəmadi Allaha ibadət etməyən müsəlmanlara
da həmin gecəyə hörmət etmək, günah etməmək,
əfv diləmək vacib sayılır.
Bəziləri Qədr gecəsində oyaq qalıb ibadət
etdikdən sonra nə isə bir dəyişiklik gözləyirlər. Bu əqli cəhətdən
doğru deyil. Çünki axirət
dünyası olmasaydı və biz axirətə iman gətirməsəydik,
mütləq mükafatımızı bu dünyada
alacağımızı fikirləşməyimiz doğru
olardı. Amma duaların qəbul olunub-
olunmamasını, yaxud əməllərimizin
mükafatlandırılmasının bu dünyada, yoxsa axirətdə
olacağına yalnız Allah qərar verir. Hətta biz bəzən nəyin bizim xeyrimizə
olacağına belə əmin deyilik. Yaxşısını
Allah bilir. Yasin surəsində
Antakiyalılara göndərilən elçilərə iman gətirməyi
məsləhət görən və bu səbəbdən də
qövmü tərəfindən daşqalaq edilən və
Allahın cənnətlə mükafatlandırdığı
Həbib Nəccarın dediyi kimi “Kaş qövmüm biləydi
ki, Rəbbim məni niyə bağışladı və nəyə
görə hörmət sahiblərindən etdi!”(Yasin,26-27)
Bu üzdən insan qədr gecələrində
bağışlanıb-bağışlanmadığını
dəqiq bilmir.
Hətta onu gözləyən hər hansı
bir bəlanın bu dualar vasitəsilə nə vaxt ondan
uzaqlaşdırılacağını da bilmir. Amma iman vasitəsilə Allahın verdiyi vədin
doğruluğuna inanan insan Allahdan günahlarının
bağışlanmasını və mükafatını diləyir.
Allaha olan imanını möhkəmləndirir və
səmimiyyətlə Ona üz tutur, ümidi daha da artır.
Bu insana bir arxayınlıq və hüzur verir.
Çünki insan əməllərinin boşa
getmədiyini və ortada da Allah mükafatının
olduğunu hiss edəndə istər-istəməz imanı
artır və uzun müddət bu əhval-ruhiyyənin təsirində
qalır, ya da ən azından günahlarını azaldır
və Allahın himayəsinə sığınaraq
özünü güvəndə hiss edir.
Əvvəldə dediyimiz kimi, Qədr gecəsinin müsəlman
üçün hikməti böyükdür. Bu hikmətin əsasını
bu gecənin bağışlanılma gecəsi olması təşkil
edir. İslam dininə görə müsəlman
üçün qazandığı elə bir günah yoxdur
ki, bu gecədə bağışlanılması
mümkün olmasın. Hətta ən
böyük günah olan şirk belə
bağışlanıla bilər. Amma bu işin şərtləri
var.Əgər insan günahlarının
bağışlanılmasını istəyirsə mütləq
şəkildə tövbə etməlidir.Qurani-Kərimin bu
haqda ayrıca surəsi də var. Tövbə surəsinin bir
ayəsində Allah buyurur: “ Məgər
onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər,
sədəqə(zəkat) alar və Allah tövbələri qəbul
edəndir, rəhimlidir?!”.(ət-Tövbə,104)
Tövbənin əsasını həmin
günah əmələ bir də qayıtmamaq şərtilə
Allaha verilən vəd təşkil edir. Çünki
tövbə etdiyin işi əgər məcburiyyət və
ölüm təhlükəsi səbəbindən etmisənsə,
amma Allaha verdiyin vədə qəlbən sadiqsənsə Allah
sadiqləri sevər və onların tövbələrini
heç vaxt geri çevirməz. Tövbənin
əsas şərtlərindən biri də insanın etdiyi pis
niyyət və yaxud əməldən peşman
olmasıdır. Peşmançılıq,
özünü günahkar, təqsirkar bilmək və təəssüf
hissi günahların bağışlanılmasına
başlıca vəsilədir. İslam
dininə görə əməldən peşman olmayanın
tövbəsini Allah qəbul etməz. Çünki
bu hissin yaranmaması insanı Allaha verdiyi vədi pozmağa və
həmin pis niyyət və əməllərin təkrar
olunmasına təhrik edir. Qurani-Kərimdə Alah buyurur:
“ O müttəqilər ki, bir günah
iş gördükləri, yaxud özlərinə zülm
etdikləri zaman Allahı yada salıb (tövbə edərək)
günahlarının bağışlanılmasını istəyərlər.
Axı günahları Allahdan başqa kim
bağışlaya bilər? Və onlar etdiklərini
(gördükləri işin pis olduğunu) bildikdə
(tövbədən sonra) bir daha ona qayıtmazlar”.
(Ali-İmran,135)
Əvvəldə də dedik ki, Qədr gecəsi
günahların daha çox bağışlanılması
gecəsidir.O gecə günahlarını
bağışlatmaq istəyən insan mütləq tövbə
etməlidir.
Sual olunur:“ Qədr gecəsi səmimi qəlbdən
tövbə edib günahlarını bağışladan insan
sonra öz pis əməllərinə davam edərsə onun əvvəlki
günahı silinmiş, bağışlanmış vəziyyətdə
qalır, yoxsa günahı yenidən hesaba alınır?”.Çünki hər bir günahkar istər ki, ən
azından günahlarını azaltsın, bu gecənin hikmətindən
yararlanaraq günahlarını
bağışlatdırsın, yəni sıfra endirib yenidən
öz əvvəlki həyatını davam etdirsin. Bu Allahı aldatmaq istəyi deyilmi? Allah ilahi
elmi ilə nəinki hər il qədr gecələrində,
hələ insaniyyət yaranmamışdan hər kəsin necə
olacağını əvvəlcədən bilib
yazmışdır. Aldanmaq insani xüsusiyyətdir.
Kiminsə aldanması onun gələcəyi
görməməsi və gələcəkdə qarşı
tərəfin özünü necə aparacağını
bilməməsi səbəbindən baş verir. Yəni,
həmin anın sonrası ona qaranlıqdır.Allah isə Qədr
gecəsində və yaxud başqa günlərdə tövbə
edən insanların hansının gələcəkdə
verdiyi vədi yerinə yetirəcəyini və əvvəlki əməllərinə
dönüb- dönməyəcəyini bildiyi
üçün aldana bilməz. Aldanmaq Allaha xas
keyfiyyət deyil. İnsan isə yalnız
öz-özünü aldadar.Ona görə də Qədr gecələrində
və yaxud başqa günlərdə edilən tövbələrin
əsasında səmimiyyət və həmin əmələ
bir də geri dönməmək durur.
Qədr gecələrində oxunan duaların da əvvəlki
günlərdə oxunan dualarla müqayisədə önəmi
çox böyükdür. Çünki Qədr
gecəsi duaların və diləklərin də qəbul
olunması gecəsidir. Bu dualar istər
şəxsi, istərsə də ümumi dualar olsun, fərq
etməz. Əsas şərt insanın
Yaradanının olmasını qəbul etməsi, ona şərik
qoşmaması və səmimi qəlbdən Allaha əl
açaraq diləyini ondan istəməsidir. Qurani-Kərimdə
Allah buyurur: “ (Ya Rəsulum!) Bəndələrim
Məni səndən soruşduqda söylə ki, Mən
(onlara) yaxınam. Dua edib Məni
çağıranın duasını qəbul edərəm.Gərək
onlar da Mənim çağırışımı qəbul
edib Mənə iman gətirsinlər. Bununla
da, ola bilsin ki, doğru yola yetişsinlər.”(əl-Bəqərə,186)
Ümumiyyətlə, Qədr hesab olunan gecələrdə oxunan duaların hansı formada edilməsindən çox şey asılıdır.Bu duaların Quran ayələri ilə qüvvətləndirilməsi və onların Allahın öyrətdiyi şəkildə edilməsi vacibdir.Ən əsası isə Allaha əl açan hər bir müsəlmana Allah öz adlarını çəkməklə duaya başlamağı tövsiyə edir. “ Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin.”(əl-Əraf,180) Dua edənlərin çox vaxt etinasız yanaşdıqları bu hökm duaların qəbulu baxımından çox vacibdir. Çünki diləklərin istənildiyi yeganə ünvan, ən uca varlıq olan Allah özü bunu duaların qəbulu, habelə dua edənin əl açdığı varlığa hörmət əlaməti olaraq onun adının çəkilməsinin daha düzgün olduğunu bildirir. Çünki heç bir Quran ayəsi Allahın adları qədər üstünlüyə, dəyərə malik deyil. Hər dua edənin Allahın adlarını çəkməsi nəinki bu duaları mükəmməl edir, hətta həmin insanın ilahi mərhəmətdən daha çox faydalanması və Allahın sevgisini qazanması üçün mühüm əhəmiyyət kəsb edir. Məhəmməd Peyğəmbər(s.v.s) bir hədisdə bildirir ki, “Allahın adlarını daim çəkən insanı cəhənnəm odu yandırmaqdan həya edər”. Bu üzdən qədr gecələrində oyaq qalıb ibadət edən hər bir kəsin bu adları zikr etməsi olduqca vacibdir. Məhşur İsmi-əzəm duası da bu adların içindədir.Bu həmin möcüzəli dua Allah tərəfindən bəzi peyğəmbərlərə və onların vəlilərinə öyrədilmişdir. Rəvayətə görə Süleyman Peyğəmbərin üzüyündə bu dua yazılıbmış (Tarixi-Təbəri I cild), onun vəziri Asəf ibn Bərxiya isə Səba hökmdarı Bəlqisin taxtını bir göz qırpımında bu dua ilə gətirmişdir (Tarixi-Təbəri I cild), Məhəmməd peyğəmbər (s.v.s) Bədr döyüşündə kafirlərə qarşı bu duadan istifadə etmiş, Həzrət Əli Xeybər qalasının dörd tondan artıq qapısını bu dua vasitəsilə başı üzərinə qaldırmışdı.Bu haqda Təbəri belə deyir: “ Möminlər əmiri Əli Allah onun üzünü kerim qılsın Allahın inayəti ilə Xeybər qalasının qapısını yıxmış, xarab etmişdi” (Tarixi-Təbəri I cild.səh.525)
Ümumiyyətlə, dualar gizli şəkildə, qəlblərdə, pıçıltı ilə, başqalarının görməsi və eşitməsi naminə deyil, səmimiyyətlə edilməlidir. Riyakarlıqdan uzaq insanın hər şeyi unudub arada vasitə olmadan Allaha üz tutması, diləyini yalnız ondan istəməsi həm də bir ibadət növüdür.Bu ibadətin forması Qurani-Kərimdə belə açıqlanır: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin.Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf,55)
Ramazanın digər günlərində
valideynlərə, yaxınlara, qohumlara, kimsəsizlərə
baş çəkmək, Qədr gecələrində isə
gündüzdən hazırlıq görmək, məsələn
yatıb dincəlmək və s, gecəni isə səhərə
qədər ibadətdə keçirmək məsləhət
görülür. “Rəvayət edilir ki, Aişə xanım
demişdir: “(Ramazanın) axır on günü yetişdikdə
Peyğəmbər(s.v.s) belbağını bərk-bərk
bağlayardı və gecələri həm özü ibadət
edər, həm də ailəsini yuxudan oyadardı(ki, onlar da
ibadət etsinlər).”(Səhih əl-Buxari,2024-cü hədis)
525-ci qəzet.-2014.-19 iyul.-S.11-12