Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam

 

Ermənistanın hərbi təcavüzü Ağdam rayonunun iqtisadiyyatına, mədəni həyatına, adətnənələrinə, flora və faunasına, ən əsası isə insanların taleyinə çox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan ədalətdən danışmağı sevən dünyanın gözü qarşısında yüz minlərlə insanın acı taleyindən xəbər verir. Ağdam canlı muzeyi xatırladırdı, bu qədim diyarın hər daşının altında bir tarix yatırdı, burada zəngin yataqlar var idi. Qarabağın toy otağı hesab olunan Ağdam məkrli niyyətlərin, xain yalançı vədlərin, təxribatın, xəyanətin meydanına çevrilmişdi. Yerli özünü müdafiə dəstələri arasına ədavət düşmənçilik toxumu səpilmişdi. Bir çox xarici ölkənin kəşfiyyat xidməti onsuzda ağır olan vəziyyəti daha da ağırlaşdırmışdı. 1993-cü ilin iyul ayı ərəfəsində Ağdamda vəziyyət belə bir məcrada idi. Öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri işğal, talan-qarət etnik təmizləmə apararaq Qarabağın mərkəzini ələ keçirdilər.

*Ağdam rayon ərazisinin 77,4 faizi erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalıb.

* Ağdam şəhəri,bir qəsəbə 82 kənd ermənilər tərəfindən zəbt olunub.

* 143 min nəfər əhali məcburi köçkünə çevrilib.

* İşğal zonasında 34600 yaşayış evi, 108 mədəniyyət ocağı, 99 kənd klubu, 114 məktəb, 120 səhiyyə müəssisəsi,57 rabitə, onlarla zavod, fabrik, yüzlərlə tarixi abidə, min hektarlarla meşə zolağı, bir neçə strateji su mənbəyi qalıb.Ötən 20 il ərzində ermənilər bu qədim yurd yerini xarabalığa çeviriblər.Təxmini hesablamalara görə rayona 17 milyarddan çox ziyan dəymişdir.

* Ağdam Qarabağ müharibəsində 5 min nəfərdən çox şəhid verib, 3571 nəfər əlil olub.

* Hazırda rayon ərazisində onlarla yeni qəsəbə salınıb. Enerji su təsərrüfatı qaydaya salınıb, yeni məktəblər tibb ocaqları inşa olunub.

Yayın isti günləri bu yerlərə bir qaynarlıq, yüksək əhval-ruhiyyə, sabaha dərin inam, insanların həyatına əmin-amanlıq, süfrələrinə bol ruzi gətirib. Cəbhə xəttində yerləşən ərazisinin böyük əksəriyyəti işğal altında qalan Ağdama hər səfərimiz bir yeniliklə yadda qalır. İndi yurd qapısı hesab olunan, Xaçın çayının sağ sahili boyunca baş qaldıran qala divarları, torpaqlarımızın dövlətçiliyimizin müdafiəsi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsinə ucaldılmış abidə kompleksi, yaşı əsrlərlə ölçülən Keşikçi təpəsinin yeni libası bu yerlərə ayaq basan hər bir kəsdə yeni bir ruh ümid yaradır. Buranın Ağdam torpağı olması indi daha aydın duyulur. Başı bəlalar müsibətlər çəkmiş bu yurdun qapısında bütün rəmzləri özündə birləşdirən böyük bir kompleks yaradılıb. Burada işğal altında qalan torpaqların harayı, şəhidlik, işğaldan sonrakı əsl sınaq illəri, Ağdamın özünə xas adət-ənənəsi, yurd nisgili, yenidən ayaq üstə qalxmaq, tikib - yaratmaq yaşamaq eşqi cansız daşların dili ilə bir hekayət, bir nağıl danışır.

İndi Ağdam rayonunda elə bu yayın özü kimi isti, səmimi doğma bir abhava diqqəti daha çox cəlb edir. Cəbhə xəttində yaşayan insanların əhvalı da çox yüksəkdir. Rayon mərkəzi hesab olunan Quzanlı qəsəbəsi günbəgün dəyişir gözəlləşir. Həyatın axarı burada daha gurdur. Bir tərəfdən küçələr prospekt qaydaya salınır, yeni binalar inşa olunur, yollara asfalt örtük döşənir, bir tərəfdə təbii qaz xətləri, uzun illərdən bəri içməli su sarıdan korluq çəkən Quzanlıya su kəməri çəkilib, bir tərəfdən isə səliqə - səhman yaradılır, ağaclar əkilir, yaşıllıqlar salınır. Bütün bu işlərə isə ərazidə məskunlaşmış məcburi köçkünlər yerli əhali cəlb olunub. Bir sözlə, bu gün qarşıya nəcib şərəfli bir vəzifə qoyulub: möhtərəm Prezidentimiz İlham Əliyevin Ağdam rayonuna, ağdamlılara göstərdiyi doğma münasibətə, diqqət qayğıya əməli işlə cavab vermək.

Hazırda rayonda aparılan tikinti-quruculuq işləri, cəbhə xəttində yerləşən kəndlərə təbii qaz xəttinin çəkilməsi, içməli texniki suya olan tələbatın ödənilməsi adamları torpağa, doğma el-obaya daha sıx bağlayıb.

İşğal haqqında danışmaq çox ağırdır. Bu dərd kədər köynəyini əynimizdən çıxara bilmirik. eləmək olar, bu bir tarixdir, onu zaman-zaman gələcək nəsillər üçün təkrar etməliyik. Zənnimizcə, yurdsuzluqdan ağır bir faciə təsəvvür etmək mümkün deyil. Erməni təcavüzü nəticəsində öz doğma yurd yerlərindən didərgin düşmüş, ev-eşiyini itirmiş insanların dözümü ümidi qarşısında söz aciz qalır.  Elə bir gün olmur ki, bu insanlar yurd yerlərini, el-obalarını, ev-eşiklərini, həyət-bacalarını xatırlamasınlar. Təbii ki, onlar öz evlərinin hənirini, bağ-bağatlarının ətrini, doğma ocaqlarının istisini heç bir yerdə duya bilmirlər. Ağdamın zümzüməli çayları, diş göynədən bulaqları, zümrüd meşələri, yaşıl ormanları qəlbimizdə həzin bir bayatıya çevrilib. Yaranın ağrısı isti-isti hiss olunmadığı kimi, yurd həsrəti illər keçdikcə daha çox qövr edir, qəlbimizi göynədir.

Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzün ən ağır nəticələri özünü Ağdamda büruzə vermişdir. Vaxtilə ölkənin ən böyük, abad və varlı rayonlarından biri olan bu qədim diyar erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş, təbiətin və insanların yaratdığı bu canlı abidə xarabalığa çevrilmişdir. İşğaldan düz 21 il keçir. Təcavüzün ağır zərbələrini dadmış insanlar ötən bu illər ərzində həmişə sülh tərəfdarı olduqlarını dönə-dönə nümayiş etdiriblər. Çox təəssüf ki, Ermənistan öz havadarlarının, təcavüzün, silah-sursatın, ekstremizmin dili ilə danışmağa üstünlük vermişdir. Bir də təəssüf doğuran odur ki, münaqişəni tənzimləməyi boynuna götürmüş beynəlxalq təşkilatlar Ermənistanın cığallığına açıq-aşkar göz yumur, təcavüzkarı öz adı ilə çağırmır və münaqişəni dondurmağa cəhd edirlər.

Yuxarıda qeyd etdiyimiz kimi Ermənistan öz havadarlarının köməyinə arxalanaraq 1988-1993-cü illər ərzində torpaqlarımızın 20 faizini işğal etmiş, qədim yurd yerlərimizi xarabalığa çevirmiş, etnik təmizləmə apararaq bir milyona yaxın soydaşımızı öz ev-eşiyindən, doğma ocaqlarından zorla qovmuşdur. Təcavüzün və işğalın miqyası çox geniş, nəticələri isə çox ağır olmuşdur.

1991-ci ilin sentyabrından 1992-ci il fevralın 26-dək ermənilər Dağlıq Qarabağın Azərbaycan əhalisini dədə-baba yurdlarından qovdular. Yüzlərlə kənd və qəsəbəni yandıraraq xarabalığa çevirdilər. Minlərlə dinc, əliyalın azərbaycanlı qətlə yetirildi. Həmin illərdə öz doğma ev-eşiyindən didərgin salınan əhali Ağdama pənah gətirir, burada sığınacaq tapırdı. Ağdamlılar faciə ilə üzləşmiş soydaşlarımızın dərdinə şərik çıxır, onlara diqqət və qayğı göstərir, ən əziz tikələrini onlarla yarı bölürdülər. Həmin vaxt Qarabağın toy otağı hesab olunan Ağdamın ən ağır, ziddiyyətli və çətin günləri başlanmışdı. Bu yerlərdə pərdə-pərdə dalğalanan musiqi sədalarının yerini qaçqın və məcburi köçkün dalğası bürümüşdü. Nə qədər ağır və dözülməz olsa da, Ağdam camaatı yüksək vətənpərvərlik nümayiş etdirir, düşmənə layiqli və tutarlı cavab verirdi.

Ağdam Qarabağda bir qalaya bənzəyirdi. Əslində ermənilər bu qalanın həndəvərinə yaxın düşə bilməzdilər. Xain düşmən ağdamlıların iradəsinə, vətənpərvərliyinə hələ keçən əsrin əvvəllərində baş vermiş erməni-müsəlman müharibəsindən bələd idi. Bütün Qarabağda Ağdamın necə mühüm əhəmiyyət kəsb etdiyini, Ermənistanın başladığı müharibədə daha çox itkiyə məruz qaldığını xalqımızın ümummilli lideri Heydər Əliyev çox düzgün olaraq belə qiymətləndirmişdir: "1988-ci ildə Elmənistanın Azərbaycana hərbi təcavüzü-ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəlmişdir. Bu da təbiidir, çünki Dağlıq Qarabağda yaşayan ermənilər daim Ağdamla əlaqədə olurdular. Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər cəsur olduqlarını da yaxşı bilirdilər. Strateji təcavüzün qarşısının alınması üçün Ağdam, şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtədə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi".

 

(Ardı var)

Salman ALIOĞLU

525-ci qəzet.-2014.-23 iyul.-S.4.