Mənim igid komandirim

 

İbrahim MƏSİMOĞLU

 

General-mayor Q.Qarayevə ithaf edirəm

 

Onun aramlı səbrindən hər dəm ümid doğulur,

İradlı söz acısından ürəklərə isti dolur,

Onun hərbi hiyləsində düşmən dərhal boğulur,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Varlığını oda saldı Kəlbəcərin xilasında,

Yağıya meydan oxudu taborun ön sırasında,

Sağalmaz bir yara açdı hər dığanın qafasında,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Döyüşlərdə itiləşdi, qızdı səngər güzəranı,

Taktiki fənd hüdudları aşıb-keçdi dağ-aranı,

Murov həmlələrində artdı qələbəlik anı,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Qələbə şirinliyində gülür mənalı gözləri,

Etibarı itən deyil, sevmir ütülü sözləri,

Kamil zabit qayəsində korşalarmı fənd kəsəri?!

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Adı Qorxmaz, qəlbi qorxmaz, özü qorxmaz komandirim,

Dost itirən anlarında Qorxmazı necə dindirim?!

İstərəm, zəfər cağında onu qəfil sevindirim!

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Baxışında hey qaynayır dür gözlü qürur bulağı,

Əsgər qəlbini fəth edən məhrəm etibar qaynağı,

Onun şərəf zərrəsindən ucalır ordu dayağı,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Sözü yumşaq söyləsə də sübutu möhkəm olur,

Haqlı cəza məqamında insafını unutmur,

Ona axan baxışlarda ehtiram çox yer tutur,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Qorxmaz kimi komandirlə ümid talanan deyil,

Siyasi labirintlərdə ordu heç azan deyil,

Daha yağı ocağında qəlbimiz yanan deyil,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

 

Onun halal qismətidir ali zabit rütbəsi də,

Hər xitabət məqamında “generalım” kəlməsi də,

Bol fərəhimlə yüklənir, parlayır söz ilməsi də,

Ləyaqəti dağdan uca mənim igid komandirim.

Yurd sevdalı Seyidağa

 

Oğuz qanlı ilk taborun odsaçan bölük rəhbəri,

Beş aldı yurd savaşından Azərbaycan türk hünəri,

Coşdu onun inadından od obamın nər əsgəri,

Ulu millət tarixində itən deyil Seyidağa!

 

Tanımır heç bir sevgini Vətən eşqindən yuxarı,

Oxunur onun gözündə milli kişilik vüqarı,

Axı macal verəcəkmi əsəbi qeyrət damarı?!

Ulu millət yolundan dönən deyil Seyidağa!

 

Qanlı yanvar qapatmadı iti kamera gözünü,

Cəsarətlə çox soyutdu yanan Xocalı sözünü,

Qəlbində gəzdirsə də qızmar Qarabağ közünü,

Ulu millət yaddaşını silən deyil Seyidağa!

 

Yarasından qan axsa da vuruşa öndə atılar,

Qarabağ döyüş yaddaşı başını uca saxlayar,

Yumruqlaşan nər ürəyi nə qədər qubar bağlayar?

Ulu millət sevdasında sönən deyil Seyidağa!

 

Onun güvənc mənbəyidir əbədi Yunis şöhrəti,

Onun yaşam hədəfidir gizir İslam qeyrəti,

Ona ruhən himayədir ölməz Feyruz qüdrəti,

Ulu millət kədərinə dözən deyil Seyidağa!

 

İçində nədən kəsilmir bu hönkürtü, bu hıçqırıq?!

Yanıqlı ağzından çıxan kəlmələri yanıq-yanıq:

“Vallah, sülh baş tutmayacaq-düşmənimiz zatıqırıq!”

Ulu millət davasında ölən deyil Seyidağa!

 

525-ci qəzet.-2014.-26 iyul.-S.30.