Vətəndaş cəmiyyəti
institutları ekoloji sferada fəaliyyətinin ümumi təhlili
Elməddin Hacılı Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri
Son illərdə dünyada ekoloji problemlər və
ekosistemlərə təhlükə törədən amillərin
sayı artıb, insan fəaliyyəti nəticəsində
ekosistemlər deqradasiyaya uğrayıb. Bu səbəbdən
də ekologiyanın qorunub saxlanılması və davamlı
istifadəsinə dair ciddi tədbirlərin görülməsi
tələb olunur. Son illərdə Azərbaycanda ekoloji problemlər
önə çəkilərək bu sahədə xeyli iş
görülüb. Ətraf mühitin mühafizəsi
üzrə Milli Fəaliyyət Planı, "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram və
digər dövlət proqramları qəbul edilərək həyata
keçirilib. 2010-cu il ölkə
başçısı tərəfindən Ekologiya İli elan
olunub və bu istiqamətdə bir sıra layihələr və
tədbirlər icra edilib. Qeyd edək ki, bu gün də ölkəmizdə
ekoloji problemlərin həlli istiqamətində
müvafiq dövlət proqramları çərçivəsində
ardıcıl tədbirlər görülür. Təbii ki, respublikamızda ekoloji problemlərin həllində
dövlət qurumları ilə yanaşı qeyri-hökumət
təşkilatlarının da rolu zəruridir.
Xatırladaq ki, QHT sektorunun bu sahədə həyata
keçirdiyi layihələr ekoloji problemlərin həlli məsələsində
çatışmazlıqları aradan qaldırmaq
üçün az rol oynamır.
Ekoloji problemlərin həlli məsələsində
QHT-Dövlət əməkdaşlığını qənaətbəxş
saymaq olar.
Dövlətin ekologiya sahəsində siyasətini həyata
keçirən Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ekoloji problemlərin həllində cəmiyyətin
daha geniş iştirakını təmin etmək, eləcə
də nazirliyin öz vəzifə və funksiyaları çərçivəsində
həyata keçirdiyi tədbirlər barədə əhalinin
məlumatlılığının daha da
artırılması məqsədilə müntəzəm
olaraq nazirliyin əməkdaşlarının, mütəxəssislərinin
QHT-lərlə görüşləri, birgə tədbirləri
həyata keçirilir, fikir
mübadiləsi aparılır. Müxtəlif
ekoloji problemlərin həlli, bu sahədə qabaqcıl təcrübənin
tətbiqi, yeni təkliflərin verilməsi ilə əlaqədar
keçirilən müzakirələrdə, ölkəmizdə
ətraf mühit sahəsində fəaliyyət göstərən
QHT-lərin rəyləri də öyrənilir və təqdirəlayiq
bilindiyi halda istifadə edilir. Müntəzəm olaraq
KİV və QHT nümayəndələri üçün
seminarlar təşkil olunmaqla yanaşı, Nazirlik çərçivəsində
keçirilən bütün tədbirlərdə ictimaiyyətin
nümayəndələri iştirak edir və hər hansı
bir ekoloji və ətraf mühitlə bağlı məsələ
ilə əlaqədar yaradılan komissiyalarda onlar təmsil olunurlar. Nazirliklə daimi işgüzar əlaqə saxlayan
30-dan artıq QHT nazirliyin tədbirlərinə cəlb edilir,
onların təklif və sorğuları əsasında
görüşlər təşkil olunur. Eyni
zamanda Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq
ekoloji konvensiyalardan irəli gələn öhdəliklərin
yerinə yetirilməsi üçün işçi
qrupları yaradılıb və bu qrupların tərkibinə
də müvafiq QHT-nin nümayəndələri daxil edilib.
Qeyd edək ki, son illərdə Azərbaycanda milli donor
institutlarının yaradılması ilə başqa sahələrdə
olduğu kimi, ekoloji problemlərin də həlli istiqamətində
də QHT-lərin həyata keçirdiyi tədbirləri daha
da sürətləndirmiş və bir canlanma
yaranmışdır. Bu sahədə milli donor
institutlarının maliyyə dəstəyi ilə icra
olumuş və icra olunmaqda olan QHT layihələrinə nəzər
salmaqla bu canlanmanı müşahidə edə bilərik.
"Dünya Gəncləri Alyansı"
İctimai Birliyi tərəfindən bir neçə il öncə
icra edilən "Mənim şəhərim, mənim evim"
ekoloji layihəsi Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu tərəfindən dəstəklənmişdi.
Layihə Bakı şəhər əhalisinin
küçə və yollara, parklara məişət
tullantılarının atılmasının
qarşısı alınması üçün maarifləndirmə
işini həyata keçirməsini nəzərdə tuturdu.
Üzərində "Mənim şəhərim, mənim
evim" və ya "Şəhərimizi təmiz saxlayaq"
şüarları yazılmış avtomobil istifadəçiləri
üçün daim istifadə etdikləri ətirli
asılqanlar, xanımlar üçün əl güzgüləri,
kişilər üçün brelokların paylanması, Dənizkənarı
bulvarda və digər mərkəzi parklarda satılan, kütləvi
istehlak olunan tumlar və plastik su qablarının üzərinə
eyni şüarların yazıldığı stikerlər
yapışdırılması maraqlı addımlar idi.
Digər bir layihə isə "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc nəslin ekologiya hüququ sahəsində maarifləndirilməsi" adlı layihə olmuşdur. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində treninqlərin keçirilmiş və ekologiya hüququna dair məlumat kitabçası nəşr edilmişdir. Eyni zamnda layihə çərçivəsində Bakı şəhərində "Əhalinin ekoloji hüquqları və onun müdafiəsi mexanizmləri" adlı bir günlük treninq keçirilmişdir. Treninqdə əhalinin ekoloji hüquqları barədə iştirakçılara ətraflı məlumat verilmiş, ekoloji hüquqların müdafiə mexanizmləri barədə və iştirakçılarla interaktiv məşğələ keçirilmişdir. Başqa bir layihə Lənkəran şəhərində "Vətəndaş Cəmiyyəti Debat" İctimai Birliyi, ATƏT-in Bakı ofisi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA beynəlxalq kampaniyası, "Təmiz Şəhər" ASC tərəfindən həyata keçirilib. Layihənin birinci hissəsində "Green Corps. Summer School" keçirilib. İkinci hissəsində isə gənclər tərəfindən təqdim edilmiş aksiyaların icrası gerçəkləşib. Layihə bilik, bacarıqların artırılması və şəbəkələndirmə, maarifləndirmə, öyrənilmiş dərslərin planlaşdırılması tipində olmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi "Ətraf mühit və təhlükəsizlik: Ekoloji maarifləndirmə proqramı" adlı layihəni icra edib. Layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır. Ötən dövrdə eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Potensial" Sumqayıt Mütəxəssisləri Birliyi tərəfindən "Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya və ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirlərinin təşkili", Ekoloji Maarifçilk və Monitorinq İctimai Birliyi tərəfindən "Azərbaycanda cari ekoloji çağırışlarla bağlı debatların keçirilməsi", "Biosfer" İctimai Birliyi tərəfindən "Ekoloji tədrisin keyfiyyətinin artırılmasına yardım" kimi layihələr də həyata keçirilib.
Aparılan araşdırma və müşahidələri, bir sıra ekspert və QHT rəhbərlərinin fikirlərini ümumiləşdirsək bu gün Azərbaycanda ekologiya sahəsində fəaliyyət göstərən və layihə həyata keçirən QHT-lərin qarşısında duran əsas vəzifələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
l Ölkə vətəndaşlarının diqqətini daim ekoloji problemlərin həllinə yönləndirmək;
l Fəal vətəndaşları ekoloji problemlərin həlli üzrə könüllülük hərəkatına qoşmaq;
l Vətəndaşların ekoloji problemlərə aid birgə layihələrin icrasına kömək etmək;
l Əhaliyə QHT - lər tərəfindən Azərbaycanda külək, Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalı və bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməli;
l Yaşıllıqların salınması istiqamətində respublikada böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməli;
l Bu gün QHT sektoru çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla həllinə yardımçı olmalı;
l Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyətlərin təşkil olunması;
l Ekoloji cinayətkarlıqla əlaqəli Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi daim QHT-lərin gündəmində olmalı və s.
Sonda qeyd edək ki, ekoloji problemlər ən mühüm qlobal problem olduğundan onun həlli, Azərbaycan da daxil olmaqla, dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür.
Hacılı Elməddin
525-ci qəzet.-
2014.- 3 iyun.- S.8.