"Müasir dəbdə
Azərbaycan cazibəsi"nin təqdimatı olub
Heydər Əliyev Mərkəzində
"Müasir dəbdə
Azərbaycan cazibəsi"
layihəsinin təqdimatı
keçirilib. Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
tədbirdə iştirak
edib.
Təqdimatdan əvvəl layihənin əhəmiyyətindən söz açılıb: "Geyim mənsub olduğu xalqın əsrlər boyu yaranmış bədii zövqünü, onun mədəniyyətini əks etdirir. Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bir sıra parça nümunələri göstərir ki, hələ eramızdan əvvəl burada yüksək geyim mədəniyyəti mövcud olub. Zəngin mədəniyyətimizin çoxəsrlik inkişafı prosesində yaranmış milli geyimlərin hazırlanmasında istifadə olunan parçalar daim keyfiyyəti və zərifliyi ilə seçilib. Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsi xalqımızın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Qərb mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır. Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya milli mədəniyyətimizin inkişaf etdirilməsinə və təbliğinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub. Milli muzeylərimizin kolleksiyalarında təqdim olunan zəngin geyim nümunələri, bəzək əşyaları və xalçaçılıq məmulatı məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını təcəssüm etdirən kolleksiya yaratmağa sövq edib".
Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan cazibəsi" layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.
Renato Balestranın iştirakı ilə keçirilən nümayişdə 40-dan çox geyim nümunəsi təqdim olunub. Moda nümayişinin ən maraqlı məqamlarından biri də tanınmış model İrina Şeykin də səhnədə görünməsi olub. Moda nümayişindən sonra ürək sözlərini bölüşən məşhur italyan modelyeri Renato Balestra Bakıda olmağından qürur duyduğunu deyib və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. O, layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırdığını, Şərq koloritindən ilham alaraq Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq etdiyini, Azərbaycan cəmiyyətində qadının çox vacib rol oynadığını , bu gözəl ölkəyə bir daha qayıdacağına ümid etdiyini söyləyib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 3 iyun.- S.7.