Osman Gündüz:
"Kibercinayətin tam və asan formada həlli
qaydası yoxdur"
Son illər Azərbaycanda
yeni media, xüsusilə
də sosial media sürətlə inkişaf
edir. Cəmiyyətin müxtəlif təbəqələri,
siyasi dairələr, sıravi vətəndaşlar
artıq Facebook və digər sosial şəbəkələrdən
öz məqsədləri
üçün istifadə
edirlər. Ölkədə
sosial medianın inkişafı və bu sferada müşahidə olunan problemlər barədə Azərbaycan
İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin
direktoru Osman Gündüzlə danışdıq.
- Osman müəllim, bu
yaxınlarda "Yeni
media və yeni çağırışlar" mövzusunda konfrans keçirildi. Tədbirdə
Azərbaycanda yeni
medianın,
xüsusilə də
sosial medianın ciddi inkişaf etdiyi qeyd edilməklə
bərabər, bu sahədə müşahidə
olunan problemlərdən
də danışıldı.
Hətta
tənzimləmənin vacibliyi
haqqında fikirlər
səsləndirildi. Xüsusilə sosial mediada yanlış, qərəzli,
təhqiramiz informasiyaların
verilməsi, saxta profillərin yaradılması
məsələlərinə ciddi toxunuldu. Bu haqda nə
deyə bilərsiniz?
- Bəli, bir neçə gün öncə bizim Mətbuat Şurası ilə birgə bütün maraqlı tərəflərin iştirakı
ilə təşkil etdiyimiz konfransda İnternet medianın inkişafı, ona dövlət dəstəyi,
sosial medianın vəziyyəti və. s bu
kimi maraqlı məsələlər ətrafında
müzakirələr aparıldı.
Həqiqətən də
hazırda Azərbaycan
İnternetində ən
dinamik inkişaf edən sahələrdən
biri də on-line media, xüsusilə
də sosial mediadır. Sosial media artıq ölkədə
nəinki maraq dairəsinə uyğun olaraq informasiyanın paylanması funksiyasını
yerinə yetirir, həm də ictimai rəyi formalaşdırır, informasiya
əldə edilməsi
və çatdırılmasında
kifayət qədər
ciddi rol oynamağa başlayıb.
İnsanlar, ayrı-ayrı dövlət və özəl qurumlar ən müxtəlif məqsədlər üçün
sosial mediadan istifadə etməyə başlayıblar. Bununla belə,
bizdə də sosial media sahəsində problemlər var, o cümlədən sizin qeyd etdiyiniz saxta Facebook səhifələri problemi
mövcuddur. Konfransda bu
istiqamətdə də
müəyyən fikir
mübadiləsi aparıldı.
- Ümumiyyətlə bu problemin yaratdığı
fəsadlara və aradan qaldırılması
yollarına toxunmazdan öncə, problemin mahiyyətinə aydınlıq
gətirməyinizi xahiş
etmək istərdik. Saxta Facebook səhifələri və profilləri
nədir və nə məqsədlə yaradılır?
- Saxta profil və
ya saxta səhifə dedikdə, təbii ki, bir şəxsin özünə məxsus olan e-mail vasitəsilə başqa adla qeydiyyatdan keçərək
başqa ad altında yaradılan profil və ya səhifə
anlaşılır. Facebook-un miqyasını
nəzərə alsaq,
deyə bilərik ki, orada bu
saxtalığın radiusu
daha da genişdir.
Məsələn , valideynlərin azyaşlı uşaqlar üçün açdığı
səhifələri, bir
nəfər tərəfindən
açılan bir neçə səhifəni
də Facebook saxta səhifə olaraq qəbul edir.
Saxta Facebook səhifələri və
profilləri müxtəlif
məqsədlər üçün
yaradılır.
Kimisi özünün
maraqlarını, hobbisini
paylaşmaq istəyir. Bu yolla, o, gizli şəkildə özünün
real olan digər həyatını göstərmək
istəyir. Həmin şəxs
düşünür ki,
əgər bunları
öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı
qarşılanmazdı. Kimlərsə də özlərinin
ictimai-sosial statusundan ehtiyatlanaraq saxta-başqa
ad altında Facebook səhifəsi açırlar.
Biznes məqsədilə açılan
milyonlarla saxta səhifələr var. Hansı
ki, onlar saxta "like" toplamağa
xidmət edir.
Amerikada rəyi soruşulan xeyli sayda polis rəsmiləri bildiriblər
ki, sosial media cinayətkarı tutmaq üçün ən yaxşı vasitələrdən
biridir. Polislər saxta Facebook
səhifəsi yaratmaqla
cinayətkarın dostlar
siyahısına daxil olmağa və zəruri məlumatlar toplamağa çalışırdılar.
Elə insanlar və ya qurumlar da
var ki, onlar
saxta səhifələri öncədən
tanıdığı başqa
birisinin və ya başqa qurumun
adından açır
və onun adı altında fəaliyyətə başlayır.
Ən təhlükəlisi də
məhz bundan ibarətdir.
Bu Facebook Qaydalarının
kobud şəkildə
pozulması deməkdir.
- Hazırda bu tendensiya necədir? Saxta profillər artır yoxsa azalmağa doğru gedir ?
- Əlbəttə artır. Sosial şəbəkələr
gücləndikcə saxta
profillər də artır. Hazırda qlobal şəbəkədə
saxta hesablar, saxta səhifələr çoxdur. Xatırlayıram
ki, ötən il CNN-də bununla bağlı xüsusi bir reportaj vermişdilər və bu verilişdə
100 milyonadək saxta Facebook səhifəsinin mövcudluğundan söhbət
gedirdi. Sosial şəbəkələr inkişaf
etdikcə, bir-birinə
inteqrasiya etdikcə və ictimai rəyə təsiri artdıqca, onun imkanlarından başqa məqsədlər üçün
də istifadəyə
meyl də artır. Söhbət təkcə Facebookdan
getmir, bu, digər sosial media vasitələrinə də
aiddir.
- Sosial medianın ciddi inkişaf etdiyi bir zamanda
bütün bunlar təhlükə törədirmi?
Kimlər saxta Facebook səhifələrindən
ziyan çəkir ?
- Təbii ki, burada təhlükə
var. Fikir vermisinizsə,
son dövrlərdə dövlət
qurumları, tanınmış
rəsmi və populyar insanlar, millət vəkilləri də Facebook üzərindən insanlarla
əlaqə yaradılmasına
üstünlük verməyə
başlayıblar. Özəl sektor
kifayət qədər
burada fəaldır.
Həm özəl sektor, həm ənənəvi media sosial
mediadakı hər bir istifadəçiyə
təsir etmək, informasiyanı onlara çatdırmaq üçün ciddi mübarizə aparır. Sosial medianın biznes tərəfi də güclənir, monitorinq sistemləri formalaşır,
sizin haqqınızda müsbət və ya mənfi informasiyaları
bir anda sizə çatdıran milli sistemlər yaradılır. Hətta son dövrlərdə
sosial mediada reklam yatırımı ciddi surətdə artmışdır. Cüzi
məbləğ ödəməklə informasiyaları ən
geniş auditoriyaya çatdıra bilərsiniz.
Ötən
il Prezident İlham Əliyevin Facebook səhifəsində
müxtəlif sahələr üzrə məsul şəxslərin
iştirakı ilə vətəndaşların sualları
cavablandırılıb. Xeyli sayda dövlət
qurumları artıq müxtəlif sosial media səhifələrini
yaradıblar. Həmçinin Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar Dövlət Agentliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi, Elektron Hökumət
Portalı, Təhsil Nazirliyi və. s digər
qurumlar da vətəndaşlarla "Facebook" səhifəsindən
əlaqələr yaradırlar. Amma saxta səhifələr
və profillər sosil medianın inkişafına əngəllər
yaradır.
-Deməli,
siz düşünürsünüz ki, istənilən halda
burada inkişafın qarşısını alan amillər və
təhlükələr var ?
-Bəli,
tamamilə doğrudur, saxta səhifələr və profillər
yuxarıda qeyd etdiyim inkişaf tendensiyasına mənfi təsir göstərir.
İlk növbədə Facebook istifadəçiləri
üçün problemlər yaşanır, sıravi üzvlər
normal informasiya münasibətlərinə qatılmaqdan
ehtiyatlanırlar. Elə cəmiyyət üçün də təhlükələr
yaranır desəm, doğru olar. İnsanların
informasiya əldə etməsində, doğru, düzgün
informasiyanın cəmiyyətə çatdırılması
və əldə edilməsində ciddi problemlər
yaşanır. Tanınmış
ziyalıların, ictimai xadimlərin, dövlət rəsmilərinin
adından yaradılan saxta səhifələr isə
onların ictimai nüfuzuna xələl gətirməklə bərabər,
həm də cəmiyyəti çaşdırır.
Bilirsiniz, sosial şəbəkələrin ən
böyük funksiyalarından biri vətəndaşları,
bütövlükdə cəmiyyəti əhəmiyyətli məsələlərin
müzakirəsinə cəlb etməkdən ibarətdir. Bu prosesdə
həm də dövlət rəsmiləri iştirak edirlər.
Onlar öz Facebook səhifələri vasitəsilə
müxtəlif məsələlərə münasibət
bildirir və cəmiyyətin reaksiyasını öyrənməyə
çalışırlar. Yaxud da cəmiyyətdə
baş verən müxtəlif məsələlərlə
bağlı öz fikirlərini bölüşürlər.
Məsələn, dövlət başçısının,
daxili işlər nazirinin, müdafiə nazirinin, milli təhlükəsizlik
nazirinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi sədrinin və
digər rəsmi şəxslərin adlarına saxta profillər
yaradılıb. Bu ilin əvvəlində Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz Facebook
səhifəsini yaratdı və müxtəlif məsələlərə
öz münasibətini bildirdi, cəmiyyəti onların
müzakirəsinə cəlb etməyə
çalışdı. Amma dərhal da onun səhifəsinin
dublikatı yaradıldı və Ramiz Mehdiyevin adından cəmiyyətə
yanlış informasiyalar ötürülməyə
başladı. Nəticədə Ramiz
Mehdiyev öz səhifəsini bağladı və bununla
bağlı mediada məlumat da getdi. Ancaq
saxta səhifə bu günə kimi fəaliyyətini davam
etdirir. Əlbəttə, düşünmək
olar ki, saxta səhifənin yaradılması orijinalın
qapadılmasına səbəb olmamalıdır. Amma əgər saxta səhifə Ramiz Mehdiyev kimi
nüfuzlu şəxsin adından yaradılırsa və orada
dövlətin daxili və xarici siyasət məsələlərin
ilə manipulyasiya cəhdləri olunursa, bunun nə dərəcədə
təhlükəli olduğunu izah etməyə ehtiyac
qalmır. Bu tipli saxta profillər rəsmi
şəxslərin sosial şəbəkələr vasitəsilə
cəmiyyətlə ünsiyyətinə yaradılan kobud maneədir
və ona heç bir halda bəraət qazandırmaq olmaz.
Məqsədyönlü şəkildə
başqa şəxslərin adına olan səhifələrin
dublikatını yaratmaq, onların adından yalan informasiyalar
yaymaq, böhtan və təhqirlə məşğul olmaq, cəmiyyətdə
çaşqınlıq yaratmağa çalışmaq
yolverilməzdir və ciddi məsuliyyət doğurur. Digər tərəfdən, belə hallar sosial şəbəkələrin
özlərini də nüfuzdan salır, onlara etimadı
azaldır və son nəticədə öz missiyasını
yerinə yetirməyə ciddi maneçilik törədir.
Belə hallarla bağlı beynəlxalq təcrübədə
xeyli məhkəmə çəkişmələri olub və
davam etməkdədir. Xatırlayıram ki, beynəlxalq təcrübədə
öz keçmiş ərinin adına
saxta Facebook səhifəsi açaraq orada qanunsuz informasiyalar
paylaşdığına görə, 18 ay həbs cəzası
alan olub. Təsəvvür edin ki, siz Facebook səhifəsi
yaradırsınız və orada da kiminsə adından
müxtəlif informasiyalar yerləşdirirsiniz, onun əlaqə
vasitələrini qeyd
edirsiniz. Dərhal onun səhifəsinə
müxtəlif müraciətlər başlayır. Ona
qarşı hədə qorxular, təhdidlər də ola bilər. Ola bilər ki, kiminsə saxta səhifəsini
açmaq kiməsə zarafat kimi gələ bilər, kimsə
hətta bunu pis niyyət olmadan da edə bilər, amma bunun nəticələri
çox ağır ola bilir.
- Siz qeyd
etdiniz ki, saxta səhifə yaratmaq qanun pozuntusudur. Bununla konkret
hansı qanun
pozuntusuna yol verilir?
- Facebook
Qaydalarına və mövcud normalara görə, saxta profil və
ya səhifələrin
yaradılması yolverilməzdir və qanunsuzdur. Facebook-un qaydalarına görə, hər bir şəxs
öz real adı altında qeydiyyatdan keçməlidir və
özünə yalnız bir hesab aça bilər. Yeri gəlmişkən
deyim ki, bütün sosial media platformalarında saxta profil
açmaq qadağan olunur. Deməli əgər
siz başqa ad altında hesab açırsınızsa, Siz dərhal
Facebook şərtlərini pozmuş olursunuz. Eyni zamanda, siz başqa
birisinin şəklini yükləyərək onu
özünüzünkü kimi təqdim edirsinizsə, bu da
artıq informasiyanın təhrif olunmasıdır. Eyni zamanda, fərdi informasiyaların qeyri-qanuni əldə
edilməsidir. Əgər siz bir
başqasının adından informasiyalar yaymağa
başlayırsınızsa, bu daha
ağırlaşdırıcı bir haldır. Beləliklə
siz faktların
təhrif edilməsi ilə məşğul olursunuz.
- Saxta Facebook səhifələrinin yaranmasının
qarşısını almaq olarmı? Ondan qorunmaq
üçün nə etmək lazımdır?
- Əlbəttə profilaktik tədbirlər həmişə
fayda verir. Həmişə gərək
öz profilinə nəzarət edəsən. Kompüterin
normal vəziyyətdə olmalıdır. Gücləndirilmiş
şifrlərdən istifadə edəsən. Şəxsi xarakterli vacib informasiyalarını
qoruyasan. Spamları, arzu olunmayan, kimin tərəfindən
göndərildiyi müəyyən edilməyən
mesajları qəbul edərkən, ehtiyatlı olasan. İctimai yerlərdə kompüterdən istifadə
edərkən daha ehtiyatlı olmaq lazımdır. Bir sözlə, elementar informasiya təhlükəsizliyi
qaydalarına əməl etmək lazımdır.
- Əgər artıq bu cür saxta səhifə
ilə üzləşmirsinizsə nə etmək lazımdır ?
-
Artıq siz saxta profillə üzləşmirsinizsə, o zaman
sizin haqqınızda olan informasiyaların "screenshoot" edərək
saxlanılması daha doğru olardı. Sonrakı addımlar isə Facebook imkanlarından
istifadə edərək dərhal saxta səhifəni report etmək,
zəruri instansiyalara məlumat vermək, azyaşlıların
isə dərhal bu haqda valideynləri və müəllimlərinə
məlumat verməsi daha faydalı olardı.
Əgər qanunazidd məlumatlar, şantaj və
böhtanlar olarsa, təbii ki, dərhal hüquq-mühafizə
orqanlarına və məhkəməyə müraciət etmək
lazımdır. Məsləhət və tövsiyələr
üçün Elektron Təhlükəsizlik Mərkəzinə
müraciət etmək vacibdir.
-
Ümumiyyətlə problemin qanunvericilik səviyyəsində
tam həllinə nail olmaq mümkündürmü? Hansı addımların atılmasını zəruri
hesab edirsiniz?
- Əslində, baş verənlər mahiyyətcə
kiberqanunsuzluq, kibercinayət olduğundan, problemin tam və asan
formada həlli qaydası sadəcə yoxdur. Sosial şəbəkələr
müxtəlif dövlətlərə məxsusdur və
onların da qanunvericiliyi müxtəlifdir. Təsəvvür edin ki, sosial şəbəkə
bir dövlətin qanunlarına uyğun fəaliyyət
göstərir, amma eyni zamanda, o, həm də bütün
dünyada fəaliyyət göstərir. Təbii
ki bütün bunlar problemlər yaradır.
Bəzən müşahidə edirik ki, sosial medianın
sahibləri hansısa qanunsuz informasiyanın
qarşısının alınmasında, terrorçuluq və
ekstremizmlə bağlı informasiyaların silinməsində
müxtəlif ölkələrdən daxil olan müraciətlərə
müxtəlif cür yanaşırlar. Belə demək
mümkünsə, burada bəzən ikili standartlar olur. Amma müsbət təcrübələr də var,
onlardan faydalanmaq lazımdır. Qeyd etdim ki, artıq bəzi
ölkələrdə saxta səhifələrlə
bağlı məhkəmə qərarları var.
Fikrimcə, bizdə ilk növbədə bu istiqamətdə maarifləndirici işlərin aparılması, bunun fəsadları, qayda və qanun pozuntusu olması, bəzi hallarda isə ciddi məsuliyyət yaratması haqqında məlumatlar verilməlidir. Saxta profil açmaq həvəsinə düşənlər anlamalıdırlar ki , bununla onlar müəyyən məsuliyyət yaradırlar.
- Hansı qurumlar, kimlər bunu etməlidir?
- Fikrimcə, ilk növbədə vətəndaş cəmiyyəti qurumları və dövlət orqanları bunu birgə edə bilərlər. Hələlik, bizdə bu istiqamətdə ciddi problemlər var, kibercinayətlərlə, kibercinayətin yaratdığı məsuliyyətlə bağlı yetərli məlumat yoxdur. Bəzi istifadəçilər elə düşünürlər ki, virtual şəbəkə tam sərbəstdir, nə istəsə edə bilər, başqasının profilini sındıra, saxta hesablar yarada bilər və s. Əslində isə bütün bunlar qanun pozuntusudur, kibercinayətdir.
Yeni yaradılan Elektron Təhlükəsizlik Mərkəzi bu istiqamətdə xeyli işlər görə bilər. Son dövrlərdə bu qurum tərəfindən təhlükəsizliklə bağlı müəyyən tövsiyələr verilsə də, əslində, məhz danışdığımız mövzu ilə bağlı cəmiyyətin bu mərkəzdən gözləntiləri çoxdur və hələlik bunlar reallaşmayıb.
Fikrimcə yaratdığı fəsadlar, təhlükəlilik dərəcəsindən asılı olaraq, yerli qanunvericilikdə inzibati və daha ağır formalarda məsuliyyəti də nəzərdə tutula bilər. Bir daha qeyd edirəm ki, bütün bunlar bizim qanunvericilikdə var və bu real dünyada baş verənlərlə bağlıdır. Ümumiyyətlə, istər real dünyada, istərsə də virtual dünyada edilən qanunsuz hərəkətlər, dərəcəsindən asılı olaraq, eyni məsuliyyət, inzibati və ya cinayət məsuliyyəti yaradır.
İnternetin KİV olaraq qəbul edilməsini nəzərə alaraq, deyə bilərik ki, burada da qeyri-qanuni hərəkətlər, müxtəlif adlar altında cəmiyyətdə çaşqınlıq yaratmaq, qanunsuz informasiyalar yaymaq məsuliyyət doğurur. Həmçinin, artıq bir müddətdir bizim qanunvericilikdə internetdə təhqir və böhtana görə də cinayət məsuliyyəti nəzərdə tutulub.
Bizdə İnternet kifayət qədər azaddır, sosial şəbəkələrdə məhdudiyyətlər yoxdur. Düşünmürəm ki, bizim ölkəmiz bu və ya digər problemlərlə bağlı bəzi başqa ölkələrdə olduğu kimi, sosial medianı ölkə daxilində qadağan etmək səviyyəsinə gəlib çata. Əksinə, hazırda bizdə İnternetə ciddi dövlət dəstəyi var və milyonlarla vəsait Azərbaycan İnternetinin inkişafı yönəldilib.
Müharibə şəraitində olan bir ölkə olaraq, bizə qlobal resurslardan, qlobal şəbəkələrdən daha effektiv və səmərəli istifadə etmək lazımdır. Aidiyyəti qurumlar qlobal sosial media şirkətləri ilə qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetirməlidirlər.
525-ci qəzet.- 2014.- 3 iyun.- S.3.