Kitab çələngimiz - Gülər xanım

 

 

 

Sənət - möcüzə deməkdir. Yaratmaq sözün yaddaşında qalmaq üçün Allahın verdiyi istedad, insani səmimiyyət, sonsuz zəhmət zəruridir.

"Təhsil" nəşriyyatının baş redaktoru, peşəkar təcrübəsi ilə seçilən, dərsliklərimizin elmi redaktə cəhətdən işlənməsində əvəzolunmaz əməyi olan, hətta bəzi orta məktəb dərsliklərinin müəllifi kimi tanınan Gülər Mehdiyeva da istedadına güvənib zəhməti çoxlarına nümunə ola biləcək sevib-seçdiyi sənəti ilə əsl möcüzə yaradanlardandır.

El-obasında adı həmişə hörmətlə çəkilən Ələkbər kişinin ailəsində böyüyən bu yeniyetmə qız hələ orta məktəbdə oxuyarkən öz fitri istedadı, bütün fənlərə olan qeyri-adi marağı ilə yoldaşlarından fərqlənirdi. "Niyyətim hara, mənzilim ora" deyib ali təhsil almaq məqsədilə üz tutduğu ünvan isə Bakı Dövlət Universiteti oldu. Jurnalist olmaq arzusunda idi. Qəti qərar verib sevib-seçdiyi bu peşənin sirlərinə ali məktəb illərində dərindən yiyələndi. İstər orta, istərsə ali məktəb illərində daim kitablarla "dostluq" etməsi, oxuyub-öyrəndikləri üçün kitablara borclu olması onu jurnalistikanın nəşriyyat işi sahəsinə çəkdi. Çətin məsuliyyətli - redaktə işinin incəliklərinə dərindən yiyələnməyə çalışdı. Hazır məhsulun - kitabın araya-ərsəyə gəlməsində nəşriyyat redaktorlarının fəaliyyəti həmişə onu heyran edər, müxtəlif nəşriyyatlarda istehsalat təcrübəsində olarkən çap prosesində iştirak etdiyi kitabları dönə-dönə vərəqləməkdən zövq alardı. Beləcə, özü hiss etmədən nəşriyyatdakı prosesinə ürəkdən bağlandı ali məktəbi bitirdikdən sonra böyük həvəslə "Gənclik" nəşriyyatında korrektor kimi işə başladı.

Bütün çətinliklərə sinə gərərək sevib-seçdiyi peşəsinə mükəmməl yiyələndi. Sonralar nəşriyyatda redaktor, şöbə müdiri vəzifələrinə yüksəldi. Özünü nəinki bacarıqlı, savadlı redaktor kimi göstərdi, eyni zamanda dərsliklər bədii kitablar müəllifi oldu. Əldə etdiyi təcrübəyə, nəzəri biliyə arxalanıb müəllif kimi "Həyat bilgisi" dərsliyinə öz dəsti-xətti ilə imza atdı. Öz  bacarığı, təşkilatçılığı ilə seçilən Gülər xanım hazırda "Təhsil" nəşriyyatında baş redaktordur. Sözün əsl mənasında, o, sənətə təsadüfən gəlməyib. Redaktor peşəsinin məsuliyyətini, daha dəqiq desək, çətin şərəfli olduğunu bildiyindən zəhmətdən çəkinmir. Ona olan etimadı layiqincə doğruldur. İllər keçdikcə böyük təcrübə əldə etdiyindən, rəhbərlik etdiyi sahənin uğurlarını da daim artırmağa çalışır. Gülər Mehdiyeva təcrübəli dərslik müəllifi kimi tanınır. Dərslik müəllifi olmağın necə məsuliyyət tələb etdiyini yaxşı bilən Gülər xanım heç nədən çəkinmədən öz bilik bacarığına güvənərək bu işin öhdəsindən layiqincə gəlib.

Deyirlər, qayğı olan yerdə həmişə uğur olar. Gülər xanım "Təhsil" nəşriyyatında baş redaktor təyin olunduğu gündən kollektivin ümidgahına çevrilib. Üzərinə düşən vəzifənin məsuliyyətini dərk edib həvəslə çalışan hər bir nəşriyyat əməkdaşı Gülər xanım haqqında həmişə hörmət sevgi ilə danışır. Onun haqqında xoş ovqatla söylənilən sözlər hamıda fərəh hissi doğurur. Gülər xanımın hər hansı bir mövzuda apardığı söhbətə hamımız qeyri-ixtiyari diqqət kəsilirik. Maraqlı danışığı, ağıllı məsləhətləri ilə bizi sanki başqa bir aləmə aparır. Xoş xasiyyətinə, insanlığına, peşəsinin kamil bilicisi olmasına görə bütün kollektiv Gülər xanımla fəxr edir.

Gülər Mehdiyeva bu gün yaradıcılıq həvəsi ilə çalışır. O, nəşriyyatımızın uğur qazanmasından ötrü günün tələbləri səviyyəsində yeniliklər tətbiq etməyi bacarır. Onun kimi təcrübəli, qabaqcıl nəşriyyat əməkdaşları gənclər üçün həmişə örnəkdir. Gülər xanım Mehdiyevanın fəaliyyətinə verilən ən yüksək qiymət isə fəxri fərmanlar tərifnamələrdir.

Çalışdığı "Təhsil" nəşriyyatında qazandığı uğurları taleyin ən xoş töhfəsi hesab edir o. Yalnız vətənini, millətini və xalqının işıqlı sabahını düşünən insanların amalı belə ola bilər.

Peşəsində öz sözünü demiş, insani keyfiyyətlərilə nəşriyyatımızda xüsusi hörmət qazanmış Gülər Mehdiyevanı  -  "Paltar tikmənin əlifbası", "Bir ömrün odisseyası" və "Həyat bilgisi" (1-5 siniflər) dərsliklərinin müəllifini, "Azərbaycan tarixi" (5, 7, 8, 9-cu siniflər), "Ədəbiyyat" (5-ci sinif), "Təsviri incəsənət" (5-ci sinif), "Coğrafiya" (9 və 11-ci siniflər), "İnsan və cəmiyyət" (10-cu sinif) dərsliklərinin və bir çox bədii kitabların redaktorunu doğum günü münasibətilə "Təhsil" nəşriyyatının kollektivi adından təbrik edir, ona həyatda cansağlığı, vurğunu olduğu peşəsində daim uğurlara imza atmağı arzulayırıq!

Ən əsası, nail olmaq istədiyi hər işdə müvəffəqiyyətlər...

             

Hikmət yaranmısan başdan-binadan,

Kitablar yazmaqdır amalın sənin.

Bir igid doğuldun sanki anadan,

Ümmandan dərindir kamalın sənin.

 

Yazdın tariximi sətirbəsətir,

Hər daşdan, qayadan bir söz qopardın.

Səndəki iradə mətindən mətin,

Hünər  zirvəsinə çəkib apardın.

 

Qızıldan qiymətli söhbətin-sözün,

Heç zaman pozmadın içdiyin andı.

"Həyat bilgisi"ni sən yazdın özün,

Bu xalqa yeni bir dərslik yarandı.

 

Ustadtək yazırsan, yazdığın dərin,

Bizə çox əzizdir hər adın-sanın.

Ad günün mübarək, ay Gülər xanım,

Kitab çələngisən Azərbaycanın.

 

Məleykə Qasımqızı

525-ci qəzet.- 2014.- 4 iyun.- S.8.