İdrak və əbədiyyət yolunun
yolçusu
Abbasqulu
ağa Bakıxanov 1794-cü il iyunun 10-da Azərbaycanda,
Abşeron yarımadasının Əmircan kəndində əslən Bakı
xanlarından olan I Mirzə Məhəmməd xanın ailəsində
dünyaya göz açıb. Onun ilk qayğısız uşaqlıq çağları
burada -atasının tabeliyindəki kəndlərdə-Əmircan,
Maştağa, Balaxanı, Ramana, Buzovna və Mərdəkanda
keçib.
Abbasqulu
ağa bədii yaradıcılığa lirik şeirlərlə
başlayıb. Onun 26 yaşında Kərbəla müsibətinə
həsr etdiyi mərsiyə xarakterli "Riyazül
Qüds" ("Müqəddəs gülüstan") əsərinə
daxil etdiyi lətafətli
şeirlər də bunu sübut edir. O, ilk irihəcmli
"Riyazül-Qüds" əsərini 1820-ci ildə
Hüseyn əl-Vaiz əl-Kaşifinin
"Rövzət üş-Şühəda"
("Əzabkeşlərin bağı"), Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" ("Xoşbəxtlərin
bağı") və Məhəmməd Bağır Məclisinin
"Cila il-Üyün" ("Bəbəklərin
parıltısı") əsərlərindən
bəhrələnərək qələmə alıb.
Abbasqulu ağa "Riyazül-Qüds" əsərində
klassik ədəbiyyata dərin
bələdliyini, eyni zamanda Kərbəla müsibətini
doğma ana dilində faciəvi
kədər motivləri ilə
vəsf edən təsirli,
bədii cəhətdən
bitkin, qüvvətli lirik şeir yazmaq
bacarığını nümayiş etdirib. Abbasqulu ağa
Bakıxanov "Kitabi-Əsgəriyyə" povestini də
Qubada qələmə alıb. Əsərin yazılma tarixi dəqiq
məlum olmasa da, onun
mövzusunun real həyati hadisələrdən alınması şübhə
doğurmur.
A.Bakıxanov
Azərbaycan, ərəb, əsasən fars dillərində
külli miqdarda şeir, mənzum
hekayə, qəsidə, qəzəl, qitə, rübai, məsnəvi,
müxəmməs yazıb. Məkkə ziyarətindən əvvəl Bakıxanov öz şeirlər
külliyyatını - "Divan"ını tərtib edib, bura
"Mişkatül-Ənvar" poemasını və "Miratül-cəmal" avtoqrafik şeirlər toplusunu daxil
edib. 1820-ci ildə Qafqazın
baş hakimi general A.P.Yermolovun gənc
Abbasqulu ağanı Tiflisə, Zaqafqaziya ölkələri
Baş İdarəsinə dövləti vəzifəyə
qulluğa dəvət etməsi onun həyat istiqamətini dəyişir.
O, ilk aylar A.P.Yermolovun yavəri xidmətində xüsusi hərbi
tapşırıqları yerinə yetirir. Onun
Gürcüstanın qədim paytaxtı Tiflis mühiti ilə
tanışlığı bu dövrdən başlanır.
Bütün Zaqafqaziyanın inzibati və mədəniyyət
mərkəzi Tiflisdə Şərq
və Avropa üslubunda tikilmiş yaraşıqlı, uca
inzibati binalar, xəstəxanalar, tədris müəssisələri,
məscid və kilsələr, yaşıllığa qərq
olan geniş meydan və
bağ-bağatlar, şəhərin səsli-küylü bazar
və karvansaraları, eləcə də əyri-üyrü
küçələrdə bir-birinə
yapışıqlı alçaq evlər, yastı damlar
anlaşılmaz bir təzad yaradırdı. Şərq və
Qərbin ticarət yolunu birləşdirən bu qaynar şəhərə
hər yerdən səyyah, alim və işbazlar
axışıb gəlirdilər.
1820-ci
ilin yanvar ayının 1-dən hərbi xidmətə
başladığı vaxtdan Abbasqulu ağa Bakıxanov hərbi
yürüşlərdə iştirak edir: Azərbaycan və Dağıstan ərazisində
rus imperiyasına tabe olmayan Şirvan və Qazıqumuq
xanlarına qarşı göndərilən rus ordusu tərkibində
olan Bakıxanovu yerli əhalinin həyatı, tarixi
keçmişi cəlb edirdi.
1820-ci il
sentyabrın 4-də Bakıxanova praporşik-ilk zabit rütbəsi verilir.
Sonrakı illərdə A.Bakıxanovun bilik və
bacarığından diplomatik işlərdə daha çox
istifadə olunur: Qarabağın Sisyan düşərgəsində
İranla sərhəd məsələsini müəyyənləşdirən
komissiyanın, Qarabağ əyalətinin təsvirini
hazırlayan qrupun tərkibində A.Bakıxanov fəal
çalışır. 1824-cü ildə onu yenidən Qafqazda
rus ordusu təkibində hərbi yürüşlərə cəlb
edirlər. 1826-cı il sentyabrın 18-də A.Bakıxanova poruçik-hərbi rütbəsi
verilir.
İran-Rusiya
müharibəsində Abbasabadın alınmasında xidmətlərinə
görə Bakıxanova 1827-ci il oktyabrın 14-də
ştabs-kapitan zabit rütbəsi verilir. Sərdarabad və
İrəvan uğrunda döyüşlərdə fərqləndiyinə
görə 3-cü dərəcəli bantlı müqəddəs
Anna ordeni ilə təltif olunur. Bakıxanov 1827-ci ilin noyabr-dekabr
aylarında İran Azərbaycanının Dehxarqanda, 1828-ci
ilin fevral ayında Türkmənçayda qraf Paskeviçlə
şahzadə Abbas Mirzə arasında sülh
danışıqlarında Rusiya nümayəndələri tərkibində
mütərcim kimi fəal iştirak edib. Sülh
danışıqları qurtardıqdan sonra 1829-cu il aprelin 17-də
Bakıxanov kapitan rütbəsi və illik əmək
haqqı ilə mükafatlandırılır. İran hökuməti
isə onu almazla bəzədilmiş 2-ci dərəcəli
Şiri-Xurşid ordeninə layiq bilir.
Bakıxanov
1829-cu il dekabrın 12-də "Qanuni-Qüdsi" əsərinin
əlyazmasını qraf Paskeviçin etimad məktubu ilə
Peterburqa göndərir. İmperator I Nikolay "hamı
üçün faydalı əsəri" bəyənir,
çapını məsləhət görür, müəllifi
mükafatlandırır. Bakıxanov dediyi kimi "kitabı
imperatorun əmri ilə rus dilinə tərcümə edir.
Əsər bir ilə (1831-ci ilin əvvəlindən) tərcümə
olunsa da onun çap taleyi uğurlu olmur. Nəhayət
"Kratkaya qrammatika persidskoqo yazıka"
kitabının titul vərəqində
yazıldığı kimi 1841-ci il fevral ayının 20-də
deyil, 1842-ci ilin əvvəllərində işıq
üzü görür.
A.Bakıxanov
1830-cu illərdə coğrafiya elmi sahəsində xüsusi tədqiqatla
da məşğul olub: o, fars dilində "Ümumi
coğrafiya" və "Kəşfül-qəraib"
kitablarını qələmə alıb. A.Bakıxanov
"Gülüstani-İrəm" əsərində
yazır ki, "Ümumi coğrafiya" dünyanın riyazi,
təbii və siyasi əhvalından, cəmiyyətin
quruluşundan, nəbatat və heyvanat aləmindən, iqlimindən,
yer kürəsinin əhalisindən, hər ölkənin həyat
tərzindən, qitə və sərhədlərindən bəhs
edir. Bu kitabın əlyazması tapılmadığından
onun tam yazılıb sona çatması barədə səhih
məlumat yoxdur. Lakin Bakıxanovun şair-alim Mirzə Məhərrəm
Mərizlə yeni dünyanın -Amerikanın kəşfindən
bəhs edən şərikli "Kəşfül-qəraib"
əsərinin əlyazması saxlanır. Burada Xristofor Kolumbun
(1451-1506) Amerikaya səfəri zamanı
qarşılaşdığı çətinliklər,
ayrı-ayrı qəbilələrin vəziyyəti, adət-ənənələri,
əxlaq normaları, coğrafi və iqlim şəraiti ətraflı
təsvir olunub.
1835-ci
ilin əvvəlindən Bakıxanov Qubanın Əmsar kəndində
ata-baba malikanəsində yaşayır, burada bağ-bağat
içində özünə ev tikdirir, zəngin şəxsi
kitabxanasını səliqəyə salıb elmi-ədəbi
fəaliyyəti üçün şərait yaradır. Həyati
qayğılar onu bəzən elmi yaradıcılıqdan
ayırsa da, Bakıxanov dinclik bilmədən
çalışır. Yerli şair və ziyalılarla
sıx ünsiyyət yaratmaq, onlara kömək etmək niyyəti
ilə Qubada "Gülüstan" ədəbi məclisini təşkil
edir. Şöhrəti bütün Azərbaycana yayılan bu ədəbi
məclisdə arifanə söhbətlər, elmi və ədəbi
mübahisələr olur, şeirlər oxunub müzakirələr
keçirilirdi.
Gənc nəslin təlim və tərbiyə problemi Bakıxanovu ömrü boyu düşündürmüşdür. Onun "Təhzibül-əxlaq" və "Nəsihətnamə" əsərlərində gənclərə nəcib əxlaq, gözəl insani cəhətlər təlqin etməsi də bunu sübut edir. "Təhzibül-əxlaq" Bakıxanovun əxlaq nəzəriyyəsinə həsr etdiyi əsas fəlsəfi-didaktik əsərdir. 1832-1833-cü illərdə fars dilində yazılmış bu əsərində Bakıxanov müqəddəs dini kitabların, qədim Şərqin və Avropanın görkəmli ədib və filosoflarının əxlaq təliminə əsaslanmış, bir sıra orijinal elmi-fəlsəfi mülahizələr irəli sürmüşdür.
1837-ci ilin iyununda Quba əyalətində kəndli üsyanları zamanı baron V.Q.Rozenin "xüsusi tapşırıq" vermək bəhanəsi ilə Bakıxanovu Tiflisə çağırması onda ciddi narazılıq doğurmuşdu, bu səbəbdən 9 ay heç bir xidməti işlə məşğul ola bilməmişdi. Ehtimal ki, bu dövrdə də o, "Gülüstani-İrəm" əsəri üzərində işini davam etdirirdi. 1840-cı ildə Tiflisə xidməti işə çağırılan Bakıxanov baron P. V. Qanla birlikdə Azərbaycanın yeni inzibati bölgüsünün tərtibi üzərində çalışır. Bu münasibətlə həmin ilin dekabrında Dərbənd, Quba, Bakı, Şirvan, Nuxa qəzalarında səfərdə olur, kütlələrin vəziyyətini öyrənir. Bakıxanov 1841-ci ildə isə rus ordusunun Şimali Qafqazda dağlılara qarşı hərbi yürüşündə iştirak edir, burada fərqləndiyinə görə, 1842-ci il yanvarın 1-də ona polkovnik rütbəsi verilir.
Müntəzəm hərbi-diplomatik işə çağırılmasına, aylarla Tiflisdə qalmasına baxmayaraq Bakıxanov əsərləri içərisində öz həcmi və orijinallığı ilə seçilən "Gülüstani-İrəm"i 1841-1842-ci illərdə başa çatdırmışdır. O, fars dilində yazdığı bu əsər üzərində uzun illər ciddi-cəhdlə tədqiqat aparmış, zəngin kitab və əlyazmaları araşdırmış, monumental bir salnamə yaratmışdır. Bakıxanov Azərbaycanın tarixinə həsr etdiyi "Gülüstani-İrəm"də ilk dəfə olaraq pərakəndə halda olan tarixi, coğrafi əsərləri, səyahətnamə, salnamə, fərman və digər yazılı sənədləri toplamış, arxeologiya, epiqrafika, numizmatika, toponimika, maddi mədəniyyət abidələri materiallarından, rəvayət və əfsanələrdən istifadə etmişdir. O, həm də qədim, orta və yeni dövrlərin tarixi məxəzlərindən faydalanmışdır. Herodot, Strabon, Tamsit, Plutarx, Moisey Xorenski, Təbəri, Mirxond, Çələbi, Karamzin kimi bir çox məşhur yunan, ərəb, fars, rus, türk tarixçilərinin əsərlərinə, eləcə də məlum olmayan məxəzlərə istinad edərək Azərbaycan tarixi hadisələrinin geniş mənzərəsini yaratmışdır.
Bakıxanov bu şərafətli və xeyirli işin çətinliyini bilirdi. O, bilirdi ki, tarixən ayrı-ayrı "tayfaların gediş-gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı" olan ölkədə "bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət asarı məhv və tələf" olduğuna görə, "əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz" (A. Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1951, səh. 11).
Bakıxanov ədəbi-elmi fəaliyyətin bütün əzab-əziyyətinə qatlaşıb qələmə aldığı əsərləri öz dediyi kimi, "fəzilət və şöhrət" xatirinə deyil, "bu ölkəyə (Azərbaycana--T. Ə.) mənsubiyyəti etibarilə fəxr etmək üzündən" yaratmışdır. Ona görə də Bakıxanov hərarətlə sevdiyi vətənin və xalqın oğlu kimi Azərbaycan tarixini yaratmaq yolunda bütün çətinliklərə dözmüş, mümkün olan materialları toplamış, dağınıq, pərakəndə məsələləri bir-biri ilə əlaqələndirmiş, mükəmməl və zəngin bir tarix yarada bilmişdir. Bakıxanov özü "Gülüstani-İrəm"ə ön sözündə yazır: "Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və Vətən tərəfdarlığından çəkindim, hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim" (Yenə orada. səh. 11).
Bakıxanov tarixi "mənəvi elmlərin" ən qiymətlisi hesab edir, maarifçi xadim kimi qəti bir inamla yazırdı: "Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir" (Yenə orada, səh. 10).
Hər bir xalqın ictimai elmi-fəlsəfi, ədəbi-bədii və siyasi fikrinin inkişafında tarixin böyük əhəmiyyətini dönə-dönə xatırladan Bakıxanov yazır: "... keçmişdə vaqe olan bir iş gələcək üçün düsturul" əməldir və elmə əsaslanan bir əməl möhkəm və payidar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq, yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır: çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər" (Yenə orada, səh. 10).
Bakıxanov 1843-cü ildə "Gülüstani-İrəm" əsərini rus dilinə çevirir. 1844-cü ilin mayında isə onu "Qafqazın Şərq hissəsinin tarixi" adı ilə imperator I Nikolaya göndərir. Bu münasibətlə imperatora bildirir ki, öz vətəninin tarixini yazmaq üçün qiymətli materiallar toplamış, istirahət vaxtlarını "mənsub olduğu ölkənin keçmişini yazmaq işinə" sərf etmişdir. İmperator I Nikolay əsərin elmi əhəmiyyətini müəyyən etmək üçün onu Rusiya Elmlər Akademiyasına göndərir, müəllifi isə mükafatlandırır. Məşhur rus akademikləri M. Brosse və B. Dorn əsər haqqında öz rəylərində yazmışlar: "Abbasqulu ağanın əsərində bu vaxta qədər Avropa alimlərinə məlum və müyəssər olmayan Şərq mənbələrindən alınmış zəngin məlumat vardır".
Bakıxanovun Şərq tarixçilərindən fərqli olaraq yeni səpkidə yazdığı ümumi Azərbaycan tarixi "Gülüstani-İrəm" milli tarixşünaslıqda ilk cığır açıb. Ona görə də bu əsər müəllifinə görkəmli tarixçi kimi şöhrət qazandırıb, bu gün də tarixçilərin mötəbər stolüstü kitablarından biridir.
1844-1846-cı illərdə Tiflisdə Mirzə Şəfinin yaratdığı "Divani-hikmət" adlı ədəbi məclisdə şairlər, alimlər, müəllimlər də toplaşardılar. "Burada iştirak edənlərin çoxu Mirzə Şəfinin şagirdləri və yaxın dostları idilər. Məclisdə yaxşı şeir yazmaq uğrunda yarış, qızğın ədəbi və fəlsəfi mübahisələr gedirdi. "Divani-hikmət"də əvvəlcə şeir oxunar, sonra isə oxunan şeir haqqında mübahisə açılardı". Bakıxanov da ədəbi məclisin fəal üzvü olmuş, şerlərini və poetik tərcümələrini burada oxumuşdur.
Bakıxanov Avropa mədəniyyətinə dərindən bələd idi. Lakin Şərq fenomeni onu həmişə cəlb edir, düşündürürdü. O, Şərq aləmi, alim və yazıçıları ilə yaxından tanış olmaq istəyirdi. 1845-ci ilin yaz-yay ayları Tiflisdə olarkən "səhhətini bərpa etmək və elmi-tədqiqat üçün" bir illiyə xaricə getmək məsələsini qaldırır. 1845-ci il avqustun 7-də Bakıxanova Şərqə getmək üçün bir il məzuniyyət verilir. Lakin Bakıxanov 1846-cı il martın axırlarında İrana yola düşür: Ərdəbil və Təbrizdə, aprelin ortalarında isə Tehranda olur.
Tehranda Məhəmməd şah Bakıxanovu qəbul edib ona almazla bəzədilmiş 2-ci dərəcəli Şiri-Xurşid ordenini təqdim edir. 1846-cı il iyunun 26-da Bakıxanov səfərini Təbriz, Ərzurum, Trabzon istiqamətində davam etdirir. Qara dənizdən keçib 1846-cı il sentyabrın 22-də Konstantinopola (İstanbula) çatır. Bu səfərində Bakıxanov "Əsrarül-mələküt" ("Kainatın sirləri") əsərinin ərəbcəyə tərcüməsini də özü ilə götürmüşdü. 1839-1840-cı illərdə farsca yazdığı bu əsərdə Bakıxanov kainatın quruluşunun və günəş sisteminin konsentrik dini nəzəriyyəsinin əksinə olaraq Polşa alimi Kopernikin (1473-1543) heliosentrik materialist nəzəriyyəsini müdafiə etmişdi. "Əsrarül-mələküt" elmi traktatında A. Bakıxanov "... əski qaydaları yeni üsul və qanunlara tətbiq və əqli dəlilləri nəqli rəvayətlərlə təsdiq edərək, Yer kürəsinin və sair əcramın (planetlərin) imkan sahəsində əhvalını, vəziyyətlərini və onların intizamına səbəb olan qanunları söyləməklə bərabər təhqiq edir".
Türkiyə sultanının qəbulunda olarkən "Əsrarül-mələküt" traktatının əlyazmasını Bakıxanov sultan Əbdül-Məcidə təqdim edir. Türkiyə sultanı onu İftixar ordeni ilə təltif edir. Bakıxanov Türkiyə sultanına onun qüdrət və şöhrətini vəsf edən mədhiyyə ilə razılığını bildirir.
"Əsrarül-mələküt" əsəri Türkiyənin sədr-əzəmi Rəşid paşanın tapşırığı ilə görkəmli türk alimi Seyid Şərəf Xəlil əfəndi Həyatzadənin türk dilində ön sözü, geniş elmi şərhi ilə birlikdə "Əfkarül-cəbərut fi əsrarül-mələküt" adı altında 1848-ci ildə İstanbulda nəşr edilib.
1846-cı il oktyabrın axırlarında Bakıxanov yelkənli gəmi ilə Aralıq dənizindən keçib Qahirəyə çatır. 1846-cı il noyabrın 20-də Qırmızı dənizlə Məkkəyə yola düşür. 1846-cı il noyabr ayının 27-30-da Məkkədə ziyarət mərasimində iştirak edir. 1847-ci il may ayının 31-də Məkkədən Dəməşqə yola düşən zəvvar karvanı ilə Mədinə, Dəməşq, Bağdad marşrutu ilə vətənə qayıtmaq niyyətində olan Abbasqulu ağa Bakıxanov Mədinə ilə Məkkə arasında "Vadiyi-Fatimə"də vəba xəstəliyindən vəfat edib və həmin müqəddəs məkanda dəfn olunub.
Teymur
ƏHMƏDOV
525-ci qəzet.-
2014.- 4 iyun.- S.8.