Azərbaycanın sosial tolerantlıq siyasəti

 

 

Bəşər tarixində tolerantlıq problemi ilk dəfə olaraq Qərb sivilizasiyasında dini qarşıdurmalar zəminində yaranıb. Ümumiyyətlə, "tolerantlıq" termininin yaranması 1572-ci il avqustun 24-də baş vermiş qanlı Varfolomey gecəsindən sonra, protestant və katoliklərin öz inancları çərçivəsində ortaq bir yol tapmaları və bununla bağlı Nant fərmanının imzalanması ilə əlaqələndirilir. Fəlsəfi anlayış və prinsip kimi "tolerantlıq" Otuzillik müharibənin nəticələrinin dərk edilməsi kontekstində formalaşıb. Hakimiyyət uğrunda bir-biri ilə düşmənçilik edən xristian məzhəbləri öz ehkamlarını müdafiəetmə bəhanəsi ilə faktiki olaraq opponentlərinə qarşı inkvizisiya siyasəti yürüdüblər. Dini tolerantlıq Qərbin azad cəmiyyətdə nail olduğu bütün digər azadlıqların təməlini qoydu. Lakin tolerantlıq tarixində həlledici dövr XVII əsr İngiltərəsində Kromvell dövrü oldu. Buna səbəb həmin dövrdə İngiltərədə dini plüralizm və tolerantlıq mühitinin yaranması, vətəndaş sülhü, şəfqət və etimadın əldə edilməsi idi.

XVIII əsrin maarifçilik dövründə tolerantlıq ideyasının ən görkəmli nümayəndələrindən sayılan maarifçi-filosof  F.Volter deyirdi: "Mən sizin dediyinizlə razı deyiləm, lakin sizin öz mövqeyinizi bildirmək hüququnuzu qorumaq üçün həyatımdan keçərəm". Bu fikir tolerantlığın klassik nəzəriyyəsinin bazası da sayıla bilər. Lakin "tolerantlıq" anlayışı özünün ilk nəzəri ifadəsini C.Lokkun əsərində alıb. XVII əsrin sonunda, 1685-ci ildə britaniyalı filosof C.Lokk "Tolerantlıq haqqında məktublar" adlı məşhur traktatını yazıb. Həmin əsərdə tolerantlığın fəlsəfi kateqoriya kimi mövcudluğu əksini tapmış, dini dözümsüzlük problemi ilk dəfə olaraq  geniş sahədə işləklik qazanıb. C.Lokk öz əsərlərində liberal Qərb sivilizasiyasının xüsusiyyətlərini üç sözlə ifadə edib: "azadlıq", "qanun" və "idrak". Tolerantlıq prinsipi ilə qarşılıqlı əlaqədə azad idrak yaranır: düşüncə azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, başqasının əqidəsinə tolerant münasibət və s. baxışlar olmadan idrakın mövcud olması mümkün deyil. C.Lokk məhz bu formada azadlıq fəlsəfəsini müəyyən edən nəticəyə gəlib: "fikir, söz, dini etiqad azadlıqları bütün müxtəlif sahələrdə azadlığın rəhnidir".

Tolerantlıq islam sivilizasiyasının da əsas humanist prinsiplərindən biridir. İslam insanların bir-biri ilə qarşılıqlı ünsiyyət, digər dinlərin nümayəndələri ilə ortaq insani münasibət quran dindir. Tolerantlıq nəzəriyyəsini qeyd-şərtsiz ədalət prinsipi üzərində quran islam dininə görə, hər bir müsəlman çalışmalıdır ki, insanlar arasında münasibətlər yüksək səviyyədə olsun. Quranda deyilir: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" ("Ali İmran" surəsi, 3/134). Beləliklə, islam müsəlmanlara ədalət, mərdlik, dözüm, mərhəmət, bağışlama və yaxşılıq etmək kimi prinsipial dəyərlər aşılayır və bu prinsiplərə əməl edən şəxsiyyəti formalaşdırır.

Qeyd etmək lazımdır ki, islamda etnoslararası münasibətlərə dair müsəlmanlara yönəlmiş ayələr də mövcuddur. Bu ayələr ədalətin, mərhəmətin, şəfqətin və səbrin təzahürlərinin yalnız müsəlman icması ilə məhdudlaşdırılmamasını, bu keyfiyyətləri istisnasız olaraq hamıya, canlılara və bitkilərə də aid etməyi vurğulayır.

Tolerantlıq fəlsəfədə və sufilikdə aparıcı anlayışlardan biri olub. Misal üçün, orta əsrlərdə yaşamış görkəmli alim və mütəfəkkir Əbu Peyhan Biruni öz yazılarında "torpaq - onların torpağıdır, insanlar yalnız onların mənsub olduqları xalqın nümayəndələridirlər, onların hökmdarları yalnız öz rəhbərləridirlər, din yalnız onların etiqadlarıdır, elm yalnız onlarda olandır" şəklində dözümsüzlüyün istənilən formasını məzəmmət edib.

"Tolerantlıq" anlayışının ümumi məzmunu müxtəlif dillərdə xalqların tarixi təcrübəsindən irəli qələrək fərqli məna çalarlarına malikdir. İngilis dilində tolerantlıq "hazırlıq və bir şeyi və ya şəxsiyyəti etiraz etmədən qəbul etmək", fransız dilində "başqasının azadlığına, onun  düşüncə tərzinə, davranışına, siyasi və dini baxışlarına hörmətlə yanaşmaq", ərəb dilində "bağışlama, yumşaqlıq, dözüm, mərhəmət, xeyirxahlıq. Azərbaycan dilində isə tolerantlıq "dözümlülük, müxtəlif konfessiyalar, siyasi, etnik və digər sosial qruplar arasında dayanıqlı ahəngdarlığın olması və birgəyaşayış" mənasını daşıyır. Qeyd edək ki, bu anlayışlar 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasının 3-cü fəslinin 48-ci maddəsində ("Vicdan azadlığı") aşağıdakı şəkildə öz əksini tapıb: "Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz". BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqları haqqında" Ümumi Bəyannamə"sində bəşəriyyətin bütün üzvlərinə məxsus olan ləyaqətin etirafı və hər kəsin bərabər, ayrılmaz hüquqları - azadlıq, ədalət və s. ümumi dünyanın əsasını təşkil edir, xalqlar arasında dostluq münasibətlərinin inkişafına kömək etməyin vacibliyi qeyd olunur.

Tolerantlıq prinsipləri əsas hüquq və azadlıqlar kimi qanunvericilik aktlarında, beynəlxalq bəyannamələrdə təsbit edilir. Bunlardan BMT Baş Assambleyasının qeyd etdiyimiz Ümumi Bəyannaməsini, 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" və 16 dekabr 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" beynəlxalq paktlarını nümunə göstərmək mümkündür.

Etnik, irqi, dini ayrı-seçkiliyə yol verməmək məsələləri isə BMT Baş Assambleyasının 1965-ci il 21 dekabr tarixli "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasında, 1948-ci il 9 dekabr tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasında, 1992-ci il 18 dekabr tarixli "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında" Bəyannaməsində təsbit olunur.

"İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyada qeyd olunur ki, "irqi ayrı-seçkiliyə əsaslanan hər bir nəzəriyyə elmi baxımdan əsassızdır, mənəvi baxımdan çirkindir, sosial baxımdan  ədalətsiz və təhlükəlidir və harada olursa-olsun nə nəzəriyyədə, nə də təcrübədə irqi ayrı-seçkilik üçün bəraət qazanıla bilməz".

Azərbaycan da beynəlxalq prinsiplərə istinad edərək öz milli adətlərinə uyğun şəkildə sosial tolerantlıq siyasətini həyata keçirir. Burada "tolerantlıq" termini çoxəsrlik tarixə malik dinlərarası və millətlərarası birgəyaşayış təcrübəsinə əsaslanır.

Əsrlər boyu müxtəlif xalqların, millətlərin, dinlərin, mövcud olduğu, mədəniyyətlərin birləşdiyi bir ölkə olmasına baxmayaraq Azərbaycanda heç bir zaman dini zəmində qarşıdurmaya, qarşılıqlı nifrətə yer verilməyib. Bu amillər Azərbaycanın müasir həyatında da öz əksini tapır. Azərbaycan Qərb və Şərq, Qərb və İslam dünyası arasında bir körpü rolunu oynayaraq, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa böyük əhəmiyyət verir.

Azərbaycan Respublikasının ərazisində islam, xristianlıq və iudaizm kimi ənənəvi dinlər mövcuddur.

VII əsrin əvvəllərində Ərəbistan yarımadasında yaranmış islam dini, tezliklə dünyanın böyük bir hissəsinə yayılmışdı. Azərbaycanın islamlaşması erkən islam fütuhatları ilə başlamışdır. Bu tarix hicrətin 18-ci ilinə aiddir. Burada islam cərəyanları  şiə-imamlar, sünni - hənəfi və şafilər kimi təmsil olunub. Ölkədə 1800-ə yaxın məscid,  o cümlədən "Təzəpir", "Bibiheybət", "Ağdam", "Əjdərbəy", "Buzovna", "İmam Hüseyn", "Maştağa" və s. mövcuddur. Ən məşhur məscid isə dünyanın ən qədim məscidlərindən biri hesab edilən və 1270 yaşı olan Şamaxı Cümə məscididir. Müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər.

Tarixçilər yəhudilərin Azərbay

canda yaşamasının təxminən iki min il yaşı olduğunu qeyd edirlər. Azərbaycanda məskunlaşmış yəhudilərə qarşı nə tarixən, nə də  müasir dövrdə heç bir düşmən münasibəti faktı aşkarlanmayıb. Bu da yerli əhalinin tarixi ənənəyə əsaslanan etnik konfessiyalara dözümlülük səbəbindən irəli qəlir. Buna sübut kimi Quba rayonunda yerləşən məşhur "Qırmızı qəsəbə"də 1920-ci ildə 11 sinaqoqun olması faktıdır. Burada indiyədək təxminən 4 000 dağ yəhudisi yaşayır. Bu qəsəbə bütün postsovet məkanında yəhudilərin kompakt şəkildə yaşadığı yeganə yerdir.

Bu gün Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi (avropalı) yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Dini icmaların verdiyi məlumata görə, bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir.  Bunlardan 11.000-ni dağ yəhudiləridir ki, təxminən 6.000-ni Bakıda, 4.000-ni Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudilərinin sayı isə təxminən 700 nəfərdir. Hazırda Azərbaycanda 5 sinaqoq fəaliyyət göstərir (o cümlədən Bakıda 3, Quba və Oğuzda hər birində 1).

Xristianlığa gəldikdə isə demək olar ki, Azərbaycanda xristianlıq təxminən 1700 il bundan əvvəl yaranmışdır. 313-cü ildə Urnayr çarın başçılığı ilə alban xalqının xristianlığı qəbul etmələri nəticəsində bu din Qafqaz Albaniyasında dövlət dini olmuşdur. Sonralar ölkə əhalisinin əksəriyyətinin islam dinini qəbul etməsinə baxmayaraq, Azərbaycanda müxtəlif konfessiyaların sülh içində yaşamaq ənənəsi davamlı xarakter almışdır.

SSRİ-nin süqutundan sonra rusdilli əhalinin ölkədən köçməsi ilə Azərbaycanda pravoslav xristianların sayı azalıb. Lakin xristianlığın bu istiqamətinə etiqad edən əhalinin sayı 2.5%, yəni 200 min nəfərdir. Onlar müxtəlif millətlərin - rusların, ukraynalıların, belarusların, yunanların və s. nümayəndələridirlər. Qeyd edək ki, indiki dövrdə mövcud olan və fəaliyyətlərini 28 dekabr 1998-ci il tarixində bərpa etmiş rus pravoslav məbədləri, ölkənin Bakı-Xəzəryanı yeparxiyasında birləşdirilib. Azərbaycan ərazisində mövcud olan məbədlər bunlardır: Bakı şəhərində Müqəddəs Məryəm Ananın Miladı kilsəsi, Müqəddəs Pravoslav kilsəsi, Mixail Arxangel məbədi, Gəncədə Aleksandr Nevski məbədi, Xaçmazda Nikolski" məbədi.

Müqəddəs Rus Pravoslav kilsəsindən başqa ölkədə Gürcü Pravoslav kilsəsinin yurisdiksiyasına aid olan gürcü-ingiloyların məskunlaşdığı Qax rayonunun Qax-İngiloy kəndində "Müqəddəs Georgi" kilsəsi,  həmçinin qədim imanlara etiqad edən 11 molokan icması  fəaliyyət göstərir. Azərbaycanda dünya dinləri arasında katoliklik XIX əsrin ikinci yarısında, Bakıda ilk neft bumundan sonra yaranıb. XX əsrin əvvəlində şəhərin mərkəzində katolik icması yaradılıb və memarlıq baxımından maraqlı olan kilsə inşa edilib. 1990-cı illərin ortalarında ikinci neft bumunun baş verməsi, xüsusilə də 2002-ci ildə Azərbaycana Roma Papası II İohan Pavelin səfəri ilə 1999-cu ildə Bakıda qeydə alınan icma canlandı. Bu, 70 illik ateist rejimi ərzində azərbaycanlı katoliklərin ilk icması oldu. Dövlət həmin icmaya kilsə tikmək üçün icazə vermiş, bu məqsədlə torpaq ayırmış və nəticədə 2007-ci ildə Bakıda "Müqəddəs Məryəm kilsəsi istifadəyə verilmişdi.

Azərbaycan dövləti tolerantlığın inkişafı siyasətini ölkəmizin hüdudlarından kənarda da davam etdirir. Əsasən də bu işləri xarici ölkələrdə fəaliyyət göstərən diaspor və dünyaya yayılan tələbə gənclərin yaratdığı qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirir. Ən mühüm təşkilatlardan biri kimi Rusiyada fəal işləyən AMOR, həmçinin, UNESCO, DHƏF və digər beynəlxalq humanitar təşkilatlarda da Azərbaycan öz ərazisində yaşayan digər xalqların irsinin qorunub saxlanılması məsələlərinin müzakirəsində fəal iştirak edir.

Qeyd edək ki, mehriban qonşuluq, tolerantlıq və dini dözümlülük sahəsində beynəlxalq təcrübə mübadiləsi naminə 2010-cu ilin aprel ayında Bakıda Ermənistan belə daxil olmaqla dünyanın 35 ölkəsindən təxminən 150 dini liderlərin toplaşdıqları dinlərarası sammit keçirilmişdir. Sammitdə bütün ermənilərin katolikosu II Qaregin də iştirak etmişdir. Erməni tərəfi Qərbə və Rusiyaya Azərbaycandan "islam təhlükəsi"nin gəldiyini təlqin etməyə, dəfələrlə din amilindən istifadə etməyə cəhd etsə də, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi heç bir zaman dini çalara sahib olmayıb. Samitin gedişatı və qəbul edilmiş qərarlar bir daha sübut etdi ki, Azərbaycanda dünyanın müxtəlif ölkələri ilə tarixən formalaşmış mədəni-mənəvi əlaqələrin yalnız qorunub saxlanmasına deyil, həm də bu əlaqələrin yeni keyfiyyət müstəvisində inkişafına nail olunub. Eyni zamanda, tolerantlıq siyasətinin həyata keçirilməsində əsas məqsəd ölkənin gənc nəsli ilə işdir. Hal-hazırda   "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" adlı Dövlət Proqramının  bu məsələ ilə bağlı müxtəlif bəndləri üzrə işlər icra olunur.

Azərbaycanın tolerantlığın inkişafı sahəsində əldə etdiyi təcrübə bir sıra dünya ölkələrinin də marağına səbəb olub. Məsələn, 2007-ci ildə Küveyt və Belarus Azərbaycan nümayəndə heyətini dinlərarası dialoq mövsuzunda keçirdikləri tədbirlərə dəvət etmişdilər. Dəvətin məqsədi dünya konfessiyalarının birlikdə dinc yaşamaq təcrübəsini bölüşmək idi.  

Tolerantlıq - çoxqütblü cəmiyyətin təzahürüdür. Elə bir cəmiyyətin ki, bu gün eyni zamanda həm çoxmillətli, həm də çoxdinlidir. "Tolerantlıq" anlayışı hər hansı bir vəziyyətə dözmək və yaxud boyun əymək deyil,düşüncəsi, dəyərləri, yaşam tərzi, dini baxışları fərqli olan digər şəxsə hörmətlə yanaşmaq və onu qəbul etməkdir. Eyni zamanda, tolerantlıq cəmiyyətin bütün üzvlərini qoruyan bir alət kimi mövcuddur, insanların dini inancları və sosial-siyasi baxışlarından asılı olmayaraq onların sərbəst inkişafına imkan yaradan amildir.

Qeyd etmək lazımdır ki, dünyada dözümsüzlük faktlarının sayının artmasına baxmayaraq Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda mədəni və dini müxtəlifliyin unikal tarixi harmoniyası formalaşıb. Azərbaycanın dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevrilmişdir. Bu gün Azərbaycan dünyaya dini tolerantlığı, multikulturalizmin inkişaf modelini, millətlərarası münasibətlərin bariz örnəyini nümayiş etdirir və dinlərarası dialoqu aktivləşdirir. Çünki hər hansı bir dözümsüzlüyün qarşısını ala bilmək üçün insanları yalnız dialoq yolu ilə bir araya gətirmək olar. Azərbaycan dövləti son illər konstruktiv mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıqlara  əhəmiyyət verərək həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə səylər göstərir. Beləliklə, Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşmasının çox qısa tarixi olsa da, bu dövrdə əldə etdiyi mühüm nailiyyətlərlə özündə müxtəlif dini mədəniyyətləri birləşdirərək dünyada tolerantlıq məkanı kimi tanınır.

 

Lalə NOVRUZOVA

525-ci qəzet.- 2014.- 4 iyun.- S.5.