Şuşalı, Şuşasız Abay
Dağlı
Azərbaycan mühacirət ədəbiyyatının tanınmış simalarından olan Mirzə Abay Dağlının həyat və yaradıcılıq yolu, ədəbi irsi haqqında ötən əsrin 90-cı illərinin sonundan Kütləvi İnformasiya Vasitələrində ara-sıra bioqrafik materiallar dərc olunmağa başlasa da, istedadlı yazıçı-dramaturqun qələminə mənsub bədii nümunələrin - xüsusi ilə
onun mühacirət dövrü yaradıcılığının elmi-nəzəri baxımdan ardıcıl və sistemli araşdırılması son dövrlərə təsadüf edir. Xalq yazıçısı, görkəmli
ədəbiyyatşünas, filologiya elmləri doktoru professor
Elçin hələ ötən əsrin 90-cı illərində
qələmə aldığı məqalələrinin birində ədəbiyyatşünaslıq
elmi və ədəbi tənqidin qarşısında duran vəzifələrdən
və mühacirət ədəbiyyatının tədqiqi prinsiplərindən bəhs edərkən haqlı olaraq
ümumən mühacirət
irsinin tədqiqinin aktuallığını və bu problemə ciddi yanaşmağın vacibliyini
vurğulayırdı: " Azərbaycan mühacirət ədəbiyyatının
öyrənilməsi və həmin ədəbiyyatın ədəbi
prosesə cəlb edilməsi bu gün bizim ədəbiyyatşünaslıq
elminin və ədəbi tənqidin qarşısında
duran mühüm məsələlərdən biridir.
Hissə
qapılmadan,
"mühacirətdə nə yazılıbsa,
hamısı əladır!" - kimi kor-koranə
prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan
araşdırmalar nəticəsində xalqımızın
uzun müddət ayrı düşmüş mənəvi sərvəti,
təbii ki, özünə qaytarılmalıdır".
AMEA Rəyasət Heyətinin
2014-cü ildə keçirilən iclasının qərarına
əsasən "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası"nın yaradılması nəzərdə
tutulub. Hazırda həmin qərarla müəyyənləşdirilmiş
tədbirlərin icrasının həyata keçirilməsi -
seriya ilə kitabların buraxılması, o cümlədən
Abay Dağlının bədii irsinin nəşrə
hazırlanması istiqamətində AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı
şöbəsində müvafiq işlər
görülür.
Azərbaycan Respublikasının Dövlət
Mükafatı laureatı, fəlsəfə doktoru, Azərbaycan
mühacirət ədəbiyyatının səriştəli
tədqiqatçısı Nikpur Cabbarlının Abay
Dağlının həyat, yaradıcılığı ilə
bağlı araşdırmaları xüsusi ilə diqqəti
çəkir və təqdirəlayiqdir."Abay Dağlının
mühacirət dövrü yaradıcılığı"
adlı monoqrafiyasında tədqiqatçı Abay
Dağlının həyat yoluna və
yaradıcılığının mühacirətə qədərki
dövrünə qısaca nəzər salır, ədəbi
irsinin tədqiqi tarixini və vəziyyətini qiymətləndirir,
mühacirət illərində yazdığı dram və nəsr
əsərlərini müasir tələblər səviyyəsində
təhlil müstəvisinə cəlb edir. Nikpur Cabbarlı
monoqrafiyada mühacir yazıçının ədəbi
irsini beş problem - "Sənətkar və zaman
problemi", "Anadolu istiqlal savaşının
inikası", "Totalitar sovet rejiminin ifşası",
"Milli-mənəvi dəyərlər problemi",
"Quzey Kıbrıs olaylarının əksi" ətrafında
qruplaşdıraraq araşdırmış, öz təbiri ilə
desək, Abay Dağlının mühacirət dövrü
yaradıcılığı barədə müəyyən
elmi təsəvvür yaratmağa
çalışmışdır. Adıçəkilən
monoqrafiyada "Təbii ki, A.Dağlının ədəbi
irsinin tədqiqi sahəsində hazırkı vəziyyət qənaətbəxş
sayıla bilməz. A.Dağlının mühacirət
dövrü yaradıcılığının nisbətən
ətraflı araşdırılması yönündə ilk
təşəbbüs olaraq ədəbi-elmi ictimaiyyətin
diqqətinə təqdim edilən bu monoqrafiya da məhz həmin
boşluğu müəyyən qədər aradan qaldırmaq
məqsədi izləyir" - yazan Nikpur Cabbarlı qənaətində
haqlıdır və bizim də Abay Dağlı həyatının
və ədəbi
irsinin diqqətçəkən məqamlarına müraciətimiz dramaturqun
ömür yolunun və yaradıcılığının
daha geniş aspektdə araşdırılması məqsədi
daşıyır.
Mirzə
Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev)
1906-cı il yanvar ayının 27-də
Şuşada çilingər, öz ifadəsi ilə desək,
"qustar" ailəsində anadan olub. Yeri gəlmişkən,
bəzi mənbələrdə, məsələn, 1936-cı
ildə öz qələmi ilə doldurulmuş "Kadrlar
uçotu üzrə şəxsi vərəqə"də
(15) və 1937-ci ildə yenə özünün
yazdığı "Şəxsi kartoçka"da (yenə
orada) A.Dağlı təvəllüd tarixini nədənsə,
1910-cu il kimi göstərib. Yaxud
abaydağlışünaslardan Lətif Yücelin 1991-ci ilin
aprelində Bakıda keçirilmiş "Azərbaycan
mühacirət ədəbiyyatı" beynəlxalq elmi
simpoziumdakı çıxışının mətnində Abay Dağlının doğum
tarixi 1922-ci il kimi göstərilib. Lakin əksər
araşdırmaçıların yekdil qənaətinə və
bir çox rəsmi sənədlərə, o cümlədən
A.Dağlının özünün yazdığı
"Avtobioqrafiya"ya əsasən A.Dağlının təvəllüd
tarixi 1906-cı ildir.
Abay
Dağlı atasının yanında işləyə-işləyə
ilk təhsilini Şuşada realnı məktəbdə
almış, bir müddət (1925-1927) pioner təşkilatçısı
kimi çalışdıqdan sonra Azərbaycan Mərkəzi
Partiya məktəbində oxumuş (1927-1929), 1936-cı ildə
Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat
fakültəsinin ədəbiyyat ixtisası üzrə tam
kursunu bitirmişdir. Hələ bundan xeyli əvvəl -
1929-1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və
Anino kənd məktəblərində müəllimlik edən
Abay Dağlı 1936-cı ildə dərs demək
üçün təyinatla Nuxadakı Stalin adına
Pedaqoji Texnikuma göndərilir və 1940-cı ilədək
orada çalışır. Vəzifəsi
ixtisara düşdüyündən 1940-cı ildə
Bakıya gəlir və Nizami muzeyində kiçik elmi
işçi kimi fəaliyyətə başlayır.
1941-ci ildə orada da
ştatın ixtisarı ilə əlaqədar
işindən azad olunur.
1941-ci ildə Böyük Vətən Müharibəsinə,
cəbhəyə çağırılan Abay Dağlı bir
daha Vətənə qayıtmır. Əvvəllər
Münhendə, sonralar Ankara və İstanbulda yaşayır.
1989-cu ildə İstanbulda vəfat edir. 1960-cı illərdə bacısı Xanıma
yazdığı məktublardan məlum olur ki, o, əvvəlcə
Almaniyada, sonralar Türkiyədə ailə həyatı qurub.
Həyat yoldaşının adı Əminə,
yeganə övladının adı Nursəndir.
Abay
Dağlı maraqlı , mürəkkəb
və zəngin yaradıcılıq yolu keçib. Mövzu,
ideyasına görə onun yaradıcılığını
iki mərhələyə bölmək olar: mühacirətə
qədərki və mühacirət dövrü. Mühacirətə
qədərki mərhələni ilk qələm təcrübələri,
sovet həyat və yaşayış tərzi ilə
bağlı məqalələr, Azərbaycan və dünya
klassiklərinin irsi ilə əlaqədar ümumi məlumat səciyyəli
yazılar, şeirlər, mənzum əsərlər və s.
təşkil edir. Salman Mümtaz adına Mərkəzi
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinin (MDƏİA) direktoru Maarif Teymurun tərtib etdiyi
"Səslərəm səni" adlı kitabda Abay
Dağlının şeirləri və ədəbi-tənqidi
məqalələrinin bir hissəsi toplanıb.
Abay Dağlının mühacirət dövrü
yaradıcılığı həm sənətkarlıq, həm
də mövzu-ideya baxımından kəskin fərqlənir. Böyük Vətən
Müharibəsi illərində qələmə
aldığı bir sıra poeziya nümunələri milli
legionun mətbu orqanında - "Azərbaycan" qəzetində
dərc edilib. Onlardan bəziləri ("Novruz",
"Azəri türküsü", "Abbas Mirzə səslənərkən",
"Azərbaycan", "Ay-ulduz əfsanəsi",
"Yoxdur" və s.) Məmməd Cəfərlinin
"Azərbaycan legion ədəbiyyatı" kitabında
öz əksini tapıb.
Abay Dağlının mühacirət dövrü
yaradıcılığında qəzəllər
mühüm yer tutur. Bu əsərlərində o, "daha
çox Vətən həsrətini, qürbət həyatının
ağrı-acılarını ifadə etmişdir". Tanınmış mühacir ədəbiyyatşünas
Mustafa Haqqı Türkəqul Abay Dağlının qəzəllərindən
ibarət kitabı 1962-ci ildə "Mirzədən qəzəllər"
adı ilə İstanbulda nəşr etdirib. Kitaba
yazdığı ön sözdə M.H.Türkəqul Abay Mirzənin
kitabda təqdim etdiyi əsərlərin forma baxımından
klassik qəzəllərə bənzədiyini, lakin onların
həm dil, həm də mövzu baxımından tamamilə
yeni olduğunu vurğulayır və cəsarətlə qeyd
edir ki, Abay Dağlı bu qəzəlləri ilə fikir
yığcamlığı, ifadə aydınlığı və
sadə sözlərlə zəngin türkcəmizin gözəl
bir örnəyini verib.
İstər
mühacirətə qədər və istərsə də, mühacirətin
ilk illərində poeziyaya meyl göstərən Abay Dağlı ədəbi aləmdə
daha çox dramaturq kimi tanınır. "Əsir ruhlar",
"Füzuli", "Okullular", "Sakarya",
"Atatürk", "Sakarya çetesi", "Malazgirtdən
Sakaryaya", "Sakaryada 22-ci gün", "Albay",
"Dədə Qorqud" kimi
pyeslər Abay Dağlı qələminin məhsuludur və əsərlərin
adlarından da göründüyü kimi onların mövzusu
milli, mənəvi, mədəni, tarixi dəyərlərdən,
istiqlal savaşından, istiqlal qəhrəmanlarının həyatından
götürülüb. Yazıçının
"Onlar türklərdir" adlı memuarında isə sovet
rejim və ideologiyasının bəlaları, fəsadları,
eyni zamanda faşizmin törətdiyi cinayətlər təsirli
bir dillə əksini tapıb.
Abay
Dağlı yaradıcılığı, onun pyeslərinin
mövzusu, ideyası barədə müəyyən təəssürat
əldə etmək üçün bu əsərlərlə
bağlı vaxtı ilə qələmə
alınmış rəylərə qısaca nəzər
salmaq yetərlidir. Ədəbiyyatşünas Mustafa Haqqı
Türkəqul "türkçü və
istiqlalçı", eyni zamanda "xocam və dostum" deyə
təqdim etdiyi Abay Dağlının uzun illər ağır
şərtlər altında və çətin şəraitdə
bolşevizmə və sovet rejiminə qarşı "qələm
mücadiləsi" etdiyini göstərir və dramaturqun
"Əsir ruhlar" pyesinə giriş əvəzi
"Əsərin müəllifi haqqında bir neçə
söz" adlı məqaləsində yazır: "Mirzə
bu yazı mücadiləsində realist, səmimi və cəsur
olmuşdur... xaricdəki ədəbi fəaliyyəti müddətində
Mirzə heç bir cərəyan və qruplaşmaya qatılmayaraq,
türkçülük və Azərbaycan istiqlalı fikrini
özünə şüar etmiş, bütün məsaisini
(çalışma, səy göstərmə - T.A.) bu yolda sərf
etmişdir. Çox mütəvazi, nəfsinə hakim, iradəli
və ideallarına sonunadək sadiq olan dostumun tək arzusu Azərbaycanın
istiqlalına qovuşması və
türkçülüyün payidar (ədəbi, daimi - T.A.)
olmasıdır" .
Hələ gənclik illərindən taleyini sözə,
sənətə bağlayan Abay Dağlı müxtəlif
janrlarda - oçerk və dram əsərlərində
yazıçı, şair obrazları yaradıb. Yaradıcılığının ən məhsuldar və
müdrik dövründə - ötən əsrin 60-70-ci illərində
o, "Füzuli" və "Dədə Qorqud" pyesləri
ilə türk-islam dünyasının iki parlaq simasına
öz məhəbbətini izhar edib. Prof.dr. Əli Nihat Tərlan
"Füzuli" haqqında yazıb: "Bizdə Füzuli
haqqında bir səhnə əsəri vücuda gətirən
A.Dağlı şirin bir qərb türkcəsi şivəsi
ilə bizi Füzulinin içli lirizminə sürükləyir,
qüsursuz nəzm dili içində səhnənin icab
etdirdiyi qıvraqlığı da ustalıqla əsərinə
verə bilən bu idealist şair ədəbiyyatımızın
mühüm bir əksiyini tamamlamışdır". Ankarada
nəşr olunan "Türk bilgisi" dərgisi isə rəsmi
və özəl teatr mənsublarına "Füzuli"
pyesinə lazımi diqqət göstərməyi tövsiyə
edir və yazırdı: "Hörmətli A.Dağlı bir
Füzuli aşiqi olaraq öz sənət qüdrətinin
coşqunluğu ilə qarşımıza canlı bir
Füzuli çıxarmışdır. Ədəbiyyat
tarixinin kif atmış səhifələri içində həbs
edilmiş Füzulinin yerinə qarşımızda yaşayan
və sənət zövqü ilə bizi büyüləyən
(təsirləndirən, özünə bağlayan - T.A.) bir
Füzuli var".
"Dədə Qorqud" pyesi də eyni istəkdən,
eyni məramdan - milli-mənəvi dəyərləri, tarixi
şəxsiyyətləri yaşatmaq, təbliğ etmək
arzusundan ərsəyə gəlib. Müəllif kitaba giriş əvəzi
yazdığı "Dədə Qorqud pyesi" adlı məqalədə
də göstərir ki, Vətənin müdafiəsi, gənclərin
bu ruhda yetişdirilməsi üçün bu qəbildən
olan əsərlər faydalıdır.
Abay
Dağlının mühacirət dövrü
yaradıcılığı haqqında dediklərimizi
yekunlaşdırsaq, aşağıdakı qənaətlərə
gələ bilərik:
- Azərbaycan
mühacirət ədəbiyyatının tanınmış
xadimlərindən olan Abay Dağlının əsərlərinin
başlıca ideyası türkçülük, azərbaycançılıq,
istiqlalçılıqdır;
- Abay
Dağlının çoxşaxəli
yaradıcılığını, rəngarəng
mövzularını bir ana xətt birləşdirir: milli-mənəvi,
tarixi dəyərlərə sonsuz məhəbbət. Bu sevgi
istiqlal savaşından yazanda da, Füzuli, yaxud Dədə
Qorqud obrazını yaradanda da, yaxud məktəb, təhsil həyatını
işıqlandıranda da eyni dərəcədə
özünü göstərir, təzahür edir;
- qərib, mühacir həyatının qəmi,
kədəri, Vətən həsrətinin iztirabları,
doğmaların intizarı və "içi sızladan ədəbi
bir üzüntü" Abay Dağlının ədəbi irsinə hopmuşdur;
- Abay
Dağlının toxunduğu mövzular köhnəlməyib,
bu gün də aktual və əhəmiyyətlidir;
- Abay
Dağlının pyesləri özünün bədii məziyyətləri,
üslubu, dialoqların canlı, dilinin sadə,
anlaşılan, həm zəngin və koloritli olması ilə
də yadda qalır. Dramaturq oxucunu intizarda
saxlamağı, öz qəhrəmanlarının taleyini
sonunadək izlətməyi bacarır, əsərlərin
süjeti sadə, kompozisiyası yığcamdır. Bir
sözlə, A.Dağlı pyesləri sənətkarlıq
baxımından da sanballı və diqqətçəkəndir;
- istər tarixi, istər müasir mövzularda
A.Dağlı dövrün tələblərini və milli
maraqları məharətlə ön plana çəkir: Vətənə
məhəbbət, millətə xidmət!
Yazıçının bu missiyası milli özünütəcrid yox, sivil
dəyərlərə də sahib olmaqla daha sürətli tərəqqiyə
nail olmaq kimi bəşəri
xarakter daşıyır.
Ədəbi aləmdə Abay Dağlı kimi tanınan Cəmil Ağayevin istər mühacirətəqədər və istər mühacirət dövrü yaradıcılığında digər təxəllüsləri də olub. İlk yaradıcılığında "Qırmızı Şamxor", "Nuxa işçisi", "Ədəbiyyat", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində "Şuşalı", "Ağayev Cəmil", "A.Cəmil" imzaları ilə şeir və məqalələr dərc etdirən Abay Dağlı daha sonralar "A.M.D.", "M.D.", "Rana", "A.Anar", "A.Dağlı", "Abay Mirzə", "Abay Mirzə Dağlı", "Abay Dağlı" kimi təxəllüslərlə yazıb yaradıb. Abay Dağlı qohumları, xüsusi ilə bacısı Xanımla yazışmalarını "Abay Ağa" kimi imzalayıb .
Abay Dağlının mühacirət həyatı və irsi nəinki Azərbaycan oxucuları, heç doğmaları üçün də uzun müddət - ötən əsrin 40-cı illərindən 60-cı illərin sonunadək tam qaranlıq qalıb. Yalnız 1965-ci ildə o, bacısı Xanıma ilk məktubu ünvanlayır. Ara-sıra yazışma 1968-ci ilədək davam edir. Sonra məlum olmayan səbəblərə görə məktubların arası kəsilir. Ötən əsrin 90-cı illərindən sonra yenidən Abay Dağlı xatırlanmağa başlayır. Professor Vaqif Sultanlı onun "Füzuli" pyesi haqqında "Azadlıq" radiosunda çıxış edir. Azərbaycan mühacirət irsinin fədakar və təmənnasız toplayıcısı Ramiz Abutalıbov 1990-cı illərin sonlarında S.Mümtaz adına ADMİA-ya Abay Dağlının 4 kitabını hədiyyə edir. O zaman eyni vaxtda R.Abutalıbov Abay Dağlının kitabları - "Dədə Qorqud", "Əsir ruhlar", "Albay", "Sakarya çetesi" pyesləri barədə mətbuatda çıxış etsə də, müəllifin həyatı barədə geniş informasiya vermir və özünün də etiraf etdiyi kimi, "Mirzə Abayın əsl adı hələ də naməlum qalır". Məqalənin sonunda müəllif oxuculara müraciət edərək Abay Dağlı haqqında məlumat verilməsini xahiş edir. 2000-ci il noyabrın 6-da bacısı Xanımın arxivə təqdim etdiyi 310 sənədin əsasında ADMİA-da "Şair, publisist, ədəbiyyatşünas Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu)" fondu yaradılır. Burada Abay Dağlının həyat və yaradıcılığı ilə bağlı 1924-1997-ci illəri əhatə edən sənədlər toplanılıb.
Abid Tahirli
525-ci qəzet.-
2014.- 4 iyun.- S.4.