Şairin yurd yeri ya Yurd yerinin şairi

 

 

 

Qazax mahalında "İncəli", yaxud "İncə dərəsi" deyilən, həm vurub- tutan igidləri, həm  böyük  təfəkkür- mənəviyyat (ruh) xadimləri, həm də istedadlı saz- söz adamları - aşıqları, şairləri ilə kifayət qədər məşhur bir məskən var ki, onun tarixilə maraqlananda istər- istəməz elə bir mistik qədimliyə gedib  çıxırsan ki, zamanın hərəkətinin hər hansı xronologiyasını təsəvvürdə hətta ən ümumi konturları ilə belə  bərpa etmək mümkün olmur. Və keçmişlə bugünün üzvü vəhdətini qəribə bir məntiqlə (əslində, özünəməxsus  qısqanc bir sədaqətlə!) qoruyub saxlamış bu məskənin - məhdud bir etnomədəni coğrafiyanın az qala bütöv bir xalqın ədəbiyyatını təmsil edəcək qədər (və səviyyədə!) şairləri mövcuddur ki, onlardan biri də Sayad Mustafaoğludur.

Ədəbi yaradıcılığa keçən əsrin 60- cı illərində başlayan, "İncə Dərəm", "İki yolun ayrıcında", "Mənim Fəxrim, Fərəhimdi" kitablarının müəllifi olan Sayad Mustafaoğlu eyni zamanda "Üç övlad anası İncə dərəsi" poeziya almanaxının yaradıcısı, mahalın tanınan, sevilən, nüfuzlu ziyalılarından, ağsaqqallarındandır. Bu ilin baharında tamam olan 75 yaşına isə şair dördüncü kitabı - "Yurd yeri" ilə gəldi.

Əvvəlki kitablarında olduğu kimi bu kitabında da  Sayad Mustafaoğlu nədən yazırsa yazsın, nəticə etibarilə, gəlib çıxır doğulub boya- başa çatdığı yurd haqqındakı xatirələrinə, düşüncələrinə və bir qədər də nisgilli təəssüratlarına...

 

Qalxıb Dungədaşa, bərəni keçdim,

Səcdə qılıb Qurudərəni keçdim.

Endim Korbulağa, doyunca içdim,

Əksimi həkk eylə gözündə saxla.

 

Hər yaşın, təbii ki, öz poeziyası, öz əhval- ruhiyyəsi var. Təbiət hər il yeniləşir, qışdan sonra yaz gəlir… İnsan isə ömrün baharını bir dəfə yaşamağa məhkumdur. Ona görə də şair yazır:

 

Torpaq ətir saçır öz nəfəsiylə,

Bülbül bağda gəzir gül həvəsiylə.

Sayad, haray sal, səs eylə,

Ömür hədəfdədi, nişan vaxtıdı.

 

Həyatın ahıllıq məqamından ( yüksəkliyindən!) doğma yurdda - İncə dərəsində  ( dağlar əhatəsində) keçirdiyi  dəli- dolu (ancaq abırlı- həyalı!) uşaqlıq, gənclik illərini xatırlayan Sayad Mustafaoğlu görür ki:

 

Gəlib çatdı ahıl çağı,

Sayad tökür qaş- qabağı.

Bələni keçsə dağı

Aşammaz, oğul, aşammaz.

 

yaşın  üstünə yaş gəldikcə çarəsiz qalmayasan neyləyəsən?..

 

İllər ələnir yaşına,

Bulud çökür göz- qaşına.

Sənin dəyirman daşına

Dən gəlmirsə, neyləyəsən?

 

Bununla belə Sayad Mustafaoğlunun lirik qəhrəmanı, aşıq poeziyasında olduğu kimi, qədər yaşlaşsa da, ahıllaşsa da ruhən cavandır, sevgisinə sədaqətlidir...

 

Yaşa dolsan da sən, deyim, ay gözəl,

Qamət öz yerində, qaş öz yerində.

Elə bilmə mənim ağlım çaşıbdı,

Ağıl öz yerində, baş öz yerində,-

 

deyən şair onu da əlavə edir ki:

 

Sevdalı günlərim getmir başımnan

Naşı oldum, ovum qaçdı qarşımnan.

İndi utanıram ahıl yaşımnan,

Sayad öz yerində, yaş öz yerində.

 

...Aşıq Avdı, Aşıq Cəlal, Ələddin İncəli, Aslan Kəmərli, Ağamalı Sadiq, Kərəm İncəli, Akif Səməd, Məmməd İlqar, Avdı Qoşqar, Mahmud Vəli, Rafail İncəyurd kimi Sayad Mustafaoğlu da, artıq  qeyd etdiyimiz kimi, istər məhəbbətdən, istər təbiətdən desin,  mövzunun miqyasını  qədər genişləndirirsə genişləndirsin, istinad (yurd!) yeri, ilham mənbəyi bütün  hallarda İncə dərəsidir:

 

Aşıq qardaş, çal sazını,

Danış İncəmnən, İncəmnən!

Qızınmağa od axtarma,

Alış İncəmnən, İncəmnən!

 

Saf aynamdı, baxış yerim,

Yal- yamacı naxış yerim,

İldırımla çaxış yerim -

Soruş İncəmnən, İncəmnən!

 

Demə Sayad tərif yazdı,

yazdımsa, hələ azdı.

İncə özü, sözdü, sazdı -

Yarış İncəmnən, İncəmnən!

 

İncəli şairlər üçün İncə dərəsi  yalnız maddi- coğrafi yox, həm mənəvi- ruhi Vətəndir. ona görə bu tarixi Vətən tarixsiz erməni (namərd!) təcavüzünə tuş gələndə  dağlar "dağ"a çevrilir:

 

Dağ idiniz arxamızda,

Dağ oldunuz sinəmizdə.

Vüqar sizdə, günah bizdə,

Qəribsəyib el, ay dağlar!

 

Sayad Mustafaoğlu kitabında xalq (aşıq) şeirinin, demək olar ki, bütün janrlarına müraciət edir: qoşmadan başlamış müxəmməsə qədər...  Demək olmaz ki, hər janrda şedevrlər yaradır, ancaq bütün hallarda yaradıcılığının stixiyası etibarilə sadəlövhlüyə varacaq  qədər səmimidir, təbiidir ki, fikrimcə, bu, şairliyin ən mühüm göstəricisidir.

Etiraf edim ki, Sayad Mustafaoğlunun divaniləri mənim çox xoşuma gəldi. Hər şeydən əvvəl ona görə ki, şair divaninin klassik (normativ) poetexnologiyasını saxlamaqla kifayət qədər müasir mətləblərdən bəhs edə bilir. Hətta mətləb, ideya- məzmun o qədər müasir olmayan məqamlarda da tarixi  təfəkkürü "müasirləşdirmə", xatırlatma var:

 

Səcdə qıl göylərə,

zövqlə oxu namaz qılanda,

Unutma həqqi,

kömək olar sən darda qalanda.

Ləşkər məhv, millət xar olar,

gədə sərkər olanda,

Düz işin çərxini bəzən

tərsinə buran var.

 

 Sayad Mustafaoğlunun kitabında  mənə ən maraqlı gələn məqamlardan  biri şairin sərbəst şeirə  kifayət qədər cəsarətlə müraciət etməsi oldu:

 

...Çoxalır insanlar,

lap çoxalır.

Çoxalacaq,

qoy çoxalsın -

Dünyanın bəzəyi

insandır.

Çox heyif,

şəxsiyyətlər azalır,

çox azalır,

lap azalır...

 

"İncəli şair"in bu cür "sərt" sərbəstliyi, eksperimentləri yalnız ilk baxışdan qəribə görünə bilər, əslində isə müasir poetik forma axtarışları çərçivəsində çoxdan məqbuldur. o yerdə ki, şair az ya çox dərəcədə məqsədinə nail olacaq, niyə təcrübədən keçirməsin?.. Ruhu, üslubu, intonasiyası klassik ifadə normativləri əsasında formalaşmış bir şairin poetik sərbəstlik eksperimentləri, fikrimcə, xüsusilə məhsuldar ola bilər... Həm Rəsul Rza adına  Beynəlxalq mükafatın laureatı olan bir şairin...

Sayad Mustafaoğlunun fərdi üslubunu "İncə üslubu"ndan fərqləndirən bir cəhət son  illər nisbətən iri həcmli əsərlərə müraciət etməsi, poemalar  yazmasıdır. Kitabına  daxil etdiyi iki  poemadan biri "Yurd yeri" adlansa da, əslində, hər iki poemanın mövzusu yurd yeridir - İncə dərəsidir.

Etnoqrafik- assosiativ məzmunlu "Dağdağan ağacı" poemasında şair doğma kəndinin mifik- mistik hamisi- qoruyucusu kimi tənha dağdağan ağacından danışır, onunla həsbi- hal edir, suallar verir:

 

Səni kim əkib o tində,

Nələr çəkibsən içində?

Sən də elə bizim gündə,

Ay dağdağan!

 

Yaxud:

 

Mən səni vəsf edəmmədim,

Uzaqlara gedəmmədim,

Tarixini deyəmmədim,

Ay dağdağan!

 

Şair eli- obası ilə yaşıd olan dağdağan ağacına "qardaş" deyir, ondan yer altında yatan əcdadlarını - yerlilərini xəbər alır:

 

Orda ərlər yatır, ərənlər yatır,

Yazılar pozulub daşın üstündən.

Sahibi bilinmir kimindir o daş,

Bəlkə, sən biləsən, dillən, a  qardaş!

 

Kifayət qədər böyük istedadla (və ürəklə!) yazılmış "Yurd yeri" poeması "Dədə Qorqud" eposundan gəlmə məhrəm, munis bir poetik intonasiya ilə başlayır:

 

Nələr gəldi başına,

          torpağına, daşına;

Qurbanam göz yaşına,

Həsrətindəyəm

              vaxtdan bəri,

A yurd yeri!

 

 Hasarın söküldümü,

Qamətin büküldümü?

Xanlar, bəylər yurduna

qarğa, quzğun töküldümü?

 

Hələ  igidlərin

qına girməyib

           xəncəri,

A yurd yeri!

...Kişnəmir kəhər atlar,

               dartılmır üzəngisi.

Səs salmır

              zınqırov səsi.

Necə çəkim mən

             bu dərdi- səri,

A yurd yeri?!

 

Yurd yerinin təbiətindən, insanlarından, mənəvi zənginliklərindən danışan, itirilmiş dəyərlərin xiffətini çəkən, ancaq ümidini də üzməyən şair- vətəndaş öz hisslərini ovqata uyğun olaraq müxtəlif poetik formalarda təqdim etməklə poemada polifoniyaya, çoxladlılığa ustalıqla nail olur:

 

"İncə dərəsindən danış" deyirsən,

Dərədi, yığvalı duman içində.

Bir ayaq səngərdə, biri qəbirdə,

Dərədi, sabahı güman içində.

 

Dağ yolu hasarda, doqqazlar bağlı,

Doğru yalan oldu, şər oldu haqlı.

Qonşular müxənnət, yerli- yaraqlı,

Dərədi, dolaşıq zaman içində.

 

Ürfanlar məskəni bircə dərədi,

"Üç övlad anası" İncə dərədi.

Qonağın gözündə necə dərədi,

Dərədi, müqəddəs məkan içində.

 

Hiss edirsən ki, Sayad Mustafaoğlu İncə dərəsindən Bakıya gələndə "müqəddəs məkan"ın tarixi ruhunu ( onun bütün zənginliyini, saflığını, törədici enerjisini!..) özü ilə  gətirib, yurda sahiblik missiyasını məsuliyyətlə daşıyır. Və ona görə də cəsarətlə deyir:

 

Yadımdadı, o çağımda,

"Qılınckəndi"n qucağında

Qaladığım ocağın da

Külü altda közəm yenə.

 

 Və ya:

 

Nehrəlidən en aşağı,

Dolan, seyr et, gəz Calağı,

"Keçəl bavamın bulağı"...

Dodağında sözəm yenə.

 

Şair doğma yurdu həmişəlik tərk edəcəyini ağlına belə sığışdırmır, çünki bu "müqəddəs məkana" çox qədim izlərlə bağlıdır:

 

"Gədikli", "Qazıllı", "Şorakət düzü",

Qarağat sırğadı yamacda özü.

Babaların yurdda həkk olan izi,

Gedirəm, gələcəm, salamat qalın!

 

İstər "Yurd yeri" poemasında, istərsə ümumiyyətlə şairin həmin adlı yeni kitabında İncə dərəsinin toponomiyası, etnoqrafik leksikonu, ifadələri bol- bol işlənməklə kitabın ( şairin) üslubuna, tamamilə təbii olaraq, özünə ( yurda!) məxsusluq, milli kolorit, canlılıq gətirir. Onun elə şeirləri, poemalarında elə parçalar var ki, bulaq suyu kimi içmək, dağ havası  kimi ciyərlərinə çəkmək istəyirsən... ömrünün zəhmətlə, mərdliklə, xeyirxahlıqla ( yaradıcılıqla!) keçmiş üç rübünü təvazökarlıqla arxada qoyub dördüncüyə adlayan  Sayad Mustafaoğluna minnətdarlıq etmək, bundan sonra da uzun ( eşqli, ilhamlı!..) həyat yaşamasını arzu eləmək istəyi keçir könlümdən...

 

Nizami Cəfərov

525-ci qəzet.- 2014.- 5 iyun.- S.8.