"Çıxaram qarşına xilas donunda"

 

 

 

Mən onu çoxdan tanıyıram, lap hərdən elə bilirəm dünyaya gəlməmişdən görüşmüşük... Əvvəl şeirlərini oxudum, sevdim,  sonra "Aran" toplusunun təqdimatında gördüm onu... Hamıdan kənarda tək oturmuşdu. Yazarlar hərə öz yaradıcılığından bir nümunə təqdim edirdi, o heç nə söyləmədi, təbəssümlə bir onu söylədi  ki, Aranda bu qədər gözəl şairlərin olduğunu bilmirmiş... Ayrıldıq, amma günlərlə fikrimi məşğul etdi.

Yer adamı kimi qəbul edə bilmirdim onu, sanki mələk idi, bir neçə saatlıq insan şəklinə düşüb enmişdi yerə... Mənə elə gəlirdi ki, bu qız havada uça bilər, suyun üzərində yeriyə bilər, eynən özü  etiraf etdiyi kimi:  həm dərkolunan həm də dərkolunmayandı:

Mən elə zaman kimiyəm,

Kim üçünsə varam, kim üçünsə yoxam...

Kimi qədrimi bilər, kimi boşuna öldürər...

Kimi anlamaq istər, kimi kənara atar...

Kimi səbirlə çəkər, kimi üstümdən keçər...

Kimi səbəb axtarar, kimi bəhanə arar...

Tanıyan,tanımayan,

Tərk edən, tərk edilən-

Hamısı məndə qalar...

Mən zamanın özüyəm-

İrəliyə qaçmaram,geriyə qayıtmaram...

Məni yaşadanı da, məni öldürəni də-

Özümdə saxlayaram...

Zamanla dərk olunar,

Zamanla qeyb olaram.

 

...Tanrının bəxşişini alanda az yaşı yox idi, elə Məhəmmədə peyğəmbərlik verilən vaxtda idi. Aldığı "informasiya"lar şeirə çevrilib "Yerə, Göyə, Tanrıya" ismarlandı. Ardı çox gözlətmədi bizi, "İlahi vaxt" elə İlahi vaxtada oxucuya təqdim olundu.

...Həmin gün ad günü, yubileyi idi, çox gözlədi, kimsədən təbrik mesajı gəlmədi. Qəlbində:

 

Üzümə çırpıldı yubiley yaşım

Günah tək asıldı baxışlarımdan.

Özümü-özümdən heç kəs tutmadı

Ayıra bilmədim  can savaşından - deyə

gileyləndi.

 

Gecə gözünə yuxu gedər-getməz özünü ulduzların arasında gördü. İri parlaq müxtəlif rənglərlə bərq vuran ulduzlar Göydən "tökülüb gələrək" onun başı üzərində rəqs edirmiş kimi sevinclə dövrə vurur, səmada sehirli cizgilər cızırdılar. O isə çox xoşbəxt idi... Çox çəkmədən "Ulduz səsləri" yaradıcılığında növbəti ştrixi vurdu. Sonra ardı-arda yeni kitablarını çap etdirdi... "Ayla,Günlə bərabər" dayandı, qələmdaşlarına "Mənə dünyanı sorma" söylədi, "Günəşdən yağan yağışlar" da təpədən dırnağa yandı və yandırdı...

Nisə Bəyimin dosta, dostluğa, sevgiyə münasibəti də fövqəladədi,

 

Vaxt tapmıram ağlamağa

Sən yerimə ağla,  dostum

Yığ mənim göz yaşlarımı

Dar günümə saxla, dostum...

 

...Məni bilmək olmaz...

qərarsızdı vaxt

Məni bilmək olmaz...

arzularımda...

Ümidin üzülüb qırılan anda,

Çıxaram qarşına xilas donunda.

 

Yaradıcılıq uğurları sevindirirdi məni. Onun şeirlərilə vaxtan vaxta keçir, əriyir, yox olub itir, təzədən doğulur insan.

Elə bu hisslərin təsirilə ona sözdən çələng toxuyuram:

 

Səni səndə aradım,

Səni özümdə tapdım.

Yer üzünə hay saldım

Göyün üzündə tapdım.

 

Axdım duman qarışıq

Gördüm düm işığı.

"Gündən yağan yağışı"

Günəş gözündə tapdım.

 

Çəkdim səni ah kimi,

Sordum tale, baxt kimi.

Bir "İlahi vaxt" kimi

Azan səsində tapdım. 

(Ş.Ş)

 

Nisə Bəyimin hər kitabı, hər şeiri yox, hər misrası mübarək dərdə, kədərə surət verən qiymətli xəzinə kimidi.Açdıqca açırsan, dərininə düşdükcə  enirsən, düşünə bildikcə düşünürsən.  Dərd onun qələmi ilə bölünür, çeşidlənir, hərəsi öz qiymətini alır:

 

Hər dərdi götürüb ağlamaq olmur

Dərdin doğması var, dərdin yadı var.

Dərd var ki, gözündə yaşı qurudar

Dərd var ki, üstündə zülmün adı var...

O gah təşnə kimi Allahına əl açıb yalvarır:

Ay Allah!

Mənə ağıl ver...

qoyma məni,

bu havalı ürəyimin umuduna...

Gah da:

Rəbbim!

Mən səndəyəm...

Ağlımın, ruhumun, sinirlərimin

Önündə qaibəm,

Sirr içindəyəm...

...Bircə mən bilərəm

Bir sən bilərsən...

Allahım! Qaibəm, qaibəm səndə... 

 

Söyləyərək Rəbbinin bir damlası olduğunu  şükranlığla və sevgi ilə etiraf edir.Onun şeirlərində sirli bir qaibanəliyin cazibəsi var. Misralar şeirdən çox duanı xatırladır. Sanki şair müqəddəs bir mehrabda  öz yaradanı ilə təmasdadır, qəlbi dualar pıçıldayır.

Bu təmasda  şair  yalnız O-nu düşünür, ətrafda nə varsa onluq deyil, nə görür, nə eşidir, nə də duyur... elə deyəsən , onu da əməlli tanıyan bilən yoxdu, yoxsa söyləməzdi ki...

 

Məni də eşitmir, məni də duymur

Hələ kodumu da bilmir özgələr.

Gizli adımı da bilmir özgələr...

...Bəlkə ağılsız da gəzə bilərəm,

Bəlkə ürəksiz də keçə bilərəm,

Qanadsız, lələksiz uça bilərəm

Ayaqsız, dırnaqsız qaça bilərəm...

Şeirin hökmündəyəm,

Desəm, bəs edər...

 

Nisə Bəyim söyləyir ki, hər kəs ürəyinə uzanan, "əvvəli, sonu elə ürəyi olan" bir yolu tutub ovcuna yığır, çəkib bir-birinə calayır.  

Bu yol onun ovcunun içindən keçər, gözündən, könlündən dolanar, sonda yenə özünə qayıdar. Bu yolda o ya puç olar, ya da adam. Mən də ürəyimdən çıxan yola düşüb hisslərimi tarıma çəkirəm,yenə də ixtiyarsız ithaf misraları ruhumdan süzülür:

 

Dayan hələ, şeir oxuma, dəli qız.

Yeddi qatı hikmət ilə dolu qız.

Gecə yalqız, küçə yalqız, sən yalqız.

Bəxtin gedən bu qatara otur,  get.

Dəli Kürdən, Xan Arazdan soy götür.

O tayımdan, bu tayımdan boy götür.

Ulu türkün, yaddaşını oy götür.

Söz-söz elə asimana sovur , get.

Yer üzünə gəlmədin ki, daş kimi,

Baxıb sən də sel biləsən çiskini,

Bu dünyanın dərkolunmaz dərkini,

Çalxan, bulan, hikmətinlə doyur, get.

 

Söz göndərdin həm Günəşə, həm Aya

Əks elədi hər mağara, hər qaya.

Udacaqmı, uduzacaq bu dünya?...

Gedişinlə bir zəlzələ qopar get.

 

Tərs damarı üzə çıxan baxta gül,

Min-min insan həzm eyləyən çarxa gül,

Görünməyən o İlahi vaxtı bil,

Göydə səni gözləyən var, buyur get.

Öz-özünü bu dünyadan ötür get.

    (Ş.Ş)

 

Söz Allahın hikmətidi, söz adamı da elə Allah adamı. Allahın sirrini elə onun özünün izn verdiyi qədər aça bilər söz adamı... Oxucu arı kimi onun bir şeirindən digərinə "qonur", hər dəfə də daha mükəmməl dada qonaq olur. Çünki yazar sözə qarşı olduqca məsuliyyətlidir və yazdıqlarını bitkin və bişmiş halda ortaya çıxarır...

Mənim vaxtdan- vaxta açıqdır yolum,

Gələrəm, gedərəm, yox olaram da.

Səninsə ayağın yola dolaşar,

Qalarsan dünyayla mənim aramda...

 

Mikel de Unamunonun maraqlı bir fikri var:

 

"Öz ruhunun dərinliklərinə baş vur, o zaman hər gün yeni-yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən".

Sevgiyə bir İlahi pay kimi baxan, onu vaxtdan vaxta ötürə bilən, sevənlərin zamandan kənarda da ömür etdiyinə dəli bir istəklə inanan xanım yazıçı özünün daha bir qapalı qatını açır. Bu dəfə biz onu epik nəsrin genış və dərin olan nəhrində görürük.Nisə Bəyim  real gerçəkliklə mistik aləmin qatışığından yaratdığı "Online" romanını oxucuya təqdim edir. Bu romana qədər biz onun bir neçə lirik, fəlsəfi- psixoloji və bəzi hallarda fantastik  hekayə və povestlərinin şahidi oluruq."Dəniz yuxusu", "Yüklənmə", "Cinni", "Günəş ovu", İkinci şəhid" hekayələri, "Yarı" povesti real həyatımızın müxtəlif qatlarını gah realist, gah da romantik boyalarla canlandırır. Yazıçının qəhrəmanları bizim hamımızı narahat edən müasir dünyamızın,cəmiyyətimizin müxtəlif dərdlərini,ağırlıqlıqlarını yaşayan obrazlardır. "Dəniz yuxusu", "Günəş ovu" nə qədər romantik və simvolikdirsə, "İkinci şəhid", "Cinni","Santa -Klaus  üçün hədiyyə" bir o qədər realist və epikdir. "İkinci şəhid " hekayəsində günümüzün ağrı -acıları" ,cəmiyyətimizin mənəvi -psixoloji problemləri bir kəndin,onun sadə insanlarının simasında oz əksini göstərir."Yarı" povesti müasir gəncliyimizin mənəvi problemlərinə həsr olunmuşdur.  Əsərdə insan, onun cəmiyyətlə təması, bugünki gənclik, ülvi,bəşəri hisslər önə çəkilmişdir. Ucuz hisslərə uyaraq ən müqəddəs duyğularını surətlə ötən zamanın axarına verən, sonda özü-özündən də qopan, ayrılan Nihata oxucu gah qəzəblənir, gah da yazığı gəlir... Sanki müəllif müxtəlif səbəblər üzündən  öz müvazinətini itirən, kökündən qopan gəncliyə yol göstərmək istəyir. Cəmiyyətimizin mənəvi problemləri bir yazıçı olaraq yazıçının nəsrində bir hekayədən  başqa bir hekayəyə keçir,daha da dolğunlaşır, geniş əhatəyə keçir.

Birnəfəsə oxunan, vaxtın, zamanın üstündən su kimi axıb keçərək insan duyğularının heç bir sərhədə sığmadığını sübut edən, düşündürən "Online" romanını bizə təqdim etməklə yazıçı qarşımızda yeni bir cazibə qatı açır. Gözlə görünməyən sirli aləmi önümüzdə pərdə-pərdə açan, tanıdan əsər... Oxucuya elə gəlir ki, Arzu elə xanım yazarın öz obrazıdı... Mən onun anasını, bu gün ömrünün müdrik çağını yaşayan saçlı müəlliməni də tanıdım... İnsanların vaxtında, sağ ikən bir-birinə dəyər verə bilməməsi, yubanan sevgi etirafları ağrıdır müəllifi... Emin-Arzu sevgisi bu baxımdan çox maraqlıdır. Məhz ayrılıqdan sonra hər iki gənc bir-birini kəşf edir, ötürdükləri zamana heyfslənirlər...

 

...Sığınıb anamın nağıllarına,

Çırpılıb göyərçin qanadlarına,

Səmtini itirən qərib quş kimi,

Gəlib qonacaqsan yuxularıma-

Sən- məndən ayrılıb gedəndən sonra...

(Ş.Ş)

 

Böyük maraq, həyəcan və göz yaşları ilə oxuduğum bu roman mənə keçmişimizi, bu günümüzü, gələcəyimizi parlaq boyalarla xatırladır. Biz hisslərimizdə, duyğularımızda nə qədər böyük,əlçatmaz,güclü görünürük. Yadıma tələbə olarkən yaşadığımız bir məqam düşdü, dərs vaxtı Anatomiya müəllimimiz gələcəyin maraqlı tibb elanları haqqında sorğu aparırdı, dolayısı ilə bəlkə də tələbələrin intellekt səviyyəsini yoxlayırdı. Ən maraqlı və ağla sığmaz elan bu gün də yadımdadı.. "Apteklərə insan bədəninin hissələri gətirilmişdir. Ehtiyacı olanlar müraciət edə bilər". Üzlərdə maraq dolu təbəssüm var idi... Bu, o zaman inanılmaz olsa da, bu gün artıq demək olar ki reallıqdır. Bəlkə nə vaxtsa... elə Nisə Bəyimin təxəyyül məhsulu da həqiqət olacaq... bəlkə də, çoxdan həqiqətdi... bəlkə... kim bilir...

Yazıçının elmi biliyi, geniş fantaziyası, dərin duyğuları zəngin bir əsərin simasında bizə təsir edir, ən ağla gəlməz məqamlar belə bizə mümkün olacaq  hadisə kimi görünür. Şərait və məqamlar, süjet xətti fantastik  olsa da, obrazlar o qədər gerçəkdir ki, sanki onlar bizim yanımızda, ətrafımızda, bəlkə də, içimizdədirlər. Bədii əsərin gücü, onun təsir qüvvəsi ilə ölçülür."Online" insanın qanına işləyən gözəl bir sevgi  romanıdır.

İstedadlı yazara yeni yaradıcılıq uğurları arzulayaraq, ona ismarladığım bu şeirimlə hələlik deyirəm..

 

Sən dərdin başına dolan,

Qoy dərd də sənin başına.

Gecələr Ulduzun, Ayın

Gündüzlər Günün başına.

Tənhalığın, yalqızlığın

Daha səni sıxmaz, Adam.

Tanrıdan başqa qarşına

Özgə kimsə çıxmaz, Adam...

Könlünə süzülən yaşın

Allaha əmanət olsun.

Can yonqarı günahların

Son məqamı cənnət olsun.

Səni uşaq da tanıyar,

Güzgülər yalan göstərir.

Sözün doğulduğu yerə

Dərdinlə yanaşı... yeri.

 

Sabirabad, 2014.

 

Şahnaz Şahin

525-ci qəzet.- 2014.- 5 iyun.- S.8.