"Müşfiq"

 

5 iyun ölməz şairimizin ilk dəfə dünyaya göz açdığı gündür

 

Eşqinin titrəyən şəfəqləriylə

Bir qərib ulduza bənzədi Müşfiq,

Məhəbbət, ilk bahar çiçəkləriylə

Nəğmə gülşənini bəzədi Müşfiq!

 

Ürəkdən vəsf edib ana yurdu o,

Qlbləri daha tez, tez duyurdu o;

Dilin saflığını qoruyurdu o,

Ən ali məclisə bəs idi Müşfiq.

 

"Yenə o bağ…" yaşıl, meyvəsi dadlı,

Yenə "Torpağımız" tükənməz odlu.

Dastan yaradıbdır "Azadlıq" adlı,

Təzə ruh, təzə söz, səs idi Müşfiq.

 

Tələbə dostuymuş atam Məhərrəm,

O da şər qurbanı, o da bəxtikəm;

Əqidə yolunda olublar həmdəm,

Qərarı dəyişməz - düz idi Müşfiq.

 

Xəbis eşitdikcə şerini onun,

Coşub-daşdırırdı səbrini onun...

Gəlin axtarmayaq qəbrini onun,

Vətənin özüdür, özüdür Müşfiq!

"Çıxaram qarşına xilas donunda..."

 

Oqtay Rza, əməkdar müəllim

525-ci qəzet.- 2014.- 5 iyun.- S.8.