"Balaca" Vaqifin böyük sənəti

 

 

Vaqif Səmədoğlunun 75 yaşı tamam olur. Vaqif haqqında Azərbaycanda, Türkiyədə və Moskvada dərc edilmiş bir neçə məqaləm var.  O yazılarımda  yaradıcılığını anladığım, duyduğum və bacardığım şəkildə araşdırmağa çalışdım. Bu yazım isə bir az başqa səpgidədir.  

Əvvəlcə başlıqda dırnaq arasında "balaca" sözünü izah edim. "Balaca" sözü  Rəsul Rzanın misralarından gəlir. Bu yazını Türkiyədə yazmağa başlayıram. Əlimin altında atamın kitabı yoxdur. Odur ki, Rəsul Rzanın misralarını sitat kimi deyil, orada ifadə olunmuş fikir kimi verirəm. Fikir isə dəqiq yadımdadır:

 

Sevirəm Füzulini, Sabiri

Bir də "balaca" Vaqifi

 

Vaqif Səmədoğlunun nə boyu balacadır, nə şəxsiyyəti, nə də bu şeir yazılan vaxt yaşı...

 "Balaca" sözü Vaqifi böyük Molla Pənahdan fərqləndirmək üçün işlənib. Əlbəttə, Rəsul Rza Molla Pənah Vaqifi də sevirdi, "Sən elə gözəlsən binədən Pəri" misraları dilinin əzbəri idi. Amma "balaca" Vaqifin adının Füzuliylə, Sabirlə bir sırada çəkilməsi gənc şairin istedadına verilən yüksək qiymət idi.

Vaqifin ilk şeirlərini atama mən oxumuşdum. Və elə ilk tanışlıqdan onu  şair kimi qəbul etmişdi. Sonrakı, daha mükəmməl şeirləriylə tanış olduqca onun haqqında "Geniş yollara çıx" adlı məqalə yazdı və Vaqifin bir neçə şeiriylə birlikdə "Azərbaycan" jurnalında çap etdirdi.

Hər şeydə bir başqa niyyət axtaranlar, hər şeyi tərs yozanlar, hər  hərəkətdən pis nəticələr çıxaran bəzi ağzıgöyçəklər haray-həşir qaldırdılar: "Rəsul Rza Səməd Vurğunun oğlunu öz tərəfinə çəkir, öz üslubuna uyğun yazmağa çağırır" və s. kimi  axvayı çərənləmələr. Halbuki elə həmin məqalədə Rəsul Rza Vaqifə müraciətlə deyirdi: "Həm adınla, həm mənsub olduğun ocaqla bağlı şair adını şərəflə daşı, usanma, yorulma, yaz, yarat".

Vaqifin "mənsub olduğu ocaqla", yəni Səməd Vurğun ocağıyla nə qədər bağlı olduğunu zaman özü sübut etdi. Zaman onu da sübut etdi ki, məqsəd  Vaqifi kimdənsə ayırmaq, kiminsə tərəfinə çəkmək deyildi. Məqsəd ilk addımlarından böyük istedadı  bəlli olan gənc qələm sahibini  vaxtında lazımınca dəyərləndirmək, ona yol açmaq, onu  yersiz hücumlardan qorumaq idi. Elə ilk şeirlərindən top-tüfənglə qarşılanan gənclərin isə qorunmağa  ciddi ehtiyacı vardı. Ədəbi mühitimizin bir qərilbə şakəri  var: ilk oxunuşdan qəribə, qeyri-adi görünən hər şeyi dərhal amansız tənələrlə qarşılamaq. Özü də ən yaramaz üsullara əl ataraq: sərt, ölçüsüz-biçisiz tənqidlərdən tutmuş hərzə replikalaracan, "şeir ya tapmaca" səpgili nadan yazılarından tutmuş qəzəbi təşkil olunmuş "oxucu məktublarınacan".

Mühafizəkar ədəbi mühitdə ən çox nifrəti məhz ən çox heyrətləndirən şairlər qazanır. İllər keçdikcə o vaxtlar Vaqifə və  bir neçə başqa istedadlı və bənsərsiz şairə  hücumlar  normal şüura  istehza kimi, bədii məntiqə karikatura kimi səslənir indi. Şübhə yoxdur ki, o dövrdəki nadanların müasir mənəvi xələfləri istedadlı adamlara cahilcəsinə atmacalar atarkən, bunlar  da haçansa inanılmaz karikatura  kimi, ağıl sapıntısı kimi qavranılacaqdır

Amma ən qəribə paradoks odur ki, bir vaxtlar  yeni poeziyanın ilk örnəklərinə ağız büzənlər, ədəbiyyatda həmin təmayyüllər təsdiq olunandan sonra  əvvəl dediklərini unudaraq dünən inkar etdiklərini bu gün tərifləməyə başladılar. Vaqif poeziyasına münasibətdə də belə sifət və mövqe dəyişənlər az olmadı, Vaqifin poeziyasında sərbəst və heca vəznində şeirlərin haqq-hesabını çəkib onu məhs ənənəvi şeirin təmsilçisi kimi təqdim etməyə çalışdılar.

Vaqifin ilk şeirlərinin birində belə misralar vardı:

 

Yazıram şeirin neçə dilində

Yazıram bəzən.

qorxuram deməyə də

Rəsul Rza stilində.

 

Şeiri çapa verərkən Vaqif mənim xahişimlə bu misraları çıxardı -  dedi-qodulara qida verməmək üçün.

Amma mən bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Vaqifin poeiyası nə Rəsul Rza stilində, nə Səməd Vurğun   səpgisində yazılmış şeirlərlə səciyyələnir. Vaqif sənətinin böyüklüyü onun təkrarsızlığında, bənzərsizliyində və yalnız onun özünəməxsus stilində, səpgisindədir...

Əlbəttə, hər bir böyük şair sələflərinin yaradıcılığından da  bəhrələnir. Böyük şair müxtəlif vasitələri, bədii səpgiləri yalnız özünəməxsus şəkildə mənimsəyərək öz orijinal üslubunu yaradır. Bu barədə ən dürüst və dəqiq fikri Vaqif Səmədoğlu Rəsul Rzanın 90 illiyi qeyd edilərkən yubiley gecəsində çıxışında dedi:

 "Həyat sübut etdi ki, Səməd Vurğunun ənənəvi formalardakı poeziyası nə qədər novator poeziya idisə, Rəsul Rzanın yeni formada yazdığı seirləri, əsərləri o qədər Azərbaycan poeziyasının ən gözəl, ən qabaqcıl ənənələrinə söykənir".

Bu sözləri  bütünlüklə Vaqif Səmədoğlu poeziyasına da şamil etmək olar. Onun şeirlərində ənənəvi şeirimizdən gələn axıcılıq, qulağayatımlılıq yeni  şeirə məxsus gözlənilməz,  qeyri-adi obrazların və təşbehlərin vəhdətində canlanır.

Vaqifin daha sonrakı mərhələlərdə yazdığı şeirlərlə tanış olarkən atamın dediyi sözlər yaxşı yadımda qalıb: "Vaqif çox irəli gedib. Gərək özümü yığışdırım".

Yəni təcrübəli, tanınmış şair gənc qələm sahibinin uğurlarıyla bağlı yaradıcılıq yarışına girməyə həvəslənirdi.  Atamın dilindən heç bir başqa şair haqqında - istər öz nəslinə mənsub olanlar, istər daha sonrakı nəsillərin nümayəndələri - heç biri haqqında - belə söz  deməyini eşitməmişdim.

Məncə, Vaqifin ən parlaq  özəlliyi, ən böyük uğuru   heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu  poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır,bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır.

İki dəfə iki  dörddür. Bu həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən  heç bir etiraz doğurmaz. Amma bu  arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var:

 

İndi özündən küs,

Mənim min inamım var dünyada.

 

Adi şeirdə bu misralardan sonra nə gələ bilərdi? İnamın sadalanması - dünyaya inam, insanlara inam, ədalətə inam və s.

Amma Vaqif bu misraları belə davam edir:

 

Uzaqda bir külək var,

Küləyin üstdə bayraq.

 

Şəxsən mənimçün poeziyanın gözlənilməzlik gücü məhz bundadır. Yəni ayrıldığın insana  "indi özündən küs" deyəndən sonra  nəyə arxalandığını, nəyə dayandığını ifadə etmək üçün belə gözlənilməz, oxşarsız və ona görə də  qəlbin ən gizli qatlarına varan bir obraz tapılıb.

Uzaqla, çox uzaqda, çox, çox uzaqda bir külək var və bu uzaq küləyin ( "uzak külək" özü nə qədər qeyri-adi  ifadədir) üstündə də bayraq. Yəqin ki, heç bir şərhlə, izahla bu   obrazın cazibəsini  sübut etmək mümkün deyil, bunu yalnız duymaq olar.

Vaqif poeziyası onlarla, yüzlərlə belə örnəklərlə zəngindir.  

 

Nəhəng bürünc xaç kimi

yırğalanır sinəmdə

Təyyarənin uğultusu,

məsafə

Qəflətən şamları sönmüş

Kilsədir.

Qara dəniz

sənsiz.

Təşbehin əzəmitinə heyran olmaya bilmirsən.

 

Yaxud:

 

Batan

gəminin suya atılan

Yükü kimi

Kənara atıram ümidlərimi

Ömrümün divarında

bu gün yenə

kəndir dayanıb

Qapı yerinə.

 

Yaxud ictimai təhlükələrin xofunu bu misralardan yaxşı necə ifadə etmək olar:

 

Bilirsənmi, artıq kəsib

Ümid keçən yolları

Tikilməmiş türmələrin

Hörülməmiş hasarı.

 

Emin Sabitoğlunun yazdığı  gözəl mahnının sözləri, Vaqifin sözləri yadıma düşür:

 

Bir axşam taksidən düşüb payıza

Bilmədik hayana, haraya gedək.

Dərin sularını qatıb dayaza

Dəniz də bağlandı yay kinosu tək.

 

Adil Bəbirovun bəstələdiyi başqa bir gözəl mahnı - Vaqifin sözləri:

 

Sevdiyimiz şeirləri

Gördüyümüz şə

hərləri,

Ah çəkdiyin gecələri,

Yox dediyin küçələri,

Payız rəngli baharları,

Kölgən düşən divarları

Ürəyimdən qopar, qopar,

Özünlə apar.

 

Vaqif hansı janrda yazır yazsın şeir, mahnı mətni, pyes, kinossenari - hər an istedadı görünür. Vaxtiylə qəzetdə çap etdirdiyi qısa yığcam fikirlərini "Müdriklərlə üz-üzə"  adlı kitabında topladı. Vaqifin qısa, yığcam,  siqlətli kəlamları dünya ədəbiyyatında bu janrın ustaları sayılan XVII əsrin  fransız mütəfəkkiri Laroşfukonun, XX əsrin polyak  müdriki E.Sj.Letsin məşhur aforizmlərindən geri qalmır.

Kitabın hansı  səhifəsini açsan dərindən dərin fikirlərlə rastlaşacaqsan. Təəssüf ki, onların hamısını bura köçürmək mümkün deyil.

Vaqif Səmədoğlunun teatr, kino və televiziya əsərlərinin üstündən  sükutla keçmək olmaz, çünki onlar da sənətin bu növlərində tamamilə unikal hadisələrdir. "Bəxt üzüyü"nün iştirakçılarını - ağacları sulamaq üçün çırpınan Tanrı bəyi,  "detdom uşaqlarının atasının adı olmaz" deyən yetimi, Hacı Qara, Məşədi İbad, Kərəmov kimi folklor personajına çevrilmiş Moşu Göyəzənlini unutmaqmı olar? Ramiz Əzizbəylinin çəkdiyi film kinomuzun əsl milli koloritə malik olan nadir  örnəklərindəndir.

Ramiz Həsənoğlunun tamaşaya qoyduğu "Yaşıl eynəkli adam" telefilmləri haqqında da eyni sözləri söyləmək olar. "Yayda qar topu oyunu" pyesində can verən, amma ölüm ayağında belə hamını incidən cəmiyyətin rəmzi obrazı yaradılmışdır.

Vaqifin ən maraqlı  səhnə əsərlərindən biri  "Generalın son əmri"dir. Vaxtiylə Gənclər Teatrında rəhmətli Hüseynağa Atakişiyev bu pyesi uğurla tamaşaya qoymuşdu. İndi həmin pyesi Ramiz Həsənoğlu Milli Dram Teatrında qurur. Ramizin rejissor yozumuyla tanışam, məşqlərinə baxmışam. Bu quruluşun teatrımızın tarixində orijinal bir hadisə olacağına əminəm, çünki əsərin dramaturgiyası buna geniş imkan yaradır. "Sabun operaları" estetikasında yaranan səhnə əsərləri arasında "Generalın son əmri" polifonik zənginliyiylə   seçilir. Bu pyes həm güclü sarkazma malik olan, həm absurd, həm sürrealist teatrın ünsürlərini daşıyan, həm də sırf  realist personajlarla xəyalı iştirakçıların ünsiyyətini əks etdirən, diriykən ölənləri və ölüykən diriləri səhnəyə gətirən unikal  əsərdir.

Vaqifin son zamanlar xəstələndiyi məlumdur. Mən də bu haqda ona görə yazıram ki, mətbuat bu   barədə dəfələrlə məlumat verib. Amma mən xüsusi  qeyd etmək istərdim ki, Vaqif bu çətin sınaqdan da heyratamiz bir kişiliklə, mərdlik və qoçaqlıqla keçir. Vaqifin güclü yumoru əsərlərindən də bəllidir, onu tanıyanlarla ünsiyyətindən də. Amma bu yumor demə həm  çox cəsur  yumor imiş və bu cəsarət belə anlarda tam dolğunluğuyla açıldı. Vaqif xəstəliyini də zarafata sala bilən hünər sahibidir. Onunla mütəmadi əlaqə saxlayan adam kimi bunu daima müşahidə edirəm.

Bir neçə vaxt qabaq mənə telefon etdi:

- Məni qınayırsan ki, çoxdan şeir yazmıram, - dedi. - Təzə şeir yazmışam, tapşır internetdən çıxarsınlar, oxu.

Tapşırdım, çıxarıb gətirdilər:

 

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

 

Oxuyub dərhal Vaqifə zəng elədim:

- Şeirini oxudum - dedim, - amma orda başqa bir yazı da var, görmüsən?

- Nə yazı?

- Allahın sənə cavabı. Allah sənə deyir ki, indi başım yaman  qarışıqdır, işim-gücüm çoxdur, məni  belə yersiz suallarla narahat eləmə. Bir on-on beş ildən sonra müraciət edərsən, onda baxarıq.

Allahla zarafat etmək olmaz, Vaqif. Allaha dua etmək olar. Mən də hər gün Allaha dua edirəm ki, sənin ömrünü uzatsın. Vaxtiylə mənə bağışladığın ilk kitabında   "dünya bir yana, sən bir yana" yazmışdın.

Mən də bu gün eyni sözləri sənə deyirəm: dünya bir yana, sən bir yana Vaqulya. Mümkün qədər çox yaşa. Hamımıza lazımsan.  Yaradıcılığını toplayan, layiqincə dəyərləndirən, sənin yolunda hər fədakarlığa qatlanan Nüşabə xanıma lazımsan. Səni çox sevən dostlarına, yaxınlarına  lazımsan. Milyonlarla oxucuna, tamaşaçına lazımsan.

Mənə lazımsan,

75 yaşın mübarək qardaşım.

 

31 may - 2 iyun, İstanbul, Bakı. 2014

 

ANAR

525-ci qəzet.- 2014.- 5 iyun.- S.7.