Heydər Əliyevin kitabxana siyasəti Mərkəzi
Elmi Kitabxananın inkişaf platforması kimi
Azərbaycanın
son otuz beş illik tarixi ümummilli lider
Heydər Əliyevin adı ilə qırılmaz tellərlə
bağlıdır. Bu illər ərzində
xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəliş məhz
Heydər Əliyev fenomeni sayəsində baş tutub. Heydər Əliyev ölkəyə rəhbərlik
etdiyi bu dövr ərzində daim tərəqqisi
üçün çalışdığı, zəngin mədəniyyəti,
böyük tarixi keçmişi ilə həmişə
qürur duyduğu və gələcək nəsillərin
taleyi üçün düşündüyü doğma
yurdu-Azərbaycanı bir dövlət kimi zamanın
ağır və sərt sınaqlarından
çıxarıb.
O,
böyük siyasi və dövlət xadimi, xalqın şəksiz
lideri olaraq hələ sağlığında canlı əfsanəyə
çevrilmiş, buna görə də Heydər Əliyev
fenomeni həmişə diqqətləri cəlb etmiş,
dünya azərbaycanlılarının bu ümummilli liderinin
heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti
istər ölkə, istərsə də dünya mətbuatında
geniş işıqlandırılmışdır.
Heydər Əliyevin kitabxana işinə
qayğısı, diqqəti dağılmaqda ötən əsrin
90-cı illərinin əvvəllərində ölkədə
tənəzzülə uğramaqda olan
kitabxanaçılıq ənənələrinin, fəaliyyətlərinin
tarixində dönüş nöqtəsi, qurtuluş məqamı
olub.
Kitabxana elə bir məkan, elə bir informasiya
saxlancıdır ki, burada baş verənlər cəmiyyətin
tarixi yaddaşına müsbət və ya mənfi mənada həmişə
təsir edib.
Bəzən kitabxanalar mümkünsüzü mümkün
edir: ən qədim, ən nadir əlyazmanı, abidəni
minilliyin dərinliklərindən, təsəvvür etmədiyimiz
şəraitlərdən qopara-qopara, qoruya-qoruya
günümüzə gətirir. Bəzən də,
minilliklər boyu kitabxanaya toplananlar bir anın içində
külə dönür.
80-ci illərin sonu 90-cı illərin əvvəllərində
Azərbaycanda da elmə, kitaba olan münasibət təxminən
buna bənzər idi. Dövrün rəhbərləri
kitabxanalara nəinki nəzər yetirmir, hətta ən
qısa zamanda onların bağlanmasını vacib hesab edirdilər.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə
bu kimi fəaliyyətlərin qarşısı alındı.
İllər sonra kitabxana işini yenidən qurmaq kimi məsuliyyətli
bir işin öhdəsindən yalnız yeni Azərbaycanın
qurucusu Heydər Əliyev gələ bilərdi və məhz
onun hakimiyyəti illərində Azərbaycanda
kitabxanaçılıq peşəsinə, sözün əsl
mənasında fərqli baxışın özülü qoyuldu. Əslində,
bunun özü bir salnamədir, bir tarixdir. Bu gün dövlət büdcəsindən
kitabxanaçıların rifahını artırmaq naminə
kifayət qədər vəsait ayrılır,
kitabxanaçıların sosial rifahı günü-gündən
yüksəlir.
Xüsusən də, akademiya işçilərinin-Azərbaycanda
elmin aparıcı qüvvəsi sayılan ziyalı təbəqəsinin
maaşlarının artırılması dövlətin
öz elminə, öz ziyalısına
qayğısının ən bariz nümunəsidir.
Heydər
Əliyev çox fərqli bir öndər idi... Onun hakimiyyətə gəldiyi 1960-cı illərdə
Azərbaycanda bir-birinin ardınca yeni nəşriyyatlar
açıldı, hələ 1962-ci ildə Azərbaycan
(indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsindən
ayrılaraq müstəqil fakültəyə
çevrilmiş kitabxanaçılıq fakültəsi
inkişafının ən məhsuldar mərhələsinə
qədəm qoydu, kitabxana işi sahəsində ilk
dissertasiyalar müdafiə olundu, kitabxanalar inkişaf etdi,
onların fondu durmadan zənginləşdi. 80-ci illərdə bu inkişaf öz tempini davam
etdirsə də, uzun sürmədi. Heydər
Əliyevin daha yüksək vəzifəyə irəli çəkilməsi,
ermənilərin başladığı münaqişənin
müharibəyə çevrilməsi, iqtisadi disproporsiya və.
s. cəmiyyətin bütün sahələrinə,
eləcə də kitabxana işinə qayğının
azalması ilə yadda qaldı. Lakin 1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan
elminin yenidən dirçəlməsinə səbəb oldu,
kitabxanaların mədəni funksiyaları artdı, Azərbaycan
Respublikasının "Kitabxana işi haqqında qanun" qəbul
olundu və MDB ölkələrində olduğundan fərqli
olaraq, kitabxanaların həm də təhsil funksiyası təsbit
olundu.
Azərbaycanda
kitabxanalarda yeni informasiya texnologiyalarının tətbiqi,
kitabxanaların beynəlxalq təşkilatlara üzv
olması, avtomatlaşdırmanın oxuculara xidmət
işinin səviyyəsinə müsbət təsiri, beynəlxalq
informasiya mübadiləsi, xarici ölkələrdə Azərbaycan
ədəbiyyatına marağın güclənməsi, kitab
ticarəti sektorunda inkişafın artması, nəşriyyat-kitabxana
münasibətlərinin müsbət məcraya yönəlməsi
və s. məhz Heydər Əliyevin 10 illik ikinci hakimiyyəti
dövrünə təsadüf edir. Ümummilli lider Heydər
Əliyev ömrünün uzun illərini xalqının, millətinin
azad, hürr, firavan, alnıaçıq, keçmişi, bu
günü, gələcəyi təmiz yaşaması
uğrunda mübarizəyə həsr etdiyi kimi, gənclik illərini
də təhsilə, elmə, mütaliəyə sərf
etmişdi. Görünür, kitaba, kitabxanaya,
mütaliəyə olan həvəs və hörmət də
məhz buradan qaynaqlanırmış. Heydər Əliyev
Azərbaycanda kitabxana işinin hüquqi bazasını
formalaşdıran, şəxsi kitabxanasından milli kitabxanaya
kitab hədiyyə edən, kitabxana işi haqqına ən
doğru fikri söyləməklə yaddaşımızda
kitabxana anlayışının yeni milli tərifini
formalaşdıran, 70 illik Sovet imperiyasının siyasi məngənəsindən
çıxdıqdan sonra dilimizə əvvəlki statusunu
qaytaran və bu statusda kitabxanalarımızın fondunu zənginləşdirəcək
latın qrafıkalı əlifba ilə milyonlarla ədəbiyyatın
çapına təkan verən öndər idi.
Heydər
Əliyev daim kitabxana işini diqqət mərkəzində
saxlamış və vaxtının az
olmasına baxmayaraq vaxtaşırı kitabxana ictimaiyyəti
ilə görüşməyə, onların problemləri və
qayğıları ilə bölüşməyə vaxt
tapmışdı. Tarixi bir faktı diqqətinizə
çatdırım: "... 1975-ci ildə uzun müddət
Sabunçu rayonunun deputatı olmuş ümummilli lider Heydər
Əliyev 1904-cü ildə yaradılmış və M.Şəhriyarın
adını daşıyan uşaq kitabxanasına gəlmiş,
kitabxananın işi ilə yaxından maraqlanmış,
kitabxanaya üzv yazılmışdır. Bir
neçə il öncə 100 illiyini qeyd edən kitabxana
kollektivinin qərarı ilə böyük öndər Heydər
Əliyevə "Fəxri oxucu" adı verilmişdir".
Milli-mənəvi dəyərlərimizin,
çoxəsrlik mədəniyyətimizin, zəngin ədəbiyyat
və incəsənətimizin, ümumiyyətlə,
çoxsahəli elmimizin qayğıkeş hamisi ümummilli
liderimiz Heydər Əliyevin insan fəaliyyətinin
bütün sahələrinə, o cümlədən elm və
mədəniyyətə göstərdiyi diqqət və
qayğı danılmazdır.
Biz, kitabxana işçiləri cəmiyyətin tərəqqisində
və inkişafında kitabın nə dərəcədə
böyük bir rola malik olduğunu bilirik. Lakin "Vətən,
dövlət, xalqa sədaqət andı" kitabının təqdimat
mərasimindəki çıxışında "Kitabxana
xalq, millət üçün, cəmiyyət
üçün müqəddəs bir yer, mənəviyyat,
bilik, zəka mənbəyidir" söyləyən ulu
öndər bunu bizdən də qat-qat yaxşı bilirdi.
1998-ci il dekabr ayının 29-da Heydər
Əliyev "Kitabxana işi haqqında" qanuna imza atmaqla
kitabxana sahəsinə olan qayğısını bu dəfə
yüksək qanunvericilik səviyyəsində bildirdi. Bu qanun
Azərbaycan Respublikasında kitabxana işi sahəsində
dövlət siyasətinin əsas prinsiplərini, kitabxana
işinin və kitabxana sisteminin ümumi əsaslarını,
kitabxana fondlarının formalaşdırılması və
mühafizəsi tələblərini, kitabxanaların maliyyələşmə
mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların
hüquq və vəzifələrini, kitabxana işi sahəsində
beynəlxalq əməkdaşlığın prinsiplərini
müəyyən etdi.
2003-cü
ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 80-ci ildönümü ərəfəsində
Mərkəzi Elmi Kitabxananın nəzdində yeni bir qurum,
kitabxana içində kitabxana olan "Azərbaycan dövlətçiliyi
və Heydər Əliyev kitabxanası" yaradıldı.
Heydər
Əliyev irsi o qədər zəngindir ki, hələ illər
əvvəl onu özündə əks etdirən bu
kitabxananı yaradarkən bu fenomenal şəxsiyyətin
ictimai-siyasi fəaliyyətinə, şəxsi keyfiyyətlərinə
həsr olunmuş ədəbiyyatı, sənəd kütləsini
bir arada toplamağın nə qədər məsuliyyətli
bir iş olduğunu anlayırdıq. Məsələ
təkcə bu ədəbiyyatı toplamaqla bitmirdi,
ümummilli liderin ideyalarını yaşatmaq, onun zəngin
irsini tədqiq və təbliğ etmək də üzərimizə
düşən şərəfli vəzifələrdən
idi.
Tez bir zamanda "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası"nın fondu ən qiymətli nəşrlərlə zənginləşdi və kitabxananın fəaliyyətli xeyli genişləndi. Biz ümummilli liderin irsini təkcə akademiya səviyyəsində, elmi ictimaiyyət arasında təbliğ etməklə kifayətlənmədik: respublikanın müxtəlif regionlarında, şəhər və rayonlarında, ayrı-ayrı dövlət strukturlarında oxucularımızı Heydər Əliyev dühasının işığına topladıq. Daha sonra kitabxananın bazasında "Heydər Əliyev irsinin təbliği" şöbəsi yaradıldı. Hazırda bu şöbənin fondu Heydər Əliyev şəxsiyyətinin incəliklərini özündə əks etdirən kitablarla zəngindir. Şöbənin kitab fondu elektron kataloqda öz əksini tapıb. Beləliklə, oxucular çətinlik çəkmədən istədikləri ədəbiyyatla tanış ola bilirlər. Kitabxanamız bu sahədəki fəaliyyətini durmadan genişləndirir, kitabların elektron variantını yaratmaqda davam edir.
Ümummilli liderin irsinin təbliği istiqamətindəki tədbirlərimiz silsilə xarakter daşıyır. Mərkəzi Elmi Kitabxana Heydər Əliyevin xalqımızın rifahı və ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik dövlət qurulması naminə həyata keçirdiyi əvəzsiz fəaliyyətlərin təbliği istiqamətində öz işini davam etdirir.
Bu kimi tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Ulu öndərin siyasi irsinin təbliği məqsədi ilə respublikanın bir sıra dövlət qurumlarında silsilə sərgilər keçirir, bütün regionlara səfərlər təşkil edir, ictimaiyyətlə görüşlər keçirir. İndiyədək təşkil olunan sərgilərdə Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, onun respublikanın sosial-iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması üçün apardığı ardıcıl, məqsədyönlü siyasəti, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 3500-dən artıq ədəbiyyat nümayiş etdirilib. Düşünürük ki, bu təşəbbüsün elmi önəmi qədər böyük siyasi və mənəvi əhəmiyyəti də var. Heydər Əliyev nadir şəxsiyyət, XX əsrin yetişdirdiyi ən nüfuzlu dövlət adamı və unikal bir siyasətçi idi. Tarix belə şəxsiyyətləri hər zaman yetişdirmir. Bu mənada, Heydər Əliyev irsini öyrənmək dövlətçiliyi öyrənməkdır. Kitabxanamız isə daim bu vəzifəni layiqincə yerinə yetirməyə səy göstərir.
Ümummilli lider Heydər Əliyevin Prezident cənab İlham Əliyev kimi layiqli davamçısının olması xalqımızı, xüsusən da kitabxana ictimaiyyətini çox sevindirir. Cənab prezidentin təşəbbüsü ilə respublikamızda elm, təhsil, mədəniyyət sahəsi günbəgün inkişaf edir, müvafiq sahədə çalışanların sosial rifahı gücləndirilir. Bir çox fəaliyyət sahələri kimi burada da dövlət qayğısı, diqqəti göz önündədir. Maddi-mənəvi irsimizin qoruyucusu və təbliğatçısı olan kitabxanaların inkişafına da diqqət və qayğı davam edir. 2007-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" bütün elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi, kitabxanaların dinamik fəaliyyəti üçün yeni kurs götürüldü, bununla da Azərbaycan kitabxanalarının, o cümlədən AMEA Mərkəzi Elmi Kitabxanasının yeni informatoriya tipli müəssisəyə çevrilməsi prosesi başlandı.
Aybəniz Əliyeva-Kəngərli
AMEA Mərkəzi Elmi
Kitabxanasının direktoru, filologiya üzrə elmlər
doktoru
525-ci
qəzet.- 2014.- 5 iyun.- S.4.