Aydın Mirzəzadə: "İqtidarla müxalifətin
qarşıdurmasında həqiqət yaranır"
Yeni Azərbaycan Partiyasından
(YAP) olan millət vəkili Aydın Mirzəzadənin
"525"ə müsahibəsi
-Aydın müəlllim,Azərbaycana
intensivləşən rəsmi səfərlər fonunda bir məsələ daha çox aydın sezilməkdədir, yəni, əvvəlki illərlə
müqayisədə, son aylar
Azərbaycana səfər
edən yüksək çinli rəsmilər, dövlət rəhbərləri
Azərbaycanın müxalifət
liderləri ilə də görüşürlər.
Qeyd edək ki, bu da
bəzi iqtidar və hakim partiya mənsubları tərəfindən
narazılıqla qarşılanır.
Sizcə, burada iqtidar və hakim partiya mənsublarını
qıcıqlandıran, narazı
salan məqamlar nədən ibarətdir, ümumiyyətlə, bu görüşlərdə təhlükəli
məqamlarmı var?
-Ölkəmizin beynəlxalq
aləmdə nüfuzu
getdikcə artdığına
görə xarici dövlətlərin Azərbaycanla
münasibətlərə marağı
da artıb və bu baxımdan, qarşılıqlı
səfərlərin sayı
da durmadan artmaqdadır. Bunların içərisində
Avropanın və dünyanın aparıcı,
inkişaf etmiş ölkələri də
var. Onların səfərləri
zamanı bəziləri
Azərbaycanda müxalifət
dairələrin nümayəndələri
ilə görüş
keçirirlər. Bu, əlahiddə
bir şey deyil və olmayıb.
Bu, onların siyasət
praktikasından irəli
gələn bir məsələdir, adi bir protokol qaydasıdır.
Azərbaycan müxalifəti isə
bunu böyük bir siyasi hadisə,
onların fəaliyyətinə
xaricdən böyük
diqqət kimi qələmə verməyə
çalışırlar. Ancaq
Yeni Azərbaycan Partiyası bu məsələyə çox
sakit yanaşır. Hər hansı bir reaksiya vermək
fikrində deyil. Qanun çərçivəsində
fəaliyyət göstərən
siyasi qüvvələrin
kiminlə görüşməsi,
hansı məsələni
müzakirə etməsi
bu, onun daxili işidir. Ancaq bizim iradımız
onadır ki, xarici ölkə nümayəndələri ilə
görüşdə müxalifət
dairələrinin təmsilçiləri
Azərbaycanın ağrılı
problemlərini qaldırmırlar.
Bir dəfə olsun belə, Ermənistanın
Azərbaycan torpaqlarını
işğal etməsi,
bir milyon qaçqına-köçkünə dünyanın bəzən
biganə qalması məsələsi
onların müraciətlərində,
müzakirələrində əsas yer tutmur. Qaldırdıqları
məsələlər bir
qayda olaraq şikayət, özlərinin
fəaliyyətsizliyində Azərbaycan iqtidarını
tənqid etməkdir. Digər tərəfdən
onların görüşlərində
bir milli təəssübkeşlik hissi
də nəzərə
çarpmır. Mən
inanmıram ki, xarici ölkələrin siyasi dairələri qonaqlarla söhbətlərində
öz ölkəsinin
hökumətindən şikayətə
əsas yer versinlər. Yəni, demokratiyada, siyasətdə
bütün məsələlər
cəmiyyətə müraciətlə
həll olunur.
Əgər kimsə hansısa
məsələni, strategiyanı
qarşısına qoyursa,
həmin o məsələlərin
həllini cəmiyyətdə
axtarmalıdır, cəmiyyətə
müraciət etməlidir,
onunla görüş
keçirməlidir. Öz
proqramını ortaya
qoya bilməlidir. Və bu və
ya digər xarici ölkənin nümayəndələri ilə
görüşən müxalifət
dairələrinin bir dəfə də olsun Azərbaycan cəmiyyəti ilə işləməsi, regionlara
getməsi, ziyalılarla
görüşməsi faktına
biz rast gəlmirik. Onların fəaliyyətləri
ancaq xarici səfirliklərlə görüş,
beynəlxalq təşkilatlara
müraciət və xarici ölkə nümayəndələri ilə
qapalı görüşlərdən
ibarət olur.
Aydın
məsələdir ki,
hakimiyyət iddiasında
olan insanların bu tipli görüşlərdə
hansı məsələni
qaldırması və
görüşlərini niyə
gizli keçirməsinə
cəmiyyətin çox
ciddi sualları ola bilər. Belə olan təqdirdə də, onların xaricilərlə görüşmə
məsələsinə cəmiyyətin
vaxtaşırı reaksiya
verməsinə həmin
qüvvələrin qıcıqlanmasının
mənası başa düşülmür. Cəmiyyətə
hesabat vermək lazımdır. Edilən söhbətlərin məzmunu
açılmalıdır. Həmçinin, Azərbaycanın
bu günü, sabahı ilə bağlı məsələlər
bu və ya digər ölkənin
prezidenti ilə deyil, Azərbaycan insanı ilə, Azərbaycan ziyalısı,
Azərbaycan dövləti
və cəmiyyəti
ilə müzakirə edilməlidir.
Yəni, bu baxımdan, iqtidarın,
hakim siyasi qüvvənin
nümayəndələrinin ünvanladıqları suallara
müxalifətin verdiyi
cavablar həddən artıq zəif olur. "Kimsə onların partiyasının
qapısını açmırsa,
artıq buna cəmiyyət günahkar deyil, həmin o siyasi qüvvəni rəhbərlərin günahkardır"
-Müxalifətçilər də
öz növbəsində
iddia edirlər ki, hakimiyyət, daxili auditoriya onların şikayətlərini,
tənqidlərini, təkliflərini
dinləmədiyi üçün
öz narazılıqlarını,
irad və təkliflərini
xaricilərlə bölməyə
üstünlük verirlər
və ya məcbur olurlar...
- Azərbaycan cəmiyyəti
onların mövcudluğundan
xəbərdardır. Ancaq
kimsə onların partiyasının qapısını
açmırsa, artıq
buna cəmiyyət günahkar deyil. Həmin o siyasi qüvvə və siyasi qüvvənin rəhbərləri günahkardır.
Deməli, cəmiyyətin
dili ilə danışmırlar. Cəmiyyəti
cəlb etmirlər. Cəmiyyətin bu gün narahat edən məsələləri
özlərinin aktual məsələləri hesab
etmirlər. Özlərinin
düşüncələrini cəmiyyətin düşüncəsi
kimi qəbul etdirmək isə, ümumiyyətlə, anormal
bir şeydir. Hesab edirəm ki, bu gün
özlərinin uğursuzluğunda
bütün cəmiyyəti
- 9 milyon yarım əhalini günahlandırmağın
özü çox
absurd görünür.
Həmçinin,
Azərbaycan problemləri Azərbaycan daxilində həll edilməlidir.
Əgər bunu Azərbaycanla deyil, xariclə müzakirə
edib, xariclə onun çıxış yollarını
axtarırlarsa, hesab edirəm ki, onlar nəylə məşğul
olduqlarının fərqinə varmalıdırlar. "Bu
normaldır ki, müxalifət iqtidarı tənqid edir..."
-Onlar əsas
tənqid oxlarını cəmiyyətə deyil, daha çox
iqtidara yönəltdiklərini iddia edirlər...
-Çox
yaxşı. Bu normaldır ki, müxalifət iqtidarı tənqid
edir. Normaldır ki, müxalifətlə razılaşmır.
Ancaq biz bunun yönümündə eyni zamanda bir milli təəssübkeşlik,
Azərbaycanın milli yüklü problemlərinin həllində
müxalifətin də çiynini yük altına
salmasını gözləyirik. Ancaq bu, baş vermir. "Yeni
Azərbaycan Partiyası onlara partiyaüzvümü verməlidir,
yoxsa onların görüşlərinə minlərlə
insanlarmı gətirməlidir?"
-Müxalifət
onu da iddia edir ki, iqtidar onun cəmiyyətlə, seçici ilə
görüşməsində, bir araya gəlməsində
maraqlı deyil və bu baxımdan da, hər cür maneələr,
əngəllər yaradır. Bu iddia nə dərəcədə
əsaslıdır?
-Hesab edirəm
ki, onların bu yöndəki ittihamları da əsassızdır.
Yəni, Bakıda və regionlarda görüşlər
keçirmək olar. Ancaq onların görüşlərinə
gələn yoxdur. Onlara maraq göstərən yoxdur.
Onların bayraqlarının altında durmaq istəyənlər
yoxdur. Varsa da, həddən artıq azdır. Yəni, Yeni Azərbaycan
Partiyası onlara partiya üzvümü verməlidir, yoxsa
onların görüşlərinə minlərlə
insanlarmı gətirməlidir?
Cəmiyyətlə
işləmək lazımdır. Siyasət ancaq qəzet səhifələrində
şəkillərinin verilməsi deyil. Siyasət cəmiyyətin
dili ilə cəmiyyətlə danışmaq, cəmiyyətin
təmsilçisi olmaq hüququnu qazanmaqdır.
"İqtidarın da, müxalifətin də hər biri
öz mövqeyini ortaya qoyur və bunların
qarşıdurmasında həqiqət yaranır"
-Bildiyiniz
kimi, qarşıdan iki mühüm siyasi tədbir gəlir-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
növbəti yay sessiyası və ATƏT Parlament
Assambleyasının (PA) Bakı sessiyası. Bu iki mühüm
tədbirə kimi daxili məsələlərlə, problemlərlə
bağlı iqtidarla müxalifətin bir araya gəlməsi,
dialoq masası ətrafında əyləşməsi və
anlaşması mümkündürmü?
-Əvvəla, biz demokratik ölkəyik və tənqidə
də açığıq. Məsələlərin
açıq müzakirəsinə də
açığıq. Azərbaycanda
istənilən məsələ polemika mövzusu ola bilər.
Eyni zamanda hesab edirəm ki, Azərbaycanda hüquqi dövlətin əsas
prinsipi qorunur, yəni, hər
bir kəsin fikrini açıq bildirmək imkanı var.
Demokratiya budur.
Bu baxımdan, iqtidarın da, müxalifətin də hər biri öz mövqeyini ortaya qoyur və bunların qarşıdurmasında həqiqət yaranır. Bunların qarşıdurmasında cəmiyyət öz seçimini edir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2014.- 5 iyun.- S.4.