"Azəri yurdunun oğluyam mən də"...

 

 

Səməd Vurğun Azərbaycan xalqının XX yüzillikdə yetirdiyi ən dəyərli simalardan biridir. Azərbaycanın dilbər guşələrindən olan Qazax mahalının Yuxarı Salahlı kəndində böyüyüb boya-başa çatan, sazlı-sözlü bir diyarın yetirməsi olan sevimli şairimiz zəngin yaradıcılıq irsinə malikdir. Səməd Vurğun ədəbiyyat tariximizdə ilk dəfə "xalq şairi" adına layiq görülən qələm ustadı olmaqla yanaşı, öz hiss və duyğularını bədii təfəkkür süzgəcindən ustalıqla keçirməklə nəzmə çəkən sevilən bir sənətkardır. Səməd Vurğun nə mövzuda yazırsa yazsın, onun bütün əsərlərindən Azərbaycan ətri duyulur desək, yanılmarıq. Elə bir azərbaycanlı yoxdur ki, Səməd Vurğunun "Azərbaycan" şeirindən bir bənd belə olsa əzbər bilməsin. Bu da böyük şairimizin xalq arasında olan sevgisinə bariz nümunədir.

Səməd Vurğun başdan-ayağa milli kökə sadiq, kosmopolit düşüncələrdən uzaq bir sənətkardır. Xalqın sevimlisi olan şairimiz respublikamızın hüdudlarından kənarda da sevilir və tanınır. Onun haqqında araşdırma apararkən çoxsaylı tanınmış insanların böyük şairimiz haqqında fikirlər söylədiyinin şahidi oldum. Bu məşhur insanlar arasında kimlər yox idi.... Məşhur şairlər, ədiblər, aktyorlar, musiqiçilər, tənqidçilər, bir sözlə tanınmış simaların bir çoxu Səməd Vurğun haqqında dəyərli fikirlər söyləmişlər. Belə şəxslərdən Kamal Talıbzadə, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Süleyman Rüstəm, Mehdi Məmmədov, Adil İsgəndərov, Ağasadıq Gəraybəyli, Abdulla Şaiq, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Əhməd Cəmil, Möhsün Sənani, Səid Rüstəmov, Əli Qurbanov, Fikrət Əmirov, Bəsti Bağırova, Sidqi Ruhulla, Aleksandr Fadeyev, Nikolay Tixonov, Nazim Hikmət, Rəsul Həmzətov, Lui Araqon, Yevgeni Dolmatovski, Dmitro Belous, Nikola Naqnibeda, Georgi Leonidze, Pablo Neruda, Karlo Kaladze, Konstantin Simonov, Mixail Şoloxov və başqalarının adlarını çəkmək olar. Bu insanların hər biri Səməd Vurğunu həm bir insan kimi, həm də şair kimi yüksək dəyərləndirmişlər. Doğrudan da, Səməd Vurğun əvəzsiz bir sənətkardır. Onun əsərlərini oxuduqda insana elə gəlir ki, oxuduqların qulağına inci kimi süzülür, rahatca yazılanları dinləyə bilirsən. Bunu şairimizin etdiyi tərcümələrə də şamil etmək olar. Məlumdur ki, Səməd Vurğun Taras Şevçenko, Maksim Qorki, Puşkin və digər şairlərin əsərlərindən tərcümələr edib. Böyük şairimiz Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını, eləcə də Puşkinin "Yevgeniy Onegin" poemasını, Şota Rustavelinin "Pələng dərisi geyinmiş pəhləvan" əsələrini orijinal bir şəkildə Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcümələr arasında xüsusilə şairin "Yevgeniy Onegin" əsərinin tərcüməsi diqqəti cəlb edir. Mükəmməl bir şəkildə Azərbaycan dilinə tərcümə edilən əsərə diqqət yetirildikdə insan əsərin sanki Azərbaycan dilində yazıldığına inanmaq istəyir. Şair özü bu barədə yazırdı:

 

Axıtdım alnımın inci tərini,

Yanmadım ömrümün iki ilinə

Rusiya şeirinin şah əsərini

Çevirdim Vaqifin şirin dilinə.

 

Səməd Vurğun yaşadığı dövrdə bir sıra əsərlərinə görə haqsız "tənqid atəşinə" məruz qalmışdır. "Aygün", "İnsan", "Aslan qayası" şairin sağlığında ikən tənqid olunan əsərlər sırasındadır. "Aygün" poeması çap olunduqdan sonra ardıcıl olaraq tənqidçilər - Məmməd Cəfər, Mirzağa Quluzadə əsəri tənqid edən məqalələr dərc etdirmişlər. Onların və bir sıra tənqidçilərin fikirlərinə görə, əsər reallıqdan uzaqdır, inandırıcı deyil, cəmiyyətdə Əmirxan kimi insanlar yoxdur. Əlbəttə, Səməd Vurğun çox gözəl bilirdi ki, qüsursuz cəmiyyət olmadığı kimi, qüsursuz ailələr də yox deyildir. Ailə cəmiyyətin kiçik modelidir və hər bir ailədə Əmirxan kimi, Aygün kimi insanlar yaşaya bilər. Bu barədə Səməd Vurğun 1954-cü ildə Moskvada olarkən M.Qorki adına Ədəbiyyat İnstitutunda keçirdiyi görüşdə maraqlı bir fikir irəli sürmüşdü. Görüş zamanı tələbələrdən birinin Səməd Vurğuna ünvanladığı "Aygün" əsərinin haqsız tənqidi barədə nə deyə bilərsiniz?" - sualına şair belə cavab vermişdi: "Siz bilirsinizmi ki, Azərbaycan dilində Aygün nə deməkdir? Ay - eto luna, gün - eto solnçe. A poka yest zatemneniye. Müvəqqəti olaraq, ay günəşin qarşısını kəsib... Əsl tənqidçi sənin son əsərin haqqında fikir söyləmək istəsə gərək bütün yaradıcılığınla tanış ola. Sənin yazıçı, şair maneranı öyrənə bilə. Bəzən tənqidçilər əsəri öz biliyi səviyyəsinə endirirlər. Mən tənqiddən qorxmuram, haqlı tənqiddən. Tənqid bəzən təhqirə çevrilir. Onda cinayətdir". O zaman "Aygün" əsəri haqqında tənqidi yazılar yazılsa da sonradan bu əsərin dəyəri və bədii çəkisi insanlar üçün anlaşıldı. Xalqımızın bu əsərə olan sevgisi sayəsində Aygün adını valideynlər məmnuniyyətlə öz qızlarına qoymağa başladılar. 1960-cı ildə isə ilk Azərbaycan Televiziyasının bədii filmi olan "Aygün" ekranlara çıxdı. Nəcibə Məlikova (Aygün) və Həsənağa Salayev (Əmirxan) cütlüyünün və digər aktyorların rol aldığı bu film tamaşaçılar tərəfindən bəyənildi və sevildi. Daha sonralar 1970-ci ildə Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında "Yeddi oğul istərəm" bədii filmi ekrana çıxdı. Baş rolları Həsən Məmmədov (Bəxtiyar), Ənvər Həsənov (Cəlal), Elçin Məmmədov (Mirpaşa), Əbdül Mahmudov (Qasım), Şahmar Ələkbərov (Qəzənfər), Rafiq Əzimov (Şahsuvar), Ələsgər İbrahimov (Zalımoğlu), İsmayıl Osmanlı (Kələntər), Zenfira İsmayılova (Humay), Həsənağa Turabov (Gəray bəy) və digərlərinin rol aldığı bu film qısa müddətdə tamaşaçı kütləsinin rəğbətini qazandı. Səməd Vurğun özü bu əsəri ən sevimli əsərlərindən biri hesab etmişdir. Bu haqda şair deyirdi: "Puşkinə "Yevgeni Onegin", Höteyə "Faust" nə qədər əzizdirsə, bu poema da mənə bir o qədər doğma və əzizdir".

Səməd Vurğun "Aslan qayası" poemasında Rusiyanın işğalçılıq siyasətinə öz nifrətini büruzə vermişdi. Əsər yarı tarixi, yarı əfsanəvi səciyyə daşıyır. Bu poema 1935-ci ildə yazılmışdı, irəlidə şairi "qanlı repressiya" gözləyə bilərdi.  Bu əsərdə Səməd Vurğun milliliyi ön plana çəkmiş, yad ünsürlərin, işğalçılıq siyasətinin əleyhinə olmuşdur. İşğalı və qarəti qətiyyətlə pisləyən şair bu əsərdə daha da irəliyə gedərək "sarı paqonlu" çar Rusiyasının işğalçılıq siyasətini tənqid edir, milli sərvətimizin talan olunmasına öz kəskin münasibətini sərgiləyirdi. Şair çar hökumətinin Azərbaycanda "at oynatmasına" öz tənqidi münasibətini bu əsər vasitəsilə bəyan etmişdir. Səməd Vurğun heç nədən çəkinməyərək Vətəninə bu ağrı-acını yaşadanları qınayırdı. Daha sonra şair yazır:

 

Yüz il biz ayrıldıq ana dilindən,

Doğma anamıza söylədik "mama".

Yüz illik yuxuya birdən dalaraq,

Yatdıq gözümüzdən yaş dama-dama.

 

Göründüyü kimi şair burada milli təəssübkeşliyini ön plana çəkib. Bu gün şairi əsassız olaraq Sovet hökumətinə "yaltaqlanmaqda" ittiham edənlər, görünür, bu əsərdən xəbərsizdirlər. Bu əsərdə şairin milliliyə, mənəviyyata sadiqliyi o dərəcədə ön plandadır ki, hətta şair bu əsərə görə müxtəlif tənqid və iradlarla rastlaşmışdı. Təbii ki, Sovet dönəmində yaşayaraq, Rusiyanın işğalçılıq siyasətini pisləmək heç də asan məsələ deyildi, irəlidə şairi "repressiya" gözləyə bilərdi, lakin Səməd Vurğun heç nədən çəkinməyərək öz vətənpərvər ideologiyasını ortaya qoyurdu.

Böyük şairimizin tənqid və iradlarla qarşılaşdığı digər əsəri isə "İnsan" dramı idi. Əsərin qəhrəmanı Şahbazın "Qalib gələcəkmi cahanda kamal?" konsepsiyasını tənqid edənlərə qarşı böyük şairimiz belə cavab vermişdir: "Fırtınalı havada uçurum və sıldırım qayalarda qartalın uçuşu onun özü üçün də adi bir uçuşdur. Ancaq bu uçuşdan yerdəki sərçələr vahiməyə düşür. Mənim fəlsəfəm xalq fəlsəfəsidir. Nə qədər ki daş zindanlar, qanlı döyüşlər, haqsızlıq, ədalətsizlik, yaxşı və yaman yaşamaq aradan qaldırılmayıb, mən kamalın asanlıqla qələbəsinə inanmayacağam".

Böyük şairimizə qarşı bugünkü gündə də münasibət birmənalı deyil. Bəziləri böyük şairimizi Sovet hökumətinə "yaltaqlanmaqda", Müşfiq, Cavid kimi şairlərin ölümündə "təqsirli" olmaqda ittiham edir. Bütün bunlar əsassızdır, dahi Səməd Vurğun Azərbaycan xalqının nəinki "düşünən beyinlərinin" məhvinə, hətta istənilən bir varlığına xələl gəlməsinə imza atmazdı. Böyük ədiblərimiz Mikayıl Müşfiq və Hüseyn Cavidlə Səməd Vurğun ailə dostu olmuşlar. Doğrudur, yaradıcılıq baxımından onların maraqları toqquşa bilərdi, çünki hər birinin fərqli yaradıcılıq, sənətkarlıq üslubu var idi, lakin bütün bunlar onların düşmən olduğunu söyləməyə əsas vermir. Hüseyn Cavid də, Mikayıl Müşfiq də Səməd Vurğunu yüksək dəyərləndirirdi. Hüseyn Cavid Səməd Vurğun haqqında deyirdi: "Səmədin şeirləri rəvandır, bulaq kimi axır. Onun simasında mən gələcəyin böyük sənətkarını görürəm". Mənbələrin dediyinə görə, hətta Hüseyn Cavid Səməd Vurğunun "elçilik mərasimində" də məmnuniyyətlə iştirak etmişdir. Bugünkü gündə Səməd Vurğunu ittiham edənlər düşünməlidirlər ki, hər bir şair, yazıçı, ədib öz dövrünün "övladı"dır. Bir müqayisəyə nəzər salaq: Azərbaycan ədəbiyyatının "düşünən və düşündürən şairi" dahi Bəxtiyar Vahabzadə əgər 60-cı illərdə "Leninlə söhbət" poemasını yazmışdısa, 90-cı illərin məlum hadisələrindən sonra "Şəhidlər" poeması kimi möhtəşəm bir əsər qələmə aldı. Buna görə biz böyük şairimizi nə qınaya, nə də ittiham edə bilərik. Səməd Vurğun Sovet hökumətinin bərqərar olduğu, "xalqlar dostluğu"nun tüğyan elədiyi bir dönəmdə yaşamışdı, buna görə də yaşadığı dövrün gözəlliklərini təqdir edirdi. Eləcə də, böyük şairlərimiz Mikayıl Müşfiq və Xəlil Rza da öz növbəsində həmin illərdə "26-lar" adlı poema qələmə almışlar. Buna görə dahi şairlərimizi öz dövrlərinin epoxasından çıxarıb bugünkü gün naminə qınamaq olmaz. Bu barədə Flora Xəlilzadə yazır: "Bir təəssüf doğuran məqam da var ki, dərin savada, məntiqə, dünyagörüşünə, ədəbi təfəkkürə malik olmayanlar, Səməd Vurğun dövrünü yaxşı bilməyənlər Lenindən, partiyadan, komsomoldan, eləcə də o quruluşun özünəməxsusluğundan, diktəsindən yazanları az qala dar ayağına çəkir və qınayırlar. Bir anlığa təsəvvür edək ki, 31 yaşlı gənc qara fırtınanın qarşısında görən neyləməliydi? Öz-özünü odlaramı atmalıydı, "məni də sürgün edin" deməliydi, "məni də güllələyin söyləməliydi?" Tutaq ki, bu qara caynaqlara ilişərdi Səməd Vurğun! Baxın, ədəbiyyatımız nə qədər solğun görünərdi". Keçmiş sovetlər dövrünün kəshakəs vaxtında yaşayıb-yaradan Səməd Vurğun əsla öz keçmişindən uzaqlaşmamış, əksinə öz milli dəyərlərini göz bəbəyi kimi qorumağa çalışmışdır. Ən azından şairin "Azərbaycan" şeirini xatırlamaq kifayətdir ki, bu böyük şairimiz Vətənə bağlılığını, milli ideologiyaya sadiqliyini isbat etmək mümkün olsun.

Səməd Vurğunun dəyərli əsərləri sırasında "Vaqif" dramı da xüsusi yer tutur. Bu əsərə görə Səməd Vurğun Dövlət mükafatına layiq görülüb. Şairin böyüklüyü onda idi ki, bu əsərdə də öz ideya yükünü Vaqifin timsalında canlandırmağı müvəffəqiyyətlə bacarmışdır. Bugünkü gündə şairimizi "Vaqif" dramına görə də ittiham edənlərin sayı az deyil. Bu möhtəşəm əsər tamaşaya qoyulduğu gündən tamaşaçı kütləsinin rəğbətini qazandı. Doğrudur, şair özü İbrahim xan obrazının təsvirində müəyyən səthi yanaşmalar olduğunu, obrazı mükəmməl şəkildə canlandırmadığını etiraf edirdi, lakin əsərin bədii möhtəşəmliyi o dərəcədə yüksəkdir ki, bu məqam kölgədə qalmış sayılır. Müasir dövrümüzdə Səməd Vurğunun bu əsərdə Vaqif obrazını yanlış yaratdığını, Qacar obrazına "haqsız yanaşma" olduğunu söyləyirlər.  Bəzilərinin fikrinə görə, Səməd Vurğun Vaqifi müsbət qəhrəman kimi təqdim etmiş, "müqtədir dövlət qurucusu" olan Qacarı isə mənfi planda yaratmışdır. Onların fikrincə, şair öz "eloğlusunu" müsbət planda, Qacarı isə aşağı səviyyədə təqdim etmişdir və Qacar əslində mənfi insan olmamışdır. Nəzərə alsaq ki, insanları xüsusi amansızlıqla qətlə yetirən, öz doğma qardaşlarının qanına susamış bir "xacə şah"ı Səməd Vurğun kimi patriot şair müsbət planda təqdim edə bilməzdi, o zaman şairə haqq qazandırmış olarıq. Vaqif isə Vaqifdir... Azərbaycan lirik-realist ədəbi məktəbinin yaradıcısı Vaqif elə yaxşı ki, müsbət obraz kimi canlandırılıb. Bu müvəffəqiyyətə yalnız sevinmək lazımdır, nəinki ittihamlar səsləndirmək...

Səməd Vurğun millətinin təəssübkeşi olmaqla yanaşı, xalqının rifahına, mənəvi inkişaf və intibahına hər zaman böyük önəm verib. Qüdrətli söz ustadımız ədəbiyyatımızı öz bədii qələmi ilə nurlandırmaqla yanaşı, söz münəvvəri kimi şeiriyyətimizin, poeziyamızın, dramaturgiyamızın, publisistikamızın zənginləşməsində müstəsna xidmətlər göstərib. Onun çoxçeşidli zəngin yaradıcılığı dünyada tanınmaqla yanaşı, insanlara humanizm, vətənpərvərlik, doğma yurda bağlılıq, adət-ənənələrə sadiqlik, mübarizə əzmi, rəşadət və mətinlik hissi kimi ülvi hisslər aşılayır. Özündə Nizaminin epik-lirik üslubunu, Füzulinin lirik-romantik bədii düşüncəsini və Vaqifin lirik-realist ənənəsini ehtiva edən Səməd Vurğun poeziyası milli kökdən qidalanan, ənənə və müasirliyi bədii vəhdətdə inikas etdirən dəyərli bir bədii külliyyatdır.

Səməd Vurğun bütün dünyada tanınır və sevilir. Dünya neçə-neçə yazar və şairləri bu böyük şairi yüksək dəyərləndirir, onun şəninə layiqli təriflər yağdırır, şairi xoş xatirələrlə xatırlayırlar. Dağıstanlı şair Rəsul Həmzətov onu "böyük ustadım" adlandırmış, türk şairi Nazim Hikmət onu "poeziyamızın nəhəng planeti" kimi səciyyələndirmiş, moldavan şair Yemelian Bukov şairə "Səməd" poemasını həsr etmişdir. Şairin şöhrəti bununla məhdudlaşmır. Səməd Vurğunun yaradıcılığı bütün dünyaya səs salan bir zəngin külliyyatdır. Xalq şairimiz Qabil Səməd Vurğun haqqında demişdi:

 

Başı qarlı uca dağdır

Səməd Vurğun,

Həm bayraqdır, həm bayraqdar

 Səməd Vurğun

"Xalq şairi" böyük addır,

bu adsız da,

Bu xalq, bu yurd, bu torpaqdır

Səməd Vurğun.

 

Sözün həqiqi mənasında, milli dəyərlərə və parlaq bədii çalarlara söykənən Səməd Vurğunun zəngin yaradıcılıq irsi çoxəsrlik tarixi olan Azərbaycanın tarixində yüksək zirvədə qərarlaşmış bədii səltənət olmaqla yanaşı, həm də milli ideya yükünü bədii düşüncə kontekstində əks etdirən qiymətli bir sənətkarlıq salnaməsidir. Nə qədər ki, Azərbaycan xalqı var və yaşayır, bu "sənətkarlıq salnaməsi" də xalqın ədəbi və əbədi yaddaşında yaşayacaq!

 

 

Leyla Faiqqızı

ADPU-nun elmi işçisi, AYB-nin və AJB-nin üzvü

525-ci qəzet.- 2014.- 6 iyun.- S.8.