Mənim ilk müəllimim
Mən Zaqatala rayonunun Muğanlı kənd orta məktəbinə
1977-ci ildə, yaşımdan
bir il
tez getmişəm, yəni sinifdə bəndeyi-həqirdən başqa
hamı 1970 təvəllüdlü
idi. Səbəbi həmin il
birincilərin təlim-tərbiyəsinin
təcrübəli pedaqoq
Əsbət Məmmədovaya
həvalə edilməsiydi
ki, təhsil ocağında çalışan
valideynlərim belə
fürsəti əldən
buraxmaq istəməmişdilər.
İnsafən mərhum direktorumuz
İbadullah müəllim
də təşəbbüsü
etirazla qarşılamadı.
Məhz həmin amilin həyatımda bir önəmli rolu son zənglə hərbi xidmət arasında çox vaxt qazanıb üç dəfə qəbul imtanında iştirakım,
digəri isə Əsbət xanım səviyyəsində ibtidai
sinif müəlliməsinin
ana qayğısı,
tələbkarlığı, təmənnasızlığı ilə əhatələnməyim
oldu.
İndi
bu sətirləri yaza-yaza özlərinin və ruhlarının razılığı naminə
pedaqoji kollektivdə Mütəllib Sadıqov, Rəhmiyyə Mustafayeva, Fadimət İbrahimova,
Mustafa Musayev, Minasət
İbrahimova və başqa ibtidai sinif müəllimlərinin
çalışdıqlarını da qeyd etməyi
borc bilirəm. Və tam səmimiyyətlə deyim
ki, Muğanlının
artıq çoxdan yeni binaya köçmüş
elm məbədinin nəinki
hər bir işçisi, daşı-divarı
da mənə 52 yaşında dünyasını
dəyişmiş anam
Nuriyyə Oruc qızını xatırladır.
Onlar hələ təbəqələşməmiş
cəmiyyətdə sadə
kəndli balalarının
qəlbini doğma nəvazişlə isitməyi
bacardılar. Bəli, bizlər
müəllimlərin 5-6 qəpiklik
təbriknamələrlə hədiyyələndiyi, hətta
buna da etiraz
edərək, şagirdlərinin
uğurlarını sidq
ürəkdən ən
böyük mükafat
saydıqları dövrlərdə
təhsil aldıq, elmin kiçik sirlərinə yiyələndik.
Mələk timsallı
belə insanların ali məqamına
görə hətta adi adamlar kimi
çörək yediklərini,
su içdiklərini də ağlımıza sığışdıra bilməzdik.
Görkəmli mütəfəkkir
Nəsirəddin Tusi
"Əxlaqi-Nasiri" əsərində
haqlı olaraq müəllim peşəsinə
yüksək qiymət
verərək yazırdı:
"Varlıqları ən
aşağı dərəcədən
kainatın ən şərəfli mərtəbəsinə
qaldıran sənətdən
daha şərəfli
nə ola
bilər?"
Əsbət müəllimə sənətində peşəkarlığı ilə yanaşı, həm də gözəl ailə başçısı idi. O, 1929 -cu il mayın 7-də Qaxın Əmircan kəndində doğulmuş, Şəki Pedaqoji Texnikumunu bitirmiş, Süleyman müəllimlə ailə qurduğundan sonrakı taleyini Muğanlı ilə bağlamışdı. Əl-ələ verib üç övlad böyütmüşdülər: Yazgülü, Şəfaət və Faiq. Yazgülü xanımla Şəfaət müəllim hal-hazırda həyatdadırlar, nənə, baba olublar. Gələcək perspektivinə böyük ümidlər bəslənən Faiqin ömrü isə gənc yaşlarında Şəki yolunda baş vermiş olay - polis naşılığı sayəsində qırıldı, iki qız balası qaldı. Faciəli hadisə bütün kənd əhlini, onu tanıyanları sarsıtdı, doğmalarının belini sındırdı.
Ən davamlı və bəhərli nisgil toxumu isə ana ürəyinin dərinliklərinə əkildi. Mən ara-sıra kəndə gedəndə əziz müəllimimi görərdim; ömrünün son çağlarında darvaza qarşısındakı daşın üstündə əyləşib yollara baxardı. Amma bu elə-belə baxış deyildi: nəzərləri canından ayrılan canın - oğlunun getdiyi uzaqlara dikilmişdi. İndi həyət qapısı önündə həmin daş kətilin qalıb-qalmadığını bilmirəm, amma doğma yurd-yuvanı və kəndin ayağındakı daş məzarları övladlarının, nəvələrinin və keçmiş şagirdlərinin tez-tez ziyarət etdiklərinə yəqinliyim var. Nəhayət, həsrətli ruhlar bir-birinə qovuşduğundan mənim də içimdə bir rahatlıq uyuyur. Nə yaxşı ki, dünyanın vurduğu acı hicran yaralarına əbədiyyətin şirin görüşləri məlhəm qoyur...
Dahi fransız Viktor Hüqo "müəllimin insanları aydınlığa çıxaran işığa bənzədiyini" söyləmişdi. Əla qiymətdir. Muğanlı orta məktəbinin mütərəqqi ənənələri isə Nizami Cavadovun uğurlu rəhbərliyi ilə bu gün də davam etməkdədir. Və daim o cığırda günəşə tərəf bir dəstə uşaq yürüyür; yıxılır, əzilir, toza bulaşır, amma yenidən qalxır və irəliləyir. Yürüyürlərsə, onda heç zaman cəhalət qaranlığı çökməyəcək. Nurlu sabahlar varsa, deməli, onun carçıları da unudulmayacaqlar.
Allah sənə qəni-qəni rəhmət eləsin, Əsbət müəllimə.
Qurban CƏBRAYIL
525-ci qəzet.- 2014.- 6 iyun.- S.8.