Müasir İncəsənət Muzeyində
sənədli fotoqrafiyaya aid
sərgi açılıb
Müasir İncəsənət Muzeyində Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Sənədli fotoqrafiya. İnqe Morat və mükafat sahibləri: Oliviya Artur və Lurdes R.Basoli" adlı sərgi təşkil edilib. Sərginin açılış mərasimində Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov, Avstriyanın Azərbaycandakı səfiri xanım Silviya Mayer-Kaybiç bu sərginin Azərbaycan və Avstriya xalqları arasında mədəniyyət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcəyini bildirib. Avstriyalı diplomat diqqətə çatdırıb ki, burada təqdim olunan fotosərgi onun ölkəsinin mədəniyyətinin bir hissəsidir. Həmçinin muzeydə sərgilənən fotoşəkillərin qarşısında Avstriyadan gəlmiş mütəxəssislər tərəfindən gənclər üçün seminarların təşkili nəzərdə tutulub. Daha sonra sərginin kuratoru Kurt Kaindl nümayiş olunan işlər haqqında geniş məlumat verib: "Sərgi məşhur "Magnum" fotoqrafı İnqe Moratın və "İnge Morath Award" mükafatının iki qalibinin - Oliviya Artur (Böyük Britaniya) və Lurdes R.Basolinin (İspaniya) işlərinə ümumi baxışı təşkil edir.
İnqe Morat məşhur
"Magnum photos" agentliyinin ən görkəmli simalarından biridir. O, agentliyin
təsisçilərindən biri olan Anri
Kartye-Bresson ilə birgə çalışıb,
məşhur adamların,
o cümlədən Merilin
Monronun fotoşəkillərini
çəkib".
Müasir İncəsənət Muzeyində
təşkil olunan sərgidə İnqe Moratın 1954-1998-ci illərdə
lentə aldığı
ən məşhur işləri nümayiş
olunur. Seçilmiş ağ-qara şəkillər
fotoqrafın İspaniya,
İngiltərə, Fransa,
Rusiya, Çin,
ABŞ və Avstriyada
lentə aldığı
ən böyük fotoreportajlarını nümayiş
etdirir.
İnqe Morat 1923-cü ildə Avstriyanın Qrats şəhərində anadan
olub. O, 1962-ci ildə dramaturq
Artur Miller ilə ailə qurduqdan sonra ABŞ-da yaşayıb və 2002-ci
ildə orada vəfat edib.
"İnge Morath
Award" mükafatı İnqe
Moratın şərəfinə
"Magnum Photos" agentliyinin üzvləri tərəfindən
təsis edilib.
Fotoqraflar tərəfindən maliyyələşdirilən
mükafat Nyu-Yorkda yerləşən "Magnum" Fondunun əməkdaşlığı
ilə "İngeMorath"
Fondu tərəfindən
idarə olunur. Bu mükafat
hər il
uzunmüddətli sənədli
layihənin tamamlanmasına
görə yaşı
30-dək qadın fotoqraflara
verilir. Qalib və finalçı
"Magnum Photos" agentliyinin və "Morath" Fondunun nümayəndələri
tərəfindən "Magnum" Fondunun illik iclasında seçilir.
Hazırda bu qaliblərdən ikisinin - Oliviya Artur və Lurdes
R.Basolinin işləri
də Müasir İncəsənət Muzeyində
təqdim edilib.
Oliviya Artur "Orta məsafə" silsiləsində Avropa və Asiya (Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Rusiya) arasında sərhəd boyu səyahət edərkən daha ənənəvi və ya Qərb həyatı arasında seçim etmək məcburiyyətində qalan gənc qadınların fotoşəklini çəkib. Lurdes R.Basoli "Karakas, itirilmiş güllələr şəhəri" silsiləsində Karakas (Venesuela) şəhərinin müəyyən sahələrində olan zorakılığı sənədləşdirib. Ağ-qara fotoşəkillər bu hadisələrin qurbanlarını, ailə üzvlərini və cinayətkarları göstərərək onların qorxularını, ümidsizliklərini və qəzəblərini ortaya çıxarıb. Sərgi iyulun 5-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 6 iyun.- S.7.