Azərbaycanda dövlət quruculuğu:
tarixi təcrübə və ənənələr
Dövlət
quruculuğu, dövlətçilik tarixi
anlayışları, sözsüz ki, təkcə müasir
hüquqi-dövlət məfhumu çərçivəsində,
çağdaş modellər müstəvisində dərk
edilə bilməz. Hər nə qədər müasir
dünyada dövlətçilik anlayışı
özünəməxsus şəkildə müəyyən
meyarlar və prinsiplər əsasında formalaşsa da, bu
ölçülərlə qəbul edilsə də, tarixin
ayrı-ayrı dövrlərində mövcud olan ictimai-siyasi
quruluşların da bu baxımdan bir təcrübə və ənənə
olaraq öyrənilməsi vacibdir. Çünki heçdən
nəsə yaranmadığı kimi, dövlətçilik
düşüncəsi və anlayışları da ümumi
standartlardan əlavə, həm də tarixi-milli planda
mövcud olan ənənələrdən qaynaqlanır.
Ta qədimlərdən
Azərbaycan ərazisində və ümumən türkdilli məkanda
meydana gələn, inkişaf edən və nəhayət,
tarix səhnəsindən silinən dövlətlərin az
qala hər birinin özündən sonraya ötürülən
bəlli bir cəhəti, gələcəyə miras qalan ənənələri
olub. Bu mənada, ötən əsrdə iki dəfə milli
dövlət müstəqilliyinə nail olmuş Azərbaycanda
dövlət quruculuğu prosesinin yalnız mövcud dünya,
xüsusən Avropa meyarları ilə deyil, dövlətçiliyin
müsbət, dəyərli milli-tarixi əsasları ilə də
sıx bağlılığı danılmazdır. Dövlətin
qurulması, idarə olunması və bu yöndə müəyyən
tərəqqi əldə edilməsi sahəsində zəngin
tarixi ənənələrə malik Azərbaycan xalqı məhz
bu xüsusiyyətlərə görə sonrakı dövrlərdə,
əsasən də yaxın tariximizdə azadlığa,
müstəqilliyə can atarkən avantürist meyllərdən
daha çox, ciddi, mərkəzləşmiş, stabil,
çevik dövlətçilik modellərinə
üstünlük verib. Tarixdən bəllidir ki, Azərbaycan ərazisindəki
ən qədim dövlətlərdən, Türk
xaqanlıqlarına, Atabəylərdən Səfəvilərə
qədər bütün mərhələlərdə
xalqımızın özünəməxsus dövlətçilik
düşüncəsi üstünlük təşkil edib,
optimal idarəçilik, ədalətli sistem
arayışları davam edib. Bu keşməkeşli tarixi yol
boyu ortaya çıxan zəngin ənənələr müasir,
modern dövlət anlayışına keçiddə
dünyadakı mövcud qabaqcıl təcrübəylə
birlikdə Azərbaycan xalqının əsas istinad mənbəyi
rolunu oynayıb. Yüz ildən artıq Çar
Rusiyasının əsarətində, daha sonra Sovet rejimində
hökm sürən ağır, amansız şərtlər
Azərbaycan xalqının müstəqil olmaq, suveren dövlət
qurmaq, sərbəst yaşamaq və milli iradəsini həyata
keçirmək əzmini qıra bilməyib.
Çoxsaylı
faktlar, sənədlər göstərir ki, 1918-ci ildə
Çar Rusiyasının buxovlarından azad olaraq dövlət
müstəqilliyini elan edən Azərbaycan xalqının irəli
düşüncəli, ziyalı və vətənpərvər
övladları həmin dövrün dünya təcrübəsi
ilə yanaşı, dövlət quruculuğunda mövcud
tarixi-milli ənənələrə də söykəniblər.
Qanunların, mühüm qərarların qəbulunda Azərbaycan
Xalq Cümhuriyyətinin rəhbərləri təkcə beynəlxalq
miqyasda önəm verilən hüquqi-demokratik prinsipləri
deyil, eyni zamanda, xalqımızın tarix boyu yaradıb sahib
olduğu dövlətçilik meyarlarını, milli mental
xüsusiyyətləri, mənəvi-əxlaqi dəyərləri
də mütləq nəzərə alıblar. Narahat, təlatümlü
bir dövrə düşsə də, daşnak-bolşevik təcavüzünə
və işğalına məruz qalsa da, Azərbaycan Xalq
Cümhuriyyəti həm öz zamanında, həm də
sonrakı dövr üçün olduqca lazımlı, səmərəli
nümunələrə çevrilən üstün dövlətçilik
təcrübəsinə imza atdı. İstər mülki sahədə,
istərsə də hərbi yöndə, həm siyasi müstəvidə,
həm də ictimai sferada proseslərin tənzimlənməsinə,
sabitlik, rifah yaradılmasına, idarəçiliyin təkmilləşdirilməsinə
hesablanan onlarla qanun və qərar qəbul edildi. Bütün
bu qanunvericilik sənədləri əsasında təkcə
Cümhuriyyət dövründəki dövlət və
hökümət, məhkəmə və ordu qurumları fəaliyyət
göstərmədi, sovet işğalından sonra - sosialist Azərbaycanında
da uzun zaman həmin dövlətçilik, idarəçilik
bazası əsas götürüldü. Daha sonralar
işğalın mahiyyətinə uyğun bəzi anormal,
antimilli dəyişikliklər ortaya atılsa da, milli-demokratik
düşüncəyə söykənən dövlətçilik
anlayışı ciddi şəkildə təhrif edilsə də,
əldə olunmuş misilsiz təcrübəni tamamilə
xalqın həyatından, yaddaşından, təfəkküründən
silmək mümkün olmadı.
70 illik
sovet-sosialist rejimi boyunca zaman-zaman özünü göstərən
qalxınmalar, milli dirçəliş duyğularının fərqli
forma və miqyasda boy verdiyi məqamlar 1988-ci ildə baş
qaldıran xalq hərəkatına gedən yolda vacib mərhələ
idi. Xüsusən 1970-ci illərdə respublikada rəhbərlik-idarəçilik,
quruculuq müstəvisində baş verən önəmli
hadisələr, atılan müsbət addımlar, verilən
doğru qərarlar, həmçinin onların ictimaiyyətdə
doğurduğu inkarolunmaz təsirlər SSRİ-nin
dağılması və Azərbaycanın öz dövlət
müstəqilliyini bərpa etməsinə qədərki mərhələni
şərtləndirən başlıca amillər oldu. Azərbaycan
suverenlik qazandı, dövlət müstəqilliyi rəsmən
əldə edildi, ancaq həyatın bütün sahələrində
- dövlət quruculuğu, qanunvericilik, idarəçilik
yönündə çox ciddi, həllivacib problemlər
hökm sürürdü. Xüsusən də totalitar sovet
dövlətçilik-idarəçilik sistemi yeni dövr
üçün qətiyyən yaramırdı. 1990-cı illərin
əvvəllərində ölkədə baş verən
kataklizmlər, çaxnaşmalar, bəlli bir müddətdəki
anarxiya mühiti də əslində dolayısı ilə həmin
anormal, naqis idarəçilik mühitinin təzahürləri
idi.
21 il əvvəl
- 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə,
layiq olduğu kürsüyə - ölkə rəhbəri
mövqeyinə yenidən qayıdan ümummilli lider Heydər
Əliyevin başlatdığı və uğurla həyata
keçirdiyi dövlətçilik kursu isə bu sahədə
həm tarixi ənənələrin, həm də modern
dünya təcrübəsinin Azərbaycanda yüksək səviyyədə
gerçəkləşməsinə yol açdı. Dahilərə
məxsus şəxsi-xarakter keyfiyyətləri, böyük
idarəçilik təcrübəsi, parlaq dövlətçilik
təfəkkürü H.Əliyevin tez bir zamanda ölkədə
ictimai-siyasi sabitlik yaratmasına, hərtərəfli
inkişafa nail olunmasına imkan verdi. 1995-ci ilin noyabrında qəbul
edilən yeni Əsas Qanun - Konstitusiya isə Azərbaycanın
çağdaş hüquqi dövlət quruculuğu
yönündə irəliləməsinin təməl zəmini
oldu. Beləliklə Azərbaycanda milli ənənələrə,
tarixi təcrübəyə əsaslanan, eyni zamanda
dünyanın qabaqcıl modellərilə səsləşən
hüquqi dövlət quruculuğu, dövlətçiliyin
inkişafı və qorunması, davamlı tərəqqiyə
nail olunması prosesi dönməz, ardıcıl səciyyə
daşımağa başladı. Bu proses və onun misilsiz nəticələri
son 20 ilə yaxın müddətdə dəfələrlə
təhlilə cəlb edilib, bu barədə çox sayda məqalələr,
monoqrafiyalar yazılıb, araşdırmalar aparılıb,
mövzu ən müxtəlif prizmalardan
işıqlandırılıb. Həmin materialların tam əksər
hissəsində 1993-cü ildə ümummilli lider Heydər
Əliyevin rəhbərliyilə start verilən və 10 il ərzində
müvəffəqiyyətlə həyata keçirilən,
2003-cü ildən isə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən dövlətçilik kursunun Azərbaycan
üçün ən mütərəqqi, optimal kurs
olduğu dəfələrlə vurğulanıb. İlk
növbədə isə məhz azərbaycançılıq
ideologiyasına, milli-tarixi ənənələrə əsaslanması
bu modelin uğuruna təminat verib. Sözügedən
mövzuyla bağlı son məqalələrdən birində
ulu öndər Heydər Əliyevin təməlini qoyduğu
dövlətçilik xətti və onun ideoloji əsasını
təşkil edən azərbaycançılıq məfkurəsinin
cəmiyyətdə daha da möhkəmləndiyi haqlı
olaraq qeyd edilir və bir vacib məqam da yerində
vurğulanır ki, hüquqi dövlət quruculuğu prosesində
cəmiyyətin hər bir üzvü dövlətin
inkişafında iştirak etməlidir. Bu iştirak müxtəlif
formalarda özünü göstərə bilər:
seçkilərdə, idarəetmə prosesində, vergilərin
ödənilməsində, vətəndaş cəmiyyəti
institutlarının inkişaf etdirilməsində, ümumilikdə
vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin
qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan və
insanların şüurunda formalaşan ictimai dəyərlər
dövlətin inkişafına və güclənməsinə
böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin
məcmusu azərbaycançılıq ideyasıdır.
Dövlətin vahid ideologiyası vətəndaşın təbii
maraqlarını nəzərə almadıqda cəmiyyətlə
dövlət arasında boşluq yaranır. Azərbaycanın
müstəqilliyinin ilk illərinin təcrübəsi də
buna sübutdur. Uzun illər hakim olmuş kommunizm
ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin
əsasları insanlar tərəfindən aydın qəbul
edilmirdi. Məhz buna görə ümummilli lider Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə,
onun siyasi və iqtisadi əsaslarını yaratmaqla
yanaşı, Azərbaycan cəmiyyətinin
inkişafının ideya təməli olan azərbaycançılıq
konsepsiyasını irəli sürdü. Azərbaycançılığın
bütün dünya azərbaycanlılarını birləşdirən
ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi Heydər
Əliyevin tarixi xidmətidir.
Danılmaz
həqiqətdir ki, məhz tarixi təcrübəyə, ənənələrə
əsaslandığı, eyni zamanda, mütərəqqi, modern
dünya təcrübəsinə istinad etdiyi üçün
Azərbaycan öz dövlətçilik xətti, hüquqi
dövlət quruculuğu modeli ilə örnək ölkələrdən
birinə çevrilib.
Q.SƏFƏROV
525-ci qəzet.- 2014.- 6 iyun.- S.6.