Məlahət İbrahimqızı:
"2050-ci ilə qədər bir sıra ölkələrin əhalisinin
"Qırmızı kitab"a düşmək təhlükəsi
var"
Milli Məclisin (MM) deputatı Məlahət
İbrahimqızının "525"ə müsahibəsi
-Məlahət
xanım, parlamentin cəmi 2-3 iclasdan ibarət növbədənkənar
sessiyasını nəzərə almasaq, artıq millət vəkillərinin
yay tətilinə çıxdıqlarını və ya
çıxmağa hazırlaşdıqlarını qeyd etmək
mümkündür. Bu baxımdan, parlament ötən dövrdə
gərəkən qanunları qəbul etdimi , ən azı
onların müzakirəsinə cəhd göstərdimi,
ümumiyyətlə, hansı qanunların, yaxud, hansı mövcud qanunlara dəyişikliklərin
qəbulunu zəruri sayırdınız, amma onları
reallaşması mümkün olmadı?
-
Ümumiyyətlə, indi qədər Azərbaycanda mükəmməl,
təkmil qanunvericilik bazası yaradılıb. Artıq bizdə
son illərdə yeni qanunlardan daha çox mövcud
qanunların, vaxtilə qəbul etdiyimiz qanunların təkmilləşdirilməsi
istiqamətində işlər görülür. Bu da təbiidir.
Çünki zaman, vaxt gedir, dövr dəyişir, ictimai
münasibətlərdə dəyişikliklər olur, tələb
və təkliflərdə ehtiyaclar artıq formasını
başqası ilə əvəzləyir. Bizim artıq 10-15 il
bundan qabaq yaşadığımız mühitlə
bugünkü mühit, şərait eyni deyil. Ona görə hər il istər yaz sessiyasında,
istər payız sessiyasında hansı qanunvericilik sənədləri
ki, daha çox vacibdir, onların qəbulu və ya təkmilləşdirilməsi
istiqamətində ciddi işlər görülür.Məsələn,
şəhid ailələri, müharibə əlilləri ilə,
ümumən sosial siyasəti əhatə edəcək
qanunlarla bağl xeyli təkmilləşdirilmə
aparmışıq. Mövcud qanunlar üzərində təkmilləşdirmə
aparılması, onların beynəlxalq
standartlara uyğunlaşdırılması heç də o
demək deyil ki, yeni qanunlara
ehtiyac yoxdur. Yeni qanunlara da ehtiyac var. Şəxsən bir millət
vəkili olaraq məni narahat edən məsələlərdən
biri budur ki, Azərbaycanda təxminən 200-300 civarında
Milli Qəhrəman var, ancaq onlarla bağlı hələ də
müəyyən problemlər ortadadır...
"Çox
az sayda Milli Qəhrəmanımız var ki, təxminən 50 nəfər
civarındadır, onların bugünə qədər ev, mənzil
məsələsi həll olunmayıb"
-Konkret
olaraq hansı problemdən söhbət gedir?
- Milli Qəhrəmanlarımızın
çoxusu dünyasını dəyişib və eyni
zamanda, onların çoxusunun mənzil
problemi həll olunub. Amma çox az sayda Milli Qəhrəmanımız
var ki, mənə verilən məlumata görə, 50 nəfər
civarındadır, onların bugünə qədər ev , mənzil
məsələsi həll olunmayıb. Onların mənzil şəraiti ilə
bağlı problemləri hələ
də həll edilməyib. Ona görə çox
arzulayardım ki, bu problem nəhayət, həllini tapsın,
bununla bağlı müvafiq qanunvericiliyə dəyişiklik
olunsun. Bu gün Azərbaycanda əgər onminlərlə
qaçqın və məcburi köçkünlər
üçün şəhərciklər, qəsəbələr
salınır , əvvəlki qaçqın düşərgələri,
vaqonlar və sair demək olar ki, ləğv olunub. Bu qədər
böyük işlər görə bilən ölkəmizdə
50 nəfər, 100 nəfər Milli
Qəhrəman üçün
mənzil probleminin həll olunması o qədər də
çətin deyil. Yadınızdadırsa, sovetlər
dövründə Bakıda "Qəhrəmanlar evi" adlanan
yaşayış binası var idi. İndiki dövrdə Milli
Qəhrəmanlarımızla da bağlı belə bir
binanın tikilməsi çox yaxşı olardı. Hətta, hesab edirəm ki, belə
bir binanın tikilməsi ilə bu problemin həllinin biryolluq
qapanmasına nail olardıq.
Eyni
zamanda burada bir məqamı da vurğulamaq istərdim ki, bu
gün dünyada daha çox siyasi məsələlərdən,
siyasi problemlərdən daha çox danışılır.
Ancaq bəzi qeyri-siyasi və daha vacib
problemlər var ki, onlar haqda
az danışılır, hansı ki, bütün danışılan
insan hüquqları, hüququn aliliyi, söz azadlığı
həmin problemin və problemlərin təməl fundamentləri
sayılan problemlərdir...
"Bu
gün hansısa ölkələr əgər demoqrafik krizis
yaşayırsa, deməli, o ölkələrin gələcəkdə
iqtisadi sahədə də ciddi problemləri olacaq"
-Məsələn,
hansı problemi və ya problemləri
nəzərdə tutursunuz ki, onun haqqında çox az
danışılır?
- Həmin
problemlərdən biri demoqrafik problemdir. Onu da qeyd edim ki, bu gün hər bir dövlətin
gücündə, onun qüdrətində demoqrafik amil çox ciddidir və
çox böyük rol oynayır. Yəni, hər bir dövlətin
təhlükəsizlik konsepsiyasında demorafik problem də,
demoqrafik təhlükəsizlik də ən ciddi həlqələrdən,
istiqamətlərdən biri sayılır. Bir ölkənin
iqtisadi gücü onun təkcə
iqtisadi resursları deyil, həm də əmək resursları
ilə fərqləndirilir, qiymətləndirilir. Əmək
resursları da nədir? İnsandır - qadın və
kişilərdir.Bu gün hansısa ölkələr əgər
demoqrafik krizis yaşayırsa, deməli, o ölkələrin
gələcəkdə iqtisadi sahədə də ciddi problemləri
olacaq. Eyni zamanda, demoqrafik problemlərin içərisində
də əsas demoqrafiyanı
şərtləndirən əhali artımıdır.
Əhali artımının nüvəsində də heç
şübhəsiz, ana
sağlamlığı və ailə planlaşdırması
dayanır. Yəqin ki, Birləşmiş Millətlər Təşkilatının
Əhali Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının
"Dünya əhalisi-2050"
hesabatına baxıbsınız. Orada 2050-ci ilə qədər artıq dünyanın bir sıra
ölkələrinin əhalisinin demək olar ki, itməkdə
olması, belə demək mümkünsə, "Qırmızı
kitab"a düşməsi məsələsi var. Yəni,
"Dünya əhalisi-2050"-də bir çox millətlərin,
xalqların, demək olar ki, kökünün kəsilməsi
təhlükəsi qənaətinə gəlib.Ona görə
bu ölkələr üçün, hər bir dövlət
üçün həyəcan siqnalıdır...
"Hazırda
ölkəmizdə demoqrafik krizis yoxdur"
-Məlahət
xanım, bəs bizim ölkəmizlə bağlı məsələ
nə yerdədir, demoqrafik krizis təhlükəsi bizim
üçün də varmı?
- Allaha
min şükür ki, hazırda bizim ölkəmizdə
demoqrafik krizis yoxdur.Xatırladım ki, Azərbaycanın
keçmiş SSRİ
dağılarkən 6 milyon yarım əhalisi var idi. Amma bu
gün biz 9 milyon yarımdan çoxuq. Bu da çox ürəkaçan
rəqəmdir ki, bizim əhalinin sayı ildən-ilə
artır. Amma bunun gələcəkdə necə
olacağı, əhali artımının necə baş
verib-verməyəcəyi indidən tam məlum deyil. Bu,
heç də o demək deyil ki, bu gün bizim əhalimiz 9
milyondan çoxdursa , 2050-ci illərdə,
qarşıdakı illərdə demoqrafiyamızda hansı
problemlərin olması gözlənilmir. Bu, belə deyil. Ona
görə ailə planlaşdırması və demoqrafik
proseslərin tənzimlənməsində xüsusi rolu olan ana
sağlamlığının bu məsələdə çox böyük əhəmiyyəti
var.2000-ci ildə Minilliyin inkişaf sammiti oldu və orada səkkiz
istiqamətdə strategiya qəbul olundu. Buna minilliyin hədəfləri
də deyirlər. O hədəflərin-strategiyanın
dördü qadınlarla - ana ölümü, ana xəstəliyi,
ana sağlamlığı, qadınların gücləndirilməsi
ilə bağlıdır. Amma
bu gün təəssüf ki, Azərbaycanda bununla
bağlı müəyyən problemlər var. Bir xeyli müddət
öncə, yəni, 2013-2014-cü təhsil-tədris ili ilə
bağlı təhsil naziri Mikayıl Cabbarov mətbuat konfransında
müsahibəsində belə bir rəqəm səsləndirdi,-
o statistikada da var, amma ictimaiyyət üçün bəlkə
də yeni idi, - birinci sinfə gedən uşaqlar arasında
qızların sayı oğlanların sayından 10-15 min
azdır. Təhsil naziri sonra
fikrini davam etdirərək dedi ki, gələn il bundan da
çox fərq görünür. Bu, əlbəttə,
çox düşündürücü və narahatedici bir məsələdir.
Statistika
özü açıq-aydın
göstərir ki, artıq əhalimizin 7 yaşdan
aşağı olan hissəsində qızların sayı
oğlanları sayından azdır. Onu da deyim ki, biz bir müddət öncə
müvafiq qanunda dəyişikliklər etdik və həmin dəyişikliklərə
əsasən də artıq cinsiyyətə görə tibbi
müayinə aparılması ilə bağlı həkimlər
hansısa məsuliyyət daşıyır, onlara bu məsələ
qadağan olunur. Yəni, bu məsuliyyət məsələsi
qanunvericilikdə öz əksini tapdı. Amma hesab edirəm
ki, bu, azdır...
"Valideyn
özü bilə-bilə öz övladının qatilinə
çevrilir"
-Nəyə
görə?
-Əslində qadağan olunmaq
söhbəti ola bilməz. Qadağan sözü birinci insan
hüquqları ilə bağlı olan haldır, ikincisi də
qadağan olunmaq maddəsi problemin həlli deyil. Bu məsələnin
köklü həlli üçün biz bu gün cəmiyyətdə
geniş maarifləndirmə işləri aparmalıyıq.
Avropada, inkişaf etmiş hansı ölkədə gedib desəniz
ki, cinsə görə hamiləlik müayinə olunur, ona
gülərlər və eyni zamanda, bu azmış kimi, ondan sonra hansısa cinsin olması ilə
bağlı valideyn və yaxud da həkim hamiləliyi ləğv
edirsə, bu, artıq dəhşətdir.Bugünkü zamanda,
yəni, XXI əsrdə hamiləliyin qarşısının
alınmasının metodları ola-ola, hamiləlikdən sonra
bir növ ana bətnində olan uşağın öldürülməsi,
qətlə yetirilməsi, bu, qəbulolunmazdır. Yəni,
valideyn özü bilə-bilə öz övladının
qatilinə çevrilir. Ona
görə burada ailə planlaşdırması çox önəmlidir, eyni zamanda da, dediyim
kimi, maarifləndirmə işi
aparılmalıdır. Rəhmətlik Səməd Vurğun hələ
o zamanlar "Bəsti" poemasında yazırdı ki, "Anan səni doğanda adına
Bəsti dedi, əllərimi bir fələk oğuldan kəsdi dedi", "Beləydi
qayda bizdə qız doğanda analar, baxıb qara geyərdi su
üstündə sonalar"... Bu sözlərlə dahi
şairimiz sanki o zamandan insanlara-bizlərə üsyan edirdi.
"Bizdə
hələ də Qıztamam, Tamam, Qızyetər, Qızbəsti
adlarına tez-tez rast gəlinir və bu adlarla sanki
qızların dünyaya gəlməsinə etiraz olunur ki, bu
da qətiyyən, düzgün deyil, yolverilməzdir"
Eyni
zamanda, bu gün özündə belə Azərbaycanda qədimdən qalma
köhnə adlar siyahısında Qıztamam, Tamam, Qızyetər,
Qızbəsti adlarına tez-tez rast gəlinir. Yəni, bu
adlarla sanki qızların dünyaya gəlməsinə etiraz
olunur ki, bu da qətiyyən, düzgün deyil və yolverilməzdir.
Ancaq o da var ki, bu adlar bizim dindən
qaynaqlanan adlar deyil. Bizim dinimizdə deyilir: "Cənnət
anaların ayağı altındadır." Yəni,
ananın ayağının altı öpüləcək dərəcədə
müqəddəsdir. İslam hümmətinin, islam aləminin
müqəddəs peygəmbəri Məhəmməd peyğəmbərin, Allahın rəsulu olan peyğəmbərimizin
qızı olub, oğlu olmayıb. Dinimizdə üç
qızı olanın Allahın ən sevimli bəndələrindən
olduğu qeyd olunur. Yeri gəlmişkən,
cahillik dövründə ərəb toplumunda qız
uşaqları doğulanda öldürərlərmiş.Çox
təəssüflər olsun ki, min illər bundan öncə olan,
yaşanmış problemlərin bu gün Azərbaycanda
qalması, bu, Azərbaycan ziyalılarının, Azərbaycan
insanının adına şərəf deyil. Ona görə
Azərbaycanın bütün bölgələrində, eləcə
də mətbuat vasitəsilə,
ciddi tibbi maarifləndirmə işi
aparılmalıdır...
"Bu
gün mətbuat da, parlament də reproduktiv sağlamlıq deyəndə,
onu "surroqat ana"ya yönəldir"
-Yeri gəlmişkən,
bu gün Azərbaycanda məktəbdən, təhsildən
yayınma, erkən nikaha getmə də 15-20 il bundan
qabaqkından daha çoxdur...
-Bu da
çox ağrılı bir məsələdir. Bir tərəfdən,
Azərbaycan sürətlə inkişaf edir, böyük
nailiyyətlər əldə edirik və sair, digər tərəfdən, bizim
qızlarımız təhsildən yayınır, erkən ərə
gedir. Bu, bizim xalqımıza yaraşanmı əlamətdir?
Bu, hansı dövrdür ki, valideyn-ana qız
uşağını öz övladını məhv
etdirir?... Vaxtilə 15-20 il bundan qabaq 3-4 ayından sonra ana bətnində
olan uşağın ürək döyüntüləri
eşidilirdi. Amma bu gün yüksək səviyyəli
texnologiyalar əldə olunub ki, bir həftəlik dölün
artıq ürək döyünməsi eşidilir. Deməli,
bu, özü nəyi göstərir? Bu özü onu göstərir
ki, fərqi yoxdur, bir günlük olsun, üç
günlük olsun, istər 9 aylıq olsun, bu,
insandır.İnsanın hüquqları var və insanın
insana qarşı qətl törətməsi, onu öldürməsi
necə ağır cinayətdirsə, 10 günlük, 15
günlük uşağı da öldürmək, ana bətnində
olan məsum uşağı da öldürmək o dərəcədə
ağır cinayət sayılır və
sayılmalıdır. Buna görə yuxarıda da qeyd etdiyim
kimi, ailə planlaşdırması çox önəmlidir.
Ailə planlaşdırması uşaq dünyaya hələ gəlməmiş,
eləcə də qadın - ana hamilə olmamışdan
qabaq aparılır. Yəni, bu,
bir elmdir və bütün dünyada bu aparılır. Təbii
ki, bəzi inkişaf etməmiş toplumlarda bunun
aparılması mümkün deyil, onların bunun
üçün imkanları yoxdur, amma bizim bu cür inkişafımız,
nailiyyətlərimiz, bu cür resurslarımız ola-ola bu istiqamətdə
apardığımız işlər etiraf etməliyik ki, çox zəifdir.
Elə o zəif işin nəticəsidir ki, bu gün Azərbaycanda 7 yaşına qədər olan əhalinin içərisində qızların sayı oğlanlardan xeyli azdır, burada nəzərə çarpacaq dərəcədə fərq var və bu məsələ beləcə özbaşına buraxılsa, gələcəkdə daha ciddi təhlükə yarada bilər. Ona görə də biz mövcud qanunumuzu ya təkmilləşdirməliyik, yaxud da neçə müddətdir mətbuatda müzakirə olunan "Peproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun müzakirəyə çıxarılmalıdır. Amma çox təəssüf, bu gün mətbuat da, parlament də reproduktiv sağlamlıq deyəndə, onu "surroqat ana"ya yönəldir. "Surroqat ana" tam başqa bir şeydir, reproduktiv sağlamlıq və ailə planlaşdırması isə tam başqa bir məsələdir, yəni, o, əslində ölkənin demoqrafik təhlükəsizliyinə xidmət edən bir məsələdir."Parlamentdə çoxluqda kişi millət vəkilləridir, onlarda da belə bir fikir assosiasiya olundu ki, ailə planlaşdırılması, reproduktiv sağlamlıq elə "surroqat ana"dır..." Reproduktiv sağlamlıq ana sağlamlığıdır, ana ölümünün, süd vəzisi xərçənginin qarşısının alınmasıdır, ailə planlaşdırması deməkdir. Azərbaycan xalqının mentalitetində ailədə bir ananın ölümü elin-obanın faciəsinə çevrilir, nəinki bir atanın. Yəni, bizdə belə bir el misalı var, uşaq atadan yetim qalmaz, anadan yetim qalar. Bu da mənə elə gəlir ki, əsaslı deyilmiş sözdür. Ona görə çox təəssüflənirəm, çox üzülürəm ki, həmin qanun layihəsini İşçi Qrupunda hazırladıq, onu şəxsən mən parlamentdə təqdim etdim, amma onun qəbulu mümkün olmadı. Mətbuat da müzakirəni elə istiqamətə yönəltdi ki, bəzi kişi millət vəkillərimiz bunun əleyhə çıxdılar. Bildiyiniz kimi, parlamentdə də çoxluqda kişi millət vəkilləridir, onlarda da belə bir fikir assosiasiya olundu ki, ailə planlaşdırılması, reproduktiv sağlamlıq elə "surroqat ana"dır.Təbii ki, mən özüm də"surroqat ana"nın əleyhinəyəm. Çünki bu, bizim həm milli dəyərlərimizə uyğun olmayan bir şeydir və eyni zamanda da lazım olmayan bir məsələdir. Yəni, bu gün Azərbaycanda demoqrafik krizis yoxdur ki, milli dəyərlərimizə zidd olsa da, biz buna getməyə məcbur olaq və sair. Bu gün elə bir şey yoxdur. Amma onun reproduktiv sağlamlığa, ana sağlamlığına dəxli yoxdur.Ona görə hesab edirəm ki, ya mövcud qanuna hansısa əlavələri nəzərdə tutan, ya da reproduktiv sağlamlıqla bağlı məlum qanun layihəsi müzakirəyə çıxarılmalıdır.
Kamil Həmzəoğlu
525-ci qəzet.- 2014.- 6 iyun.- S.5.