SAAT KİMİ QUR MƏNİ...

 

Mən həmin könlü paşa,

Mən həmin o haqqa qul.

Bir az vaxta,zamana,

Taleyə qul,baxta qul...

 

Varmı bundan dahası,

Bahasından bahası?

Atdan düşə ağası,

Çıxa bir gün taxta qul...

 

Deyir,düzə yox zaval,

Sən , gözəl,getmə,qal.

Könlümdə yurd-yuva sal,

Özünə tac-taxt da qur...

 

Tanrım,getmə, dur,məni

Öldürmə,dondur məni.

Saat kimi qur məni,

Dönəcəyin vaxta qur...

28 fevral 2014

 

DƏFN ETSİNLƏR

HAQDA MƏNİ...

 

Tanrım,belə xəlq eləyib,

Göyərdib torpaqda məni

Nədən düçar eyləmisən,

Bu taleyə,baxta məni?..

 

Gələn belə,gedən belə,

Ruh belədi,bədən belə...

Oxşatmısan nədən belə,

Məni vaxta,vaxta məni?...

 

Açan çiçəyin olmuşam,

Arzun,diləyin olmuşam.

Hərdən mələyin olmuşam,

Çıxarmısan taxta məni...

 

Yetməlini yetirmədin,

Gəlməlini gətirmədin.

Bitir dedim,bitirmədin,

Bir yaşıl budaqda məni...

 

Sevə-sevə dərərdilər,

Saçaq-saçaq hörərdilər.

Bir az da tez görərdilər,

Ağacda,yarpaqda məni...

 

Az can atar çoxdan yana,

Az azdan,çox çoxdan yanar...

Mən ölürəm haqdan yana,

Dəfn etsinlər haqda məni...

1 mart 2014

 

HARDA GÖRÜBLƏR MƏNİ?..

 

Düşüb itmişəm haqdan,

Burda görüblər məni...

Bənzədiblər uzaqdan,

Qurda,görüblər məni...

 

Daş olanda sapanda,

Ox olanda kamanda.

Başı çəndə,dumanda,

Qarda görüblər məni...

 

Bir üz,bir sifətində,

Ocaq,pir sifətində.

Ən müşgüldə,çətində,

Darda görüblər məni...

Ən çox yolda görüblər,

Sağda,solda görüblər.

Deyir lal da görüblər,

Kar da görüblər məni...

 

Uyub nizama,səfə,

Tuşlanmışdım hədəfə...

Görən,sonuncu dəfə,

Harda görüblər məni?..

10 mart 2014

 

BAŞIN GEDİR ƏLİNDƏN...

 

Öz-özünə xor baxıb,

Ha çap ömrü,yor,baxım...

Neçə ildi torpağın,

Daşın gedir əlindən...

 

Gözündən nurdu,gedir,

Deyirlər kordu gedir.

Hər gün bir ordu,gedir,

Qoşun gedir əlindən...

 

Doğmana-”yadına”bax,

Gedirsən badına,bax...

Qurunun oduna bax,

Yaşın gedir əlindən...

 

Beləmi yazıb yazan,

Ölüm yaşamdan asan...

Harda ürək qoyursan,

Başın gedir əlindən...

7 mart 2014

 

İÇİNƏ BAX, GÖR ÖZÜNÜ...

 

Sarbanısan bu karvanın,

Köçünə bax,gör özünü...

Sonra da,dön qüdrətinə,

Gücünə bax,gör özünü...

 

Yaşına bax,başına bax,

Ağlına bax,huşuna bax.

Yan-yörəndə beşinə bax,

Üçünə bax,gör özünü...

 

Dirisinə,ölüsünə,

Əlisinə,vəlisinə.

Adamların dəlisinə,

Gicinə bax,gör özünü...

 

Söykənmisən...Qala...sına...

Bir ümidin əsasına...

Alınmayan qisasına,

Öcünə bax,gör özünü...

 

Kimdi adam, nədi adam,

Başqadı,özgədi adam...

Görünmür güzgüdə adam,

İçinə bax,gör özünü...

12 mart 2014

 

YAMAN XARABA QALMIŞAM...

 

Mənim son kəs baş qoymağa,

Bir isti ağuşum çatmır...

Qalxıb da haqqa varmağa,

qədər yoxuşum çatmır?..

 

Gedib,kimlər gəlib gedib,

Qərib gəlib, qərib gedib...

Ətrafım seyrəlib gedib,

Yanımda tay-tuşum çatmır...

 

Güc yox səs-səda salmağa,

Ürək yox oda salmağa.

Nəyisə yada salmağa,

Ağlım yetmir,huşum çatmır...

 

Mən olandan belə vardım;

Həm kətildim,həm dardım.

Yenə düşüb-çıxardım,

Çatmır,bərkim-boşum çatmır...

 

Gedib el-oba,qalmışam,

Söykənib taba,qalmışam.

Yaman xaraba qalmışam,

Üstümdə bayquşum çatmır...

12 mart 2014

 

QOYMAYIN GEDİM...

 

Ellər,Vətən amanatı,

Bitib ömür payım,gedim...

Gedim,ölüm nəmənədi,

Lap üçəcən sayım,gedim...

Olmayın da namərd,verin,

verirsizsə mərd verin.

Mənə bir az da dərd verin,

Qol açıb,oynayım,gedim...

 

Elə gəlim xoşunuza,

Dönməyim göz yaşınıza.

Qoy dolanım başınıza,

Sevməkdən doymayım gedim...

 

Üzüm,üzmüsən Şuşasız,

Sözüm,sözmüsən Şuşasız?

Görmürsüzmü mən Şuşasız

Gedirəm,qoymayın gedim...

14 mart 2014

 

EY SONUNCU SÖZ YİYƏSİ...

 

Heç tanımır üzdən bizi,

Üzlər görən üz yiyəsi...

Yaman salıb gözdən bizi,

Gözün çıxsın, göz yiyəsi...

 

Görən yoxmu yer üzündə

Haqqı qulun,kənizin ?..

Var çayın da,dənizin ,

Öz sahibi,öz yiyəsi...

 

Hər yer dümdüz...”deyə-deyə,

Gecə-gündüz deyə-deyə.

Sən elə düz deyə-deyə,

Düzdə qaldın, düz yiyəsi...

 

Dörd bir yanı su dünyanın,

Gəl qüsulla,yu dünyanı...

Ey Sahibi bu dünyanın,

Ey sonuncu Söz yiyəsi...

14 mart 2014

 

NECƏ DƏ BƏNZƏYİR...

 

Biçilidi kəfənlər,

Ağlar öz ölüsünə.

Qoşar,hər kəs beləcə,

Haqlar öz ölüsünə...

 

Bu can,nə bədəndi,

Bağrım zədən-zədəndi.

Yiyə durmaz nədəndi,

Dağlar öz ölüsünə?..

 

Kimdi səsinə gələn,

Umu-küsünə gələn?..

Gələr yasına gələn,

Ağlar öz ölüsünə...

 

Bax,gözə dəyir gör,

Gördüyündən xeyir gör.

Necə bənzəyir gör,

Sağlar öz ölüsünə?..

19 mart 2014

 

GÜNÜN BİRİ

 

Günüm günlər içində,

Mənimdi günün biri.

Səmtimdi,tərəfimdi,

Yönümdü günün biri...

 

Biri hurim,pərimdi,

Biri “Allah kərimdi...”

Dərdimdi,kədərimdi,

Qəmimdi günün biri...

 

Birisi əlacdı,

Üz tutdum,könül açdım...

Biri başıma tacdı,

Qənimdi günün biri...

 

Ahımdı,amanımdı,

Sonuncu gümanımdı.

Lap elə imanımdı,

Dinimdi günün biri...

 

Birisi quş qanadlı,

Birisi atlı.

Gəlmir Qiyamət adlı,

Min ildi günün biri...

 

Mən bu viran ölkədə,

Öldüm səfdə,cərgədə.

Gözləyirəm,bəlkə .

Dirildim günün biri?..

20 mart 2

014

VAXT TAPMADIM...

 

Bu Novruz da sovuşdu,

Dönməyə vaxt tapmadım.

Kəndim,qaldım göynəyə-

Göynəyə,vaxt tapmadım...

 

Sovub boranı,qarı,

Keçib çətini,darı.

Bu həsrəti,qubarı,

Gömməyə vaxt tapmadım...

 

Yetmədim qəbristana,

Gözlədi atam,anam...

Nələrə vaxt tapanam,

Gör nəyə vaxt tapmadım?..

 

Ucaltdım pillə-pillə,

Söz incimi səninlə.

Sevincini səninlə,

Bölməyə vaxt çatmadı...

 

Olmalıydım harda bax,

Orda yoxam,dərdə bax...

Mən heç uzaqlarda bax,

Ölməyə vaxt tapmadım...

21 mart 2014

 

CANI CƏHƏNNƏMƏ

BU DƏRDİN...

 

Qədd-qaməti,boy-buxunu bir yana,

Əti-qanı cəhənnəmə bu dərdin...

At oynadır nökəri ,qulu da,

Bəyi,xanı cəhənnəmə bu dərdin...

Hiss olunur yandıranı,yaxanı,

Tez ötəndi şimşək kimi çaxanı.

Qorxuludu bir az yerəbaxanı,

Lal axanı cəhənnəmə bu dərdin...

Həm aşikar,həm gizli,sirr mənəm,

Çəksin,qoşun çəkiləsi yer mənəm.

Kimim var ki,Yaradandı,bir mənəm,

Dörd bir yanı cəhənnəmə bu dərdin...

deyəsən,elnən gəlib vardısa,

Gözümdə yaş,saçlarımda qardısa...

Çəkiləcək gələcəyi vardısa,

Gəlsin,canı cəhənnəmə bu dərdin...

27 mart 2014

 

BƏXTƏVƏR BAŞINA...

 

Sən gəldiyin yol bəxtəvər,

Gələn,bəxtəvər başına...

Ağa məmnun,qul bəxtəvər,

Dolan bəxtəvər başına...

Varıydımı sözdən uca,

Ondan böyük,bizdən uca?..

Görünürsən düzdən uca,

Yalan,bəxtəvər başına...

 

Elim-günüm,çək dağını,

Əksiyinin,

alçağının...

Toy-büsatın,çal-çağırın

Şölən,bəxtəvər başına...

Alsın canın ayrılıqlar,

İçsin qanın ayrılıqlar.

Dörd bir yanın ayrılıqlar,

Ölən,bəxtəvər başına...

28 mart 2014

 

ÖLMƏK ÖLMƏKDİSƏ...

 

Ölmək ölməkdisə,ta,niyə,adam,

Sirr kimi görünüb,sirr də öləsən...

Ya qismət bu boşa,faniyə,adam,

Bir doğulasan,bir öləsən...

“Quran” deyilsən ki,nazil olasan,

Elə oxunmağa hazır olasan.

Ya niyaz olasan,nəzir olasan,

Gedəsən ocaqda,pirdə öləsən...

Tutasan doğrunun,düzün əlindən,

Axıra çıxa üzün əlindən.

Lap elə bir gözəl qızın əlindən,

Düşəsən bir qəfil dərdə,öləsən...

Geriyə yolmu var gedən,qürbətdən,

Nədən bezəsən ki,nədən,qürbətdən?..

Bir halda seçilmir Vətən qürbətdən,

Daha fərqi var harda öləsən?..

Səsini eşidib,duymasalar da,

Halalca haqqını qıymasalar da.

Nolar,yaşamağa qoymasalar da,

Qoyalar öldüyün yerdə öləsən...

30 mart 2014

 

Kəmaləddin Qədim

525-ci qəzet.- 2014.- 7 iyun.- S.29.