"Əsərləri"
V cild (1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov;
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Hərb dəhşətləri
altında məhv olan insanlara sülh bəşarəti,
cahangirlik altında paymal olan millətlərə istiqlal
müjdəsi, istibdad çəngəlində can çəkişən
zəhmətkeşlərə hürriyyət nəvidi verən
İngiltərə, Fransa, Amerika və müttəfiqlərinin
cəmaətləri dəxi müxtəlif cinslərdən,
millətlərdən verilən bəşarət, müjdə
və o nəvidlərə müstəhəqq təbəqə
və cəmiyyətlərdən ibarətdirlər.
Verilən vədlərin vəfa və şəfa ilə
ifası onların kəndilərindən ötrü də mənasız
degildir.
Zənn edirmisiniz ki, Böyük Britaniya məhkum etdigi
düşmən məmləkətlərdə ki, əhalinin
hüquqi-milliyyəsini təmin eləsin də, bu müzəffəriyyətin
hüsulində kəndisi ilə silah arkadaşlığı
edən hindlinin ehtiyacını nəzərə almasın? Yaxud
İrlanda humrulı nəticəsiz qalsın...qətiyyən
degil.
Hərbi-ümumi bir şeyi isbat etdi. Bunu hər
şeydən ziyadə isbat edən İngiltərə, Amerika,
Fransa ittifaqı isbat etmiş oldu.
Bir millətdən təşəkkül edən dövlətlər,
yaxud millətləri təzyiq ilə degil, ülfətlə
birləşdirmiş olan dövlətlər müzəffər
çıxdılar. Müqabilə qüvvətləri
çox oldu. Ağır zərbələrə
dayandılar. Hətta bu gün məğlub
kibi görülən Almaniya belə bu xususda bir istina təşkil
etməmişdir.
Kimsədən ötrü gizlin degildir ki, bu hərbi-ümumi
əsnasında ən çox sarsılan, ən çox daxili
təşvişlərə tutulan və axırda bəxilənmiş
olduğu parçalara dağılan hökumətlər –
Rusiya, Avstriya və Türkiyə hökumətləri
olmuşdur. Çünki bu üç hökumət dünyada
mövcud müxtəlif millətlərdən ibarət olan
dövlətlərin ən məxluti, ən azarlıları
idi. Bunların azarı milli dövlət
olmamaqdan, ayrı-ayrı millətləri, mənfəətləri
təbii bir surətdə degil, zor və güclə bir məqsədə
çevirtdirməkdən ibarətdi.
Türkiyənin nicatı Osmanlı imperatorluğu degil,
türk hökuməti olmaqdadır. Amənna, buna Milyukov
degil, bütün türkçülər, milliyyətin ən
qüvvətli birlik cameəsini xəlqimizin “dili dilimdən,
dini dinimdən” dedigi cameəsində görən müasir
müsəlmanlar dəxi etiqad edərlər. Fəqət əcəba, bu düstur neçün
yalnız Türkiyəyə münhəsir olsun?! Neçün Rusiyanın səadəti tamamilə
rus kütləsindən mütəşəkkil milli bir
dövlət şəklinə girməkdə olmasın?!
Neçün dini türkün dinindən, tarixi türk ilə
birlikdə islam yolunda cihad etməkdən ibarət ola gələn
və əsrlərdən bəri türk sultanını xəlifəyi-ruyi-zəmin
deyə tələqqi edən ərəbin Türkiyədən
ayrılıb da bir Ərəbistan vücuda gətirməsi
Türkiyə üçün bir səadət, bir
yüngüllük ədd edilsin də, məsələn,
Gürcüstan, Ermənistan, daha ziyadə tamamilə başqa
bir dil, özgə bir din, adət və ənənata malik olan
Azərbaycan və Türkistan kibi vilayətlərin
istiqbalı təsəvvür olunmasın?!...
Bu bir zehniyyətdir.
Zehniyyət demək insanın beynində yer tutmuş bəzi
sabit fikirlərdir ki, onu oradan çıxarmaq çətin
bir işdir.
Bu xəstə zehniyyət yalnız bu gün müsafir
kibi bulunduğu İstanbula bir fateh və bir sahib kibi girmək
azarı ilə xəstə olan Milyukovun qafasına məxsus
degil, kəmali-təəssüflə görüyoruz ki,
bütün rus partiyalarında vardır.
Yalnız Milyukovun şagirdləri olan “Yedinnaya Rossiya” qəzetəçiləri
degil, biz görüyoruz ki, rus partiyalarından heç biri ən
soldan tutub ən sağına qədər bizim həqqi-istiqlalımızı
qəbul etmək istəmiyorlar. Biz görüyoruz onlar “ xilaskar” və “naci” – deyə buraya gətirdikləri
və gəldikləri günə “xilas günü” dedikləri
ingilisləri, Azərbaycan istiqlalını tanımaya nail
görüncə nə intriqalar çevirməgə, nə
böhtanlar söyləməgə başladılar!!... Onlar hətta o dərəcəyə gəliyor ki, adəta
Azərbaycan türklərinin neçün durub da ingilislərlə
ədavət eləmədiklərinə acıqlanıyorlar.
Bu xüsusda heç bir zaman barışmayan bolşeviklə
kadet belə kəndi aralarında ümumi bir dil buluyorlar. Menşevik
eserlə anlaşıyor. Əmələ
burjayla birləşiyor. Arşın ikiləşiyor.
Tıbkı Milyukovun arşını kibi.
Vahid Rusiya deniliyor. Bu
bütün demokratiyanın səsidir – deyə iddia olunuyor.
Azərbaycan deniliyor, bu Müsavatın intriqası, xan, bəy
və ağaların kələkidir sayılıyor.
Azərbayca istiqlalını bütün Azərbaycan
sosialistləri də müdafiə ediyor – deniliyor. Buna
qarşı onlar müsavatçı sosialistdir – diyorlar.
Fəqət unuduyorlar ki, bu məntiqə kəndiləri də “Kadet”çi
sosialistlərdir.
Bu bir zehniyyətdir. Fəqət xəstə
zehniyyətdir. Bu zehniyyətlə bilxassə
hökumət eləməyə, hakim olmağa öyrənmiş
olan millətlərin firqələri tutulmuşdur. Tutulmaları bir dərəcəyə qədər təbiidir
də. Milyukovun və milyukovçu
sosialistlərin düçar olduqları xəstəliyə bən
bəzi Türkiyə firqələrinin də giriftar
olduqlarını görmüşdüm.
Fəqət bu xəstəlik firqə
partizanlığı edən bəzi politika adamlarında olsa
da əmin olmalıdır ki, məsələyə daha saf və
daha aydın nəzərlə baxan və hadisələri
sağlam bir hisslə duyan xəlq, əvamfərib və zəhərli
siyasətlərlə xərab edilməmiş olan cəmaət
hər zaman doğruyu sezər. Bir kərə bu
doğruyu sezdimi, həqiqi rəhbərlərini görər,
həqiqət yolunu tapar.
Ümid edəlim ki, tarixin bir məsəlini daha qeyd edəmədigi
cahan müharibəsinin verdigi dərslər nəticəsində
müqəddərati-aləmə icrayi-təsir etmək vəzifəsilə
vəzifədar olan böyük millətlərin böyük
də demokratiyası bu böyük həqiqəti sezəcək
dərəcədə həssas olsun.
Bu olursa, o zaman arşınlar birləşir. Türkiyə
üçün istənilən Rusiya üçün də
istənilir. “Demokratiya” denildiği zaman mənası
dəgişilib də “rus milləti” anlaşılmaz. “Azərbaycan
milləti”ni dəxi bəy, xan – deyə təfsir
edəməzlər!
M.Ə.Rəsulzadə
“Azərbaycan”
12 qanuni-sani (yanvar) 1919, ¹85
Nəvid
– vədə
Müstəhəqq
– ehtiyacı olan, layıq
Məxlut
– qarışıq
Məşi
– yeriş, hərəkət, rəftar tərzi
Bəxil
– paxıl, simic, xəsis
Naci –
qurtulan, nicat tapan
Zakatala məsələsi
Zakatala okruğu Zaqafqasiyanın xalis müsəlman əhali
ilə məskun vilayətlərindən biridir. Buradakı 100 min əhalidən,
ən mübaliğəli hesabla ancaq 5 min miqdarı “inqlo”
adı ilə məşhur gürcü manənd bir cinsdən
olub mabəqisi qismən türk, qismən də ləzgi həpsi
müsəlmandır. Türkcə bütün
müsəlmanlar arasında danışılır ümumi
bir dildir. Bura əhalisi əskidən
İlisu sultanlığı adı ilə muxtar və müstəqil
bir həyati-siyasi ilə yaşıyaraq daima müsəlman məmləkəti
olmuş, Rusiya tabeətinə keçdikdən sonra dəxi
bir idareyi-müstəqilə halında bulunmuşdur.
Zakatala okruğu Zaqafqasiyada təşəkkül edən
cümhuriyyətlərin hankısı daxilində
olmalıdır?
Bu məsələ ortaya atılınca yuxarıda
söylənən əlamətlərə bir də bu vilayətin
sıldırım Qafqaz silsiləsi ənkində olduğunu əlavə
etməlidir.Vilayətin Şimalı Qafqasiya ilə olan rabitəsi
aylarla bağlanıyor. Coğrafiya nöqteyi-nəzərindən
Zakatala Nuxa qəzasının mabədidir. Bunlar nəzərə alındığı zaman
yuxarıdakı sualın cavabı kəndi-kəndiligindən
verilmiş olur.
Zakatala əhaliyi-islamiyyəsi bu xüsusda məntiqin,
milli, dini, ictimai və coğrafi məntiqin icab etdirdiyi
cavabı zatən vermişlərdir. Daha Cənubi Qafqaz
müsəlmanlarının mərkəzi komitəsi təşkil
olunduğu zaman zakatalalı qardaş-larımız kəndi
nümayəndələrini göndərməklə bizimlə
mərbut olduqlarını göstərmişlərdi. Azərbaycan hökuməti ilk dəfə olaraq Gəncədə
təşəkkül elədiyi zaman Zakatala vi-layəti dəxi
bu hökuməti tanıdı, onun göndərmiş
olduğu məmurları qəbul elədi. Zakatala Milli Komitəsi vilayətin Azərbaycan
daxilində olduğunu rəsmən elan elədi. Şimdiki halda dəxi Zakatala nümayəndələri
Azərbaycan parlamanında isbatı-vücud ediyorlar.
Meydanda bu
qədər bariz sübutlar,cərh edilməz də-lillər,
söz götürməz bürhanlar var ikən
Gürcüstan-Azərbaycan ittihadının daisi olan “Qruziya”
qəzetəsinin Azərbay-can Zakatala uyezdindəki həqqi-hakimiyyətini
inkar edəcək bir tərzdə nəşriyyatda
bulunmasına təəssüf etməmək qabil degildir.
Azərbaycan hökuməti hər bir nöqteyi-nəzərdən
ixtilaf götürməz bir qitəsi olan Zakatalaya aid olan
övraq və və-siqələrin kəndisinə təslimi
üçün Gürcüstan hökumətinə müraciət
eləmişdi. Gürcüstan hökuməti isə bu
vilayətin kəndisinə aid oldugunu iddia ilə, məsələ
həll olunmayana qədər istənilən övraq və vəsiqələrin
Azərbaycan hökumətinə veriləmiyəcəgini
bildirmişdir. Gürcüstan hökumətinin
bu hər növ heyrət və təəccübə-şayan
olan cavabını “Qruziya” qəzetəsi iki əl ilə imza
ediyor. Həm də “Gürcüstan ilə
Azər-baycan münasibatına suyi-təsir hasil edəcək”
bu məsələdə Azərbaycan hökumətinin bu kibi
bir təklif ilə Gürcüstana müraciət eləməsini
səlah görmüyor.
“Qruziya” qəzetəsi hüdud məsələlərinin
həllində yalnız “milliyyət” prinsipindən nəşət
edib də məsələyi hankı yerdə, hankı millət
oturuyor, – deyə həll etməyi müvafiq görmüyor. Zakatala
okruğu tarixən bir Gürcüstan vilayətidir – diyor.
Biz bu məsələyi şu sırada mövzuyi-bəhs
etmək istəməzdik. İstəməzdik
ki, arada felən bir məsələ yox ikən Zaqafqasiya
cümhuriyyətləri bədxahlarına artıq söz
danışmaq üçün fəzlə material verək.
“Qruziya” qəzetəsi
topraq üzərində yaşayan xəlqin arzui-ümumisi, rəyi-qəti,
nüfusun cinsiyyəti, dili, adət və əxlaqı və
bütün bunlar üzərinə, cəbrən degil, yerli xəlqin
kəndi tip xatiri ilə vaqe olmuş bir işi (əmri-vaqe)
degil, xatiri sayirlər bir əsas olmaq üzrə yalnız
“Gürcüstanın hüquqi-tarixiyyəsini” etibara alır və
ancaq bu düstura təqdis edib də, iddialarını
yalnız bu nöqtədən iqamə edərsə, o zaman – əmin
olsun ki, – tək qalır, kəndisinə dost bulamaz.
Gürcüstan
böylə bir iştaha ilə yaşarsa,o
zaman Qazax qəzası ilə Gəncə qəzasını dəxi
təhlükəyə məruz görmək qorxusunu bəsləməyə
həqli olmazmıyız?
Bu kibi iddialar nəyə yarar, əcaba? Demokrat Gürcüstan kəndisinə
bir növlə isanamiyan Axisxayı alır, cəbrlə olsa
da Borçalıyı tutar, yerli əhalinin ruhuna, arzusuna,
cinsiyyətinə və əzminə rəğmən – fərz
edəlim – Zakatala ilə Qazax və sairəyə malik olarsa nə
qazanır?
Kəndisinə müxalif vilayətlər, kəndisinə
darğın qomşular.
Biz Gürcüstan hökumətini etidala, dostunu
tanımağa dəvət edəriz. Azərbaycan ilə
Gürcüstanın dostluq və anlaşmaqdan hasil edəcəkləri
böyük mənfəətlər yanında bu kibi
könül bulandırıcı hərəkətlərə
məhəl qalmamalıdır. Təyini-hüdud
kibi məsələlərdəki əsrimizin ruhuna uyan əsasların
milliyyət və rəyi-amm (referendum) olduğu hər kəsdən
ziyadə Gürcüstan hökuməti başında duran
sosial-demokratlara bəlli olsa gərək. Milli tələbləri
demokratlıq cildinə geydirmək məharətində Sereteli
kibi natiqpərdazlar hər nə qədər mahir olsalar da, təsirləri
yalnız Azərbaycan hüdudini “nəfəslik”dən bir az
uzaqlaşdırmaq, Tiflisə nəfəs verdirmək üzərinə
aid ola bilər. Yoxsa qəti imperialist məsləki
olan “hüdudi-tarixiyyə” əfsanəsini Sereteli cənabları
belə söyləsə, kimsə onu bir həqiqət olaraq qəbul
edəməz.
Zakatala müsəlmanları isə heç bir vəchlə
gürcü hökumətini qəbul edəməzlər. Onların
böylə bir əzmdə olduqları gürcü məhafilinə
məlum olsa gərəkdir.
Zakatala okruğu Azərbaycanın zəngin, hasili-xiz,
ğəyyur və həmiyyətmənd bir qitəsidir. Bu vilayət
Şərqi Qafqasiyayı anarxiya seli silib süpürməkdə
olduğu bir zamanda kəndi arasından kafi miqdarda
könüllü çıxarmış, kəndisini
müdafiə eləmişdir. Azərbaycan
hökuməti əxzi-əskərə
başladığı zaman bu vilayət böyük bir
sürur və şövq ilə əskərligi qəbul eləmiş,
bütün gənclərini silah altına almışdır.
Nasıl olur da böylə bir vilayətə bu qədər
şövq, zövq və hissiyatla mərbut olduğu məmləkətdən
ayrılmaq, istəmədiyi bir məmləkətə
qoşulmaq təklif olunur?!...
Bir məmləkətin bir dövlət tabeyətində
bulunması üçün müasirinin qanacağına
görə hər şeydən əvvəl o məmləkət
əhalisinin könlü əldə olmalıdır.
Gürcüstan hökumətinin Zakatala okruğu üzərinə
iddiayi-təmlik etmək üçün əlində nəyi
var? Azərbaycana vermək istəmədiyi övraqmı?
İştə o qədər.
Varsın
bir tərəfdə əhalinin milliyyəti,dini,
meyli, arzusu və güc istemal etmədən hasil olan bir əmri-vaqe,
digər tərəfdən də təsadüfən əldə
qalan köhnə idarələrə aid bir takım övraq və
vəsaiq olsun.
Bitərəf
bir məhkəmə hüzurunda bunlardan hankısının
daha qüvvətli bir həcət olduğu bir takım rəsmi
mülahizələr və “hikməti-hökumət” kibi “nazik
nöqtələr”lə bağlı olan Gürcüstan
hökumətincə “məchul” olsa da gürcü-türk
dostluğunun mürəvvici bulunan “Qruziya” qəzetəsindən
ötrü heç olmasa məlum olmalıydı.
Təəssüf olunur ki, gürcü
qonşularımız “tarixi hüdud” prinsipini suyi-təvilə
uğratıyorlar. Fəqət ümid edəlim ki, vəqtin
əhəmiyyətini dərk elər də bu təvili fəna
bir surətdə istemal etməyə qədər getməzlər.
M.Ə.Rəsulzadə
Azərbaycan”
14 qanuni-sani (yanvar) 1919, ¹87
Manənd
– oxşar,bənzər
Mabəqi
– yerdə qalan, qalıq
Bürhan
– sübut, dəlil
Övraq
– korlanmış
Təşəttut
– səpələnmə
Anım –
xalq, camaat
Xiz –
dayanan, duran, qalxan
Sərvər
– başçı
Mərvi
– nağıl olunmuş,
rəvayət edilmiş
Türkiyə məğlubmudur?
Mütarikə əqd olunmuş, Türkiyə aman istəyəcək
bir dərəcəyə gəlmiş, müttəfiqlər
İstanbula oturuyorlar.
Demək Türkiyə məğlub olmuş.
Zahiri düşünülürsə böylədir. Məğlubluq
vaqeədir.
Bu mülahizədən baxılarsa çox adamlar Türkiyənin
məğlub olduğuna hökm edərlər. həm
sözün cəmaət arasında mötad olan mənasilə
də iş böylədir.
Türkiyə müttəfiq dövlətlərə
qarşı məğlubdur. Mənsub olduğu
müharib dövlətlər zümrəsi sındı.
O da onlarla bərabər basıldı, məğlub oldu.
Bu xüsusda iki söz olamaz. Böylə zahiri bir
müha-kimənin təsiri çox böyükdür. Yalnız zahiri binamlar degil, Türkiyənin məarif
naziri məqamında bulunan filosof Rza Tofiq bəy cənabları
dəxi hökumətə vaqe olan bir sorğuya cavab verərkən
“nə yapalım onlar qalibdir, biz məğlub, hökm
qalibindir” – demişdir.
Məarif nazirinin böylə filosofanə bir rizadə
bulunması məbuslardan bəzinin ötəri tənqidatına
məruz qalmışsa da, ən şiddətli taziyanəyi
İstanbul qadınlarından yemişdir.
Oxucular yəqin
hiss ediyorlar ki, “Qazi Köy” xanımlarının qəzetələr
vasitəsilə nəşr eləmiş olduqları
protes-tonamədən bəhs ediyoruz. Qəzetəyi
diqqətlə oxuyanların ömürləri uzunu
unutmayacaqları lazım gələn bu fəqərəyi, hər
ehtimala qarşı bir daha buraya nəql ediyoruz. Bəlkə oxumamış olanlar vardır.
İstanbul
“Qazi Köy” xanımları məzkur protestolarında diyorlar
ki:
“Tarix cəhlinə
Çanaqqalanın müdafiəsi kibi bir şah əsəri
ehda edən qəhrəmanların ana, zövcə, həmşirə
və qızları olan bizlər Çanaqqalanın müqəddəs
topraqları altında yatan şəhidlərimizin ruhi-müəzzizləri
qarşısında türk qadınlığına və aləmi-mədəniyyətə
xitab ediyoruz:
Limanımızda görülən ahənin qələləri
məğlub edən və qaraya çıxarılan yarım
milyon əskərini dənizə tökən milləti-mizi məğlub
ədd etmiyoruz.
Dün Məclisi-Məbusan kürsüsündən
hökumət naminə söz sözləyən məarif
nazirinin “məğlubuz, istədiklərini yaparlar” sözlərini
şiddətlə protesto edəriz.
Paçələrimizi yırtan və sonra hürriyyəti-cahan
naminə deyə hərb etdiklərini elan edənlərə təəssüf
ediyoruz. Hüquqi-milliyyə və ismətimizi mühafizə
edəcək hökumət və ərkan yoxsa biz varız”.
“Qazi Köy” türk xanımlarının bu protestonaməsi
müşkül zamanlarda gücü ancaq dilinə
çatanların qüvvət vahimindən arı sözü
kibi görüləməz.
Bu sətirlərdə böyük bir qüvvət, bir
iman qüvvəti görülüyor. Çanaqqala müdafiəsi
kibi “Şah Əsər”in ittihadı ilə qəhrəman millətlərini
məğlub ədd etməyən analar, zövcələr və
bacıların yerdən göyə qədər həqləri
vardır.
Çanaqqala əsrimizin əqlləri heyran buraxan
möcüz-nüma sənəti texnikası, böyük mənzilli
topları, bilməm hanki cəhənnəm asa ixtiraları
vasitəsi ilə müdafiə edilməmişdi. Burası vətənini
xilas etmək, hürriyyətini saxlamaq, paytax-tını
qorumaq niyyətilə canını verən qəhrəman bir
millətin köksü ilə ölümü istehqarı ilə
müdafiə edilmişdir. Bu müdafiə
yüz minlərlə nüfuza mal olmuş. Türkiyə əməlpərvər gənc-liyi,
türk millətinin çiçəkləri burada tələf
olmuş, canını cana-nına vermişdir.
Müharibənin mənfur, nəngin səhifələri
arasında öylə şanlı parçaları vardır
ki, qarşısında təzim üçün əgilməlidir.
Məsələn, kiçik Belçikanın o
ölür, fəqət dönmək bilməz əzmi,
Serbiyanın hər növ məhrumiyyətlərə, məhviyyətlərə
qarşı Tadem Bisinə qədər duruşu hərbi-ümuminin
təqdirlərlə yad edəcək hadisələrdəndir.
Çanaqqala hadisəyi-kəbirası dəxi tarixin
sitayişlərlə yad edəcəgi şanlı bir cilveyi-hərb,
şahkar bir müdafiədir.
Çanaqqaladakı türklük Vardendəki
fransızlıq kibi yalnız maddətən degil, mənən
də qalib idi.
Türklər Çanaq-qala müdafiəsini təfəxxürlərlə
yad edərkən “bu müdafiə ilə biz yalnız
İstanbulu degil, İstanbuldan daha qiymətdar bir şeyi
qazandıq” – deyə tərif ediyordular. O şey nədir:
Etimadi-nəfs!
Çanaqqala
müdafiəsində müzəffər çıxan
türklər bir az əvvəl Balkan
müharibəsində itirdikləri etimadi-nəfslərini
qazanmışdılar.
Yaşaya biləcəgiz – deyə inanmışdılar.
Etimadi-nəfsin türkcəsi “özünə güvənmək”dir.
Özünə güvənən türk Çanaqqala
müdafiəsində yalnız maddətən degil, mənən
də qalib idi.
Bunu artıq nə bəndən, nə də İstanbul
qəzetələrindən degil, türklərin böyük
dostu fransız ədibi-möhtərəmi Pyer Loti həzrətlərindən
ögrənəlim.
Fəqət Pyer Lotinin mütarikədən sonra
Türkiyə həqqində yazmış olduğu bir məqaləsinin
mövzumuza aid olan bəzi parçalarını buraya nəql
etməkdən əvvəl bu böyük mühərririn kəndisi
həqqində bir kaç sətir yazmadan keçəmiyəcəgəm.
Türkiyə müharibəyə girər-girməz Pyer
Lotinin türklərdən üz çevirdigini, bir bəhriyyə
zabiti sifətilə İstan-bula qarşı müharib olaraq
getdigini və türk dustağından hü-zur nasda tövbə
elədigini rusca qəzetələr nəşr eləmişlərdi.
Şərq aşiqi səmimi bir Qərb mühərririnin
nə olduğunu təsəvvür edəməyən adamlar
bittəbii bu xəbərə inanmışlardı. Bilxassə ki,
müharibənin ilk günlərində vətən qeyrəti
və millət təəssübünün məntiqinə
uyan hər bir xəbərə inan-mamaq əldə degildi.
Dünya “internasionalı” uçduqdan, sosialistlərin belə
qarşı-qarşıya gəlib də vətən və
millət naminə biri-birinə qılınc çəkdikdən
sonra bir fransız ədibinin təğyiri-məslək etməsində
nə yas ola bilərdi.
Fəqət həqiqət böylə deyilmiş. Pyer Lotinin
türklərə qarşı olan məhəbbətini
“müəzzəz və şimdi hər zamandan ziyadə
şayani-pərəstiş” Fransası ilə Türkiyə
arasındakı hali-hərb belə dəgişməmiş, dəgişəməmişdir.
Pyer Lotinin türklər həqqindəki bu məqaləsini
ayrıca dərc edəcəgiz. Burada isə
Çanaqqalada türklərin mənən dəxi qələbə
çaldıqlarını isbat edən bir yerini nəql
ediyoruz.
Fransa
mühərriri:
“Diyoram ki
və bütün müddəti-həyatımda dedim ki, türklər Şərqin ən
namuskar, ən salim ünsürünü, bilxassə ən səbur
və ən mütəhəmmil olanını təşkil edərlər”
– diyor və əlavə ediyor ki:
“Bu iddia həqiqətə naməhrəm olanları
diksindirə bilər, inanmaq istəməzlər”.
Fəqət
bu kibilərin ən inadçı olanlarını belə
iqna etmək üçün müharibəyə gedərkən
kəndisini türklər həqqindəki fikirlərindən
dolayı “təhlükəli bir xəyalçı” təsəvvür
edən bir çox general, zabit və nəfər
dostlarından aldığı bir kitablıq minlərcə məktubdan
bir parasını nəşr ediyor. Əzcümlə kəndisinə
oradan (Çanaqqaladan) yazıyorlar ki: “Ox, bunları, bu nəcib
və qəhrəman adamları siz nə qədər iyi
tanı-yormuşsunuz, bu adamlar ki, əsirlərə, məcruhlara
qarşı o qədər müşfiqdirlər və
onları birər qardaşa bakıyorlarmış kibi tədavi
edərlər. Bizə etimad ediniz vətənə
dönüncə sizin hissiyyat və etiqadatınıza biz də
bizimkilərini kümələrlə əlavə edəcəgiz!”.
lll
“Qazi Köy” xanımlarının filosof Rza Tofiq bəy əfəndiyə
iyi bir fəlsəfəyi-siyasiyyə dərsi verdiklərində
nə dərəcədə həqli
olub-olmadıqlarını daha aydın bir surətdə həll
edə bilmək üçün Türkiyənin nə
üçün hərb elədigini bilməlidir.
Həqiqətən Türkiyə nə üçün
hərb ediyordu? Üzərinə mütaliə
yürütdügümüz mövzu ilə bu sualın
böyük bir əlaqəsi vardır. Çünki
Türkiyənin hərbdən gözlədigi məqsədi
hasil olmuşsa qalib, olmamışsa məğlubdur.
Hərbi-ümumiyi doğuran amillərdən ən
müəssiri olanı məşhur Şərq məsələsidir.
Bu məsələdən dolayı
qarşı-qarşıya gələn iki müharib zümrə
arasında Türkiyə bitərəf qala bilməyəcəkdi. Bir tərəfə
qoşulmalıydı. Türkiyə
Almaniya zümrəsinə qoşuldu. Fəqət
bununla o, Fransa ilə İngiltərəyə degil, Rusiya
çarlığına elani-hərb etdi. Rusiya
İstanbulu istiyordu. Rusiya Türkiyəyə
qəsd etmişdi.
Pyer Loti
“türklər bizə degil, ruslara elani-hərb etdilər” diyor
və “onların yerində kim başqa tərzdə
hərəkət edə bilərdi?” – deyə
kəndilərinə həqq veriyor.
Türklərin müharibədəki məqsədləri
rusların qalib gəlməməsi idi.
“Xəstə adam” malına göz dikmiş və bunun
üçün canına qıymış “sağlam”
qonşusu ilə son dəfə olaraq pəncələşməgə
qərar vermişdi.
Türkiyə
əsrimizdə icra olunan müharibə nöqteyi-nəzərindən
müvəffəqiyyətlə çəkişməgə
müsaid bir məmləkət degil ikən, daha Trablis-Qərb,
Balkan hərbləri, Yəmən, Hərvan, Arnavud
ixtilalları ilə siyasi inqilablar keçirmiş, yorğun və
bitab düşmüş ikən hərbə girdi.
Bu qələbə
degilmi ki, tam mənasilə sağlam və 10 milyonluqla əskər
çıxarmış Rusiya kibi əzim bir dövlətin
davam gətirəmədigi bu bədru-əzimədə xəstə
təsəvvür olunan Türkiyə daha ziyadə qabiliyyəti-həyat
göstərdi?...
Türkiyənin bu nöqteyi-nəzərdən məqsədi
hasil oldu. Canına qıymış, İstanbula göz
dikmiş Rusiya bu gün yoxdur. Demokratizm və
sosializm fikirləri ilə pürcüş bir qazan kibi qaynar
bir qitə üzərində bir çox hökumətlər,
istiqlallarını təminə çalışan xırda
millətlər vardır. Əsl rus milləti
isə Sazanov-Milyukov məsləkini təqiblə
Ayasofiyanın başına xaç taxmaq qəsdində degil,
kəndisinə təhəmmül olunur bir insan həyatı təmin
eləməklə məşğuldur.
Bu, Türkiyənin qələbəsidir. Məclisi-Məbusan
rəisi Xəlil bəy bu qələbəyə aləmşümul
bir məna vermişdi. O, Çanaqqala müdafiə edilməsə
bu günün hakimi Vilson degil, İkinci Nikolay olacaqdı –
diyor. Bəlkə bir dərəcəyə qədər
də həqq söylüyor.
Tələt Paşa kabinəsinin ən böyük xətası
hərbə girməsində degil, hərbdən
çıxmamasındadır. Türkiyəyi təhdid
edən bir Rusiya ortadan çıxdıqdan sonra türklər
üçün artıq heç bir məqsədi-hərb
qalmamışdı.
Məğlub olan Türkiyə Brest-Litovskdan sonrakı
Türkiyədir.
lll
Ərəbistanın
istiqlalını, Ermənistanın muxtariyyət
alacağını, Suriyanın ayrıldığını,
xülasə Osmanlı imperatorluğunun
parçalandığını, Türkiyənin olsa-olsa
türklərlə məskun Anadoluya inhisar edəcəgi
mühəqqəq olduğunu nəzərə alaraq, nasıl
olur da Türkiyə qalib olur – deyə heyrət edə bilərlər.
Osmanlı
Məclisi-Məbusanında Rza Tofiqin mövzui-bəhsimiz olan
nitqi irad olunan iclasda məbuslardan birisi “bu millət ölməz,
çünki islamiyyətə istinad ediyor və müsəlmanlıq
və osmanlılıq layəmutdur” – demişdir.
Fəqət bən cəsarət edib demək istiyordum
ki, bu müharibədə məğlub olan bir şey varsa, o da
müsəlmanlıq və osmanlılıqdır.
Türklər elani-cihad etdilər. bütün
müsəlmanları kəndiləri ilə bərabər hərb
etməgə çağırdılar. Fəqət
fətvai-cihad ərəb üsyanı ilə Hicaz, Suriya və
İraq istiqlallarından başqa bir nəticə vermədi.
Osmanlılıq fikri dəxi iflas etdi. Türklər
kəndilərindən başqa kəndilərinə sadiq bir
ünsür bulamadılar. Hər millət
kəndi kökü üzərində bitmək istədi.
Bununla mübarizə edərkən türklər
erməni məqatilatı kibi maddi və mənəvi
böyük zərərlərə, həqiqi məğlubiyyətlərə
uğradılar.
Rus imperializmi kibi türk mərkəziyyətçiligi
də aləmşümul müharibənin təzyiqinə
dayanamadı.
Avstriya xəlitəsi kibi Osmanlı xəşili
də qaynayıb qarışamadı.
Süleyman Qanuni zamanındakı “müsəlmanlıq
iksiri” iqtizai-zəmanə pək yabançı bir tədbir
olaraq “milliyyət kimyası” qarşısında kargər
olamadı.
Osmanlı imperatorluğu ilə müsəlman xəlifəligi
məğlub oldu.
Bu məna ilə filosof Rza Tofiq bəyin bütün mənasilə
“məğlub olduq” deməgə həqqi vardır.
Fəqət bununla bərabər, Türkiyədə əməlpərvər
bir gənclik var. Bu gənclik xəlqə doğru getmək
yolu ilə azim, demokrat və milliyyətpərvər bir qafilədir. Əməlpərvərlər
qafiləsi! Bu qafilə Anadolunun dərdlərini
çəkiyor, türkün qəlbi ehtiyaclarını dərk
ediyor. Çanaqqala xariqələrini
göstərən bir millətin müasir bir həyati-milliyyə
yoluna düşdükdən sonra qabil degil, dünya
üzündən silinməyəcəginə, kəndi
hürriyyətilə, düha və ürfanilə xarab
olmuş mədəniyyət dünyasının təmir ediləcək
bağında rəngin və rəna bir baxça
yapacağına əmindir.
Bu əmniyyəti, bu imanı ilə o
çalışıyor. Əvvəla, kəndisinə,
sonra da dünya demokratiyasının əzminə, məzlum bəşəriyyətin
adil vicdanına inanıyor. “Cəmiyyəti-Əqvam”
daxilində türk millətinin də möhtərəm və
azad bir mövqe tutacağı üçün
çalışıyor, çarpışıyor. Bu səylər məşkur olmaya bilməz. Bu ümidlər əlbəttə ölməz.
Bu nöqteyi-nəzərdən “Qazi Köy”
xanımlarının “millətimiz məğlub degildir!”
bağırmaya həqləri vardır.
Türkiyə
məğlub degildir!
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
17 qanuni-sani (yanvar) 1919, ¹90
Mötad
– adət olmuş, dəb
Cəhl –
bilməməzlik, tərslik
Ehda – hədiyyə
vermə
Ahənin
– dəmir
Paçə
– baş, kəllə
Nəfs –
ruh, övlad, nəsil
Nəngin
– bədnamlıq
Etimadi-nəfs
– inam ruhu, özünə güvənmək
Səbur
– çox səbirli, çox dözümlü
Mütəhəmmil
– davam gətirən
Müəssir
– təsir edən, amil
Pürcüş
– çox bərk qaynayan
Layəmut
– ölməz, əbədi
Məqatil
– qətl yerləri
Xəlitə
– qarışıq; torba
Məşkur
– şükr edilən, yaxşı
Bədru
– çirkin
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 7 iyun.- S.26-27.