Prjevalskinin borclu olduğu şəkili –
Zaman bəy Şıxəlibəyov
Doğma Azərbaycanımızın yetirdiyi nə qədər dəyərli oğullarımızı, dövlət adamlarımızı hələ də tanımırıq! Bu yazıda onlardan biri olan Zaman bəy
Şıxəlibəyovdan söz açacağıq. Zaman bəyin həyat yolu Azərbaycan
(Şəki) – Türkiyə (İstanbul) – Şərqi
Türküstan (Kaşğar) – Orta Asiya (Buxara, Daşkənd)
torpaqlarından keçsə də indiyədək bu yerlərin
heç birində ona həsr edilmiş ayrıca bircə məqalə
belə yazılmayıb. Bu, onun haqqında ilk
yazıdır.
Rus məmurlarının
1860-cı ildə tərtib etdiyi, professor Ədalət Tahirzadənin
Azərbaycan Respublikası Tarix Arxivindən üzə
çıxardığı Şəki şəhərinin
müsəlman məmur və bəylərinin 82 səhifəlik
siyahısında mərhum praporşik Şıxəli bəy
Hacı bəy oğlunun oğulları: 22 yaşlı quberniya
katibi Zaman bəy (təx. 1838), 20 yaşlı Bala bəy, 16
yaşlı Mehdi bəy və 8 yaşlı Məhəmməd
bəyin adlarını oxuyuruq. Burada Zaman bəyin
oğulları: 4 yaşlı İsa bəyin və 1
yaşlı Hacıağa bəyin də adları çəkilir.
Sonralar bu oğullar soyadlarını Şıxəli
bəyə istinadək “Şıxəlibəyov”
götürüblər.
Bizi Zaman bəy Şıxəli bəy oğlu
Şıxəlibəyovun kimliyi çox maraqlandırdı,
buna görə də onun şəxsiyyətini öyrənməkdən
ötrü ən müxtəlif mənbələrə
baxdıq və çox maraqlı faktlar əldə etdik. Doğrudur,
bizim öyrəndiklərimiz hələ Zaman bəyin həyatı
haqqında tam təsəvvür yaratmır (hətta
ölüm tarixini belə dəqiqləşdirə bilməmişik),
ancaq topladığımız məlumatın gələcək
araşdırmalara ciddi təkan verə biləcəyini
düşünürük.
***
Səbəbini hələ dəqiq müəyyənləşdirə
bilmədiyimiz bir hadisə üzündən Zaman bəy və
qardaşları Şəkidən Osmanlı torpağına –
İstanbula qaçmalı olublar. Bizcə, bu,
çarizmin müstəmləkə rejiminin təzyiqləri nəticəsində
baş vermişdi. İstanbulda Osmanlı hərbi
qüvvələrində qulluq etməyə başlayan Zaman bəy
burada tezliklə böyük nüfuz sahibi olub.
Şərqi
Türküstanı – Kaşğarı (bu gün ora
Çinin uyğur türklərinin yaşadığı
Sincan muxtar vilayəti kimi tanınır) Çin
istilasından qurtarmaq üçün böyük bir
savaşa girən Məhəmməd Yaqub xan (1820-1877)
özünün qardaşı oğlu Seyid Yaqub xan Törəni
İstanbula elçi olaraq göndərdi və 16 iyun
1873-cü ildə elçini Sultan Əbdüləziz
(1861-1876) şəxsən qəbul etdi. Məhəmməd
Yaqub xanın yer üzündəki müsəlmanların
qoruyucusu olan Osmanlı sultanının geniş qanadları
altına sığınmaq istəməsi haqqında
yazdığı məktubu oxuyan elçi ölkəsinin
qorxulu durumunu şifahi anlatdıqda onun sözləri Sultan
Əbdüləzizi xeyli duyğulandırmış və
Kaşğar xanına dərhal yardım göndərmək
haqqında əmr vermişdi.
Sultanın əmri ilə yardımı təşkil etmək
topxana müşiri (marşal) Əli Səid paşa və
ümum fabrikalar naziri Seyyid paşaya həvalə edilmişdi. Qısa müddətdə
bütün alətləri ilə birlikdə 6 ədəd
Krupp səhra topu, 1000 ədədi işlənmiş, 1000 ədədi
isə yeni olmaqla 2000 tüfəng, piston və barıt düzəldən
dəzgah və başqa alətlər
hazırlanmışdı. Əlbəttə, bu
alətləri işlədə biləcək adamlara da ehtiyac
vardı. Onlardan yararlanmaqda Şərqi
türküstanlılara yardımçı olmaq və
kaşğarlıları nizami savaşa hazırlamaq
üçün Əndərunlu Murad əfəndinin
başçılığı altında istehkam zabiti Əli
Kazım, piyada zabiti Mehmet Yusif, süvari zabiti Çərkəz
Yusif, topçu zabiti İsmayıl Haqqı və
“Dağıstan bəyzadələrindən Zaman bəy” və
istefada olan 4 könüllü zabit Sultanın verdiyi məktubu
da götürərək elçi Seyid Yaqub bəylə
birlikdə yola düşmüşdür. Xatırlatmaq
istəyirik ki, o dönəm Osmanlı ədəbiyyatında
Azərbaycanın şimalındakı dağlıq hissələr,
o sıradan Şəki ümumi “Dağıstan” adı
altında gedirdi.
Nə isə, Zaman bəyin də daxil olduğu
Osmanlı hərbi heyətini aparan gəmi Süveyş
kanalından geçərək Hindistanın Bombey şəhərində
lövbər atmışdır. Heyət ingilislərin
törətdiyi çoxlu çətinlik və əziyyətləri
dəf edərək Kaşğara çatmış və
müsəlmanların sevgi və gözyaşları
arasında şəhərə girmişdir. Yaqub xan
Osmanlı yardım heyətini 100 top atəşi ilə
salamlamışdı. Osmanlı heyətinin bu gəlişi ilə
Orta Asiyanın islam aləmində yeni həyat
başlanmışdır. Göndərilmiş Türk
bayrağı Kaşğar səmalarında
dalğalanmış, xütbə Sultan Əbdüləzizin adına oxudulmuş və pullar da onun adına
kəsilmişdir. Yaqub xan Osmanlı dövlətinin
ona verdiyi “əmir” ünvanını götürərək
özünü “Kaşğar əmiri Yaqub xan Badövlət”
adlandırmışdır.
Əmir Yaqub xan göstərdiyi yardıma
və iltifata görə Osmanlı dövlətinə təşəkkür
üçün 7 aprel 1875-ci ildə İstanbula minnətdarlıq
məktubu göndərmişdir.
Əmir Yaqub xan 8 iyun 1872-ci ildə ruslarla 5 maddəlik
ticarət müqaviləsi imzalamışdı və onun
hazırlanmasında ruslarla danışığı Zaman bəy
Şıxəlibəyov aparmışdı. Əmir 2
fevral 1874-cü ildə Hindistandakı ingilis müstəmləkə
idarəsi ilə də 12 maddəlik müqavilə
imzaladı. Bundan sonra Rusiya və İngiltərə
Kaşğar əmirliyində öz konsulluqlarını
açdılar. Kaşğar əmirliyi
Buxara xanlığı və Osmanlı dövləti ilə də
diplomatik əlaqələr qurdu. Yaqub
xanın güclənməsindən qorxuya düşən
çinlilər 1877-ci ildə onu zəhərlədib
öldürdülər və 1878-ci ildə yenidən Şərqi
Türküstana hakim oldular.
***
Q.P.Fyodorov “Türküstan diyarında xidmətim
(1870-1910)” adlı xatirələrində yazır ki, İvanov
məni Buxara əmirini Qafqaza və Krıma müşayiət
etməyə göndərdi. Bu, sözsüz ki,
bütün xidmətim boyu aldığım
tapşırıqların içərisində ən
xoşagələni idi. Hələ sürətli
qatarın əla vaqonlarındakı gedişlərin
rahatlığından, Pyatiqorsk və Yaltadakı cah-cəlallı
imarətlərdəki həyatdan danışmıram.
Ancaq əmirin yaxın məiyyətində 3 ay fasiləsiz
olmaq mənə böyük zövq verdi. Əlahəzrət daim elə lütfkar və
qayğıkeş idi ki, onun yanında qulluq etmək adama ləzzət
verirdi. Pyatiqorskda bulvarda o, ayrıca birqatlı ev tutdu və demək olar ki, heç yana getmədən
bütün vaxtını öz kabinetində keçirdi. Tək-tük hallarda şəlaləyə, yaxud
batal bulağına gəzintiyə gedirdi. Əmirin
yanında məndən başqa, onun daimi saray həkimi
Pisarenko və tərcüməçi Zaman bəy Şıxəlibəyov
da olurdu. Zaman bəy o qədər
maraqlı adamdır ki, onun haqqında bir qədər
danışmaq lazımdır.
Şəkidən çıxmış Zaman bəy
1876-cı ildə Türkiyə müharibəsi vaxtı hələ
çox gənc ikən xeyli qafqazlının içərisində
Türkiyəyə mühacirət edib. Rus hakimiyyətinin
repressiyalarından çəkinərək geri dönməyə
qorxub və öz qardaşları ilə İstanbulda
qalıb. 1870-ci illərdə Kokand
xanlığından şərqdə müstəqil
Kaşğar xanlığı mövcud idi. Bu, qabaqlar
Çinin bir əyaləti olub, ancaq bir cəsur macəraçı,
Orta Asiya camaatından olan Yaqub bəy adlı birisi
Kaşğarda hakimiyyəti öz əlinə keçirib və
özünü müstəqil hökmdar elan edib (Badövlət).
Bu Yaqub bəylə Kaufman sonralar hərbi nazir
olmuş baş qərargah kapitanı Kuropatkinin vasitəçiliyi
ilə hətta dostluq haqqında müqavilə
bağlayıb. Bu hakim ölkədə bir
sıra islahatlar keçirmək istəyərək Türkiyə
sultanından ona bir neçə savadlı müsəlman
göndərməyi xahiş edib. Sultan bu
xahişi yerinə yetirib və Kaşğara göndərilmiş
4-5 nəfərin arasında Zaman bəy də olub. Kuropatkin Kaşğarda olan vaxt Zaman bəy ona lap
çox kömək edib.
Tezliklə (görünür, Yaqub bəyin
ölümündən sonra) Zaman bəy Daşkəndə gəlib
və Kaufmanın təqdimatı ilə Kuropatkinə göstərdiyi
xidmətlərə görə minnətdarlıq kimi çar
Zaman bəyin gənclik günahlarından keçib və onu
qulluğa qəbul etməyə icazə verib. O, ömrünün sonunadək
general-qubernatorun dəftərxanasında tərcüməçi
işləyib...
Bu, çox ağıllı, genişürəkli,
xeyirxah, qayğıkeş və heç nəyə baxmadan
gerçək müsəlman idi, xristianlara rəğbətlə
yanaşırdı. Əmir bu adamın gözəl xasiyyətlərini
dəyərləndirməyi bacarırdı və
ömrünün sonunadək öz dostluq və inamını
ondan əsirgəmədi. Pyatiqorsk və
Yaltada olduğu zaman əmir Zaman bəydən demək olar ki,
bir dəqiqə də ayrılmırdı və onlar saatlarca
qəpik-quruşdan piket oynayırdılar. Əmir bu oyunu əla öyrənmişdi və Zaman
bəydən udduğu 10-15 qəpiyi əlahəzrətin
öz xüsusi pul kisəsinə necə böyük bir məmnunluqla
qoyduğunu görəndə özünü gülməkdən
saxlaya bilməzsən, Zaman bəy öz növbəsində bu
xoşbəxt dəqiqələrdə udduğu məbləği
öz pul kisəsində gizlədirdi. Geri
döndüyümüz vaxt yolda Zaman bəy mənə
qürurla etiraf etdi ki, əmirdən üst-üstə 4 manat
75 qəpik udmuşam.
Pyatiqorskda bir ay qaldıqdan sonra əmir Yaltaya
köçdü. Burada o, yaşayışını bir qədər
dəyişdi. Hər gün səhər
yeməyindən sonra Yaltanın ətrafına – Livadiyaya,
Oreandaya, Massandraya, Qurzufa gəzməyə gedirdi. Mənim
və Zaman bəyin mütləq qatıldığımız
bu gəzintilərdən böyük ləzzət
alırdıq. Əmir bir cüt boz kəhər
qoşulan əla araba saxlayırdı və bu araba ilə
nümunəvi şosedə şütümək gerçəkdən
zövq verirdi. Yaltadakı gözəl həyatı
korlayan bir şey vardısa o da, əlbəttə, orden almaqdan
ötrü əmirlə görüşmək istəyən
qonaqların daimi üzlülüyü idi...
***
Q.P.Fyodorovun “Türküstan diyarında qulluğum
(1870-1910-cu illər)” adlı xatirələrində Buxara
xanı ilə bağlı ikinci bir qeydi də var. Müəllif
yazır ki, 1893-cü ildə imperator III Aleksandr Buxara əmiri
Seyidəbdüləhəd xanı Peterburqa yanına
çağırdı. Baron Vrevski əlahəzrəti yolda
müşayiət etməyi və Peterburqda onun yanında
olmağı mənə tapşırdı. Ancaq məndən başqa əmrin məiyyətinə
tərcüməçilər Sultan Asfendiyarov, Zaman bəy
Şıxəlibəyov və həkimlər Pisarenko və
Kazanski daxil idilər. 1893-cü ilin noyabrında mən
yoldaşlarımla birgə Buxaraya yollandım və əmir
bizi orada təntənə ilə qarşıladı...
Bu səfərin Bakı ilə bağlı hissələrini
“Kaspi” qəzetinin 1892-ci ilin sonları – 1893-cü ilin
başlanğıcındakı bir çox saylarında
oxuyuruq. Onlarda Buxara əmirinin Bakıda olması haqqında
geniş məlumat verilmişdir. Həmin məlumatların
ən qısa şəkildə xülasəsi ilə tanış olaq.
Rusiyada 2
aya yaxın qaldıqdan sonra Buxara əmiri Seyid Əbdüləhəd
Bahadur xan (1857-1911)
1893-cü ilin fevralında Buxaraya qayıtdı. 19 fevral 1893-cü ildə o, qatarla Bakıya gəldi
ki, buradan paroxodla Uzun Adaya getsin. Əmirin
yanında onun məiyyətinə daxil olan 10 nəfər və
15 nəfər də qulluqçusu vardı. Geri dönərkən onun yükü 800 pud idi.
Sürət qatarı ilə əmir Tiflisdən
Bakıya səhər saat 9:45-də çatıb.
Əmirin gəlişi münasibətilə Bakı
vağzalı bayraqlarla bayram kimi bəzədilmişdi. Qatarın dəqiq
gəliş vaxtı bilinməsə də perronda və
vağzal ətrafında xeyli camaat toplaşmışdı.
Qatar yaxınlaşanda Salyan batalyonunun orkestri
Buxara marşı çalmışdır. Qatar “çar” otaqlarının qarşısında
dayanmışdır. Əmirlə bir
qatarda gəlmiş Bakı qubernatoru Rogge öz vaqonundan
çıxaraq qarşılayanları əmirə təqdim
etmişdir. Buxara əmirinin yanında onun
saray əyanlarından başqa Türküstan general-qubernatoru
Q.P.Fyodorov və tərcüməçi Zaman bəy
Şıxəlibəyov da olmuşdur.
Buxara əmiri
Şəmsi Əsədullayev və Musa Nağıyevin mədənlərinə
baxdıqdan sonra gündüz saat 12:30-da qubernator Rogge ilə
birlikdə Həsən bəy Nəbibəyovun evinə
getmiş, orada Nobel şirkətinin nümayəndələri
də olmaqla qonaqlarını qəbul etmiş və gecəni
Nəbibəyovun evində qalmışdır. Gedərkən əmir
minnətdarlıq əlaməti olaraq ev
sahibi Həsən bəyə qızıl zəncirli
qızıl saat hədiyyə etmişdir.
***
İndisə Zaman bəy Şıxəlibəyovla
bağlı ən maraqlı məqamlardan birinə gəlirik. Bu, görkəmli
rus səyyahı N.M.Prjevalsinin səyahətinin baş
tutmasında onun həlledici rol oynaması ilə
bağlıdır.
N.M.Prjevalski “Kulcidən Tyanşan arxasına və
Lobnora” kitabında öz səyahətlərini təsvir edərkən
Zaman bəyə də yer ayırmışdır. O, öz xatirələrini
yazarkən əvvəlcə Zaman bəyi
“qaralamışdır” – ondan şikayət edir, ancaq ən
sonda özünün ona borclu olduğunu etiraf edir. İstəyirik ki, oxucularımız ona münasibətin
Prkevalskidə necə dəyişdiyini özləri
müşahidə etsinlər. Xatırladım
ki, səyyah onu öncə səhvən milliyyətcə erməni
bilib.
1877-ci ildəki
səyahətindən söz açan zaman Prjevalski yazır:
“Korla çatdığımızın ertəsi günü Badövlətin
(Kaşğar xanım Yaqub xanım – Z.Ə.) yaxın
adamlarından biri olan keçmiş rus təbəəsi,
Zaqafqaziyada Şəki şəhərindən
çıxmış və deyəsən, mənşəcə
erməni olan Zaman bəy yanımıza gəldi. Haçansa hətta rus qulluğunda olmuş bu Zaman bəy
rusca əla danışırdı və ağzını
açan kimi bildirdi ki, Badövlət onu Lobnoradək yol
yoldaşı olmaq üçün bizə göndərmişdir.
Bu xəbərdən kefim pozuldu. Yaxşı bilirdim ki, Zaman bəy bizə göy
qoymaqdan ötrü göndərilir və rəsmi şəxsin
olması bizim araşdırmalarımız üçün
yüngüllük deyil, əngəl olacaq. Belə də oldu. Doğrudur,
Zaman bəy bizə şəxsən çox yaxşı idi və
mümkün olduğu qədər bizə yardım göstərdi.
Ona görə mənim bu hörmətli bəyə dərin
minnətdarlıq borcum var. Onunla Lobnorda bizə Yaqub bəyin
başqa etibar elədiyi hər hansı bir adamdansa daha
yaxşı idi...”.
Bir qədər
sonra Prjevalski yazır: “Yenə ən kəskin ifadələrlə
mən bu və buna bənzər onlarla hadisəni də Zaman bəyin
başına çaxdım...”.
Ən sonda isə Prjevalski Zaman bəyə tamam başqa cür yanaşmış, Lobnor ekspedisiyası üçün ona hədsiz minnətdar olduğunu bildirmişdir. O, gündəliyində belə bir qeyd etmişdir: “Mən Zaman bəyə atəşin bir məktub yazaraq bizə göstərdiyi bütün xidmətlərinə görə ona təşəkkür etdim. Həqiqətən Zaman bəy bizim üçün çox şey etdi – onsuz bizim üçün on qat çətin olardı. Biz onda heç Lobnora gedə bilərdikmi? Mənimki əcəb gətirir. Bir il tez, yaxud bir il gec olsaydı Lobnor araşdırması baş tutmayacaqdı”.
Yazımızın sonunda ümidvar olduğumuzu bildiririk ki, tarixçilərimiz bu maraqlı soydaşımızın həyatı ilə yaxından maraqlanacaq və arxivlərdən onunla bağlı sənədləri üzə çıxaracaqlar. O, hərtərəfli öyrənilməyə layiq şəxsiyyətdir!
Zəkəriyyə ƏLİZADƏ,
geologiya- mineralogiya
elmləri doktoru, professor
525-ci qəzet.-
2014.- 7 iyun.- S.24-25.