“Şair şeir-şeir yanır şam
kimi, Dünya bu işıqdan tutub dayanır”
Şair Rəhman Babaxanlının
yaradıcılığına baxış
Rəhman
Babaxanlı həyatı ilə yaradıcılığı
bağrıbadaş olan, Xudu müəllimin sözlərilə
desək, Vətənin dərdli suallarıyla, zamanın
problemləri ilə yaşayan, yəni tərcümeyi-halı
Vətənin tərcümeyi-halı olan şairdir.
Qarabağın
ağır günlərində “Şuşaya ən çox
gedib-gələn şair” (“Yol” qəz., ¹
14, fevral, “Xalq Ordusu”, ¹3, 25.02.
1992), Şuşanı son dəfə görən şairdir.
Mənim nəzərimdə Rəhmanın şeirləri
əsl sənət əsərləridir. Əsl sənət
əsəri isə gözəllikdir. O da axıracan izaha
gəlmir. Zaman-zaman ona müraciət edilir və
hər dəfə də yeni məna açılır. Onu əbədi estetik gerçəkliyə
çevirən də məhz axıracan
açılmazlığıdır.
Rəhmanın şeirlərini oxuduqca, hər şeiri
bir dəli “Segah nağılı” ilə adamı öz sehrinə
salır və əslində, onun haqqında yazmağa mane
olur. Bir vaxt ayılırsan ki, vaxt keçir, zaman
ötür, özü demişkən, “varağın
çoxu ağ qalır”.
Rəhmanın
şeirlərini oxuduqca, zərbi-məsəl, atalar
sözü səviyyəsində dayanan çoxlu sayda sərrast,
diləyatımlı, tutumlu deyimlərlə
rastlaşırsan: “Mənim məhəbbətim cavab istəmir”,
Ölümün də çarəsi var”, “Ömür ilk
sevgiyə qədərmiş”, “Kədər yalan deyir”, Ən
nadir incilər ən dərindədir”, “Başdaşından
baş nə var”, “Haqqı ha geri at”, “Ürəyim dərd
kürəsidir”, “Hər ötən sevgidən bir payız gəlir”
və s. Bu deyimlərin hər biri arxasınca dərin hikmət
dünyası gətirir. Onların məna dərinliklərinə
vardıqca, dilə gətirdikləri məqamdan əvvəli
də, sonranı da görürsən, irəlini də, gerini də
düşünürsən. Əmin
olursan ki, bunlar həyatdır, həyatın SÖZlə ifadə
olunmuş düsturları, dünyanı dərk etməyin
poetik formasıdır. Bunları
araşdırmaq istəyi məni Rəhmanın poeziyası
haqqında ümumi filoloji planda çox
düşündürdü. Nəhayət,
yeni fikirlər və əvvəlki yazılarımız
monoqrafiyaya çevrildi.
Rəhman şeirlərinin birində deyir ki, “Dünya
“Ol!” sözündən başlayan yoldur”. Deməli, bu
yolda ilk olan, yolun başında dayanan SÖZdür. Söz “dünyanın
anasıdır”.
Söz möcüzədir, “yoxdan var olan” və yoxdan var
yaradan möcüzə, yaranmışlardan “...tamı bərpa
edən, insanı və dərk aləmini birləşdirən”
möcüzədir.
Bizim Rəhmanla
ədəbiyyat haqqında, ədəbiyyatımızın bədii-estetik
problemləri barədə söhbətlərimizin
kökündə həmişə F.Dostoyevskinin belə bir
fikri dayanmışdır: “Sözlə düz dolanmaq
lazımdır”, “Bədii əsərlə zarafat eləmək
olmaz”. Rəhmanın sözə, şeirə
münasibəti son dərəcə ciddidir,
ehtiramlıdır, səmimidir. Onun poetik
intonasiyası təbiidir. İntonasiyasında səslər dən-dən dənələnir.
Hər sözündə torpaq dənəvərliyi,
hər şeirində torpaq ətri var. Sözünün
sanbalı, möcüzəsi doğma torpağa, el-obaya, dilə
bağlılığından gəlir. Amma
öncə Allaha bağlılığından.
Allahın yerini, torpağın, elin, dilin çəkisini
bildiyi kimi
sözün də çəkisini bilir, ustadı
Füzuli kimi onu candan duyur.
Şeir sirrdir. Bu sirr, Mixail Epşteyn demişkən, “fantastik olanla gerçəyin sərhəddində,
onların sezilməyən qarşılıqlı keçidlərində
yaranır”. Onu isə
Şair yaradır. Əgər Rəhman deyirsə ki, “Şair
şeir-şeir yanır şam kimi,/ Dünya bu işıqdan
tutub dayanır”, deməli, Dünya
– SÖZə
sığınır, ŞEİRə, ŞAİRə
arxalanır.
Rəhman
üçün “Ol!” sözü təzə de
yilən
vaxtlarda şeirləri ortada yox idi. Amma
dünyaya gəldiyi doğma Ağdamın Üçoğlan
kəndinin şeir ətirli ab-havası vardı. Sonradan
kəndin şeir ətirli ab-havasını nəzmə
çəkən “ağıl dəryası” – yetişdi. O kənd
şeirin “geniş düzlər mənzərəsi”ni, mühitini də verdi, onları şeirə
çevirəcək şairini də. Onun
“Ağıl dəryası” şeiri əvvəldən-axıra
bu prosesin tarixçəsidir.
Hər bir sənətkarın
şəxsiyyəti əsərlərində
özünü məxsusi tərzdə göstərir. F.Solloqub deyir ki, əslində, oxucu üçün
yeganə meyar “şairin ümumi mənəvi
simasıdır”. Flober isə deyir: ideal sənətkar öz əsərində
Tanrı kimi hər yerdə var olmalı, ancaq heç yerdə
gözə görünməməlidir. Əsas
məsələ müəllifin əsərdə “gözəgörünməz”
mövcudluğunun ifadə, forma və prinsiplərini
tapmaqdır.
Rəhman Babaxanlının
yaradıcılığına bu kontekstdən yanaşanda ilk
növbədə qeyd etməliyik ki, dünyaya estetik
münasibətdə onun individuallığı (fərdilik)
şəksizdir. Bu keyfiyyət isə kənardan izah
olunmur. İndividuallıq, A.Losevin hesab etdiyi kimi, ancaq özündən izah
olunandır.
Rəhman Babaxanlının hələ sovetlər
dövründə, vahid ideologiyanın hamıya və hər
şeyə hakim kəsildiyi zamanlarda, yaratdığı
yaddaqalan poetik obrazlar, tutarlı deyimləri və onların
arxasında dayanan mövqe doğrudan da hünər tələb
edirdi. Bu, bir-birini qarşılıqlı şərtləndirən
güclü mövqe, istedad, orijinal təb, poetik ehtiras və
enerjinin qranit bölünməzliyindən, bu bölün-məzliyə
sadiqlikdən gəlirdi. S.Kravçinskinin məşhur
bir sözü var: “Terror dəhşətli şeydir. Terrordan daha pis bircə şey var. O da
zorakılığa səssiz–səmirsiz dözməkdir”.
Zorakılıq isə gücdən deyil,
gücsüzlükdən yaranır. Zorakılıq
özündə olmayan gücdən başqalarını məhrum
etmək cəhdindən başqa bir şey deyil. Əsl güc özünü başqalarına həsr
edir. O, yaranışdan əxlaqidir.
Onun hələ
70-80-ci illərdə yazdığı “Səsini içinə salan
adamlar”, “İnqilab” və s. şeirləri dediyimizə misaldır.
Onun poeziyasının
səciyyəvi xüsusiyyətlərindən biri də
bayağı tərənnümçülükdən uzaq
olmasıdır. Rəhmanda tərənnüm
var, tərənnümçülük yoxdur. Onun poeziyasında həmişə Azərbaycan
gerçəkliyi, Vətən, insan, ümumbəşəri
dəyərlər tərənnüm edilir. Rəhman sosializm realizminin tələb etdiyi kimi,
ideoloji tərənnümçülüyə köklənmiş
təsdiqedici pafosa malik şablon ədəbiyyatı
yaratmayıb. Böyük Səməd Vurğunun göstərdiyi
“hər cürə sözçülükdən,
uraçılıqdan, ritorika dediyimiz bataqlıq və
çirkabdan təmiz olan bir yol” tutub. Məhz bu
mənada tərənnümçü şair olmayıb, tərənnümçü
şair deyil.
Tərənnümçülükdə bir
seyrçilik və onların doğurduğu müəyyən
indifferentlik olur. Rəhman Babaxanlıda indifferentlik yoxdur, çünki
onun poeziyasında yaradıcılıq prinsipi kimi birinci yerdə
Sintez deyil, hərçənd
şeir başdan-başa sintezdir, Analiz (poetik təhlil) gəlir.
Analiz dərinliklərə enməkdir və
endikcə də təhlil edilənləri zərrə-zərrə
yaşamaqdır. Məhz bu dərinliyə
endirən Analiz özündə Sintezi də gətirir. Burada indifferentlik mümkünsüzdür.
Digər
bir səciyyəvi cəhət: Rəhman Babaxanlı
poeziyasının mənbəyi xalqımızın mənəvi dünyası, bu
dünyada tarixlər boyu öz əksini tapmış Azərbaycan
gerçəkliyi, dövlətimizin,
dövlətçiliyimizin taleyidir. O, milli mənəvi
dünyamızın parçası olan öz poetik dünyasını,
Moruanın dediyi kimi, daha bir “insani dünya”
yaratmışdır. Bu yolda Rəhmanın
bayağı beynəlmiləlçiliyi də olmayıb.
Heç vaxt düşmənə “dayı” deyib şeir
qoşmayıb. “Qılınclarla
ağız-ağıza dayan” – deyib. Rəhman deyir ki,
Yaddaşı boydadır insan,
Tarixi boydadır ölkə.
Bu böyüklüyü yaşayan və yaşadan Rəhman
Babaxanlı işıqlı, nurlu şairdir, şəxsiyyətcə
bütöv, daxilən azad sənətkardır. Onun
poeziyasının kökündə bir aydınlıq var. Rəhman
ulu türk dünyasının genişliyini, əzəmətini,
vətəni, torpağı, milləti, dövləti, dövlətçiliyi,
insanı, dünyanı və onları Yaradanı sevir. Şeirləri də sevgisindəndir.
Rəhman Babaxanlı şöhrət
dalınca qaçan
şair
də olmayıb. Şan-şöhrətin
hansısa mənəvi qurban tələb etdiyini bilən Rəhman
həmişə şan-şöhrətdən qaçıb,
mənəviyyatını, şeir, sənət beşiyi olan
Azərbaycanımızda öz poetik nəfəsini,
orijinallığını saxlayıb.
Rəhman Babaxanlını seçdirən cizgilərdən
biri də həssas və səmimi şair olmasıdır. Onun qənaətinə
görə, “ən böyük vətəndaşlıq səmimiyyətdir”.
Sözünün sanbalı, şeirlərindəki
vətən havası istəyinin gücündən,
istedadının həssaslığından, təbinin səmimiliyindən
qaynaqlanır.
Dostoyevskiyə görə, “çox şeyi bilməmək,
amma duymaq olar.
Qeyri-iradi, düşünmədən də lap
çox şey bilmək olar”. Yəni dahi
yazıçı hesab edirdi ki, zənn, güman, öncəduyma,
fəhmin işığı – bütövlükdə poetik
ehtiras düşünüşü ötüb keçir,
çox şeydə onu qabaqlayır.
Rəhman Babaxanlının
yaradıcılığına bu yöndən baxanda onun poetik
ehtirasının gücünün, fəhminin bugünkü
tariximizi qabaqladığı aydın görünür. Qarabağ müharibəsindən
xeyli öncə oğulları qurdürəkli olmağa, vətənə
oğul olmağa səsləyən Rəhman bunun
üçün döyüş meydanı
olacağını da, azadlıq yolunda, müharibə
meydanında şəhidlik zirvəsinə ucalacaq qurdürəkli
oğulları da sanki öncədən
görmüşdü. Belə qurdürəkli
oğulların adından hələ 1982-ci ildə deyirdi: “Vətən
köynəyindən keçirir bizi”.
Bir vaxtlar
yel qanadlı ümidləri heyratı, bayatı üstə
köklənib uçan, heyratısı da, bayatısı da,
ağısı da, muğamı da Qarabağ olan Rəhman
Qarabağın ağısını “Bir səsin qarasınca”
şeirində (1982) belə
demişdi:
Heyratım,
bayatım, ağım, muğamım,
Mənim
Qarabağım, mənim Ağdamım!
Sənin
şikəstəni deyə bilmədim,
O qara
sevdanın qara yasında...
Mənim
batan səsim bir xəncər kimi
Pas atır qəlbimin tən
ortasında...
Bunlar Rəhman
Babaxanlıda tarix hissinin gücündəndir. Eliot
yazır ki, tarix hissi belə bir həqiqəti nəzərdə
tutur –
keçmiş nəinki keçməyib, o, indidə davam edir... Zaman xaricində olan bu tarix hissi yazarı ənənəyə
qovuşdurmaqla bərabər, onu zamanda öz yerini və
öz müasirliyini duymağa məcbur edir. Rəhmanın
şair fəhmində keçmiş, indi, gələcək
birgədir, bütövdür. Bu fikri Y.Seleznyovun sözlərilə
belə dəqiqləşdirmək olar: şair Rəhman
Babaxanlı tarixi müasirliyin möhkəm bir
düyününə cəmlənmiş kimi hiss edir: bütün
keçmiş də, gələcək də buradadır,
çörək buğda dənəsində, palıd qozada
olduğu kimi.
Şair
1987-ci ildə “İki
səhv” şeirində milləti iki amilin məhv edəcəyini
deyirdi. Bu amillər
özünə qapılıb həvəsdən
düşmək və geniş mənada alqı-satqı idi. Bunların hər ikisi səhv idi.
Sonralar
xalq mübarizəsi doğrudan da bəzi mənəviyyatsızların
əlində siyasi möhtəkirlik alətinə, ulu Vətənimiz
kreslo davası səviyyəsində alqı-satqı predmetinə
çevrildi. Onlar bir-birini əvəz elədikcə
xalq ağlamağa-sıtqımağa məhkum oldu. O ərəfələrdə
Laçın – Bakı arasında yollarda Rəhman Babaxanlı
millətin taleyini düşünə-düşünə
başımıza gələnlərin səbəb-nəticə,
təsadüf-zərurət əlaqələrini belə
götür-qoy edirdi:
Dedik,
başımıza yağan daşların
Çoxu
təsadüfdür, azı – zərurət!
Torpaq dilə
gəldi: “Axan yaşların
Dadı təsadüfdür,
duzu – zərurət!
Müharibə başlandı. Onda keçmişimizə
güvəndik, mənəviyyatımıza tapındıq.
Gücü orada aradıq, təsəllini orada
tapdıq. Güclü mənəviyyatımızla
hər şeyi həll etmək istədik. Rəhman
demişkən, “başsız başçıların milləti”
ağlar günə
qaldı.
Hələ
Şuşanın süqutundan dörd ay əvvəl bu faciələri
görən şair Rəhman Babaxanlı “Şuşada
yazılan sonuncu şeir”ində (“Şuşa” qəzeti,
08.01.92) belələrinə kəskin
etirazını bildirir, var səsiylə onları vətənin,
millətin taleyinə laqeyd olmamağa
çağırırdı. Sonra “Zərurət”, “Qəhrəmanlıq”,
“Gülürsən”, “Qaçqınlıq”, “Bakı şəhər
İcra Hakimiyyətinin başçısına açıq
məktub” və s. şeirlərini yazdı.
“Qəhrəmanlıq” şeirinin fonetik tərtibatının,
məna yükünə uyğun ritminin və
bütövlükdə intonasiyasının kifayət qədər
emosional şəkildə ifadə etdiyi niskillərimiz əsərin
elə ilk bəndlərindəcə dərhal verilir. Birinci bənd (niskillərimiz) elegiya nəqəratı
kimi şeirin sonunda təkrarlanır, şeiri qapadır. Refren forması göz bəbəyi kimi qoruya bilmədiklərimizi
sanki bir yerə yığır. Eyni zamanda, şeirdə
belə bir
seçim də qoyulur:
Ya gərək
əzab içində
əziləsən, büzüləsən.
Ya gərək
qəzəb içində
səngərlərə düzüləsən.
Rəhman Babaxanlının
yaradıcılığında xüsusi seçilən bu məqamı
da vurğulamaq istərdik. Bakının küçə və
meydanlarını, hər tin, hər döngəsini əcnəbi
reklamları bürüyəndə, şəhər reklam
yarışına çıxanda Rəhman bu yarışa da
Qarabağ müharibəsi prizmasından baxdı – “Bakı
şəhər İcra Hakimiyyətinin
başçısına açıq məktub”u yazdı. Yazdı ki:
Ancaq
düşmənlərin zindanlarında
Yanır Şuşa, Laçın, Kəlbəcər,
Ağdam,
Füzuli,
Cəbrayıl, Qubadlı yanır...
Zəngilan
özünü atır Araza...
Xocalı
hər gecə qana boyanır,
Reklamsızdır
deyə, gedir güdaza...
Adətən,
belə mövzulara həsr edilmiş şeirlər gurultulu
çağırışla, hay-həşirə gedib
çıxan bir küylə müşayiət olunur. Rəhman Babaxanlıda dərdin
ağırlığı bütün gurultulu hay-həşirlərin
üstündən basır, onları boğur və dərdimiz
özü boyda ağır bir tonda qabarır. Dərdin ağırlığı şeirin ləngərinə
dönür. Bu,
poetik intonasiyanın təbiiliyindəndir və
şeirdə intonasiya əsas rol oynayır. Şeirdə
göstərilən dərdlərin üçü də
ağırdır – odda yanmaq da, sulara qərq olmaq da, al-qana
boyanmaq da. Şair bunları insanlara dərs
götürüləsi
görk kimi təqdim edir.
Xocalı
faciəsindən hələ neçə il əvvəl belə
bir dəhşətli hadisənin əlamətlərini “Bir
cüt ayaqqabı, bir şüşə benzin...” şeirində
göstərən şair yanan on yaşlı mələk
qızcığazın poetik heykəlini ucaltmışdı.
(Bu barədə “Xalq Ordusu” (1992), “Bizim əsr”
(2005) qəzetlərində yazmışdıq).
Millətimiz müharibənin min bir zillətini
yaşadı.
Bu taleyə biganə olanlara lirik qəhrəmanı deyir:
Gah
qaçqın deyirsən, gah da ki, köçkün,
Mənəm taleyikəm, yığvalı küskün!
Demirəm,
başımın daşı bu pis gün
Torpağına
gəlsin, daşına gəlsin...
Başıma
gələnlər başına gəlsin?..
“Qaçqınlıq”
şeirinin intonasiyasından da aydın sezilir ki, bu,
qarğış deyil, özlərini Allah sayan manqurtlara
ünvanlanmış sualdır. Bu sualda qışın
oğlan çağı qarlı aşırımlardan
ayaqyalın, başıaçıq keçib gəlmiş,
öz elindən–obasından, isti yurd-yuvasından didərgin
salınmış, onun-bunun küncünə-bucağına
qısılmağa vadar edilmiş “yığvalı
küskün”, qəlbisınıq
soydaşlarımızın naləsi səsləndirilmişdir.
Bu “taleyikəm” zavallılar belə ağır vəziyyətdə də qürurlarını, insanlığı, vətənə, torpağa sevgilərini qoruyub saxlayırlar. Onlar hətta qarğıyanda da daşa-torpağa qıymır, ona ağır söz deməyə dilləri gəlmir, xalq, vətən qədri bilməyənləri qarğıyırlar. Bu, zəngin milli mənəvi keyfiyyətlərimizi bütün tarixi əzəmətilə özündə canlandıran milli xarakterimizin ümumiləşdirilmiş obrazı, mənəviyyatımızın abidəsidir.
Şeirdə sualların ünvanlandığı nakəslər də, təəssüf ki, yad deyildi.
Rəhman Babaxanlı məhz bu mövqedən deyəndə ki, Dərdi açıb–ağartmaq olmur,/ Varağın çoxu ağ qalır – yəqin elə onu nəzərdə tutur ki, dərdi açıb-ağardanda ağı kimi səslənən “Qaçqınlıq” şeirindəkilər ortaya çıxır. Amma varağın ağ qalması da dərddir. Varaq ağ qalanda şair də “öz dərdi ilə baş–başa qalır“ (“Mən sənə dərdimi demərəm daha”), görür – Kiminin dişi ağarır, / Kiminin saçı-saqqalı. Bunun özü də şairə bir dərd olur.
“Baxtabaxt” (1988-ci il) şeirində göstərilən başıdaşlıların diqqətini bir neçə il sonra Xocalı faciəsinə yönəltməyə cəhd edən şair “Gülürsən...” şeirində hamını, “Qəhrəmanlıq” şeirindəki kimi, bir də böyük dilemma qarşısında qoyur. Əslinə qalsa, bu, dilemmadan daha çox antinomiyadır:
Gülmə, sən güldükcə gülürlər bizə!
Gülmə, sənə gülən düşmənlərə bax!
Xocalıdan sonra sifətimizə
Nə gülmək yaraşır, nə də ağlamaq.
Gülün, əsir qıza, əsir oğlana
Gülüş yaraşırsa, buyurun, gülün!
Xocalıdan sonra Azərbaycana
Ya döyüş yaraşır, ya da ki... ölüm...
Rəhman Babaxanlının yaradıcılıq bioqrafiyasına bu qısa nəzər də onun “ümumi mənəvi simasının” saflığını göstərir, onu da göstərir ki, Belinski demişkən, “poeziya həyatın ifadəsidir, daha doğrusu, həyatın özüdür”. Bir də: “həyat poeziyada daha çox həyatdır, nəinki həyatın özündə”. Rəhman öz poeziyasında yaşayır və həmişə yaşayacaq.
Sədi NURİYEV
Filologiya elmləri doktoru,
Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.-
2014.- 7 iyun.- S.20;25