Qadınlar zamanın yaddaş cədvəlində

 

 

 (Əvvəli ötən şənbə sayımızda)  

Kral XVI Lui ailəsinə bağlı adam olsa da, onun arvadı, Avstriya imperatriçası Mariya Terezanın qızı Mariya-Antuanetta öz məşuquna malik idi. Onu qınamaq da bir qədər çətindir, axı evləndikləri vaxtdan keçən yeddi il ərzində əvvəlcə prints, sonra isə kral olan XVI Lui yeddi il ərzində ərlik funksiyasını yerinə yetirə bilməmişdi. Yalnız kraliçanın qardaşı, gələcək imperator İosif Parisə gəlib, kralı fəsadı ilə əlaqədar cərrahi əməliyyata məruz qalmaq zərurətinə inandırdıqdan sonra Luiyə əslində sünnət edilmiş (cərrahiyyə əməliyyatını yazıçı Tomas Mann da məhz belə adlandırır) və bundan sonra o, bir ər kimi yatağında kraliça ilə olan utandırıcı fəaliyyətsizliyinə son qoya bilmişdi.

İngiltərə krallarından VIII Henri çox arvad alması (onun altı arvadı olmuşdu, onlardan ikisini edama göndərmişdi) ilə fərqlənirdi. O, öz məşuqəsinin böyük bacısı Anna Bolernə vurulduğuna görə ispan kralının qızı olan Katerina Araqonlu ilə nikahını pozdu və boşanmağa razılıq verməyən Roma Papasına etiraz nümayişi olaraq katolik kilsəsi ilə əlaqəsini bütünlüklə kəsdi. Özünü yeni protestant dini kimi olan anqlikan kilsəsinin başçısı elan etdi. Sonra o, artıq özündən hamilə olan Anna Bolernə evləndi. Lakin bu nikah da ona, çox ümid bəslədiyi varisi olacaq oğlan övladı verə bilmədi. Anna gələcək kraliça I Elizabeti dünyaya gətirdi. Ümidləri boşa çıxan Henrinin Annaya olan qızğın münasibəti soyumağa başladı, ondan uzaqlaşmaq üçün arvadını zinakarlıqda, hətta doğma qardaşı ilə intsest yaxınlıqda ittiham edib, onu edam etdirdi. Bundan sonra Henrinin evləndiyi Ceyn Seymur ona oğul doğdu, lakin bu hadisədən 12 gün sonra gənc ana öldü. Sonrakı arvadlar da onu xoşbəxtlik bəxş edə bilmədilər, təkcə onun sonuncu arvadı kral ərindən çox yaşadı.

Onun yeniyetmə yaşında həyatdan gedən kral oğlu VI Eduarddan (o, öləndə 16 yaşı var idi) sonra, 1553-cü ildə taxt-taca Katerina Araqonludan olan qızı Mariya Tüdor gəldi. Mariya, bir il sonra İspaniya taxt-tacının varisi II Filippə ərə getdi, anası tərəfindən o, kraliçanın qohumu idi. Taxt-tacda olmasının ikinci ilindən sonra isə İngiltərədə protestantizmin bərqərar olması barədəki qanunları ləğv edib, Roma katolitsizmini yenidən ölkədə hakim mövqeyə çıxardı. Bundan sonra protestantların təqibi başlandı. 300 nəfərə qədər adam edam edildi. Onun hökmranlığı dövründə İngiltərənin Fransa ərazisindəki son dayaq nöqtəsi olan Kale də itirildi.

Mariya Tüdor bir dəfə öz sarayındakılara bildirdi ki, o, hamilədir və yaxın vaxtlarda uşaq doğmağı gözləyir. Onu mamaçalar əhatə etdi, sarayda hamı iki ay ərzində onun dünyaya övlad, xüsusən vəliəhd gətirəcəyini səbirsizliklə gözləyirdi. Lakin bundan da artıq müddət ötüb keçdikdə özü etiraf etdi ki, hamilə deyildir. Görünür o, qarnındakı şişi, bətnindəki uşaq hesab edirmiş.

II Filipp İspaniya taxt-tacına sahib olduğuna görə 1556-cı ildə İngiltərəni və kraliça arvadını tərk etdi. Bir qədər sonra 1558-ci ildə “Qanlı Mariya” öldü. Bu adı ona “Şəhidlər” kitabını tərtib edən qraf Con Foks vermişdi. Mariyanın hakimiyyəti dövründə ölkədən qaçan Foksun dilindən götürülən bu söz geniş yayıldı. İngilislər spirtli içkini də belə adlandırdılar. Araqla tomat şirəsindən bir-birinə qarışmamaq şərtilə əmələ gələn bu kokteyl qədəhin aşağı yarısındakı şirənin alqırmızı rənginə görə “Bloody Mary” – “Qanlı Mariya” adlanır.

Qanlı Mariyadan sonra taxt-taca kral VIII Henrinin Anna Boleyndən olan qızı I Elizabet gəldi. Anası edam edildikdə üç yaşı olan bu qızcığaz əvvəlcə fahişə qadının qızı kimi bastard-haramzada hesab olunmuşdu. Mariya Tüdor hakimiyyətdə olduğu beş il ərzində isə o, daim öz həyatına təhlükə hesab edirdi, lakin tale elə gətirdi ki, böyük ögey bacısı həyatdan gedəndə varisi kimi onu adlandırmışdı. Elizabet taxt-taca 25 yaşında gəlmişdi və hamı onun ərə gedəcəyini, sülaləyə varis doğacağını gözləyirdi. Kraliça məntiqə uyğun gəlmədiyini nəzərə alaraq öz təbəəsinə ərə getmək istəmirdi. Əcnəbiyə ərə getsə isə ölkəsində dini qarışıqlıq yenidən baş qaldıra bilərdi.

Ölkəsinin müstəqilliyini qorumaq üçün o, ərə getmədi, bunu qəribə şəkildə onunla izah etdi ki, onun qəbir daşı üzərində yazılacaqdır ki, kraliça bakirə kimi yaşadı və bakirə kimi də öldü. Lakin onun özünə verdiyi bu ad olduqca şərti idi, həqiqətdən çox uzaq idi. Sadəcə olaraq o, yalnız ərə getməmişdi. Lakin kraliça Robert Dadli – qraf Lester, ondan sonra isə Uolter Reli kimi məşuqlara malik idi.

Robert Dadli özünü sarayda çox sərbəst aparırdı, az qala bu məkanı ətirli hərəmxanaya çevirmişdi. Yaşlı kraliça da, bu məsələdə hədləri gözləmirdi. Keşiş Edmund Qrindal Elizabetə demişdi: “Madam, unutma ki, sən öləri məxluqsan” və xəbərdarlıq etmişdi ki, “Sən nə qədər qüdrətli hökmdar olsan da, ancaq unutma ki, göylərdə yaşayan daha qüdrətlidir”.

Dadli elçilik edib, onun İspaniya kralına ərə getməsini təşkil etməyə çalışdıqda, xəyanətinə görə  kraliça onu edam etmək istəmədi, bildirdi ki, sağ qalmaqla o, daim xəyanətkarın yaxında olduğunu unutmağa imkan verməyəcəkdir.

Elizabet Şotlandiya kraliçası Mariya Styuarta gözəlliyinə görə paxıllıq edirdi. Mariyanın 16 yaşı olanda Fransa kralı II Henrinin böyük oğlu, xəstə və ağıldan kəm II Fransiskə ərə getmişdi. Mariya anadan olandan vurt-tut altı gün sonra Şotlandiya kralı olan atası Ceyms Styuart vəfat etdiyindən, ölkəsinin kraliçası elan edilmişdi, əri isə 1559-60-cı illərdə Fransa taxt-tacına sahib olmuşdu. Kral əri öldükdən sonra Mariya Şotlandiyaya qayıtdı. Bu dul qadın doğma ölkəsində ona evlənmək arzusunda olan kübarların qızğın mübahisəsinin qurbanına çevrilmişdi. O, 1565-ci ildə ikinci dəfə ərə getməklə lord Darnli ilə ailə qurdu. Bu gənc və arvad sifətli bir adam idi. Mariya isə özünü mütləq monarx etməyə çalışırdı, burada ona şəxsi katibi və birinci naziri olan italiyalı Devid Rittsio yaxından köməklik edirdi. Onlar birlikdə Darnlinin taxt-tacın ona və varislərinə ömürlük verilməsi barədə tələbini rədd etdikdə, digər kübarlarla birləşən Darnli Rittsionu öldürdü.

Ərə getdikdən bir il sonra Mariyanın oğlu oldu, bu Ceyms adlı körpə gələcəkdə təkcə Şotlandiyanın deyil, həm də İngiltərənin kralı olacaqdı, öz ölkəsində VI Ceyms, İngiltərədə isə I Ceyms adını daşıyacaqdı. Bir qədər sonra Darnlinin özünün meyidi bağdan tapıldı. Darnlinin qətli kraliçanın digər sevgilisi Ceyms Hepborn – qraf Botuell tərəfindən hazırlanmışdı. Botuell evli olmaqla yanaşı, həm də gənc kobud bir oğlan idi. O, Mariyanı çox sevirdi və arvadını boşadıqdan sonra kraliçanı götürüb qaçdı və ona evləndi. Əsl məqsədi isə hakimiyyətə yiyələnmək idi. Toy günü Mariya özünü öldürmək istəmişdi, lakin bunu etməyə ona imkan verilməmişdi. O, öz oğlu üçün də təhlükə yarandığını dərk edirdi. Botuell öz atasının qətlinin intiqamını almaq üçün uşağı böyüməyə qoymayacağına and içmişdi.

Şotlandiya kübarları qiyam qaldırdılar və Mariya Styuartı əsir götürdülər. Onu məcbur etdilər ki, öz oğlu Ceymsin xeyrinə taxt-tacdan əl çəkdiyini elan etsin. Bu vaxt onun ögey qardaşı Murey regent oldu. Əsirliyinin bir ilinə yaxın, 1568-ci ilin mayında İngiltərəyə qaçdı, lakin bədbəxtlikdən kraliça burada da yenidən dustağa çevrildi və 1587-ci ildə İngiltərədə dövlət çevrilişini hazırlamaq, kraliçanı öldürmək üçün olan qəsddə iştirakına görə edam edildi.

Tarixin istehzasına bax ki, edam olunan Anna Boleynin qızı I Elizabet 45 il ərzində İngiltərənin qüdrətli kraliçası oldu, onun ölümündən sonra isə, 16 il əvvəl məhz İngiltərədə edam olunan Mariya Styuartın oğlu I Ceyms 22 il ərzində bu ölkədə krallıq etdi.

 

Materik Avropasında əxlaq qaydaları.

ABŞ prezidentinin hədyan

xanımı

  

Materik Avropasında ilk dəfə mütləqiyyəti devirən Fransa inqilabı təkcə qan axıtmaqla, sonralar birbaşa Terrora keçməklə yanaşı, həm də tarixə görkəmli şəxsiyyətlər bəxş etdi. Onların əksəriyyəti inqilab fədailəri olduğundan inqilabın başlıca vəzifəsinin həyata keçməsi üçün heç bir, hətta ən iyrənc vasitədən belə çəkinmirdilər. Bütün inqilablar “ Məqsəd vasitəyə haqq qazandırır” prinsipi altında irəlilədiyindən Fransa inqilabı da erkən nümunə kimi bu xüsusiyyətə xilaf çıxa bilməzdi.

Fransa inqilabının ən görkəmli iştirakçılarından biri  madam Rolan – Rolan Manon Janna de la Platyer idi. Bu qadın 1754-cü ildə anadan olmuşdu, uşaqlıqda adı Mari Janna Filinon olmaqla, sonralar inqilabın ən məşhur qadın xadimlərindən birinə çevrilmişdi.

Uşaqlıqda o, çox oxuyurdu, xüsusən də Plutarxın əsərlərini sevirdi. Sonralar Volterlə maraqlanmağa başladı, Russonun “ Yeni Eloiza ”sını oxudu. O, deyirdi ki,” Plutarx məni respublikaçı olmağa hazırladı. “ Mari Janna həm də yazmağa başladı.

Jan-Mari Rolanla tanış olub, 1780-ci ildə özündən 20 yaş böyük olan bu kişiyə ərə getdi, lakin heç vaxt onu sevmədi. Ancaq ərinin istedadlı köməkçisinə çevrildi. Sonralar onun evini “ ictimai rəy bürosu “ adlandırırdılar. Mari Janna 1789-cu il hərəkatına vuruldu. Səmimi qaydada inanırdı ki, inqilab dünyanı dəyişəcəkdir. O, inqilabı sevdi.

İnqilabın başlanması ilə Lionda yaşayan Rolan mətbuatda parlaq məqalələr çap etdirirdi. Onların altında ərinin imzası qoyulsa da, həqiqi müəllif Mari Jannanın özü idi.

İnqilabdan sonra Rolan nazir oldu, daim arvadının hazırladığı çıxışları Konventdə səsləndirirdi. Bu baxt həm də partiyalar arasında mübarizə başlandı, madam Rolan adamları Marata və Robespyerə qarşı durmağa sövq edirdi. Jirondistlərin qaniçən yakobinçilərə məğlub olması ilə Rolan cütlüyü ennemis de peuple-yə –xalq düşmənlərinə çevrildilər. Mari Janna ərinə Parisdən qaçmaqda köməklik göstərdi, özü isə paytaxtda qalmaqla dustaqxanaya düşdü. Beş aylıq məhbusluq dövründə “ Qərəzsiz gələcək nəsillərə müraciət”ini yazdı. Burada qeyd edirdi ki, “ Səfeh adamla işin olmaqdan pis şey yoxdur, yeganə üsul onu kəndirlə bağlamaqdır, çünki digər metodlar faydasızdır”.

1793-cü ilin 8 noyabrında madam Rolan inqilabi tribunal qarşısında dayandı və bir gün sonra edam edildi. Gilyotina İnqilab, indiki “ Barışıq “ meydanında qurulmuşdu, edam gipsdən olan “ Azadlıq “ heykəli qarşısında keçirilirdi. Eşafota yaxınlaşan Mari Janna heykələ tərəf əyilib uca səslə dedi: “ Ey Azadlıq! Sənin adınla gör nə qədər cinayətlər törədilir! “

Onun əri də iki gün sonra həyatla vidalaşmalı oldu, Rolanın adı da arvadının adının güzgü əksi idi: Jan-Mari.

Fransa inqilabı çox şeyi dəyişkliklərə məruz qoydu, kralların sülaləsini və taxt-taclarini məhv etdi. Lakin yuxarı siniflərin əxlaq məsələsində yaxşı mənada hansı yeniliyə nail olması barədə elə bir ciddi məlumat yoxdur. Əslində köhnə qaydalar təkrarlanmaqda davam edirdi. İnqilabın məşhur bəhrəsi sayılan və hərbi qələbələri ilə Fransaya şöhrət gətirən ( əvvəlki krallar isə müharibələrə çox meyl etsələr də, onların çoxunu acı məğlubiyyətlə başa çatdırırdılar ) Napoleonun şəxsi həyatı deyilənlərə bariz sübutdur.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 7 iyun.- S.23.