Gəl indi xatırlayaq... - “Yüz Gözəl Sevgi Şeiri

 

PƏRVİNin təqdimatında

 

 

 

Hər kəsin sevgisi onun özünə bənzəyir. Cəsarətsizsənsə, sevgin qorxaqdı, ürkəkdi. Güclüsənsə, sevgin hər zəlzələyə, fırtınaya dözümlüdü. İşıqlı adamsansa, sevgin göz qamaşdırır. Bu mənada məhəbbət, daha doğrusu onuntaleyi”, sonluğu insanın özündən, xasiyyətindən xeyli dərəcədə asılıdı. Zamanında ata bilmədiyin addım, etdiyin qorxaqlıq həyatının axarını dəyişər, tək qala, hətta bədbəxt ola bilərsən. Yaxud ömrünün ən həlledici anında göstərdiyin cəsurluq, inadkarlıq əbədi bir işığa çıxarar səni. Bəlkə, elə taleni Allah insanın xasiyyətinə görə yazır... Sevgini buna görə lütf edir... Sənə çəkə bildiyin qədər, gücün çatan böyüklükdə eşq bəxş edir. Amma hardasa ürəyin yoruldusa, qolların o ağırlığa tab gətirmədisə, çətinliklərin qarşısında dizlərin əsdisə, özündən küs. Zaman ən qəddar məhfumdu. Onu saxlamaq, geri çevirmək olur. Elə məhəbbətin özü qəddardı. O da zamana bənzəyir bir az. Üz çevirdisə, çətin məsələdi. , keçib getmiş zamanı qaytara bilirsən, sevgini.

 

... Min ildi aldadırsan özünü. Gah qismətin, gah mühitin, gah həyatın acı qanunlarının, gah qadağaların boynuna atırsan günahı. O vaxt valideynlər qoymadı da, yoxsa... Qorxdu da qaçmaqdan, yoxsa... Cavan idik ürək eləmədik, yoxsa... Yaşa dolursan! Müdrikləşirsən... Böyüyürsən əslində, olanları bir-bir yada salıb hamının cavabını verirsən. Hətta xəyalən o illərə qayıdıb valideynləri razı salırsan, sözbaz camaatı da yerinə otuzdurursan, sevdiyinin əlindən tutub dünyanın o başına da gedirsən. Amma elə ki o xəyallarından qopdun, qəm basır səni. Təəssüf hissi çeynəyir, didir içini. Təsəlli axtarırsan.  Yenə xatirələr gəlir köməyinə. Uzaqdan, çox uzaqdan görünür hamısı. Əlini alnına dayayıb, gözlərini qıyıb baxırsan keçmişinə. Ürəyin sıxılır. Darıxırsan! İndi hardadı? düşünür? Görən o da səni xatırlayırmı? qədər qəribədi insan psixologiyası. Bəzən təsəllini mümkünsüz, qeyri-real nələrdənsə alırsan. Məsələn, guya o dünyada görüşəcəyinizdən, yaxud yuxularda rastlaşacağınızdan... Əliağa KürçaylınınYadına düşürəmmi?” şeiri iki hissin üzərində qurulub: təəssüf təsəllinin. Şeirin səmimiliyi, poetik gücü, zərifliyi ilə yanaşı digər üstünlüyü orijinal quruluşunda, strukturundadı. Hər üç bəndin birinci beş misrasında aşiq xatirələrə dalır, heyfislənir, bəzən özünü, bəzən sevgilisini, yaxud taleyi qınayır, son  misralarında isə təsəlli axtarır. Yeganə təsəllisi heç olmasa o qadın tərəfindən xatırlanmaq, onun xəyallarında görüşməkdi. bütün bəndlərin sonunda eyni sualın təkrarı bir daha onu göstərir ki, sevgililərin yeganə görüş yeri xəyallardı, xatirələrdi...  Amma şair şeirin son bəndində o xatirələrdən gileylənir, “Bir nişanə qoymadıq xatirə dünyasında” – deyir. Birgə olduqları zamanı daha gözəl, daha çılğın yaşamaq mümkünmüş deməli... 

 

...Bir anda, bircə andasəadət fürsətini əldən qaçıranda”, “ixtiyarı taleyin əlinə verəndəeləmisən o səhvi! Amma indi bütün bunları düşünməyin anlamı varmı?! Zaman acımasızdı, sevgi dönükdü... Heç birini geri qaytara bilməzsən...

 

...Günah kimdədir görən? Mən bilmirəm!

 

Əliağa Kürçaylı:

“Yadına düşürəmmi?”

 

Qaldı arxada artıq ömrün xoşbəxt illəri,

İndi mənim əlimə dəyməz sənin əllərin.

Söylə hərdən əsəndə soyuq payız yelləri,

Dağılanda üzünə o pərişan tellərin,

Deyirsənmi olaydıq eşqin gənclik yazında?

Heç olmasa xəyalın dumanlı aynasında

Səninlə bir anlığa gəlib görüşürəmmi?

Yadına düşürəmmi?

 

Səadət fürsətini qaçırtdıq sən də, mən də,

Onu köhlən at kimi salmalıydıq kəməndə,

Hərdən sevda yolunu azıb dumanda, çəndə,

Sənə ümid verəcək bir işıq görməyəndə

Bələdçi olurammı cığırlar arasında?

Heç olmasa xəyalın dumanlı aynasında

Səninlə bir anlığa gəlib görüşürəmmi?

Yadına düşürəmmi?

 

Gəl indi xatırlayaq bütün olanları biz,

Özümüz yazmalıykən hökmü biz, qərarı biz,

Taleyin əllərinə verdik ixtiyarı  biz,

Günah kimdədir görən? Mən bilmirəm! Barı biz

Bir nişanə qoymadıq xatirə dünyasında.

Heç olmasa xəyalın dumanlı aynasında

Səninlə bir anlığa gəlib görüşürəmmi?

Yadına düşürəmmi?

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 7 iyun.- S.21.