Səbail rayonunda Puşkinin 215 illiyi qeyd olunub

 

 

Dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi və “Sodrucestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. A.Puşkinin abidəsi önündə keçirilən tədbirdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında qoyduğu əbədi izdən söhbət açılıb. Tədbir iştirakçıları əvvəlcə A.Puşkinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə ucaldılmış heykəlinin önünə gül dəstələri qoyublar.

Tədbirdə Səbail rayon ictimaiyyətinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, “Sodrucestvo” cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, aliorta məktəblərin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Cəmiyyətin sədri Tatyana Kərimova çıxış edərək belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin keçirilməsinin önəmini bildirib. Qeyd edilib ki, şairin adını daşıyan bu parkda A.S.Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib.

Tədbirdə şairin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafında rolu, onun dünya ədəbiyyatına verdiyi töhfələr xüsusi vurğulanıb: “Puşkin təkcə Rusiya xalqı deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə edilib. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.

Tədbirdə Səbail rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirləri Azərbaycan və rus dillərində səslənib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 7 iyun.- S.21.