Elçin İsgəndərzadənin yeni elmi və ədəbi
uğurları
Azərbaycanın tanınmış alimi və şairi Elçin İsgəndərzadə İtaliyanın Bonifasiana Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvlüyünə layiq görülüb. E. İsgəndərzadə türkdilli xalqlar arasında bu akademiyaya üzv seçilmiş ilk alimdir.
Bugünlərdə Almaniya səfərindən qayıdan alim təəssüratlarını bölüşərkən dedi: “Ötən həftə Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının qonağı idim. Mən 2009-cu ildə Türkiyənin təqdimatı ilə bu Akademiyanın Türk Dünyası Şöbəsinin rəhbəri təyin edilmişəm. Təkcə Avropanın yox, bütün dünyanın ən qədim və ən nüfuzlu elm ocaqlarından biri olan bu akademiyanın Rəyasət heyəti məni fəxri professor ünvanına layiq görüb və “Avropa elminə xidmət” ordeni ilə təltif edib. Həmçinin “Avropanın görkəmli elm və mədəniyyət xadimləri” seriyasından mənim “Biblioqrafiya” kitabımın hazırlanması və “Müasir kombinəedilmiş maşınlar” adlı monoqrafiyamı çap etmək haqqında da qərar qəbul olunub”.
Alim ötən ay “İnnovasiya texnologiyalarının aktual problemləri” üzrə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Beynəlxalq konqresdə iştirak və elmi məruzə ilə çıxış etdiyini bildirdi: “Lap bu yaxınlarda iki elmi məqaləmin Vaşinqtonda keçiriləcək “Çağdaş elmin strateji inkişafı” beynəlxalq simpoziumu və Kanadada “Kombinəedilmiş maşınların aktual problemləri” beynəlxalq konfransının təşkilat komitəsi tərəfindən qəbul edilməsi və məni hər iki ali elmi tədbirə dəvət etmələri çox sevindiricidir”.
Həmsöhbətimiz bu yaxınlarda elmi nailiyyətlərlə yanaşı, bir neçə ədəbi uğurların sevincini yaşadığını dilə gətirdi: “Son zamanlar mətbuatımızda yayınlanmış “Cavid Cihadı” və “Məmməd Araz qayası” poemalarım haqqında oxuculardan və mötəbər şair dostlarımdan eşitdiyim xoş ifadələr məni ruhlandırır. Bu günlərdə işıq üzü görmüş, əziz sənət müəllimim Qərib Mehdinin qələmə aldığı “Elçin – el üçün” kitabını bütün ömrümün və bütün uğurlarımın tacı hesab edirəm.Yubileyimə hədiyyə olaraq “Vektor” Beynəlxalq Elmlər Akademiyası əsərlərimdən ibarət 5 cildlik kitab hazırlayır. Yubiley öncəsi Ankarada, İstanbulda, Moskvada və Londonda şeir və elmi kitablarım yayınlanacaq”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 7 iyun.- S.16.