Aktual mətləblərin sərrast
ifadəsi
TURAL
ANAROĞLUNUN PROZASI HAQQINDA OXUCU TƏƏSSÜRATI
“-Beş, dörd,
üç, iki, bir, efirdəsiniz!
Başladıq!
– Hörmətli ədəbiyyatsevərlər.
Bu gün yenə
də sizinlə bir yerdəyik. Bugünkü proqramımıza ölkəmizdəki müxtəlif
ədəbi cəmiyyətlərin
gənc nümayəndələrini
dəvət etmişik.
Studiyadakı qonaqlarımız
yeni Azərbaycan ədəbi cəmiyyətinin
nümayəndəsi Sahib İqtidarov,
Yeni Bəylər Şeir Ocağının
üzvü Müxalifət
Narazıbəyli, Alaqaranlıq
Ədəbi birliyin həmsədri Zülmət
Qara, Müstəqil Alternativ Heca cəmiyyətinin sədri
Sual Nida və Cırt-cırt Pen,
Ten-Şen ədəbi
klubun fəallarından
şair Bratan Sporoğlu Saunadır. Proqramımızda şairlərimiz yeni şeirlərini oxuyacaq, yaradıcılıq
planlarından söhbət
açacaqlar. Hamımızın
sevimlisi müğənni
Cəh-Cəh Popmeyxanalı
yeni mahnıları
ilə poeziya gecəmizi rəngləndirəcəkdir...”.
Yazıçı Tural Anaroğlunun “Poeziya gecəsi” hekayəsinin adamı xəfif təbəssüm
dalğasıyla tutan bu ilk cümlələrini
oxuyanda qeyri-ixtiyari hekayənin yazılma tarixi ilə maraqlandım. Mayın 18-də, 2005-ci ildə yazılıb. Təxminən,
fəslin bu vaxtlarında, amma nə az
nə çox, düz 9 il əvvəl.
Söz vaxtına çəkər
deyiblər, həm də buradakı mətləb də bənzəyiş baxımından
elə indiki vaxta yaman çəkir.
Bəlkə də ədəbi əsərin yaşaması baxımından
9 il az
bir müddət kimi görünə bilər, amma dünən yazılanın
artıq bu gün unudulduğu çağdaş dövrümüzdə
illər öncə bugünün mənzərəsini
görüb təsvir
etmək və oxucunu başverənlərin
həqiqiliyinə şübhə
eləmədən ürəkdən
güldürmək yazıçı
məharətidir. Oxucu olaraq “Poeziya gecəsi” ən çox bəyəndiyim proza nümunələrindən oldu.
Çünki bu hekayədə oxucunun doyacağı qədər
yumor, ironik qat, dinamik təhkiyə
və ən əsası yazıçını
hekayənin sonuna qədər tərk etməyən obyektivlik hissi var. Efirimizdə bayağılığın, şeir-sənət
adına sırınan
cəfəngiyyatın bol
olduğu zamanda bu hekayədəki şərti və satirik adlar, obrazların bir-birinə münasibəti
və onların dialoqunda ümumən bu mənzərəyə yazıçının ironik
yanaşması diqqəti
çəkməyə bilməz.
Hekayəni oxuduqca gülüşqarışıq
dilxorluq sarır adamı. Proqramın
aparıcısı Zövqsüz
Bərbadqızının veriliş
boyunca suallarını
cavablandıran adları
çəkilən qonaqlar
eynən indiki bəzi üzdəniraq “ədəbiyyatçılar” sayaq
bir-birini günahlandırır,
ittiham edir, guya bir-birilərinin iç üzünü açırlar. Əslində isə bu polemika ilə “ölkənin ədəbi-bədii
mənzərəsi” bütünlüklə
göz önündə
sərgilənir. Sahib İqtidarov “Ay zırt gələrsiniz” kitabı,
Müxalifət Narazıbəyli
“Çıxın meydanlara”,
“Mənə orden vermədilər”, “Hamı
rüşvətxordur”, “Qisasımı
alacam”, “Hər şey pisdir, hər kəs pis” şeirləri, “gənc ədəbi nəslin nümayəndələri”ndən
olan, ilk şeirini 55 yaşında yazan Zülmət Qaranın “Dağlarda eşşək
otarırkən” mənzuməsi,
“XXI əsrdə Azərbaycan
şeir yazmaq üçün azərbaycanca
bilməyin vacib olmadığını” deyən
Bratan Sporoğlu Saunanın repi günü bu gün də nə qədər tanış, nə qədər gülünc və nə qədər də düşündürücüdür...
Güldürmək asandır,
amma güldürməklə
yanaşı düşündürmək
artıq yazıçı
işidir: “Bəli, hörmətli tamaşaçılar,
çox təəssüf
ki, bu dərin
məzmunlu, bədii-estetik
söhbətin sonuna yaxınlaşdıq. Ümidvaram ki,
bu gün proqramımızda səslənən
şeirlər mənəvi
həyatınızı, estetik
görüşlərinizi daha
da zənginləşdirəcəkdir”.
Tural Anaroğlunun
hekayələri tamamilə
millidir. O baxımdan ki, buradakı personajlar başdan- ayağa, təpədən-dırnağa
öz dost-doğmaca həmvətənlərimizdi. Bu
obrazlar Danabaş kəndinin sakinləri də deyil, əməliyyat üçün
özəl klinikaya, alman həkiminə müraciət edəcək
qədər tam müasir
XXI əsr adamlarıdır.
Özəl klinikanın
həyətində aşıqlı-nağaralı
“məclis”lə 5 qoyunu
qurban kəsən, məxsusi çildağ üçün mədəsindən
əməliyyat olunmuş
şəxsin üstünə
gətirilən rayonun
məşhur falçısı
ilə, cibinə basılan əlliliyin eşqi ilə reanimasiyadan yenicə çıxmış (həm
də mədəsindən
əməliyyat olunmuş
adama) vişnə mürəbbəsi, limonlu
pürrəngi çayı
klinikanın həkimindən
xəlvət gətirən
sanitarı ilə, geniş və təmiz olduğu üçün
xəstəxananın həyətindəcə
oğluna sünnət
toyu çaldırmaq istəyən mehriban cütlüyü ilə, klinikanın həyətində
və palatada şaxsey-vaxseyləri ilə
bütün şəhərə
hay salan qohum–əqrəbalarla-bu,
bizik. Hadisələr də Danabaşda-filanda
vaqe olmur, XXI əsrin müasir Bakısında baş verir. Haqqında bəhs etdiyimiz
“Xəstəxana” hekayəsi
dopdolu süjeti, dinamik fabulası və dolğun, hərtərəfli tipajları
ilə çox maraqlı bir komediya filminin ssenarisidir. Burada alman həkimin gördüyü mənzərələrdən
dəhşətə gəlməsini,
“peşəkar çildaqçı”
Hacı Mərsiyə
xanımın bu binəva əcnəbini çildağ edərkən
yaranan mənzərəni
yazıçı sözlə
elə canlı təsvir edib ki, gülməkdən özünü saxlaya bilmirsən...və istər-istəməz öz
millətinin bu cür “təmsilçisinin”
yerinə utanırsan:
“Otaqda isə tam bir şaman mərasimi keçirilirdi.
Hacı mərsiyə dualar oxuyur, arabir köhnə əskiləri
yandırır, xəstənin
heç gözləmədiyi
vaxtda bunları onun əlinə, qoluna yapışdırırdı.
Əşrəf kişi belə hallarda yatağından dik atılır “Ay Allah” deyə bağırırdı....Bir həftə öncə əməliyyat
olan xəstə halsız vəziyyətdə
yatağına uzanmışdı,
ziyarətə gələn
qadınlardan biri əllərini göyə
qaldırıb nəsə
oxuyur, başını
sağa-sola əyir, ətrafına tüpürürdü.
Digər
qadın xəstənin
ayaqlarına nəsə
sürtürdü. Üçüncü qadın iki isidicinin qarşısında
durub orada yanan naməlum maddələri qarışdırırdı.
Dördüncü qadın qaşıqla
xəstənin ağzına
zorla nəsə doldururdu. Alman həkimin ağzı bir qarış açılmış, hərəkətsiz
halda yerində donub qalmışdı...”
Tural Anaroğlunun
hekayələri mövzu
rəngarəngliyi və
gözlənilməzliyi ilə
maraq doğurur. Əvvəlcə bəsit görünən
temanın ən alt qatlara qədər açılması, dərinliklərə
qədər işlənməsi
mətnlərin bədii
təsir gücünü
göstərməklə bərabər,
həm də yazıçının ən
adi təsir bağışlayan məsələlər
vasitəsilə çox
mühüm mətləbləri
demək bacarığını
ortaya qoyur. Mövzu qıtlığından
“əziyyət çəkən”
bəzi müəlliflərin
giley–güzarı fonunda
düşünürsən ki, adicə “Sinifkom seçkiləri” ilə, həm də uşaqların dilindən nələri anlatmaq olurmuş:
“- Sinifkom təbaşir
gətirir, sinfin təmizliyinə nəzarət
edir.
– Lap yaxşı. Çox gözəl...
– Sən nə deyəcəksən, Əli?
– Sinifkom “stukaç”dır,
xəbərçidir və
yaltaqdır...
Xədicə müəllimə eynəyini
çıxarıb arxa
partada oturan şagirdə baxdı.
– Necə yəni? Bunları sənə kim deyib?
– Atam!..
Birinci partada oturan qız əlavə etdi:
– Əliin atası
“julikdir”. Bunu anam söyləyir.
Onun dükanında hər zaman kolbasalar köhnə olur. Oradan aldığımız
südlər isə qaynayanda çürüyür...
– Nə olsun, mənim atam da deyir ki,
sənin anan demoqoqdur...”
Bu cür “səmimi” və hamımıza tanış “dialoq” şəraitində keçən
sinifkom seçkisini gülüşə boğularaq
izləyirsən, bir sinfin timsalında cəmiyyətdə baş
verənlər
o qədər aydın
və təsirli, eyni zamanda satirik effektlə göz qarşısında canlanır
ki, bütün bunları oxuduğunu yox, sanki canlı
yaşadığını hiss edirsən...
Həyatda çox gözlənilməzliklər olur. Bu gözlənilməzliklər bəzilərini güldürsə də, həyatını da dəyişməyə qadir olur bəzən. Məsələn, sən Tarix İnstitutunun baş elmi işçisi olsan da, anlaşılmazlıq nəticəsində tam təsadüfən (bəlkə də tam zərurətdən) V Beynəlxalq İdman Ayaqqabıları Yarmarkasında peyda ola və harada olduğunu dərk eləməmiş insanın tarix boyunca həyatını rahatlaşdırmaq üçün təbiətlə mücadiləsinə dair məruzə ilə çıxış edə bilərsən... Gülməyəsən, neyləyəsən? Amma bəlkə də həyata elə “İclas”da olduğu kimi yanaşmaq lazımdır, həyat bəlkə elə iclasdakı kimidir, sən özünü tam çətin situasiyada, bilinməzlikdə, çıxılmazlıqda və pərt durumda hiss edərkən, sənə birdən-birə, heç gözləmədiyin anda şans qapıları açılar? On illik alim maaşının məbləği qədər aylıq məvaciblə idman ayaqqabısı şirkətinə reklam meneceri dəvət edilə bilərsən, sən də əvvəlcə karıxarsan, sonra duruxarsan, sonra isə qırışığın elə açılar ki, hətta otelin eyni mərtəbəsində keçirilən, səhvən olduğun iclasın başqa analogiyasını da xəyal edərsən.Və düşünərsən ki, tarix simpoziumunun və idman ayaqqabıları yarmarkasının keçirildiyi mərtəbədə üçüncü bir tədbirin- “Avrasiyanın dünəni, bu günü və sabahı” adlı konfransın iştirakçıları da Azıx mağarası və Qobustandakı qayaüstü rəsmlərlə maraqlanırmı görəsən?...
Tanınmış yazıçı Kamal Abdulla Tural Anaroğlunun hekayələri haqqında yazarkən onları belə səciyyələndirib: “Kimi bu yazılarda Bulqakovun izlərini axtaracaq, kimi Mirzə Cəlilin, kimi Haqverdiyevin, Mir Cəlalın, Əziz Nesinin, Seyfəddin Dağlının...kimi də lap elə Anarı xatırlayacaq. Olsun. Elə belə yaxşıdır...”
Yazıçımızın bu fikrinə söykənərək onu da əlavə etmək istərdik ki, burada, Kamal Abdullanın dediyi kimi, adı çəkilən klassiklərin təbii təsiri ilə yanaşı, bu təsirlərin təsirindən yaranan bir çulğaşma, vəhdət var. Və Tural Anaroğlu bu təsirləri ustalıqla, üzvi şəklidə qaynadıb-qarışdırıb, özünəməxsus üslub formalaşdırıb. Gözlənilməz situasiyalı, müxtəlif temalı, çoxqatlı, ironik, satirik, yumoristik və bəzən də ezopdilli üslub. Və bu üslubla bağlı indi demək istədiklərimizi vaxtilə Kamal Abdulla dolğun şəkildə ifadə edib: “Bu cürə yanaşma tərzi, üslub, bu cürə müşahidə bacarığı, intellektual cümlə dolumu və əndazəli əhval qarışıqlığı üçün əslində biz hamımız darıxmışıq. Əlbəttə ki, hər şeydən əvvəl “o hekayələri yazan adam daxilən azad adamdır” fikrinə gəlirsən. Məncə, bu, yazıçı üçün çox böyük bir mənəvi qazancdır”.
Tural Anaroğlu ədəbi missiya həyata keçirməklə bərabər, həm də fəal diplomat kimi Azərbaycanın dünya miqyasında tanıdılması işinə öz töhfələrini verib və verməkdədir. Hazırda Küveytdə ölkəmizin səfiri vəzifəsini icra edən Tural Rzayevin iyunun 9-da 50 yaşı tamam olur. Bu münasibətlə, “525”cilər olaraq, yubilyarı təbrik edir, ona cansağlığı, uzun ömür, ədəbi və diplomatik karyerasında yeni-yeni müvəffəqiyyətlər arzulayırıq!
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2014.- 7 iyun.- S.15.