Dietoloq: “Qidalanma insanın daxili aləmi ilə
zahirini tamamlamalıdır”
“ÇÖRƏKDƏN
TAMAM İMTİNA ETMƏK DÜZGÜN DEYİL”
Sağlam
yaşamağın açarı ilk növbədə
insanın düzgün
qidalanmasından asılıdır. Gün
ərzində qəbul etdiyimiz qidalar orqanizmin gündəlik
ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir.
Hər bir şeyin ölçüdən artıq qəbul
edilməsi, təbii ki, xoşagəlməz halların
yaranmasına səbəb ola bilər. Bu gün kökəlmədən əziyyət
çəkən milyonlarla insan var. Demək olar ki,
köklük qlobal problemə çevrilib. Düzgün
qidalanmamaq, stress, müxtəlif problemlər insanın kökəlməsinə
səbəb olur.
Bir çoxları arıqlamaq və gözəl bədən
quruluşuna sahib olmaq üçün müxtəlif
üsullara əl atır. Lakin unutmaq lazım
deyil ki, düzgün qidalanaraq da arıqlamaq
mümkündür. Mövzu ilə bağlı tibb və fəlsəfə
üzrə fəlsəfə doktoru, dietoloq Şəmsiyyə
Namazlı ilə görüşüb söhbət etdik.
-Şəmsiyyə xanım, sağlam qidalanma dedikdə
nə nəzərdə tutulur?
-Düzgün qidalanma
sağlamlığın, gözəlliyin harmoniyası deməkdir. İnsan həyatı boyu müxtəlif
qidalar, maddələr
qəbul edir. Qəbul edilən qidalar orqanizmə
daxil olduqdan sonra müxtəlif biokimyəvi, mexaniki təsirlər nəticəsində
parçalanır. Parçalanma məhsullarından
isə yeni birləşmələr əmələ gəlir və
bu birləşmələrdən hüceyrələr qurulur,
insanın danışığı, nitqi, hərəkəti,
daxili orqanların fəaliyyəti yaranır. Buna isə maddələr mübadiləsi deyilir.
Əgər biz düzgün qidalanmırıqsa
maddələr mübadiləsi təbii ki, pozulur. Gün ərzində insan orqanizminin ehtiyac duyduğu
maddələr çoxdur. Buna karbohidratlar, zülallar, yağ turşuları, su, minerallar, vitaminlər,
mikroelementlər və s. aiddir. Züllalar
gündəlik qida qəbulumuzun ən çox faizini təşkil
etməlidir. Çünki insanın
vücud olaraq yaranışı toxumadan, toxumaları isə
hüceyrələrdən ibarətdir. Bu
hüceyrələrin quruluşunun hamısını
zülallar təşkil edir. Züllaların
amin turşularını təşkil edən
balanslaşmış qidanın əsas tərkibi də indiki
zamanda yağlardır. Bir çoxları yağ
mövzusunda ziddiyyətlidir. Hər kəs birmənalı
fikirləşir ki, yağ orqanizmin
düşmənidir. Yağ toxumalarının çoxluğu
orqanizmin düşməni olub, patalogiyaların yaranmasına səbəb
ola bilər. Amma unutmayaq ki,
oqranizmin yağa özünün gündəlik tələbatı
var, gün ərzində 50 qram qəbul etməliyik. Amma baxır hansı şəkildə?
Bildiyimizə görə, yağ
turşuları da özlüyündə iki qrupa
bölünür: doymuş və doymamış yağ
turşuları. Doymamış yağ
turşularını daha çox balıq, zeytun və
qarğıdalı yağlarından ala bilərik. Təəssüflər olsun ki,
insanlar çox vaxt doymuş yağ
turşularına üstünlük verir. Bunlara
da kərə yağı, heyvan mənşəli yağlar aiddir.
Bizdə daha çox kərə yağından
istifadə edirlər ki, bu da düzgün deyil.
Karbohidratlara gəldikdə isə, bilirik ki, karbohidratlar da iki
qrupa bölünür: polisaxarid və monosaxaridlərə. Lakin biz əhali olaraq polisaxaridlər qrupundan istifadə
edirik. Bunlara da ağ şəkər,
nişastalı yeməklər, ağ un məmulatları
aiddir. Monosaxaridləri isə biz meyvələrdən, meyvə
şirələrindən, quru meyvələrdən və s.
ala bilərik. Bütün bunlar birlikdə
balanslaşmış qidanı təşkil edir ki, buna diqqət
etməliyik. Əgər biz karbohidratı
tamamilə qida rejimimizdən çıxartsaq əvəzinə
zülal qəbul etsək yenə də mübadilə
pozulacaq. Ona görə də hər
qidanı qədərində qəbul etmək lazımdır. Bəziləri
çörəkdən tamam imtina edir. Bu,
düzgün deyil. Hər birimizin daimi
rejimli qidalanması şərtdir.
-Yay fəslində
insan orqanizmində immunitetin səviyyəsi nə qədər
olmalıdır?
-Fəsillər
dəyişdikcə insan orqanizmində imunno bioloji sistemdə dəyişiklik
olur. Havanın dəyişməsi, temperatur,
atmosfer təzyiqi, günəş şüaları
bütün bunlar insana təsirsiz ötüşmür.
Qış fəslində imunniteti gücləndirmək
bir qədər çətin olur və fəsillər yerlərin
bir-birinə ötürdükcə immunitetimiz zəif olaraq
qalır. Lakin bütün fəsillərdə C vitamini
ilə zəngin olan bir çox qidalar var ki, məsələn, yerkökü, kələm, limonu əldə
edə bilirik. Bu qidalardan çox istifadə etmək
lazımdır. Ümumiyyətlə,
vitamin A, C və B qrup kompleksin daha çox qəbul etmək
lazımdır. Çox vaxt yaz fəslində dəridə,
sifətdə,
saçlarda quruma olur. Bütün bunlar A vitamini çatışmazlığından əmələ
gəlir. Digər tərəfdən,
yaz fəslində biz
pomidor, xiyar və digər mövsimi xarakterli olmayan
tərəvəzlərdən
istifadə edirik. Mən buna qarşıyam
və pasientlərimə də məsləhət
görmürəm. Çünki zamanında qəbul etmək
lazımdır bu qidaları. Müəyyən
istixanalarda gübrələr, azotlar vasitəsi ilə
yetişdirilən bu tərəvəzlərdən allergiyalar
yaranır. Mümkün qədər bu
qidalardan uzaq durmaq lazımdır. Bilirsiz,
ümumiyyətlə, qidalanma özü bir mədəniyyətdir.
Bu hər kəsin şəxsi problemi deyil -həm
sosial, həm də etik problemdir.
-Qida mədəniyyətindən
söz düşmüşkən, qidalanma tərzinə baxaraq
hansısa insan haqqında fikir yürütmək
mümkündürmü?
-Əlbəttə. Kənardan hansısa
tanımadığın bir insanın qidalanmasına baxıb
ona təxmini qiymət vermək olar. Bəzən zahiri
görkəmlə qidalanma arasında kəskin təzad olur.
Məsələn, Hacı Zeynalabdin
Tağıyevin qızı Sara xanım vaxtilə
Sankt-Peterburqda təcridxanada olmuşdu, oradan nimdaş paltar
içərisində çıxaraq qorxa-qorxa bir kafeyə
yaxınlaşıb yemək istəyir. Kafedəki
ofisiantlar ona rəhm edərək yemək verirlər. Xanım bir kənarda oturaraq yeməyə
başlayır. Ofisiantın diqqəti ondan
yayınmır. O
görür ki, nimdaş geyimli bu qadının çəngəl-bıçaqla
xüsusi bir davranış mədəniyyəti var.
Yaxınlaşıb soruşur ki, siz kimsiniz? Sara
xanım qorxur ki, onu yenə tanıyıblar, çünki
sovet dövrü idi. Ofisiant deyir ki, sizin
kübar davranışınız var. Onda Sara xanım deyir ki,
mən Hacı Zeynalabdinin qızı Sara xanımam. Yəni onu demək istəyirəm ki, qida mədəniyyəti
çox vacib məsələdir. Qidalanma
insanın daxili aləmi ilə zahirini tamamlamalıdır.
-Bəzi
insanlar arıqlamaq üçün müxtəlif dərmanlardan,
çaylardan istifadə edir. Buna münasibətiniz.
-Mən hər
zaman demişəm ki, bunun tam əleyhinəyəm.
Çünki hər bir dərmanın tərkibində insana mənfi
təsir edəcək inqridentlər var. Bu tip dərmanları
qəbul edən insanlarda anormal vəziyyət əmələ
gəlir. Ola bilər ki, yuxarı tərəf
arıqlasın, amma aşağı hissə kök olaraq
qalır. Ümumiyyətlə
çalışmaq lazımdır ki, sağlam şəkildə
arıqlayasan və bu, hər zaman mümkündür.
-Ay ərzində
maksimum neçə kiloqram arıqlamaq normal sayılır?
-Birdən-birə
çox arıqlamaq ziyandır. Hətta
artıq çəkidən əməliyyat olunanda belə birdəfəyə
heç vaxt çox çəki götürmürlər.
Bu həm də hər insanın çəkisinə
görə müəyyənləşir. Tutaq
ki, yüz kiloqram çəkisi olan şəxs
üçün ay ərzində maksimum dörd kiloqramdan
artıq arıqlamaq məsləhət deyil. Əgər bundan artıq çəki itirsə
mütləq daxili orqanlarında problem yaranacaq.Bu zaman həmin
insanın ürəyində, qan təzyiqində problem yarana
bilər, qandakı şəkərin miqdarı dəyişə
bilər. Ona görə bu işi tədricən
etmək lazımdır.
-Axşam saatlarında qidalanmaq
köklüyə səbəb olurmu?
-Bəli.
Bilirsiz, axşam bizim enerjimizin tükəndiyi,
eyni zamanda hormonların zəiflədiyi vaxtdır. Bu baxımdan axşamlar yedikdə piylənmə daha
çox baş verir. Çünki yedikdən sonra qidanın həzmi
üçün heç bir hərəkət
etmirik. Lakin vitaminlə zəngin meyvə və
ya tərəvəz qəbul edə bilərik. Bu həm də mədə
şirəsi üçün də lazımdır.
-Belə
bir deyim var ki, “günə bir stəkan su ilə
başlayın”.Siz bu fikirlə razısınız?
- Su insan orqanizmi üçün
çox önəmlidir. Su orqanizmdə qoruyucu,
həlledici rol oynayır. Əgər oynaqlarda su olmasa
quruma baş verər,
ağrılar olar, hərəkət məhdudlaşar. Təmiz su içmək
çox xeyirlidir. Xüsusilə səhər
yeməkdən hardasa yarım saat əvvəl və
ayaqüstü vəziyyətdə içilməsi daha məqsədəuyğundur.
Gün ərzində orqanizmin tələbinə
uyğun olaraq təxminən litr yarım, iki litrə qədər
su qəbul edilməlidir. Lakin biz suyu
başqa maddələrlə də əvəz edirik. Kompotlar, çaylar, şirələrlə. Digər tərəfdən suyu da düzgün qəbul
etmək zəruridir. Fikir vermək
lazımdır ki, hansı qidadan neçə saat sonra, ya da əvvəl
su içmək olar. Məsələn,
zülal tərkibli qida qəbul ediriksə, mütləq
üstündən saat yarım, karbohidrat meyvə, tərəvəz
yeyiriksə qırx dəqiqə, bir saat sonra su qəbul edə
bilərik.
-Fast-foodlar
kökəlməyə səbəb olurmu?
-Bəli. Bir neçə il əvvəl amerikanlar demək olar ki, az çəkiləri ilə dünyada birinci yeri tuturdu. Lakin indiki dövrdə fast-foodlar sayəsində vəziyyət pisdi və demək olar ki, bu gün köklükdən ən çox məhz onlar əziyyət çəkir. Fast-foodlar ilk növbədə hormonlara təsir edir və bu da avtomatik olaraq kökəlməyə gətirib çıxarır. Təbii ki, orqanizmə də çox ciddi ziyan vurur.
-Vegeterianlığa münasibətiniz necədir?
-Çox yaxşıdır. Mən özüm də vegeterianam. Həmişə bu mövzu bir qədər mübahisəli olub, lakin elm sübut edir ki, bu növ qidalara üstünlük verən insanların problemi, xəstəlikləri daha az olur. Tutaq ki, vegeterian insanda hansısa şiş xəstəliyi varsa, digər insanla müqayisədə bu xəstəlik onda daha ləng inkişaf edir.
-Qadınlar stress keçirdikləri zaman yeməyə daha çox meyl edirlər. Bu nə ilə əlaqədardır?
-Bu, tək qadınlarda deyil, kişilərdə də var. Əsəbi olduqları zaman bəzi insanlar doymaq bilmirlər. Bu da orqanizmdə azan sinir adlı sinirin qıcıqlanması nəticəsində baş verir. Belə insanlar əsəbləri sakitləşənə kimi yeyirlər.
-Sizcə bizim xanımlar yetərincə baxımlıdırlarmı?
-Mən hər zaman deyirəm ki, dünyanın ən gözəl qadınları Azərbaycan xanımlarıdır. Həm etibarlı, həm sadiqdilər, həm də daxili aləmləri fərqlidir. Lakin təəssüflər olsun ki, indi bizim qadınlarda artıq kilolar daha çox yaranıb. Mən bunu heç istəməzdim. Bu bizim yeməklərin daha çox yağlı olması ilə də əlaqədardır.
-Son olaraq xanımlarımıza düzgün qidalanma ilə bağlı tövsiyələriniz.
-Çalışsınlar, yağlı qidalardan uzaq dursunlar. Xörək bişirən zaman daha çox bitki yağlarından istifadə etsinlər, hətta süd, qatıq, kəsmik alarkən yağlılıq dərəcəsi az olanı alsınlar. Xörəklərdə duzdan az istifadə olunsun, meyvə- tərəvəzləri süfrədə bol etsinlər, şirniyyatları demək olar, tamamilə qida rasionundan çıxartsınlar. Çalışsınlar həm özləri həm də uşaqları sağlam qidalansın. Mümkün qədər stresslərdən, problemlərdən uzaq olsunlar.
Samirə QULİYEVA
525-ci qəzet.- 2014.- 7 iyun.- S.12.