Hər zaman xoş gördük Taleh Həmid!

 

 

Bu yaxınlarda bir tədbirdə dostum şair Taleh Həmidlə görüşdük. Birdən xatırladım ki, iyun ayının 19-da şair 62 yaşını  qeyd edəcəkdir. Fikirləşdim  ona nə hədiyyə edim?! Bir qədər düşündükdən sonra qərara gəldim ki, söz adamına elə "söz"dən qiymətli hədiyyə tapa bilməyəcəm. Elə "söz"lə də təbrik etmək qənaətinə gəldim.

Kitabxanama boylandım və şairin 2012-ci ildə çapdan çıxmış "Sənə məktublar yazıram" kitabı əlimə keçdi. Şair bu kitabı mənə təzəcə çapdan çıxdığı vaxtlar hədiyyə etmişdi. Və mən kitabdakı şeirlərin bir çoxunu oxumağıma baxmayaraq, ona yenidən diqqət yetirməyə başladım.

Kitabın ilk varağında, həm də üz qabığında şairin oxucularına xitabən yazdığı müraciət çox maraqlıdır: "Yenə səninlə görüşürəm, yenə sevinclərimi və duyğularımı səninlə bölüşürəm. Bircə misram, bircə şeirim ürəyinə yol tapacaqsa, yaradıcı adam üçün bundan yaxşı nə ola bilər?! Hər zaman, hər vədə xoş gördüm səni!"

Mən də elə şair Taleh Həmidlə qəlb söhbətimi xoş gördüklə başlayıram.

Deyə bilmərəm şairin bu kitabı neçə oxucuda var və ya neçə oxucu bu kitabı oxuyub?!

Mən kitabdakı şeirlərin hamısını oxudum və səmimi olaraq bildirirəm ki, şeirlərin əksəriyyəti oxucunun ürəyinə yol tapan şeirlərdir və həmin şeirləri duymaq üçün onları oxumaq lazımdır.

Şair Taleh Həmidi oxumaq lazımdır. Oxuduqca onu daha yaxından tanıyacaqsan, onun sevinc və iztirablarını duyacaqsan, dərk edəcəksən.

Şairləri aysberqlərə bənzədirlər. Onların yaradıcılığı ilə tanış olduqca onları kəşf edirsən. Şeirlər şairlərin görünməyən tərəfləri - daxilindəki hissləri, həyəcanları, duyğularıdır. Taleh Həmid də həmin aysberqlərdən biridir və gəlin onun görünməyən tərəflərinə səyahət edək.

Beləliklə, hər zaman  xoş gördük Taleh Həmid!

 

Durmuşuq üz-üzə,

Göz-gözə.

Bir-iki xatirə danış,

Onlar bizi çatdıracaq,

Ötüb-keçən günlərə...

 

Taleh Həmid yazmağa jurnalist kimi başlamışdır. Hələ orta məktəbdə oxuduğu və ilk gənclik illərində rayon qəzetində kiçik məqalələrlə çıxış edən Taleh Həmid jurnalist olmaq istəyirdi. Bu məqsədlə də o, orta məktəbi qurtardıqdan sonra (o vaxtlar Universitetin Jurnalistika fakültəsinə qəbul olunmaq üçün hökmən iş stajı tələb olunurdu) kolxozda işləməyə başladı. 1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra o, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olaraq öz arzusuna çatdı.

Artıq Universitet tələbəsi olan Taleh tez-tez müxtəlif mətbu orqanlarda maraqlı yazılarla çıxış edir, eyni zamanda onda poeziyaya qarşı sonsuz bir maraq oyandığını hiss edirdi. Elə bu istəklə də o zamanlar nüfuzlu ədəbi mətbu orqan sayılan "Ulduz" jurnalında işə düzəldi. Əmək fəaliyyətini "Ulduz" da təsərrüfat müdiri kimi başlayan Taleh tez bir zamanda jurnalda ədəbi işçi vəzifəsinə keçirildi.

Həmin illərdə də onun "Anam qardaş gözləyir" adlı ilk şeiri "Azərbaycan gəncləri" qəzetində çap edildi. Bundan sonra imzası müxtəlif qəzet və jurnallarda görünməyə başladı.

"Azərbaycan komsomolu" mükafatına layiq görülən "Qapımı bahar döyür" ilk şeirlər kitabı 1985-ci ildə çap edildikdən sonra şairin "Dünya yaxşıdır hələ", "Məni gözləyən olsa", "Təltifsiz bulud", "Yaz çiçəklərinə qar yağır", "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı" kitabları çap olunub.

"Sənə məktublar yazıram" kitabı Taleh Həmidin sonuncu çap olunmuş kitabıdır və bu yazıda söhbət həmin kitaba toplanmış şeirlər barədə olacaqdır.

Doğrudur, topluda şairin 80-90-cı illərdə yazdığı şeirlər də yer alıb. Lakin kitab əsasən şairin indiki ovqatını əks etdirir.

 

Yenə coşan könlüm nəğmələr yazdı,

Xəyallar içində dolaşdı, azdı.

Bu gündən sabaha ümidlər azdı,

Deyirəm nə yaxşı görüşdük yenə.

 

Nə qədər sənsizdim, qırıq qanaddım,

Uçdum səmaların dadını daddım.

Sən bir addım atdın, mən də bir addım,

Deyirəm nə yaxşı görüşdük yenə.

 

Taleh Həmidin şeirlərinin mövzusu çox maraqlıdır. Əslində o, mövzu axtarmır, mövzu özü onu tapır. Onu lirik qəhrəmanlarının hamısı ətrafındadır. Onun müasirlərinə, dostlarına, doğmalarına, əzizlərinə ünvanlanmış şeirləri onlarcadır. Bu şeirlər şairin güclü müşahidə qabiliyyətinin,insanı tanımaq duyumunun məhsulu olmaqla, təkcə şeir həsr olunmuş insanda yox, ümumiyyətlə oxucuda xoş əhval-ruhiyyə yaradır. Şeir bir şəxsə ünvanlanmasına baxmayaraq, ümumiləşir, bizləşir.

Şairin böyük müəllimimiz Mir Cəlal müəllimə həsr etdiyi şeirdən bir nümunə:

 

Neçə yaz yaşayıb, payız görmüşəm,

Hər fəsil sazımı bir kökə salıb,

Kövrək yaddaşımın varaqlarında,

Bir insan, bir ustad nağılı qalıb.

Gənclik köç etməyən sevgim-təsəllim!

Qanadlı quş idik biz tələbələr,

Hər dərsə gələndə Mir Cəlal müəllim!

 

Şairin şeirləri, öz sözü ilə desək, "istər zəif olsun, istər güclü" çox səmimidir və onun bu səmimiyyətinin hər misrasında hiss edirsən. Bu baxımdan onun ithaf şeirləri içərisində Sərgəndar Möhbəliyə həsr etdiyi şeir çox maraqlıdır:           

Görərsən dalınca zənn ilə baxsam,

Göylər göyə çəkib ölən sevgimi.

Bir gün özün ilə aparacaqsan,

Sənə arsız-arsız gülən sevgimi.

 

Əgər sıxar olsan kipriklərini,

Yandırar bir damla yaş küçələri.

Çıxıb gedəcəksən mələklər kimi,

Yetim qoyacaqsan daş küçələri.

 

Sən öpdüyün söyüd boyun əyəcək,

O bir də çətin ki, boylana göyə.

Küçələr, səkilər qəribsəyəcək,

"Ayaqyalın kişi, hardasan" deyə.

 

Taleh Həmid öz yaradıcılığında həm heca vəznində, həm də sərbəst şeir formasından istifadə edir. Lakin o hansı formada yazırsa-yazsın, qafiyə dalınca, söz dalınca qaçmır, fikir sərbəstdir. Şair ürəyindən keçənləri tam ifadə edə bilir və şeirlərində məzmun var, məna var:

 

Kim deyib, yaxşı deyib,

Göz yumular, qaş qalar.

Xanimanlar, saraylar,

Düzülsə də yan-yana,

Bir gün yurd da boş qalar,

Oğul fərsiz olanda.

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən tutmuş az-çox tanınan sənət adamlarınadək demək olar ki, hamısı övladlarına şeirlər, əsərlər, nəğmələr həsr ediblər. Bu şeirlərin hamısı ən səmimi hisslərdən, övlada olan sonsuz məhəbətdən, arzu və istəkdən, nəsihətlərdən ibarət olmuşdur. Dediklərimə sonsuz sayda misallar gətirmək olar. Bu mənada şairin övladlarına həsr etdiyi şeirlər diqqətçəkəndir. Mən bu yazıda şairin iki şeirindən nümunə gətirəcəm. Onlardan biri həyatdan çox tez köçmüş 12 yaşında dünyasını dəyişmiş qızı Sevincə yazdığı şeirdir. Əslində bu şeir şeir deyil, ağıdır, layladır, şairin ürək yanğısı, qəlb çırpıntılarıdır. Sevincin fiziki yoxluğundan 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq, o şairin qəlbində, ürəyində, içində, sözündə, söhbətində və nəhayət şeirlərində yaşayır ...

 

Bu gecə sübhədək

Uğuldadı yel.

Əsdi tufan,

Yağdı qar.

Ağ dona büründü,

Cığırlar, yollar.

Unutdum canımın

Azarını.

Uzaqdan-uzağa

Köksümə sıxdım

Sənin üşüyən məzarını,

İsinə bildinmi

Qurbanın olum?!

 

Misal gətirmək istədiyim ikinci şeiri şair oğlu Cəlala ünvanlayıb. Bu şeirdə şair oğluna müraciəti əslində bütün övladlara ünvanlayıb, bir nəsihətdir, çağırışdır:

 

Həyat şirin, ömür gözəl əzəldən,

Bil qədrini ötüb keçən hər anın.

Yorulma arzudan, işdən, əməldən,

Tut nəbzini bəri başdan dünyanın.

 

Dünya mərdlik dünyasıdır bilginən,

Ağac əkən öz barını dərəcək.

Ağlayanın göz yaşını silginən,

Tanrı bir gün əvəzini verəcək.

 

Bilirəm ki, qoca dünya gididi,

Çətin gündə hər dərdini mən alım.

Sən atanın, sən ananın ümidi,

Elə eylə, Cəlalım ol, Cəlalım.

 

Mən Xalq şairi Səməd Vurğun haqqında bir yazımda yazmışdım ki, Səməd Vurğun "Azərbaycan" şeirini yazmaqla poeziyamıza bir mövzu gətirdi - Azərbaycan mövzusu. Ondan sonra gələn bütün şairlər bu mövzuda şeir yaratmışlar. Özü də hər biri istedadı imkan verdiyi qədər ən gözəl şeirlərini bu mövzuya həsr ediblər. Şair Taleh Həmid bu mənada istisna təşkil etmir. Gəlin birlikdə nəzər salaq şairin "Azərbaycan deyirəm" şeirinə:

 

Mən övladam, sən ana,

Gərək övlad anaya,

Anadan da çox yana.

Səndən qabağa düşüb,

Mən sənə can demişəm,

Ruhum, varlığım mənim,

Azərbaycan demişəm.

 

Şair üçün Vətən "o balaca kənddən"  başlanır, çiçəkli həyətindən, qurşaq çəkib gedən cığırlardan, qayaların köksündəki mamırlı daşlardan, yaşıl meşədən, üzünə gülümsəyən bənövşədən, çoban bayatısından və daha nələrdən başlanır və bütün bunların toplamı "Azərbaycan"dır.

Bilmirəm fəsillərin adlarını özünə ləqəb götürən şair varmı? Əgər belə olsaydı, Taleh Həmidə mən "Payız" təxəllüsünü verərdim. Onun "Sənə məktublar yazıram" kitabında toplanmış şeirlərinin bir çoxu payıza həsr olunmuşdur. Doğrudur bir sıra hallarda payıza ilin ən bol, ən bərəkətli fəsli də deyirlər və payızı bu nöqteyi-nəzərlə də mövzuya çevirirlər. Ancaq Taleh Həmidin şeirlərində payız ayrılıqdır. Bu ayrılıqlar sonsuzdur, yarpaq budaqdan ayrılır, çiçək çəməndən ayrılır, sonalar göldən ayrılır və s. lakin bu ayrılıq həm də sevənlərə aiddir:

 

Bu payız sən mənə əlvida dedin,

Dedin ki, bəs edər, görüşməyək biz.

Dayanıb sakitcə arxamca baxdın,

Bir payız yanımdan ötüşdü sənsiz.

 

Taleh Həmidin payızında köç də var - Durna qatarının köçü, köçəri quşların köçü, elin dağdan arana köçü. Lakin bir köç də var...

 

Uçur durnaların payız karvanı,

Mavi buludlara səs sala-sala.

Qərib durnalara yazığım gəlir,

Özüm bir sahildə tək qala-qala.

 

İncə qəlbə, həssas duyuma, kövrək xarakterə malik olan Taleh Həmidin ən gözəl şeirləri həm də doğmalarına həsr olunan şeirləridir. Çox təəssüf ki, onların bir çoxu artıq bu dünyada deyil. Şair onları ürək yanğısı ilə yad edərək, qəlbinin ən kövrək hissləri ilə ürəyindən keçənləri poetikləşdirir. Bu mövzuda yazdığı şeirlərdən "Üç bacım var idi" şeiri oxucunu riqqətə gətirməklə şairin ifadə tərzinə heyran qoyur.

 

Əsdi xəzan yeli,əsdi qəfildən,

Fırtına qopardı acı küləklər,

Şirin xəyal kimi yaman getdilər,

O ulduz işıqlar, doğma mələklər.

 

İllər il dalınca gör nələr etdi,

Ömrün nə bir taxtı, tacı qalmadı.

Taleh, ölməyin də ləzzəti getdi,

Səni ağlamağa bacı qalmadı.

 

Taleh Həmid həm də təcrübəli qəzetçi, istedadlı jurnalist, maraqlı publisistdir. Oxuculara yaxşı məlumdur ki, o, uzun illər müxtəlif mətbu orqanlarda məsul və rəhbər vəzifələrdə çalışmış və çoxsaylı publisist yazılar müəllifidir. Lakin bu yazıda mən şairin publisistikası haqqında bir söz deməyəcəm. Çünki bu mənim işim deyil.

Bununla belə, mən onun bir maraqlı məziyyətindən söz açmaya bilmərəm.

Taleh Həmid güclü koloriti olan çox maraqlı həmsöhbətdir. Onunla söhbətdən doymaq olmur. Xüsusilə Azərbaycanın görkəmli sənət adamları - şairlər, yazıçılar, jurnalistlər haqqında olmuş əhvalatları, duzlu-məzəli xatirələrindən. Bu yazıda həmin xatirələrdən birini oxucuların diqqətinə çatdırmaq istərdim.

Taleh Həmid danışır ki, "Məşhur rejissor Adil İsgəndərov "Azərbaycanfilm" kinostudiyasında direktor işləyirmiş. Xalq yazıçısı Yusif Səmədoğlu da kinostudiyada işləyirmiş. İş elə gətirir ki, Adil İsgəndərovu vəzifəsindən çıxarmalı olurlar. Ona tapşırıq verirlər ki, öz yerinə namizəd hazırlasın. Adil İsgəndərov çox götür-qoydan sonra Yusif Səmədoğlunun üzərində dayanır və təkidlə Yusif Səmədoğlunu bu işə razı salır. Yusif Səmədoğlu sənədlərini Mərkəzi Komitəyə təqdim edəndə məlum olur ki, o, Kommunist partiyasının üzvü deyil. Deyirlər ki, olmaz, gərək Yusif Səmədoğlu partiyaya keçə. Bir müddət keçir, Yusif Səmədoğlunu partiya üzvlüyünə namizəd qəbul edirlər və sonra sənədləri yenidən Mərkəzi Komitəyə təqdim olunur.

Sənədlər o zaman Mərkəzi Komitənin birinci katibi işləyən Heydər Əliyevə təqdim olunur. Lakin Heydər Əliyev Yusif Səmədoğlunu həmin vəzifəyə məsləhət bilmir.

Adil İsgəndərov çox peşiman geri qayıdır və Yusif Səmədoğlunu yanına çağırıb deyir - "Yusif, bala, məsələ alınmadı, Partiyaya keçirib ara yerdə səni zibilə saldıq".

Mən bu yazı üzərində işləyəndə şair ürək ağrısından xəstəxanada yatırdı. Birdən şairin  Azərbaycan jurnalının 2014-cü il 3-cü nömrəsində dərc  edilmiş  şeirlərinə daxil edilmiş

 

Hərdən gizli-gizli, hərdən aşikar,

Sinəmi göynədən ağrılarım var.

Bir ömrü isidib,onu yaşadan,

Neçə şirin-şirin duyğularım var.

Qoy səni yormasın yoxuşlar-yollar,

Ürək,ağrımağın zamanı deyil.

 

bəndi ilə başlanan "Ürək, ağrımağın zamanı deyil" şeirini xatırladım.Və düşündüm ki, qoy elə şairin öz sözü ilə ona arzularımı bildirim:

 

Nə çəkmişik,bilən onsuz biləcək,

Ötən çox günləri ulduz biləcək.

Dostlar kədərlənib,düşmən güləcək,

Darıxma ürəyim, olanlar olur,

Bir gün ağrımağın vaxtı gələcək,

İndi ağrımağın zamanı deyil.

 

 

Ramiz GÖYÜŞOV

525-ci qəzet.- 2014.- 10 iyun.- S.8.