Klassika və müasirliyin ədəbi-elmi
qovşağında
Məmməd Arif - 110
Tarixdə
elə şəxsiyyətlər olub ki, onlar öz
xalqının elmi inkişafında və yüksəlişində
keçmişin, indinin və gələcəyin üzvi vəhdətinə
nail olmaqla vətənə misilsiz xidmətlər göstəriblər. XIX -XX əsrlərin ədəbi-elmi
və nəzəri-estetik fikir və düşüncələrində
körpü rolunu oynayan belə şəxsiyyətlərdən
biri, bəlkə də birincisi akademik Məmməd Arif Dadaşzadədir (1904-1975).
Zənnimizcə,
Məmməd Arif müəllimin klassika və müasirliyin əldə
etdiyi ədəbi-elmi vəhdət və sintezində, habelə
nəzəri estetik fikrimizə XIX əsrin 70-ci illərində
Avropada təşəkkül tapmış psixoloji məktəbin
(Ş.O. de Sent -Böv, R. Müller-Freyenfels, A.A. Potebnya və
b.) bu və ya digər dərəcədə nüfuz etməsində
böyük rolu vardır. Məmməd Arif özünün
geniş miqyaslı ədəbi-elmi
yaradıcılığında sənət əsərlərinin
müəllifləri ilə yanaşı, ayrı-ayrı qəhrəmanların
və obrazların daxili aləminə sirayət etməklə
onların mənəvi-əxlaqi əlaqəsi, ruhi-psixoloji səciyyəsini
verməkdə mühüm işlər
görmüşdür. Bütün bu səbəblərə
görə alimin yaradıcılığı Azərbaycanda sələflər
və xələflərdən ibarət yaxın-uzaq nəsillərin
görüşdüyü və qovuşduğu ədəbi-tənqid
və nəzəri-estetik körpü hesab edilə bilər.
Böyük
Azərbaycan tənqidçisi, ədəbiyyatşünası,
tərcüməçi, pedaqoq, nasir və ictimai xadim Məmməd
Arif Məhərrəm oğlu
Dadaşzadə 1904-cü il iyunun 10-da Bakı şəhərində
doğulub. O,1936-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, filologiya elmləri
doktoru (1954), professor (1955), Azərbaycan Respublikası Elmlər
Akademiyasının həqiqi üzvü (1958), Azərbaycanın
Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət
mükafatı laueratı (1974) olub.
Gələcək
alim Bakıda rus-tatar məktəbini bitirdikdən sonra bir müddət müəllim
işləyib, Bakı Xalq Maarifi İnstitutunda təhsilini
davam etdirib (1920-1925). Sonra Azərbaycan Dövlət
Universitetinin Şərq fakültəsini bitirib, Moskvada Sovet
Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun
aspiranturasında oxuyub (1930-1931). Azərbaycan maarif nazirinin
(komissarının) müavini, eyni zamanda Azərbaycan Pedaqoji
İnstitutunun rus ədəbiyyatı kafedrasının baş
müəllimi, dosent işləyib, sonra Dövlət
Universitetinin rus ədəbiyyatı kafedrasının
müdiri vəzifəsində əmək fəaliyyətini
davam etdirib (1941-1950). Keçmiş SSRİ Elmlər
Akademiyasın Azərbaycan filialının Ədəbiyyat və
Dil İnstitutunda direktor müavini (1939, yanvar-sentyabr), direktor
(1939-1950; 1957-1959), "Vətən uğrunda"
jurnalının baş redaktoru (1941-1947), Azərbaycan
Respublikası Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində
olan Terminologiya Komitəsinin sədri (1957-ci ildən etibarən)
kimi çalışıb. 1944-cü ildə M.Arif "Azərbaycan
sovet ədəbiyyatının inkişaf yolları"
mövzusunda yazdığı dissertasiyanı müdafiə edərək
filologiya elmləri namizədi alimlik dərəcəsini
alıb, sonra "Cəfər Cabbarlının
yaradıcılıq yolu" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib (1954). Elmlər Akademiyasının ictimai elmlər bölməsinin
akademik-katibi (1959), ardınca isə vitse-prezident (1960) olub,
ömrünün sonunadək bu məsul vəzifədə
işləyib.
M.Arif ədəbi
fəaliyyətə 1923-cü
ildə "Molla Nəsrəddin" məcmuəsi səhifələrində
çıxan "Bədgümanam", "Belə getsə
düzələr", "Elan", "Mərsiyə xəbərləri"
felyetonları ilə başlayıb. Bu felyetonlar "Məğmun
xızılı" imzası ilə çap olunub. Arif
müəllim keçən əsrin 20-30-cu illərində
dövri mətbuatda şeir və hekayələrlə də
vaxtaşırı çıxış edib. Bu dövrdən
başlayaraq Azərbaycan sovet ədəbiyyatşünaslığı
və ədəbi tənqidinin yaranması, təşəkkülü
və inkişafında yorulmadan çalışıb. Azərbaycan,
rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat
nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni
əlaqələr onun əsas tədqiqat obyekti olub. O, Azərbaycan
ədəbiyyatı tarixinin yaradıcılarından biridir.
İkicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı
tarixi" (1943-1944), üçcildlik "Azərbaycan ədəbiyyatı
tarixi" (1957-1960), "Azərbaycan sovet ədəbiyyatı
tarixi oçerkləri" (Moskva,1963) Arif müəllimin rəhbərliyi
və bir müəllif kimi iştirakı ilə işıq
üzü görüb. Onun "Azərbaycan xalqının ədəbiyyatı"
kitabı rus, ingilis, fars dillərində, habelə doğma
dilimizdə çapdan çıxıb. M.Arifin "Azərbaycan
ədəbiyyatı" (Moskva,1979), "Azərbaycan ədəbiyyatı
tarixi" (Bakı,1987) kitabları rus dilində
buraxılıb. 1932-ci ildən başlayaraq onun təklikdə,
yaxud digər müəlliflərlə şərikli
hazırladığı orta məktəb şagirdləri
üçün ədəbiyyat dərslikləri 60 ildən
artıq dönə-dönə çap edilib tədris olunub.
O, həm də "Qədim rus ədəbiyyatı ( XI-XVII əsrlər)", "Rus ədəbiyyatı (XVIII əsr)" ali məktəb dərsliklərinin
redaktoru və müəlliflərindən biri idi.
Arif
müəllim Evripid, Servantes, N.Qoqol, L.Tolstoy, A.Çexov,
M.Qorki, N.Ostrovski, İ.Bexer, E.Remark və başqa
yazıçıların əsərlərindən bədii tərcümələr
edib. Onun öz əsərləri keçmiş SSRİ
xalqlarının dillərinə və xarici dillərə
çevrilib. Görkəmli alim SSRİ Elmlər
Akademiyasının "Dünya ədəbiyyatının
inkişaf qanunauyğunluqları" problemi üzrə elmi
şurasının, Moskvada çıxan "Qısa ədəbiyyat
ensiklopediyası"nın (1962-1978) redaksiya heyətinin, 6
cildlik "Çoxmillətli Sovet ədəbiyyatı
tarixi"nin (Moskva, 1970-1974) baş redaksiya heyətinin üzvi
idi. İran yazıçılarının I konqresində
(Tehran,1946), şərqşünasların XXV Beynəlxalq
konqresində (Moskva, 1960) iştirak etmişdi. Lenin ordeni (1971),
iki dəfə "Qırmızı Əmək
bayrağı" ordeni (1939,1964), "Qaqabcıl maarif
xadimi" nişanı (1964), SSRİ medalları ilə təltif
olunmuşdu.
Məmməd
Arif Dadaşzadə 1975-ci il dekabrın 27-də Bakıda vəfat
edib, Fəxri Xiyabanda dəfn olunub. Bakıda küçələrdən
biri və Yazıçılar Birliyinin kitabxanası,
Şuraabad qəsəbəsində orta məktəb onun
adını daşıyır.
1964-cü
ildə respublika ictimaiyyəti tərəfindən alimin anadan
olmasının 60 illiyi, 1974-cü ildə isə 70 illiyi qeyd
olunub. 2004-cü ildə alimin 100 illiyi münasibətilə
onun xatirəsi Bakıda və Xızıda yad edilib. Bu il
mütəfəkkir ədəbiyyatçının anadan
olmasının 110 illiyinin qeyd edilməsi barədə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam
imzalayıb.
Xalq
şairi Səməd Vurğun hələ 1941-ci ildə
"Azərbaycan Sovet Yazıçıları
İttifaqının çağırdığı ədəbi
tənqid konfransına məktub"unda yazırdi: "Bir də
iftixarla demək lazımdır ki, bizim tənqidçilərimiz
arasında gözəl bədii zövqə və elmi səviyyəyə
sahib yoldaşlarımız da az deyil. Bizim onlara qulaq
asmağımız, heç olmazsa, yazıçılıq
borcumuz olmalıdır. Bu yoldaşlar
bir çox bədii tənqidlər, tarixi məqalələr
yazmışlar ki, onlardan şəxsən
mən çox istifadə etmişəm. Məsələn, Məmməd
Arif, Mikayıl Rəfili, H.Mehdi, Əziz Şərif, Hidayət
Əfəndiyev, M.C.Cəfərov, C.Cəfərov, Əkbər
Ağayev və başqaları kimi tənqidçilərimiz, ədəbiyyatşünaslarımız
vardır".
Heç
də təsadüfi deyil ki, böyük şairimiz
"Ədəbi tənqid konfransında son söz"ündə
o dövrün tanınmış tənqidçi və ədəbiyyatşünasları
dəstəsindən yeganə olaraq Məmməd Arifin
adını çəkir: "Tənqidçi M.Arif və başqa yoldaşların məqalələri
və qəzetlərimizin çıxışları
yazıçılarımız üçün çox
faydalı olmuşdur". Və yaxud: " ... Arif yoldaş məruzəsində
gözəl fikirlər söylədi, bunları öyrənmək
lazımdır (Yerlərdən səslər: "Öyrənirik!")".
Səməd Vurğun "Respublikada ictimai elmlərin
inkişafı və vəzifələri" mövzusunda
çıxış edərək alimin Cəfər
Cabbarlı irsini hərtərəfli şəkildə, bir zərgər
dəqiqliyi ilə tədqiq etməsinə yüksək qiymət
verərək söyləyirdi: "Ədəbiyyatşünaslarımız
bir sıra maraqlı və məzmunlu işlər
görmüşlər. Onlardan biri filoloji elmlər doktoru
M.A.Dadaşzadənin "Cəfər Cabbarlının
yaradıcılıq yolu" monoqrafiyasıdır. Bu tədqiqat
Cəfər Cabbarlı yaradıcılığının əhəmiyyətini
geniş tarixi-ədəbi fonda açan böyük ədəbiyyatşünaslıq
əsəridir" (S.Vurğun. Əsərləri. 6 cilddə.
V cild. Bakı, Elm,1972, səh. 170).
M.Arifi bir
ədəbiyyat tənqidçisi kimi yüksək obyektivlik,
peşəkarlıq, prinsipiallıq, eyni zamanda təbiətindən
gələn xeyirxahlıq fərqləndirirdi. Məsələn,
akademik Kamal Talıbzadə "Görkəmli alim, tənqidçi
və ictimai xadim" məqaləsində belə bir
maraqlı faktı qeyd edir: "Mən dəfələrlə
şahidi olmuşam ki, yubileyləri keçirilən görkəmli
yazıçılarımız necə təkidlə xahiş
etmişlər ki, məruzəni M.Arif etsin. Onlar çap olunmuş
əsərləri haqqında ilk sözü məhz Arif müəllimdən
eşitmək istəmişlər".
Arif
müəllim həm də nəzəriyyəçi bir alim
olmuşdur. Akademik Məmməd Cəfər Cəfərov
özünün "Məmməd Arif və onun sovet ədəbiyyatı
haqqında nəzəri fikirləri" adlı kiçikhəcmli
monoqrafiyasında ustadın ədəbi prosesə, ümumiyyətlə
ədəbiyyata fəlsəfi baxışlarını, bu
baxışların estetik meyar və xüsusiyyətlərini
təfsilatı ilə təhlil etmişdir.
Yazıçıları
sənətdə həyatilik, xəlqilik, ideyalılıq
prinsiplərini yüksək tutmağa çağırmaq
yaradıcılığının ilk dövründə
M.Arifin tənqidçilik fəaliyyətinin ən səciyyəvi
cəhəti olub. Lakin o, hər zaman ədəbiyyat və sənət
aləmində yüksək fikir və düşüncələrin
toqquşmasını arayıb, müəlliflərdən
estetik meyarlara cavab verən yaradıcılıq ciddiyyəti tələb
edib. Məsələn, o hələ 1946-cı ildə
yazdığı proqram səciyyəli məşhur
"Dramaturgiyamıza bir nəzər" məqaləsində
qeyd edirdi: "Qəhrəmanlar özləri düşünməli
və tamaşaçıları düşünməyə
vadar etməlidirlər. Tamaşaçı yalnız əylənmək
deyil, düşünmək də istəyir. Qəhrəman
tamaşaçıları öz fikirləri ilə
aşılamasa, öz hisslərinin təsiri altına salmasa,
nə cür onu maraqlandıra bilər?".
Xalq
yazıçısı Elçin Məmməd Arifin oğlu,
görkəmli ədəbiyyatşünas və
ensiklopediyaçı naşir, filologiya elmləri doktoru Araz
Dadaşzadənin atasının məqalələrindən
ibarət tərtib etdiyi "Sənətkar qocalmır"
kitabının elmi redaktoru və həmin kitabda çap
olunmuş "Dəyişməzlik" sərlövhəli
ön sözün müəllifi olaraq göstərir ki, Məmməd
Arif müəllim "müdriklik təcəssümü
idi". "Məmməd Arif yalnız Azərbaycan ədəbiyyatı
və ədəbiyyatşünaslıq elmi nümayəndələri
üçün deyil, ümumiyyətlə Azərbaycan mədəniyyət
xadimləri, ictimai elmlərlə məşğul olanlar
üçün "Arif müəllim" idi. Həm də
bir yox, bir neçə nəsil müəllimi idi və məsələ
yalnız bunda deyildi ki, o, sözün müstəqim mənasında
bir çoxumuzun müəllimi olmuşdu. Məsələ
burasında idi ki, Arif müəllim "müəllim" məfhumunun
daşıdığı mənəvi yetkinliyi, idraki kamilliyi
öz şəxsiyyətində və
yaradıcılığında cəmləşdirmişdi.
Onun yaradıcılığı bir küll halında belə
bir fikrin layiqli illustrasiyası idi" (Məmməd Arif, “Sənətkar
qocalmır”, Bakı, Yazıçı, 1980, səh.5).
"Səməd
Vurğunun dramaturgiyası" monoqrafiyası (1964) M. Arifin
şair haqqında yazdığı əsərlər içərisində
tədqiqat obyektinin genişliyi, problemlərin
aktuallığı və ideya-mənəvi siqləti ilə
fərqlənir. Bu əsər
böyük alimin sənətkar haqqında neçə
illik düşüncələrinin məhsulu kimi
ortalığa çıxmışdır. Giriş
sözü və beş fəsildən ibarət olan bu
monoqrafiyanin birinci fəsli "Vaqif", ikinci fəsli
"Xanlar", üçüncü fəsli "Fərhad və
Şirin", dördüncü fəsli "İnsan",
beşinci fəsli isə S. Vurğun dramaturgiyasının sənətkarlıq
xüsusiyyətlərinin tədqiqinə həsr edilib.
Monoqrafiya yalnız şairin yaradıcılıq
dünyasının təfərrüatlarını
açmaqla kifayətlənmir, həm də böyük sənətkarın
bir fərd kimi, sanki təkrarsız bir portretini
canlandırır.
M.Arifin 50
illik bir dövrü əhatə edən tənqidçilik və
ədəbiyyatşünaslıq fəaliyyətində
yazdığı əsərlərin böyük əksəriyyəti
XX əsr Azərbaycan yazıçılarının
yaradıcılığına həsr edilib. Cəfər
Cabbarlı, Səməd Vurğun, Məmməd Səid
Ordubadi, Süleyman Rəhimov, Rəsul Rza, Məmməd Rahim,
Mir Cəlal, Əhməd Cəmil, Osman Sarıvəlli, Mehdi
Hüseyn, İlyas Əfəndiyev, Əli Vəliyev, Ənvər
Məmmədxanlı, Zeynal Xəlil və başqa
yazıçıların yaradıcılığını
tənqidçi illər boyu ardıcıl olaraq izləyib və
demək olar ki, məqalələrinin hər birində qələm
yoldaşlarının diqqətini sənətdə
müasirlik və bədiilik məsələsinə cəlb
etməyə xüsusi fikir verib.
Tarixə
müraciət və tarixi mövzular məsələsində
isə M.Arif bu fikirdədir ki,
tarixi keçmişə məftunluq göstərib tarixi hadisələri
idealizə etməklə müasirlikdən qaçmaq nə qədər
zərərlidirsə, tarixi faktları təhrif edərək
onları müasir fikirlərin təbliği vasitəsinə
çevirmək də realist ədəbiyyatın prinsipinə
yabancıdır. Sovet ədəbiyyatı üçün ən
düzgün yol tarixi inkişafın
istiqamətini təhrif etməmək şərtilə onun
aparıcı qüvvələrini, bu gün
üçün əhəmiyyətli
olan mühüm cəhətlərini göstərməkdən
ibarətdir. Tənqidçi M.S.Ordubadinin "Dumanlı Təbriz",
C.Cabbarlının "1905-ci ildə", "Od gəlini",
S.Vurğunun"Vaqif", "Xanlar" əsərlərini
məhz bu prinsiplə yazılan
əsərlərə nümunə göstərir.
M.Arif bədii dil probleminə də
çox böyük əhəmiyyət verirdi. Alim bilavasitə
bu məsələyə aid
"Dil və üslub", "Dramaturgiyada dil və
dialoq" kimi ayrıca məqalələr həsr edib və
demək olar ki, bütün başqa əsərlərində
də yeri gəldikcə dönə-dönə həmin
mövzuya qayıdıb.
Məmməd
Arifin bütün mövzularda və ədəbi-tənqidi
janrlarda yazdığı əsərlər yüksək təhlil
mədəniyyəti və üslub rəngarəngliyi ilə
seçilir. O, təhlil etdiyi bədii nümunənin hər
bir təfərrüatına diqqət yetirir, oxucuda onun ilk nəzərdə
gözə görünməyən cəhətləri
haqqında da geniş təsəvvür oyadır.
Lirikada
obyektivliklə subyektivliyin vəhdəti məsələsi bədii
idrak sahəsinə aid olan mühüm bir məsələdir.
M.Arifin, ümumiyyətlə, bədii yaradıcılıqda,
xüsusən lirikada forma və məzmun vəhdəti problemi
üzərində çox dayanması, yaxşıya dönə-dönə
nümunələr göstərməsi, formaca zəif olan
şeirləri tənqid etməsi səbəbsiz deyildi. Bu, bir
tərəfdən onunla əlaqədar olmuşdur ki, M.Arifin tənqidçi
kimi fəaliyyətə başladığı illərdə
Azərbaycan şeirində forma-məzmun vəhdətini
gözləyən və gözəl şeir nümunələri
yaradan şairlərlə yanaşı, sırf məzmunsuz
formal şeir yazan, guya futurizm cərəyanı çərçivəsində
əllaməçilik edən, "məzmun" arxasında
gizlənən şairlər də "fəaliyyət"
göstərirdilər.
Roman
janrı qarşısında duran tələblərdən
danışarkən tənqidçi, hər şeydən əvvəl,
bu janrın həyat hadisələrinin əhatə dairəsini
nəzərə çatdırır. Onun fikrincə, başqa
epik janrlardan fərqli olaraq roman cəmiyyət həyatının
mühüm hadisələrini, ictimai münasibətləri
daha böyük lövhələrlə, geniş planda əks
etdirməlidir.
M.Arifin həyat həqiqəti ilə bədii həqiqət arasındakı münasibət və əlaqələr haqqındakı fikirləri çox faydalıdır. Bu problemə o, bir çox yazılarında toxunmuş, xüsusən dram sənəti haqqındakı mülahizələrində buna daha geniş yer vermişdir. Dram janrı tələblərindən danışarkən tənqidçi birinci növbədə qüvvətli və real insan xarakterləri yaratmaq tələbini irəli sürür. Bu tələb yalnız müsbət qəhrəmanlara aid deyil, bütün əsas personajlara aiddir. Eyni zamanda müəllif tamamilə doğru olaraq qeyd edir ki, "...Həyatdakı həqiqətlə səhnədəki həqiqət eyni şey deyildir. Həyatda həqiqi və inandırıcı olan şey səhnədə süni görünə bilər. Bəzən yazıçı həyatdan aldığı maraqlı bir hadisəni səhnədə canlandırmaq istərkən onu sünilikdə təqsirləndirirlər, "hadisə inandırıcı deyil"-deyirlər. Bu nədən əmələ gəlir? Bu ondan əmələ gəlir ki, müəllif həyat həqiqətini sənət həqiqəti dilinə çevirə bilməmişdir. Ona sənət nöqteyi-nəzərindən inandırıcılıq verə bilməmişdir".
Məmməd Arifin ədəbiyyatı təhlil və tədqiq üsulunda psixologizm açıq-aşkar görünür. Bu təhlil və araşdırma prinsipi həm əsər müəlliflərinə, həm də obrazların daxili aləminə münasibətdə özünü qabarıq göstərir. Cəsarətlə demək olar ki, Arif müəllimin tənqidi bədii ədəbiyyatda və sənətdə təzahür edən psixoloji təhlilə özünəməxsus şəkildə əsaslanır ki, bu da, fikrimizcə, bizim milli ədəbi-elmi və nəzəri-estetik fikrimizdə orijinal hadisədir.
Xalq şairi Cabir Novruz "O, ləyaqət, bütövlük, vicdan təcəssümüydü..." məqaləsində M.Arifin tənqidçilik fəaliyyətinə qiymət verərək yazırdı: "Onun dediyi sözlər, verdiyi tənqidi qiymətlər həmişə bizim yazıçılar mühitində bir müvazinət, bir tarazlıq yaradardı. Hətta ciddi tənqid etdiyi yazıçılar belə onun məsləhətləri ilə razılaşardılar. Bilərdilər ki, onun haqqında sözü elə belə tənqidçi yox, məhz Məmməd Arif kimi nüfuzlu bir şəxsiyyət deyib. Çünki sözü necə gəldi havaya sovurmazdı. Tərifləyəndə də düz hədəfə vurardı, tənqid edəndə də...".
Məmməd Arif yaradıcılığı M.F. Axundovdan başlayaraq F. Köçərliyə qədər və ondan XX əsrin 20-30-cu illərinə qədər təşəkkül tapıb inkişaf etmiş müasir Qərb tipli tənqid və ədəbi-nəzəri fikrimizin bu günlərə qədər gəlib çatmış ən yüksək nailiyyətlərinin bünövrəsini təşkil edir. Bu baxımdan Arif müəllim XIX-XX əsrlərin ədəbi-estetik ənənə və varisliyini təmin etmiş böyük mədəniyyət xadimidir. Görkəmli şairimiz Rəsul Rza olduqca dəqiq qeyd edirdi ki, "müasir ədəbiyyatımızın geniş üfüqlərdə qanad açmasında, məhəlli məhdudluq bəlasından azad olmasında" M.Arifin müstəsna rolu olmuşdur. M.Arifin 110 illik yubileyi qeyd olunduğu bu günlərdə onun elmi irsinə dönə-dönə üz tutub əmin oluruq ki, alimin ədəbiyyat və sənət məsələlərinə baxışları öz aktuallığını və təravətini qoruyub saxlayır, xalqımızın elmi-ictimai təfəkkür xəzinəsinin önəmli hissəsini təşkil edir.
Rasim QURBANOV,
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2014.- 10 iyun.- S.7.