Aydın Mirzəzadə:"Konstitusiyanın
qəbulu Azərbaycanda hüquqi dövlət
quruculuğu yönündə müstəsna
addım oldu"
Memarı
ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası
1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsində qəbul
edilib, 1995-ci il noyabrın 27-dən Milli Məclis tərəfindən
təsdiqlənərək qüvvəyə
minib. Xatırladaq ki, bu, müstəqil
Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23
ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin
Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun
tarixi əsasən
SSRİ-nin tərkibində
olduğu dövrə
düşür. Azərbaycanın birinci Konstitusiyası
1921-ci ilin mayın
19-da I Ümumazərbaycan Sovetlər
qurultayında qəbul
edilib. Azərbaycan
SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına
uyğunlaşdırılıb, yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər
qurultayında qəbul
olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin
21-də qəbul edilmiş
son Konstitusiyası da əvvəlki Konstitusiyalar
kimi SSRİ Konstitusiyasına
uyğunlaşdırılmış şəkildə idi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın
hazırlanması zərurəti
yarandı. Bunun üçün
Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə
verildi. 1995-ci il noyabrın 12-də
ümumxalq referendumu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası
Azərbaycan Respublikasının
dövlət quruculuğunun
əsasını qoydu.
Ümummilli liderin 1996-cı il 6 fevral tarixli fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edilib. 158
maddə, 5 bölmə
və 12 fəsildən
ibarətdir. 2002-ci il 24 avqust və 2009-cu il 18 mart ümumxalq referendumları
ilə Əsas Qanunun bəzi maddələrinə əlavə
və dəyişikliklər
edilib.
Azərbaycanın Ali qanunu özündə milli və ümumbəşəri
dəyərləri ehtiva
edir. Azərbaycan Konstitusiya istər
o dövrdə, istərsə
də indi ölkəmizin mütərəqqi
qanunlardan biridir.
Müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasının qəbulundan
19 il
keçir. Ötən bu müddət
isə ölkəmizin
bütün sahələrdə
yüksək inkişafı,
dünya ölkələri
arasında nüfuzunun
artması, beynəlxalq
aləmdə söz sahibinə çevrilməsi
ilə yadda qalıb.
Bəs Azərbaycan
Konstitusiyası hansı
ictimai-siyasi şəraitdə
gündəmə gəldi
və qəbul olundu?
Bununla bağlı "525"ə danışan
millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Aydın Mirzəzadə deyib
ki, Azərbaycan dövlət müstəqilliyini
1991-ci ildə SSRİ-nin
dağılmasından sonra
əldə etsə də, faktiki olaraq dövlət müstəqiliyimiz
1993-cü il 15 iyun tarixinə, Heydər Əliyevin böyük siyasətə qayıdışı
ilə hesablanır. Onun sözlərinə görə, 1991-1993-cü illərdə
hakimiyyətdə olan
liderlər Azərbaycanın
hansı ciddi bir dönəmdə yaşadığının hələ
fərqinə varmırdılar:
"Hazırlıqsız, heç
bir proqramı olmayan, eyni zamanda
Azərbaycanın düşdüyü
geosiyasi vəziyyəti
düzgün qiymətləndirməyən
həmin iqtidarın fəaliyyəti nəticəsində
iki il
Azərbaycan xalqı üçün itirilmiş
oldu. Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə
gəlməsi ilə Azərbaycanın dövlət
müstəqilliyinin bünövrəsi
sözün əsl mənasında yenidən qoyuldu və ölkədə düzgün,
düşünülmüş siyasət reallaşdırılmağa
başladı. Dövlət hakimiyyəti möhkəmləndirildi,
Azərbaycanın qonşu
ölkələrlə münasibətləri
qaydaya salındı.
Beynəlxalq təşkilatların tribunasından ciddi istifadə edilməyə başlandı. Həmin dövrdə
çətinliklə razılaşdırılan
cəbhə xəttində
Ermənistanla atəşkəs
rejiminin əldə edilməsindən sonra artıq Azərbaycanın
yeni Əsas Qanununun işlənməsi
prioritet bir məsələyə çevrildi".
Millət
vəkilinin sözlərinə
görə, baxmayaraq
ki,1978-ci ildə qəbul edilmiş Konstitusiyanın üzərində
xeyli dəyişikliklər
olunmuşdu, ancaq bu mahiyyəti etibari ilə hələ də özündə köhnə
dövrün xarakteristikasını
saxlayırdı. A.Mirzəzadə
əlavə edib ki, Azərbaycan dünyaya artıq yeni bir siması,
yeni keyfiyyət göstəriciləri ilə
çıxmalı idi:
"Bu baxımdan prezident
Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya komissiyası yeni əsas sənədin üzərində ciddi fəaliyyətə başladı.
Konstitusiya komissiyasına
Azərbaycanın müxtəlif
siyasi dairələrinin
nümayəndələri, tanınmış hüquqşünasları,
bu məsələ üzrə mütəxəsisləri
daxil idi.
Həmçinin bu məsələdə Konstitusiyanın ayrı-ayrı
sahələri üzrə
işçi qrupların
köməyindən də
geniş istifadə olundu. Konstitusiyanın hazırlanmasında həm Azərbaycanın sovet dövründə Heydər Əliyevin hakimiyyəti illərində
əldə etdiyi nəticələr, həm
də demokratik, inkişaf etmiş ölkələrin Konstitusiya
hüququndan geniş istifadə edildi. 1995-ci ilin noyabr
ayına təsadüf
edən ilk parlament seçkiləri ilə bərabər eyni zamanda yeni Konstitusiya
üzrə referendum da
keçirildi".
Millət
vəkili xatırladıb
ki, referendumda əhalinin böyük əksəriyyəti Konstitusiyanın
qəbuluna səs verdi: "Konstitusiya
Azərbaycanı demokratik,
hüquqi müstəqil
bir dövlət kimi xarakterizə edirdi. Bu sənədin
maddələrinin üçdə
bir hissəsi insanların hüquq və azadlıqlarının
bəyan edilməsinə
və onun təmin edilmə mexanizminə həsr olunub. Konstitusiya Azərbaycanın ərazi
bütövlüyünü bir daha təsdiq
etdi, ərazi bütövlüyü, müstəqillik
məsələlərinin heç
bir zaman müzakirə mövzusu olmamasını da sənəddə öz əksini tapdı.Əsas Qanunun qəbulu ərəfəsində geniş ictimai müzakirələr
keçirildi və təqdim edilən layihə üzrə minlərlə yeniliklər,
təkliflər, yaxud da hansısa redaktə xarakterli təkliflər Konstitusiya komissiyası tərəfindən
ciddi şəkildə
nəzərdən keçirildi.
Qəbul
edilən Konstitusiya sözün əsl mənasında xalqın hazırladığı bir
sənəd oldu.
1995- ci ildən
bəri fəaliyyət
göstərən, iki
dəfə kiçik
dəyişiklik edilən
Konstitusiya bu gün də Azərbaycan dövlətinin
və müstəqilliyinin qarantı
sayılır".
A.Mirzəzadənin sözlərinə görə,
ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlət
quruculuğu və Konstitusiyanın qəbulunda
misilsiz rolu olub: "Azərbaycan Konstitusiyasının arxitektorunu
sözün əsl mənasında ümummilli
lider Heydər Əliyevi adlandırırlar. Heydər Əliyevin bu
cür adlandırılmasının
tamamilə əsası
vardır. Ümummilli
lider Azərbaycanda Konstitusiyanın qəbulu ərəfəsində dövlətin möhkəmləndirilməsi
istiqamətində atdığı
addımlar, Konstitusiyanın hazırlanması,
geniş müzakirəsi,
onun sonradan fəaliyyət göstərməsinə
çox böyük imkanlar verdi. Həmçinin Konstitusiyanın
qəbulu ilə bağlı şəraitin
yaradılmasından başqa, Heydər
Əliyevin Konstitusiyanın tərtib edilməsinə və onun uzun müddətli
bir dövlət sənədi olması üçün beynəlxalq
təcrübədən geniş
istifadə olunması
da böyük maraq doğurdu. İlk növbədə Avropanın,
o cümlədən Türkiyənin
təcrübəsindən geniş
istifadə olundu.
Hakimiyyətin bölünməsi prinsipi Konstitusiyada öz əksini tapdı. Sənəddə
vətəndaşların hüquq
və azadlıqları
təsbit olundu, azad sahibkarlıq, mülkiyyətin
çoxformalılığı öz əksini tapdı. Konstitusiyada Azərbaycanın demokratik, hüquqi bir dövlət olması üçün
geniş bir hüquqi baza yaradıldı. Heydər Əliyevin
rəhbərliyi ilə
keçirilən Konstitusiya
komissiyasının iclaslarında
daxil olan təkliflər müzakirə
edilərək, Azərbaycanın
maraqlarına cavab verən ən düzgün yanaşmalar qəbul edilirdi. Konstitusiyanın qəbulunda
maraq doğuran cəhət Azərbaycan dilini adlandırılması
məsələsi idi. Söhbət ondan gedir ki, tarixən
azərbaycanlılar indi
mövcud olan bir neçə dövlətin ərazisində
yaşasalar da, hər
ərazidə bir cür adlandırılıblar.
Həmçinin 1992-ci ildə hakimiyyətdə
olan AXCP-Müsavat koalisiyası heç bir müzakirə keçirmədən Azərbaycan
dilinin adını dəyişdilər. Bu, cəmiyyətdə
böyük, qızğın
müzakirələrə səbəb
oldu. Keçirilən dinləmələrdə, komissiyada aparılan müzakirələrdə dövlət
dilinin Azərbaycan dili adlandırılması
barədə qəti qərar qəbul olundu. Bu təklif
sonradan Konstitusiyanın
qəbulu ilə bağlı referendumda da vətəndaşların
dəstəyini qazandı.
Ümumən götürdükdə, Heydər Əliyev faktoru Azərbaycanda uzunmüddətli dövlət
quruculuğunun başlanmasını,
Azərbaycanda Konstitusiyanın
qəbulundan sonra aparılan böyük islahatların hüquqi bazasını təmin etmiş oldu. Azərbaycanda Konstitusiya qəbulu eyni zamanda dövlətlərə
də yaxşı bir nümunə olması üçün
şərait yaratdı.
Təsadüfi deyil ki, hazırda tədqiqatçılar və
tarixçilər 1995- ci
ildə ilk Konstitusiyanın
qəbulunda Heydər Əliyev təcrübəsini,
onun nəzəri və praktiki yanaşmasının çox
böyük rol oynadığını dəfələrlə
vurğulayırlar".
(Ardı var)
PƏRVANƏ
525-ci qəzet.- 2014.- 10 iyun.- S.6.