Oğluma məktub
Turalım! Sənin də əlli
yaşın tamam oldu. Mənim əlli yaşım olanda artıq yeddi
il idi ki,
atamı da, anamı da itirmişdim.
Sən xoşbəxtsən
- anan da, atan da sağdırlar.
Biz,sənin valideynlərin - Zemfira və mən də xoşbəxtik ki, sənin kimi oğlumuz var.
Həyatda nəyə nail olmusansa
öz gücünlə,
ağlınla, iradənlə,
səbrinlə çatmısan,
addım-addım yüksəlmisən.
Gənc yaşlarından elə peşə seçdin ki, ömrünün yarısını ayrılıqda
keçirdik. Uzun
illər aramızda məsafələr, dövlət
sərhədləri, müxtəlif
ölkələr... Bir
vaxtlar yalnız məktub, son illər telefon, internet ünsiyyəti...
Liviyanın ən ağır günlərində, bu ölkə Amerika təyyarələrinin bombardımanına
məruz qalanda, blokada şəraitində
əziyyət çəkəndə
tərcüməçi kimi
orda çalışırdın. O vaxt hələ Universitetin son kurs tələbəsiydin.
Məni başqa bir ölkəyə ezamiyyətə göndərmək istəyirdilər,
Asiya - Afrika ölkələriylə Həmrəylik
Komitəsinin rəhbərliyindən
xahiş etdim ki, Liviyaya yollasınlar. Bir həftə səninlə bir
yerdə olduq.
Benqazidən Tripoliyə gələrkən
yolda maşınımız
xarab oldu. Gecəydi. Ətrafımız göz
işlədikcə uzanan səhra...
Bir yerdən azacıq işıq gəlir.
Bədəvilər çadırları qarşısında ocaq qalayıblar. Yanaşırıq. Sən ərəbcə maşınımızın
xarab olduğunu deyirsən. Aydın olur ki,bunlardan
heç bir kömək uma bilmərik.
Qəribədir, o gecənin ovqatı,
təəssüratı tez-tez
yadıma düşür-
sanki bütün dünyada, bu iri ulduzlarla dopdolu apaçıq səma altında ancaq
ikimiz qalmışdıq
- sən və mən. Belə anlarda insan sanki kainatla ,əbədiyyətlə
qovuşur, Allaha daha yaxın olur.
O vaxt, ya bilmirəm
bəlkə də bir az sonra, sənə bir şeir də
həsr etmişdim:
Gəl qınama oğul məni,
Xatirələr boğur məni
Sənin
haqqında düşünəndə
istər istəməz,daha əvvəlki illərə qayıdıram,
nənələrin və
babanla münasibətlərin düşür
yadıma. Rəsul babanla Nigar nənənin ilk nəvələriydin.
Rəsul
Rza ensiklopediyada işləyəndə hər
fasilədə ya səni yanına gətizdirir ya da bulvara gedib
səni orda görürdü. Nigar Rəfibəyli
"Məhəbbətim bölünmədi"
şeirində nəvələrindən
və birinci olaraq səndən yazır. Nigar nənənlə və Cavahir nənənlə zarafatlaşmaların
düşür yadıma.
Nə yazıq ki, Yusif baban səni
görmədi, sən
dünyaya gəlməmişdən
bir neçə ay qabaq rəhmətə getdi.
1981-ci ildə yüz gün ərzində Rəsul babanla Nigar nənənin vəfatı sənə də çox ağır təsir etmişdi, o vaxt on yeddi yaşın
vardı və bu həyatının ilk böyük itgisi idi.Nigar xanımın yüz illiyi ərəfəsində qələmə
aldığın xatirələrində
yazırsan:
"Nənəm rəhmətə
gedən gün heç ağlamadım. Onu anasının
yanında basdırdılar.
Üçünü verdik. Mən də
qohumlarımız kimi
ehsana gələnlərə
xidmət edirdim.
Çay
daşıyırdım, sifrəyə
halvalar düzürdüm.
Gecə öz evimizə qayıtdıq. Yatağıma girdim, Nənəmi həmişəlik itirldiyimi
və bir daha onu heç
vaxt görməyəcəyimi
o an anladım. Səsimi eşitməsinlər
deyə üzümü
balışla örtüb
hönkür-hönkür ağladım.
O göz yaşlarım
uşaqlığımın son,gəncliyimin ilk göz yaşları idi. O gecə uşaqlığımla vidalaşırdım".
Həyatımızın o ağır ilində Universitetin
şərqşünaslıq fakültəsinə
daxil oldun.
Universiteti əla qiymətlərlə
bitirdin, evləndin, indi də sizi
həyat yoldaşın
Sevinclə Suriyaya yola
saldıq. Bu ölkədə xeyli
problemlərlə üzləşdiniz,
amma sənə xas olan nikbinliklə bu çətinliklər haqqında da yumorla danışırdın. Həyatın
ən müxtəlif mürəkkəb problemlərinə
yumorla yanaşmağın sonralar
hekayələrində də
öz əksini tapdı.
Vaqif Səmədoğlu
deyir ki, Günelin nəsri mənim şeirlərim kimi kədərlidir, Turalın hekayələri
pyeslərim kimi məzəli.
İlk iş yerin yanılmıramsa,
rəhmətlik Bəkir
Nəbiyevin və Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondu oldu. Dostumuz Kamalın adını xüsusi minnətdarlıqla
çəkmək istərdim,
ilk addımlarından sənə dəstək
verdi. Çox sonralar hekayələrinlə
tanış olanda kitabına səmimi ön söz yazdı.
Bir müddət
Ankarada AzərTAC-ın
müxbiri kimi çalışdın.
Bu vaxt "Gülxanə"
xəstəxanasında müalicə
edilən böyük
öndərimiz Heydər
Əliyevdən müsahibə
almaq sənə
nəsib oldu. Həyatının unudulmaz
hadisəsi kimi bununla həmişə qürur duyursan.
Səndən əvvəl,1993-cü ildə
mən də bir neçə ay İstanbulda çalışdım,Memar Sinan
Universitetinin dəvətiylə orda Azərbaycan ədəbiyyatından
dərs dedim. Minlərlə mütəxəssisimiz
illərlə Türkiyədə
işləyir,amma mənim bu bir
neçə aylıq
ezamiyyətim yaman hay-küyə səbəb oldu. Mətbuatda nələr yazmadılar.
"Vətəni ağır gündə qoyub getdi" və bu qəbildən.
Halbuki elə həmin il iyun
ayında hadisələrin
ən gərgin vaxtında Bakıya qayıtdım.Bir mərhum
professorun mənə verdiyi ittihamlar çox ağırdı:
"Axı sən görkəmli alim deyilsən ki, orda dərs deyəsən" -deyə
yazırdı.
Başa
düşmürəm bu
qədər görkəmli
alimimiz Türkiyədə
işləyirsə, bir
mənim kimi görkəmsiz
müəllimin də
dərs deməsindən
kimə nə zərər?
Bu hücumlara sən cavab verdin Tural.
Özünəməxsus təmkinli,
nəzakətli, mədəni,
ədəb-ərkanlı şəkildə
məntiqli və tutarlı cavabını elə
həmin qəzetdə
dərc etdirdin. Yazını oxuyanda yalnız qürur duymadım, həm də arxayınlaşdım
ki, bir gün
mən olmayanda adımı şərdən,
böhtandan qoruyan hayanım qalacaq.
Elə bu illərdə xalqımız ən böyük arzusuna çatdı - Azərbaycan
müstəqillik qazandı.
Xarici İşlər Nazirliyində
ana dilindən başqa bir neçə xarici dili bilən kadrlara ehtiyac vardı. Orta və ali
məktəbdə ana
dilində təhsil alaraq, şərqşünaslıq
fakültəsində ərəb
dilini, geniş mütaliən sayəsində
rus dilini mükəmməl mənimsəmişdin.
Sonralar ingilis dilini, daha sonralar Rumıniyada
işləyərkən rumın
dilini də öyrəndin. Türkiyədə
işlədiyin vaxtlarda
isə Türkiyə mətbuatında sırf
Türkiyə türkcəsində
yazıların çıxdı.
Xarici İşlər Nazirliyində ən aşağı diplomatik vəzifədən
başlayaraq
il-il, pillə-pillə
yüksəldin. Misirdə
diplomatik kursları bitirdikdən sonra diplomu sənə şəxsən o ölkənin Xarici İşlər naziri təqdim etmişdi. Diplomat kimi yetişmə-yində bu xüsusi təlimindən başqa o vaxtkı xarici işlər nazirimiz Həsən Həsənovun tələbkarlıq
məktəbinin də
xüsusi yeri var.
Həyatının ağır məqamları
da oldu. Səni
dünyaya gətirib, böyüdüb,oxudub, namuslu,layiqli insan kimi yetişdirməkdən
başqa sənə başqa heç bir imtiyaz qazandırmamışıq.
Hər şeyi öz yorulmaz zəhmətinlə,
enerjinlə, biliklərinlə
qazanmısan. Bunu
ona görə təkrar-təkrar vurğulayıram
ki, bədxahlarım məni sancmaqçün əl atdığı nalayiq
üsullardan biri də, oğlumun diplomatik karyerasını hallandırmaqdır. Bəzi
tanınmış ya
vəzifəli adamların
övladlarının harınlığını,yaramaz
əməllərini təbii
qəbul edən belələri heç cür razılaşa bilmirlər
ki,məşhur
adamın övladı
da öz namuslu əməyi, savadı, qabiliyyəti sayəsində
nələrəsə nail ola
bilər.
Əksinə, tanınmış adamlara pis münasibət bəsləyənlər bu münasibəti onların övladlarına da yönəldirlər. Öz həyatımda bununla dəfələrlə qarşılaşdığım kimi,oğlumun da taleyinin bəzi məqamlarında rastlaşmalı oldum. Xırdalamaq istəmirəm, amma mənə azacıq münasibət dəyişən kimi bundan istifadə edib oğlumu "vurmağa" həvəslənənlər tapıldı. Xoşbəxtlikdən dünyada xeyirxah, ədalətli insanlar daha çoxdur və Turalın ömrünün çətin məqamında o vaxt Rumıniyada səfirimiz olan Eldar Həsənovun müstəsna yaxşılığını ailəmiz heç vaxt unutmayacaq. Mənim heç bir proteksiyam, xahişim olmadan gənc Turalı qanadı altına alan Eldar müəllim Rumıniyada işlədikləri illərdə zəngin həyat və peşə təcrübəsiylə diplomat kimi onu daha da püxtələşdirdi. Və bir neçə il sonra hörmətli Prezidentimiz İlham Əliyev Turala böyük etimad göstərərək onu Küveytdə ölkəmizin Fövqəladə və səlahiyyətli səfiri təyin etdi.
Küveytə tez-tez müxtəlif heyətlərimiz, ayrı-ayrı nümayəndələrimiz gedir. Vətənə dönərkən Tural haqqında elə xoş sözlər deyir, səfir kimi fəaliyyətini elə tərifləyir, diqqətindən, qayğıkeş davranışından, işlədiyi ölkədə qazandığı nüfuzundan elə ağız dolusu danışırlar ki, ürəyimiz dağa dönür. Ölkəmizlə bağlı sərgilərin, konsertlərin təşkili, kitabların nəşri, ən əsası və vacibi isə Azərbaycan gerçək-liklərini, Qarabağ dərdimizi, haqlı mövqeyimizi ərəb ictimaiyyətinə çatdırmaq, Küveytdə yetərincə yayılan erməni yalanlarını vaxtlı-vaxtında, tutarlı faktlarla ifşa etmək səfirin gündəlik vəzifəsi,vicdan borcu və patriotik amalıdır.
Əlli yaşın tamam olur, Turalım. Bu əziz
günü bir-birimizdən
ayrılıqda, bir-birimizdən uzaqlarda qeyd edəcəyik. Nə etməli, seçdiyin peşə ayrılıq peşəsidir. Bu ayrılıq
müvəqqəti olsa
da hər halda ayrılıq ayrılıqdır.
Nədənsə birdən-birə uşaqlığın
yadıma düşdü. Beş yaşın
olardı. Sənə
söz vermişdim ki, səhər Bir may nümayişinə
aparacam, amma gecə gec yatdığımdan
səhər yuxuya
qalmışdım, heç
cür yerimdən durmaq istəmirdim. Gəlib məni dümsükləyirdin.
- Dur, dur - deyirdin. - Bir may qurtarır axı...
Əlli
yaşın mübarək
Tural...
8 iyun 2014
ANAR
525-ci qəzet.-
2014.- 10 iyun.- S.4.